“Babək” filminin alman dilinə dublyaj olunmasını istərdim”
“Mən
haradayamsa, Azərbaycan oradadır, mən Azərbaycanımı
özümlə daşıyıram”
Görülən işlər nəticəsində
gənclərimizin dünyanın qabaqcıl, məşhur
universitetlərində təhsil alması reallığa
çevrilib. Sevindirici haldır ki, onlar təhsil
aldıqları ölkələrdə elm öyrənməklə
yanaşı, diaspora işində də fəallıq göstərərək,
Azərbaycanı dünyaya tanıdırlar. Belə gənclərimizdən
biridə hazırda Almaniyada yaşayan və təhsilini davam
etdirən Frankfurt Sülh Araşdırmaları İnstitutunun
(HSFK/PRIF) elmi əməkdaşı, siyasi elmlər doktoru Azər
Babayevdir.
-İlk
olaraq özünüz haqqında məlumat verərdiniz..
-1980-ci
ildə Gədəbəy rayonunda anadan olmuşam. 1997-ci ildə
həmin rayonun Gərgər kənd orta məktəbini bitirib
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər
və beynəlxalq hüquq fakültəsinə daxil
olmuşam. 2001-ci ildə bakalavr
pilləsini bitirdikdən sonra Almaniyanın
Ayxştet-İnqolştadt Universitetində beynəlxalq
münasibətlər üzrə master təhsilini aldım.
2005-ci ildə isə Konrad Adenauer Fondunun təqaüdçüsü
kimi Manheym Universitetində doktorluq təhsilinə
başlayıb. 2009-cu ildə
siyasi elmlər doktoru dərəcəsinə layiq
görüldüm.
Həmin
vaxtdan Frankfurt Sülh Tədqiqatları İnstitutunda
(HSFK/PRIF) elmi əməkdaş kimi çalışıram.
Burada “Hakimiyyət və ictimai sülh” tədqiqat proqramı
çərçivəsində post-doktorantura akademik peşə
fəaliyyətimi davam etdirməklə yanaşı, həmçinin
Cənubi Qafqaz üzrə ekspert kimi fəaliyyət göstərirəm.
-Almaniya
təhsil sistemi barədə nə deyə bilərsiniz?
-Almaniyanın
təhsil sistemindəki üstünlüklərdən əsası,
məncə, ixtisas və fənn seçiminin kifayət qədər
azad olmasıdır. Eyni zamanda əlavə, köməkçi
ixtisasların da seçimi azaddır. Bundan başqa, tələbələrin
mühazirələri dinləməsi məcburi deyil. Belə
ki, tələbə istədiyi professorun mühazirəsində
iştirak edə bilər. Onu da deyim ki, oradakı azadlıq da
mütləq deyil, məcburi fənlər də var ki, onlardan
mütləq imtahan verməlisən. Almaniyada elm-texniki tərəqqi
kifayət qədər yüksək səviyyədədir.
Professorlar mühazirələrdə son texniki vasitələrdən
istifadə edirlər. Dərslər haqqında xülasə
şəklində əvvəlcədən tələbələrin
elektron ünvanına informasiyalar göndərilir. Bununla da tələbənin
keçiriləcək dərs haqqında əvvəlcədən
anlayışı olur.
Almaniyadakı
universitetlərdə kitabxana işinin təşkili də
çox mükəmməldir. Tələbə lazımi
kitabın təhsil aldığı universitetin
kitabxanasında olub-olmadığını internet vasitəsilə
öyrənə bilir və öz universitetinin kitabxanasında
olmayan kitabı internet vasitəsilə digər kitabxanalardan
sifariş verib. İstənilən elmi məqaləni, yeni
çıxan qəzetləri, jurnalları internet vasitəsilə
əldə etmək olur.
-Almaniya
ilə Azərbaycan arasındakı siyasi və iqtisadi əlaqələri
necə dəyərləndirirsiniz?
-Almaniyanın
Cənubi Qafqaza diqqəti son dövrlərdə artır. Bu diqqətin
mərkəzində, təbii ki, regionun ən böyük
dövləti kimi Azərbaycan durur. Buna misal kimi 2008-ci ildə
federal hökuməti təşkil edən fraksiyalar tərəfindən
federal parlamentə təqdim edilmiş Cənubi Qafqazda təhlükəsizlik,
stabillik və demokratiyanın inkişafına dair vacib bir qətnamənin
qəbul olunmasını qeyd etmək olar. Qətnamədə
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı xüsusi bənd də yer alıb. Burada
federal parlament alman hökumətini
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrə,
eləcə də Avropa Şurası və ATƏT-in qərar
və qətnamələrinə bütün tərəflərin
əməl etməsi üçün səylərini səfərbər
etməyə çağırır. Maraqlıdır ki,
parlamentin bu qətnamə ilə bağlı keçirilən
plenar iclasında, demək olar ki, bütün parlament fraksiyaları
tərəfindən Azərbaycanın təxminən 20 faiz ərazisinin
Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd
olaraq zəbt edilməsi və bunun nəticəsində
yüz minlərlə insanın qaçqın düşməsi
faktı vurğulanırdı. İnanmıram ki, indiyədək Türkiyədən başqa hər
hansı Avropa ölkəsinin parlamentində Azərbaycanın maraqları
baxımından Qarabağla
bağlı bu qədər ədalətli mövqe sərgilənsin.
Belə nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə Almaniyanın münaqişə həlli
ilə bağlı daha fəal və ədalətli mövqe
nümayiş etdirməsi çox realdır.
Digər
tərəfdən Azərbaycanın malik olduğu enerji
resursları nəinki iqtisadi, habelə siyasi baxımdan onun əhəmiyyətini
Avropa, habelə Almaniya üçün artırır.
Burada “Nabukko” qaz kəməri
layihəsini xüsusi olaraq qeyd etmək olar. Bu mühüm
potensialı Azərbaycan öz növbəsində əsas
problemi olan Qarabağ münaqişəsinin ədalətli həllinə
Avropanın daha da əzmlə çalışması
üçün istifadə edə bilər.
-Bir
siyasətşünas kimi
Qarabağ münaqişəsinin əsl mahiyyətini
Almaniya ictimaiyyətinə çatdırmaq üçün
hansı işləri görürsünüz?
-Elmi
fəaliyyətimdə məruzələr, məqalələr
şəklində Qarabağ məsələsini almandilli məkanda
elmi dairələrin diqqətində qalmasına öz töhfəmi
verməyə çalışıram. Məsələn, son
illər Almaniyanın tanınmış elmi məcmuələrində
artıq bir neçə məqalə dərc etdirmiş, habelə
Avstriyada da Qarabağ məsələsi ilə bağlı məqalələr
və məruzələrlə çıxış etmişəm.
Gələcəkdə
fəaliyyət göstərdiyim institutda Dağlıq
Qarabağ münaqişəsinin həlli yollarına dair bir
elmi konfransın təşkilini planlaşdırıram. Belə
bir oxşar elmi tədbir artıq 2007-ci ildə keçirilib. Belə ki, martın
16-dan 18-dək həmin zaman çalışdığım
Avropa Sosial Tədqiqatlar üzrə Manhaym Mərkəzində
“Ermənistan və Azərbaycan arasında Dağlıq
Qarabağ münaqişəsi: münaqişə həllinin
daxili və xarici şərtləri” mövzusunda seminar təşkil
etmişdik. Alman Akademik Mübadilə Xidmətinin maliyyə dəstəyi
ilə keçirilən bu seminarda gənc tədqiqatçılar,
eləcə də region üzrə alman ekspertləri və hər
iki ölkənin səfirlik nümayəndələri
iştirak ediblər. İndi planlaşdırdığım
konfransda isə ilk növbədə Almaniyada region üzrə
tanınmış ekspertlərin iştirakı nəzərdə
tutulur. Burada habelə alman siyasi dairələrindən də
qonaqların dəvət edilməsini məqsədəuyğun
hesab edirəm. Bildiyimiz kimi hazırda sülh
danışıqları Ermənistanın qeyri-konstruktivliyi
üzündən dalana dirənib. Ona görə də, Qərbin aparıcı dövlətlərinin
elmi-siyasi dairələrində bu qəbuledilməz durumla
bağlı xüsusi bir həssaslığın
yaradılmasına ehtiyac var. Bununla bağlı konkret olaraq
yaxın zamanlarda həmçinin Berlin Azad Universitetində məruzə
ilə çıxış etməyi planlaşdırıram.
-Təhsil
aldığınız universitetin tələbə və
müəllim heyətinə tariximizdə qanlı hərflərlə
yazılmış hadisələri (31 Mart
soyqırımı, Qanlı 20
Yanvar və Xocalı faciəsi)
necə çatdırırsınız?
-Bu
haqda ilk növbədə elmi fəaliyyətim çərçivəsində
məlumat verməyə çalışıram. Xüsusən
iştirak etdiyim tədbir və konfranslarda bu daha effektiv olur.
Habelə bu işin qeyri-elmi çərçivədə
edilməsi də vacibdir. Misal olaraq doktorluq təhsili
aldığım Manhaym Universitetinin “UniMagazin” tələbə
jurnalına 2008-ci ildə verdiyim müsahibəni qeyd edə
bilərəm. Mən mümkün olan qədər hətta
şəxsi söhbətlərdə belə bunu etməyə
çalışıram.
-
Dunya Azərbaycanlılarının III qurultayından nələr
gözləyirsiniz?
-Dünyanın
müxtəlif yerlərindən diaspor nümayəndələrinin
vətəndə bir araya gəlməsi onlar arasında şəbəkələşmə
prosesinə təkan verir. Buna görə ilk növbədə
ümid edirəm ki, bu tədbir dünya azərbaycanlılarının azərbaycançılıq
ideyası ətrafında
sarsılmaz həmrəyliyinə öz töhfəsini verəcək.
Çünki bir milləti böyük edən məhz onun uca
dəyərlər, ideyalar ətrafında həmrəy
olmağı bacarmasıdır. Arzum budur ki, həmrəyliyimiz
təkcə müxtəlif tədbirlərlə kifayətlənməsin.
İlin bütün günlərində vətəndə və
ondan uzaqlarda yaşamasından asılı olmayaraq, hər kəs milli məsələlərdə həmrəy
olmağa can atsın, milli-mənəvi dəyərlər, vətən
təəssübkeşliyi və milli ideyalar ətrafında
birləşib dövlətimizin
inkişafı üçün daha səmərəli işlər
görsün.
-
Diaspor təşkilatlarının fəaliyyətlərini daha
da güclənməsi üçün maliyyə problemlərinin
olmasını əsas gətirirlər. Siz bu haqda nə deyə
bilərsiniz?
-Bu
məsələdə dövlətin
məsələn, maliyyə dəstəyi ilə
yanaşı hər bir qürbətdə yaşayan azərbaycanlının
üzərinə də fərdi məsuliyyət
düşür. Belə ki, tanınmış alman
yazıçısı Tomas Mannın məntiqi ilə qürbətdə
yaşayanlarımız ilk növbədə “mən haradayamsa,
Azərbaycan oradadır, mən Azərbaycanımı
özümlə daşıyıram” şüarını
özləri üçün əsas həyat prinsipi etməyi
bacarmalıdırlar. Belə ki, nə bəxtiyardır o azərbaycanlı
ki, dünyanın harasında yaşamasından asılı
olmayaraq Azərbaycanını, onun mədəniyyətini
özü ilə daşıyır, tanıdır. Müəllifini
xatırlamadığım bir kəlam da yada düşür:
ruhumuzun bədənimizə ən yaxın olduğu məqam
soyuq havada üşüdüyümüz andır. Mən deyərdim
ki, Qarabağsızlığımızın illərdən bəri
özü ilə gətirdiyi “soyuq ab-hava” isə bir millət
olaraq bizləri üşüdən andır ki, bu da xüsusən
qürbətdə yaşayanlarımızı vətənimiz
Azərbaycana son dərəcə yaxın etməlidir.
-Azərbaycan diasporunun Almaniyada daha da güclənməsi
üçün gələcək
planlarınız barədə nə deyə bilərsiniz?
-İlk
növbədə bir arzumu qeyd etmək istərdim. Çox istəyirəm
ki, Azərbaycan kinosunun klassiklərindən birinin, məsələn
“Babək” filminin alman dilinə dublyaj edilərək müvafiq
televiziya kanalında yayımlanmasına nail olaq. Bu ideyanı
daha da inkişaf etdirmək və həmin filmin Qərb
kinostudiyalarının biri tərəfindən yenidən
çəkilməsinə də
çalışmaq olar. Bu zaman bu filmın dünyanın
aparıcı kinoteatrlarında göstərilməsinə də
yol açılardı.
Ümumiyyətlə isə inanıram ki, belə bir
layihənin baş tutması Azərbaycan mədəniyyətinə
və tarixinə böyük töhfə olar. Burada
analoji misal olaraq “Cəsur ürək” filminin şotland
xalqının tarixinin, xüsusən də onun azadlıqsevərliyinin
dünyaya tanıdılmasında əvəzedilməz rolunu
xatırlatmaq yerinə düşərdi.
Fikrimcə, biz həm də
yaşadığımız ölkələrdə vətənimizin
elçiləri olduğumuzu düşünməliyik. Vətəndə
və diasporda qazandığımız hər bir uğur Azərbaycanın
ən gözəl, ən təbii tanıdılmasıdır.
Buna görə düşünürəm ki, millətimiz
dünyada ilk növbədə böyük, qabiliyyətli
oğulları və qızları ilə tanınmalı, millətlər
içində özünə layiq imzasını
atmalıdır.
-
Qarabağ problemi ilə bağlı sizin silsilə məqalələriniz
Almaniyada müxtəlif nəşr orqanlarında çap
edilir. Bu barədə məlumat verməyiniz maraqlı
olardı.
-Təəssüf
ki, Qarabağ münaqişəsi ilə bağlı Almaniya
ictimaiyyətində informasiya o qədər də təfsilatlı
deyil. Son illər Almaniyanın tanınmış “Şərqi
Avropa” jurnalında münaqişə ilə bağlı bir
neçə araşdırmam işıq üzü
görüb. Son araşdırmalarım isə 2008-ci ildə Cənubi
Osetiya müharibəsinin və 2009-cu ildə Türkiyə-Ermənistan
yaxınlaşmasının Qarabağ sülh prosesinə
hansı təsirlərinin olması ilə bağlı olub.
Ümid edirəm ki, bu cür araşdırmalar Almaniyanın
elmi dairələrində Qarabağ məsələsi ilə
bağlı düzgün fikir formalaşmasında öz
müsbət rolunu oynayacaq.
-Bu
yazılarınıza və
çıxışlarınıza
Almaniyadakı erməni diasporu
tərəfindən hər hansı bir etiraz bildirilirmi?
-Bəli,
buna ən bariz nümunə kimi Almaniyanın
tanınmış “Alman dalğası ”Deutsche Welle)” radiosunda
2009-cu ildə (“Karabaxskiy konflikt qlazami azerbaydjanskoqo
issledovatelya”) adlı reportajda Qarabağ münaqişəsi ilə
bağlı fikirlərimin yer almasını misal çəkmək
olar. Belə ki, buna “cavab” reaksiyası olaraq panorama.am erməni xəbər
portalında bir yazı da gedib.
Burada hətta onlar məni Azərbaycan hökumətinin
Avropaya göndərilmiş “emissarı” belə
adlandırmaqdan çəkinməyiblər .
-Son
işlərinizlə bağlı
nə deyə bilərsiniz?
-Azərbaycana
son səfərim “Yeni il” bayram tətili ilə əlaqədar
idi. Rayonda valideynlərimi ziyarət etdikdən sonra əsasən
Bakıda oldum. Bu vaxt ərzində yerli elmi-tədqiqat
institutları ilə, habelə ölkə mətbuatı ilə
əməkdaşlıq istiqamətlərini
araşdırdım. Konkret olaraq isə kitab tərcüməsi
ilə bağlı bir layihənin həyata keçirilməsinə
dair müəyyən işlər gördüm. Söhbət
dünyada tanınmış “Siemens” şirkətinin
yaradıcısı Verner von Simensin hələ 1892-ci ildə
yazdığı “Qafqaz səyahətləri” əsərindən
gedir. Bildiyimiz kimi, “Simens” şirkəti 19-cu əsrin ikinci
yarısında Gədəbəy rayonunda dağ mədənçiliyi
ilə məşğul olub. Həmin zamanda Siemensin özü üç dəfə
Azərbaycana səfər edib. Bu kitabında o ilk növbədə
Gədəbəyin timsalında Azərbaycanımızın
necə gözəl bir təbiətə malik olmasına diqqəti
çəkir, buranı hətda cənnətə bənzədir.
Fikrimcə, belə bir əsərin hazırda təbliğinə
böyük ehtiyac var. Ümid edirəm ki, 2011-ci ildə həmin
əsərin Azərbaycan dilində də çapına nail
olacağıq.
Günay Əliyeva
Paritet.- 2011.- 10-11 fevral.- S. 10.