Korrupsiyaya qarşı mübarizə başlıca strateji məqsədlərdən biridir

 

İlham Əliyev: “Biznes mühitinin yaxşılaşdırılması üçün bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir”

 

 Hər hansı işdə şəffaflıq təmin edildiyi təqdirdə, ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumata malik olur, dövlət orqanlarına ictimai etimad güclənir və bu orqanların hesabatlılığı və məsuliyyəti daha da artır. Şəffaflıq dövlət orqanlarının fəaliyyətinin təkmilləşməsinə, dövlət orqanlarının fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir. Həmçinin şəffaflıq iqtisadiyyatın inkişafı, əlverişli biznes mühitinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi üçün əsas şərtlərdəndir.

Hələ 1996-cı ldə milli lider Heydər Əliyev tərəfindən yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan çoxsaylı şikayət və müraciətlər nəzərə alınaraq "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanıb. Bu sənəddə həmin orqanlar tərəfindən yol verilən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin təmin olunması üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdu. Bu fərmanın icrası nəticəsində iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilib.

Lakin ölkənin iqtisadiyyatı keçid dövründə olduğu bir zamanda dövlət orqanları tərəfindən yoxlama və nəzarət funksiyalarının həyata keçirilmə mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi prosesi başa çatmadığına görə yuxarıda qeyd olunan fərmanın icrası tam təmin olunmayıb. Bu da onu göstərir ki, istehsal, xidmət, maliyyə-kredit sahəsində əsassız yoxlamaların qadağan edilməsinə baxmayaraq, ölkədə sahibkarlığın inkişafı üçün hüquqi bazanın yaradılması və müvafiq bazar infrastrukturlarının təşəkkül tapması ilə yanaşı, yerli və xarici iş adamlarının fəaliyyətinə bəzi dövlət orqanları tərəfindən əsassız müdaxilə hallarına son qoyulmamışdı. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün 1997-ci ildə isə ölkə başçısı tərəfndən  “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında“ adlı daha bir fərman verilmişdir. Bunda da məqsəd dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi olub. Həmin fərmanda bütün mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanlarına tapşırılıb ki, iş adamlarının iqtisadi fəaliyyətinə əsassız müdaxilə hallarına son qoyulmasını və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühit yaradılmasını təmin etsinlər.

 Keçən dövr ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilib, normativ-hüquqi baza təkmilləşdirilib. Eyni zamanda vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə dövlət nəzarət mexanizmləri inkişaf etdirilib, korrupsiya cinayətlərinə qarşı cinayət təqibinin səmərəliliyini artırmaq üçün bu sahədə ixtisaslaşmış qurum yaradılıb. Şəffaflığın və səmərəliliyin artırılması üçün dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətini əks etdirən internet səhifələri tərtib edilir, o cümlədən ərizə və müraciətlərin elektron vasitələrlə qəbul edilməsi təşkil olunur. Mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarə orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə kompleks tədbirlər planları hazırlanır. Bundan başqa dövlət və özəl sektorda korrupsiya məsələləri ilə bağlı ixtisaslaşdırılmış tədqiqatları həyata keçirilir. Lakin görülən tədbirlərlə kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur.

 2009-cu ildə Prezident İlham Əliyev dövlət və bələdiyyə əmlakı və vəsaitlərinin idarə olunması zamanı baş verən korrupsiya hallarının qarşısının alınması məqsədilə daha bir fərman imzalayıb. Bu, demək olar həm də birləşmədən sonra yeni strukturda fəaliyyət göstərəcək bələdiyyələrin korrupsiya ilə bağlı fəaliyyətinə nəzarət rolunu oynayacaq. Fərmanda qeyd olunur ki, bunun üçün dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, habelə hüquqi şəxslərin idarə olunması sahələrində istifadə, vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə mübarizə gücləndirilməli, diqqət artırılmalıdır. Sənəddə həmçinin rayon icra hakimiyyəti orqanlarına tapşırılıb ki, bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etsinlər.

 Ölkədə şəffaflığın artırılması, korrupsiya ilə mübarizə ilə bağlı Prezident İlham Əliyev təkcə fərman və sərəncamlarda deyil, öz çıxışlarında da birbaşa olaraq bu sahədə ciddi nəzarətlərin artırılması tapşırıqlarını verir. Bu baxımdan yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının fikirləri diqqəti çəkir. Dövlətimizin başçısı çıxışında bildirdi ki, dövlət qurumları - həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir, onlara maneçilik törətməməlidir, süni əngəllər də yığışdırılmalıdır: “Bununla bərabər, mən hesab edirəm ki, 2011-ci ildə vergilər bazasını biz genişləndirməliyik. Bunu etmək üçün böyük imkanlar var. Vergi sahəsində aparılan islahatlar uğurludur. “Bir pəncərə” prinsipi Azərbaycanda artıq tətbiq olunur. Digər mütərəqqi islahatlar aparılır, bütövlükdə bu sahədə işlər görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən yayınanların sayı da kifayət qədərdir. Yayınma halları hələ də çoxdur. Biz bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və məqsədyönlü aparılmalıdır”.

O qeyd etdi ki, biznes mühitinin yaxşılaşdırılması üçün bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. 2011-ci ildə qarşıda duran vəzifələrdən də danışan Prezident iqtisadiyyatımızın daha da artacağına əmin olduğunu vurğulayıb: “Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.

Qeyd edək ki, gündən günə dövlətin bu sahədə atdığı addımlar intensivləşib.  Məhz buna görədir ki, ötən həftə ölkə başçısının xüsusi tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. R.Mehdiyev toplantı iştirakçılarının və Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib. Onun fikrincə ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir: “Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.

Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs etmiş, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Nəzərə çatdıraq ki, korrupsiyaya qarşı mübarizə yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə cəlb etməklə deyil. Burada həmçinin korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi, təhlili, aradan qaldırılması və qabaqlayıcı tədbirlər vasitəsilə həyata keçirilməlidir. Yuxarıda qeyd etdiklərimiz də bu istiqamətdə atılan addımlara bariz nümunədir. Bütün bunlar ümid verir ki, dünyanı ağuşuna alan korrupsiyanın “faizi” ölkəmizdə sıfıra endiriləcək.

 

 

FUAD

 

Paritet.- 2011.- 5-7 fevral.- S. 8.