Əbədiyaşar nəğmələrin mahir ifaçısı

 

Məlahətli, şirin  avazı, bəzən nikbin, bəzən də kədərli nəğmələri ilə insanları düşündürən sevimli müğənnimiz Gülyanaq Məmmədova uzun illərdir ki, səhnədədir. G.Məmmədova Şəki rayonunun Böyük Dəhnə  kəndində dünyaya gəlib.

Doğulduğu ailə sadə, çox uşaqlı fəhlə ailəsi olub. Böyük Dəhnənin 1 saylı orta məktəbini bitirdikdən sonra, Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsilini  davam etdirib, ustad sənətkarımız Nəriman Əliyevin sinfində...

O, Azərbaycan Dövlət İncəsənət Universitetini  bakalavr, magistr təhsili üzrə başa vurub, hazırda R.Behbudov adına Mahnı Teatrının solisti, Azərbaycan Dövlət İncəsənət Universitetinin muğam kafedrasının müəllimidir. Mayası xalqımızın ruhundan və klassik muğamlarımızdan yoğrulmuş nəğmələrimizi istedadlı müğənni böyük sənətkarlıq nümayiş etdirərək tamaşaçılara vurğunluqla təqdim edir. Cazibədar ifanın sədaları altında müğənni özü də hiss etmədən milyonların qəlbini fəth edir. Səbəbsiz deyil ki, ulu öndər Heydər Əliyev də onun ifasına xüsusi rəğbət bəsləyirdi. Hər hansı dövlət tədbirindən sonra səhnədə sənət adamları ilə görüşlərində Gülyanaq və Gülyaz bacılarının məharətli ifasına münasibət bildirər, özünün adlandırdığı kimi “bacılar”ın sənətini  yüksək dəyərləndirirdi.

-Beləliklə, Gülyanaq xanım, ulu öndərlə ilk tanışlığınız...

-1995-ci ilGülüstansarayında mühüm tədbir keçirilirdi. Mənə bildirdilər ki, ulu öndər Heydər Əliyev səni görmək istəyir. Məni onun əyləşdiyi otağa  apardılar. Orada başqa ölkənin prezidenti də əyləşmişdi. Hər ikisinin arasında çox sıxıldım. Möhtərəm Prezident mənim tərcümeyi-halımla maraqlandı. Nəyə ehtiyacım olduğunu soruşdu. Hiss elədim ki, ifam xoşuna gəlib. Demək olar ki, sonralar dəfələrlə dövlət tədbirlərində onunla görüşürdüm. Yenə növbəti tədbir keçirilirdi: C.Cahangirovun “Alagöz”, Şahid Ələkbərovun “Təki sən səslə məni”, Ələkbər Tağıyevin “Arzu qızım” nəğməsini ifa etdim. Ümummilli Lider Heydər Əliyev bu ölməz əsərlərin vurğunu idi. Xüsusilə, Ələkbər Tağıyevin “Arzu qızım” mahnısını ifa edərkən onun üzünə təbəssüm qondu. O, sənətə, sənətkara yüksək qiymət verirdi. Söhbət ki  ölməz bəstəkarımız Ə.Tağıyevdən düşdü, onun bütün mahnıları  xalq tərəfindən sevilir, dillər əzbəri olurdu. Bu nəğmələr indi də  sevilir.

stər sənət, istərsə də şəxsi həyatınızda uğurunuz çox olub, yoxsa  uğursuzluğunuz?

- Uğurum daha çox olub, uğursuzluqlardan öyrənirik. Çalışmışam ki, həyatda kiçik nöqsandan da  nəticə çıxarım. Allah həmişə hamıya uğur gətirsin.

n çətin anlarınızda dərdlərinizi paylaşacağınız insan?

-Anam, ailəm və bacılarım.

-Hansı etirafı edərdiniz?

-Yaşadığımız  həyatın çox haqsızlıqları var. Vaxtilə xalq artisti adına ancaq qocaman sənətkarlarımız layiq görülürdü. İndi bir qədər fəxri adlar cavanlaşıb. Zənnimcə, yaxşı ifaçılara hər tərəfli diqqət yetirilməlidir. Yaşından asılı olmayaraq.

-Siyasətlə məşğul olan qadınlara  münasibətiniz?

-Çox yaxşı. Onunla məşğul olanlar, gərək ən ali siyasətçi ola. Mənim siyasətim milli mədəniyyətimizin və musiqimizin təbliğidir.

-Sizin üçün gözəllik nə deməkdir?

-Mənim üçün gözəllik yaşamaq, sənət eşqidir. Əgər həyatdan zövq ala-ala yaşamadın, onda heç nə. Vaxtilə məşhur və gözəl müğənnimiz, xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi mahnılardan bəhrələnmişik. O, sözün əsl mənasında təpədən dırnağa hərtərəfli gözəllik mücəssiməsidir. İndi də onun sənətinin vurğunuyuq.

-Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin fəaliyyətini bir mədəniyyət xadimi kimi öz həyatınızda hiss edirsiniz mi?

-Bəli, son vatxlar Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsində bizi maraqlandıran  bir sıra  dəyərli qanunlar qəbul edilib.  Çünki komitədə öz işini günün tələbləri səviyyəsində quran və mədəniyyətimizin keşiyində sadiq dayanan  mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri fəaliyyət göstərir. Filologiya elmləri doktoru, professor, öz samballı əsərləri və müdrik məsləhətləri ilə sənətsevərlərin rəğbətini qazanmış   Nizami Cəfərov bu komitənin sədridir.

-Artıq el-obamıza Yeni il gəlib. Yeni ildə planlarınız?

-Planlar çoxdur. Yeni-yeni səfərlər, yeni-yeni nəğmələr üzərində işləmək.

 

 

Şövkət HÜSEYNOVA

 

Paritet.-2011.- 8-9 fevral.-S.16