“Dumanlı Albion” adalarından “Salam gətirmişəm”

 

Vüsal Həmzəyev: “Heç kəs çətinliklərə və əmək haqqı almadan zəhmətə qatlaşmaq istəmədiyindən “Araz” qəzetinin bütün məsuliyyətini öz üzərimə götürməli oldum”

 

  Bu gün xarici ölkələrdəki  azərbaycanlı gənclərin fəaliyyət dairəsinə nəzər yetirsək, daha çox Böyük Britaniya diqqəti çəkir. Çünki bu ölkədəki azərbaycanlı gənclər artıq şəbəkələşərək bir çox layihələr həyata keçirirlər. Qeyd edək ki, Britaniyadakı gənclərimizin şəbəkəsinin yaranmasında Azərbaycanlı Gənclər Klubunun (Azerbaijani Youth Club) böyük rolu olub. AGK bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə 2005-ci ilin iyul ayında, Londonda fəaliyyətə başlayıb. Şəbəkəyə daxil olan hər bir gənc istədiyi vaxt, istənilən məkanda gənclərin görüşünü təşkil edə bilər və bununla da gənclər şəbəkəsinin daha da güclənməsinə xidmət etmiş olar.

 AGK   ideyaların, düşüncələrin, arzu və istəklərin həyata keçirilməsi üçün bir platformadır. Bu təşkilat gənclər arasında tolerantlığın, pozitiv və azad düşüncə ruhunun yayılmasında maraqlıdır.

AGK fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. Belə ki, klub Britaniyada ilk Azərbaycan məktəbi olan “Caspian-Khazri”nin qurulmasında, Avropadakı səhifəmiz olan “Araz” adlı azərbaycandilli qəzetin nəşrə başlamasında və Londonda gerçəkləşdirilmiş bir sıra tədbirin təşkilində yaxından iştirak edib. Klubun indiyə qədər əldə etmiş olduğu ən böyük uğuru isə London Türk Radiosunda yayımlanan “Salam gətirmişəm” adlı proqramdır. Hər həftə Azərbaycanla bağlı müxtəlif mövzuların müzakirə olunduğu və Azərbaycan musiqisinin səsləndirildiyi radio proqramın daha da genişləndirilməsinə cəhd edilir.

 Londonda “Azərbaycan Evi” mədəniyyət mərkəzinin açılması (noyabr 2007), Britaniyada azərbaycanlılardan ibarət rok qrupun təşkili, “Azərbaycan Evi”ndə ilk dəfə olaraq Azərbaycan kitabxanasının fəaliyyətə başlaması və s. AGK-nin həyata keçirdiyi layihələr sırasındadır. Hazırda AGK “Do You Know Azerbaijan” adlı sosioloji sorğunu uğurla davam etdirir.

Britaniyada azərbaycanlı gənclər şəbəkəsinin qurulmasında ilk vaxtdan iştirak edənlərdən bir AGK-nin keçmiş sədri Vüsal Həmzəyevdir. O, hazırda qeyd etdiyimiz “Araz” qəzetinin baş redaktorudur. Bununla yanaşı V.Həmzəyev,  “Zaman” qəzetinin Britaniya nümayəndəliyində çalışıb və “Oxsfordvision Education”da təhsil üzrə məsləhətçi olub. V.Həmzəyevlə əlaqə saxlayıb “Araz” qəzetinin yaranma tarixi və hazırki fəaliyyəti haqda məlumatları öyrəndik.

- Qəzetin ilk nömrəsi 2006-cı il sentyabrın 15-də işıq üzü görüb. Qəzetdə əsasən Britaniya və Avropadakı azərbaycanlıların fəaliyyəti işıqlandırılır, eyni zamanda Azərbaycanla bağlı məqalələr dərc edilir. Qəzetin ən çox oxunan səhifələrindən biri də “Qonaq” səhifəsidir. Layihə əsasında Britaniyada məskunlaşmış azərbaycanlı ailələrlə müsahibənin mətni dərc edilir. 3000 tirajla nəşr edilən “Araz” əsasən Londonda yayılır, Avropa və Azərbaycandakı abunəçilərə göndərilir. “Araz” Qərbi Avropada nəşr edilərək yayımlanan ilk azərbaycandilli qəzetdir. Qəzetin on-layn versiyası olan araznews.org mütəmadi olaraq yenilənir.

-  Bir jurnalist olaraq Siz Azərbaycan diasporuna məxsus digər mətbuat orqanları ilə əməkdaşlıq edirsiniz?

- Mən hesab edirəm ki, jurnalist adlandırılmam o qədər də korrekt deyil. Universitetdə jurnalistika dərsləri və bundan sonra Britaniyada bir sıra qısamüddətli kurs və iş təcrübəsi istisna olmaqla jurnalistika ilə bağlı nə samballı akademik, nə də profesional keçmişim var. “Araz”a redaktorluğum isə bir növ məcburiyyətdən irəli gəlib. Bu qəzetin nəşrə başlamasına təşəbbüs göstərərkən heç kəs çətinliklərə və əmək haqqı almadan zəhmətə qatlaşmaq istəmədiyindən bütün məsuliyyəti öz üzərimə götürməli oldum. Ancaq onu deməliyəm ki, bu çox maraqlı bir sahədir. Əməkdaşlığa gəlincə, Londonda nəşr edilən bir sıra türk qəzetləri ilə yaxın münasibətlərimiz var. Eyni zamanda tez-tez Azərbaycanın bir sıra xəbər agentliklərində yayılan xəbərlərə də istinad edirik.

-  Sizcə, diaspor mətbuatımız öz səsini lazımi nöqtələrə çatdıra bilirmi?

- Ümumiyyətlə, Azərbaycanın demək olar ki, diaspor mətbuatı yoxdur. Londonda “Araz” və “Odlar Yurdu” qəzetlərindən başqa cənubi azərbaycanlı dostlarımızın “Anaz” on-layn radiosu da fəaliyyət göstərir. Lakin düşünürəm ki, Britaniya azərbaycanlıların ən geniş mətbuata sahib olduqları ölkədir (MDB istisna olmaqla) və bu da, təbii ki, bizi narahat etməlidir. Düzü, mənim Amerika və Avropadan başqa dünyanın digər bölgələrində azərbaycanlıların hansısa mətbu orqana sahib olduqlarından heç xəbərim yoxdur.

-  Soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində İnformasiya Kommunikasiya Texnologiyalarından nə kimi yararlana bilirlər?

- Qeyd etdiyim kimi çox az yararlana bilirlər. İmkanlar əslində genişdir. Lakin soydaşlarımız üçün bu sahə əsasən maraqsız kimi görünür təəssüf ki.

-  Diasporumuzun KİV sahəsindəki işini intensivləşdimək üçün hansı  təkliflər verərdiniz?

- Bilirsiz, xaricdə məskunlaşmış azərbaycanlılar bu işə həm də bir biznes kimi yanaşmalıdırlar. Düşünürəm ki, bəzi ölkələrdə Azərbaycan mətbuatı özü-özünü maliyyələşdirməklə yanaşı, həm də gəlir mənbəyi ola bilər.

 

“İndi oxumağa öz qəzetimiz var”

 

 Qeyd edək ki, Londonda "All Talents" musiqi məktəbinin direktoru Hicran Seyidova "Araz" qəzetinin nəşrə başlamasına maliyyə dəstəyi göstərib. Yeri gəlmişkən, Hicran xanımın qəzetdə (18 sentyabr 2009-cu il) elə Vüsal Həmzəyevə verdiyi müsahibəni oxucularımıza təqdim edirik. Bununla eyni zamanda Britaniyadakı digər diaspor fəalımız haqqında məlumat vermiş olarıq.

- Siz, Sovet İttifaqı dağılandan sonra Britaniyaya gəlib məskunlaşmış ilk şimali azərbaycanlılardansınız. Britaniyada ilk  şimali azərbaycanlı olmaq necə bir təəssüratdır?

-Bəli, 1993-cü ildə gəldim. Gələndə xüsusi biri olduğumu hiss eləmədim (gülür). Burda hələ Azərbaycan səfirliyi də fəaliyyətə başlamamışdı. Sonra eşitdik ki, səfirlik açıldı. Zəng elədilər ki, köməyə ehtiyacları var. Getdik qarşıladıq. Səfirlik ilk açılanda binası da yox idi. Əvvəlcə hoteldə məskunlaşmışdılar. Bəzi məsləhətlər aldılar və s.

- Bildiyimizə görə, Azərbaycanda musiqi təhsili almısınız. Ümumiyyətlə, ixtisasınız barədə danışardınız.

-Bakıda konservatoriyada oxumuşam. Bura gələndən sonra musiqi industriyasında işləməyə başladım.

-Sənətinizi sevirsinizmi?

-Düzünü desəm, musiqi bir o qədər də sevdiyim sahə deyil (gülür). Lakin hansı ölkəyə getsən musiqi dəyişməzdir. Əgər həkimlik oxusaydım, gərək yenidən burda standartlara uyğun imtahan verəydim və s. Rahatlıqla qəbul etməzdilər məni, ancaq musiqi hansı ölkəyə getməyindən asılı olmayaraq sənin üçün əlverişli şərait yaradır.

- Siz, Londonda sırf musiqi təhsili verən ilk universal musiqi məktəbinin də banisisiniz. İlk musiqi məktəbi nə deməkdir?

-Burda musiqi təhsili almaq üçün evlərə gedir, orda xüsusi təhsil alırlar. Daha sonra Musiqi Akademiyasına daxil olmaq lazımdır. Ora da sadəcə istedadlı uşaqları qəbul edirlər.  Əgər musiqi istedadın yoxdursa, qəbul etmirlər. Ancaq bizim məktəbdə hər kəsin təhsil almaq şansı var. Məktəbimizdə təxminən 600 tələbə təhsil alır.

-Hicran xanım, siz, Britaniyada və hətta Qərbi Avropada Azərbaycan dilində ilk qəzetin nəşrə başlamasına dəstək göstərmisiniz. "Araz" qəzetinin nəşrə başlaması necə xatirənizdə qalıb?

-Bir gün bizim musiqi məktəbinin qapısı döyüldü, Vüsal gəldi çıxdı (gülür). Əvvəl elə bildim türksən. Katibəm mənə demişdi ki, "Turkish man is waiting for you" (sizi bir türk gözləyir). Bir azərbaycanlının ziyarət etməsi mənə təəccüblü gəlirdi. Sən ideyalarını danışdın. Dedin ki, Hicran xanım, burda albanların qəzeti var, polyakların, hər kəsin qəzeti var. Ancaq azərbaycanlıların yoxdur. Və bu fikir çox xoşuma gəldi, dəstək göstərməyə razılaşdım. Fikirləşmədən dedim ki, yaxşı gəl başlayaq. Əla fikirdi. Haçan? Sabahdan. Nə qədər pul lazımdı başlamağa? Sən də çox təəccüblə mənə baxırdın. Sonra qəzeti götürdüm boynuma və sahibi olmağa razılaşdım. Daha sonra şirkət açdıq (Azerproductions LTD). Sonra isə musiqi məktəbində qəzet üçün otaq ayırdıq. Ofisimizi açdıq. Qəzetin ilk nömrəsi çıxanda isə həddən artıq çox sevinirdik. Hətta mənim həyat yoldaşım ingilisdir (Graham) və o da bizim sevincimizə şərik olmağa gəlmişdi. Biz qəzetin nəşrə başlamasını "Haber" qəzetinin ofisində dostlarımızla qeyd etdik. Maraqlı keçdi. Çox yaxşı gün idi.

- Sizcə, qəzetin nəşri davam edəcəkmi?

-Əlbəttə ki, davam edəcək. Hələlik ayda bir dəfə işıq üzü görür.  Ümid edirəm ki, gələcəkdə həftəlik qəzetə çevriləcək. Burda azərbaycanlıların da sayı çoxalır. Qəzet həmçinin İngiltərədə yaşayan azərbaycanlıların şəbəkələşməsinə də kömək edir. Hamı bir-birindən qəzet vasitəsilə xəbər tutur. Mən başa düşürəm ki, qəzet çıxarmaq çox çətin bir işdir. Bir neçə ildən sonra lap yaxşı olacaq.

Bir şeyi də vurğulamaq istəyirəm ki, bu qəzetin həyatımıza gəlməyi bizi yenidən Azərbaycana yaxınlaşdırdı. Daha sonra sən bizi doktor Ali Təkin Atalarla tanış etdin. Mən əvvəllər heç bilmirdim ki, Londonda bizim belə gözəl bir insanımız var. Hey çalışır Azərbaycan üçün nəsə etsin. İnanılmazdır. O da mənimlə tanış olanda çox sevinmişdi. Məncə, biz çox böyük, həm də vacib iş görmüşük. Biz həmişə oxumağa rus, türk qəzetləri alırdıq. İndi öz qəzetimiz çıxır.

- Bizim gələcək üçün çox böyük planlarımız var idi. Geniş bir media şirkəti qurmaq istəyirdik. Bu barədə nə demək istəyirsiniz?

-Bu mənim arzumdur. Hansısa bir media mərkəzimizin olması çox lazımdır. Burdakı media fəaliyyətimiz genişlənməlidir.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.-3-4 fevral.- S. 8.