Diaspor fəaliyyətimizdə ədəbiyyatın yeri

 

Əkbər Qoşalı: “Könüllülüklə professionallıq birləşərsə, daha çox uğurlar qazanarıq”

 

  Ədəbiyyat hər bir xalqın mədəniyyətinin, dilinin qorunub saxlanmasında  mühüm yer tutur. Eyni zamanda hər bir xalqın ədəbiyyatı onu dünyada təmsil edən amillərdəndir. Dünya Gənc Türk Yazarlar Birliyində(DGTYB) birləşmiş yaradıcı potensial da bu istiqamətdə işlər görür. Birlik azəri diasporunun vahid mədəniyyətinin qorunması işində yaxından iştirak edir. Qurumun rəhbəri, yazıçı-publisist Əkbər Qoşalı “Paritet”-ə müsahibəsində diaspor quruculuğunda ədəbiyyatın yeri haqqında danışıb.

-Dünya Gənc Türk Yazarlar Birliyi 13 il əvvəl təsis olunub və 12 ildir hüquqi şəxs kimi fəaliyyət göstərir. Əsas məqsədi, “türk birliyinə ictimai-mədəni platformadan dəstək vermək; Ortaq türk dəyərlərini öyrənmək, onları təbliğ etmək, türk dünyası gəncləri arasında ədəbi-mədəni əlaqələr yaratmaq olan birliyimiz indiyə qədər onlarla yerli və beynəlxalq tədbirlər, layihələr gerçəkləşdirib. Onlardan yalnız bir qismini xatırlatmağa çalışacağam. Belə ki, iki dəfə keçirdiyimiz Türk Dünyası Füzuli Şeir Yarışması, 9 sayını çıxardığımız “Türkün səsi” antologiyası, Türkiyədə iki cilddə nəşr etdirdiyimiz “Çağdaş Azərbaycan şeiri” antologiyası, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” soraq-bilgi kitabımız, çoxsaylı konfranslarımız, dəyirmi masalar, xarici səfərlər, eləcə də digər neçə tədbirimiz, DGTYB-nun bioqrafiyası belədir.

Təbii ki, son illər gerçəkləşdirdiyimiz layihələr haqqında ayrıca danışmalıyam. Bilirsiz, DGTYB beynəlxalq qurum olsa da, üzərində böyük missiya daşısa da, bizim maliyyə imkanlarımız, müəyyən obyektiv və subyektiv səbəblər üzündən məhdud olub. Yalnız Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yarandıqdan və  layihələrin maliyyələşməsi başladıqdan sonra, bir də Gənclər və İdman Nazirliyimiz gənclər təşkilatlarının layihələrini qismən maliyyələşdirmək barədə qərar qəbul etdikdən sonra bizim də, digər milli təşkilatlarımız kimi, daha geniş fəaliyyət göstərmək imkanlarımız artdı. “Gənc yazarlara dəstək”, “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği”, “Kitablı dünya”, “Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması və onların qorunmasında gənclərin fəallığının artırılması” adlı layihələr-düşünürəm yalnız adlarından belə, öz məqsədlərini ifadə edir- son dövr işlərimizin mahiyyətini göstərir.

- Birliyin  diaspor işinə verdiyi töhfələr barəsində nə deyə bilərsiniz?

- Təbii ki, türk dünyasının birliyinə çalışan bir qurum kimi, biz bütün türk dövlət və icmaları ilə davamlı əlaqələr yaratmağa çalışırıq. Ancaq heç kəsə sirr deyil ki, türk dünyasının ilk iki əsas dayağı Azərbaycan və Türkiyədir. Təsadüfi deyil, bizim Birliyin sədarəti Bakıda, Beynəlxalq Baş Koordinatorluğu isə Ankarada yerləşir. Diaspor işinə verilən töhfələrə gəldikdə, deməliyəm, bizim yazarlarla, ədəbi təşkilatlar  ilə, yazılı və elektron mətbuatla əlaqələrimiz, necə deyərlər, ilk növbədə birlik fəlsəfəsinə xidmət edir.

Mən və birliyimizin bir çox rəhbər şəxsləri Dünya Azərbaycanlılarının I və II Qurultaylarında, Türk və azərbaycanlı diaspor təşkilatlarının I Qurultayında nümayəndə olaraq iştirak etmişik, kitablarımızda, məqalələrimizdə diaspor mövzusuna toxunmuş, öz düşüncələrimizi açıqlamışıq, bir sözlə,  bizə doğma mövzudur. Bizim istər Azərbaycan, istər Qazaxıstan, Türkiyə,  Çuvaşıstan, Rumıniya, Kırım və İraqda keçirdiyimiz Qurultaylar, konfranslar da dediyiniz həmin o töhfələri, dəstəyi ehtiva edir. Birliyimizin Azərbaycandan olan üzvləri, respublikamızdan kənarda keçirilən bütün tədbirlərdə, bütün səfərlərində əsas vəzifələrdən biri kimi, bizim  soydaşlarımızla görüşməyi, onların problemləri, uğurları ilə tanış olmağı özlərinə borc bilirlər. Yazıçı, qələm adamı da, sözün yaxşı mənasında, gördüyünü gördüyü yerdə qoyası deyil. Yəni diasporla, respublikamızdan kənarda yaşayan azərbaycanlılarla bağlı bizə bəlli olan problem varsa, bizə müraciət olunubsa, biz bir şəkildə bu problemi gün üzünə çıxardır, ilgili məqamlara çatdırmağa çalışırıq. Eləcə də uğurlu işləri sevə-sevə, üsulunca təbliğ edirik.

- Birliyinizin hər hansı nəşr orqanı və ya internet saytınız varmı?

- Bizim www.dgtyb.org internet saytımız 2008-ci ilin sonlarından yayımdadır. Sayt 2009-cu ildə rekonstruksiya olunub və bu gün, faktiki olaraq bir birlik orqanı olmaqdan çıxaraq, türk dünyası, mədəniyyət, ədəbiyyat, gənclik, vətəndaş cəmiyyəti quruculuğu və b. mövzuları əhatə edən portala çevrilib. 

-Sizin Türkiyədə və Azərbaycanda olan gənc ədiblərlə əməkdaşlığınız nə yerdədir?

- Gənc və ortaq nəsildən olan yazıçılarımızın yaradıcılıq nümunələrinin nəşri, qarşılıqlı səfərlərin təşkili, ortaq problemlərimizə ortaq çıxış yollarının aranması, məşhur ifadə ilə desək, “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” boylanmaq üçün nə etmək mümkünsə, bir yazıçı nə edə bilərsə, biz də onları həyata keçirməyə çalışırıq.

-Azərbaycanın tarixi faciələrinin, həqiqətlərinin təbliği üçün bir ədəbi birlik kimi hansı işləri görürsünüz?

- İlk növbədə, üzvlərimizin yazıları ilə, saytımızda yerləşdirdiyimiz materiallarla münasibətimizi, mövqeyimizi ortaya qoyuruq. Səfərlərimizdə bir qayda olaraq Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin yayılmasını həyata keçiririk. Bizim elə bir xarici səfərimiz yoxdur ki, ora gedərkən, Qarabağ, Xocalı mövzusunda kitab, disk, digər vəsaitlər aparmayaq. Özü də, nəzərə alsaq ki, bizim iştirakçısı olduğumuz tədbirlər, ziyalıların, fikir adamlarının iştirakı ilə baş tutur, adətən, o zaman həqiqəti əks etdirən vəsaitlərin, hansısa rəfdə qalmayacağı öncədən bəlli olur.

Bir də, təbii ki, bizim  iştirakçısı olduğumuz bütün konfrans, simpoziumlarda yekun bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyünün pozulması, davam edən erməni təcavüzü, bu təcavüzün acı nəticələri, Xocalı soyqırımı barədə maddələrə  yer verilir.

Onu da deyim ki, şəxsən mən və təmsil etdiyim Birlik millət vəkillərimizlə, uyğun profilli ictimai birliklərlə əlaqəli şəkildə Xocalı soyqırımı ilə bağlı kitablar üzərində işləyirik. O kitablar Türkiyədə çap olunacaq. Sağlıq olsun, kitablar işıq üzü görsün, sonra, bu barədə daha ətraflı danışarıq.

- Başqa ölkələrin ədəbi qurumları ilə əlqaləriniz hansı səviyyədədir?

- Biz, mandatımıza uyğun olaraq, daha çox, türk dünyası coğrafiyası üzrə əlaqələrə üstünlük veririk. Bu coğrafiyada normal əlaqələrə malikik. Qarşılıqlı səfərlər, qarşılıqlı maraq doğuran məslələrin müzakirəsi, məqsədəuyğun nəşrlər bu münasibətlərin məhsullarıdır.

-Ümumiyyətlə, hər hansı bir xarici ölkə kitabxanasına Azərbaycanla bağlı kitablar verirsinizmi?

- Bizim nəşrlər, demək olar, satışa çıxarılmır. Bizim nəşrlər türk dövlət və icmalarının bir çox kitabxanalarına, mədəniyyət və təhsil ocaqlarına göndərilib. Ən son səfərlərimizdə - Qazaxıstan və Şimali Kipr səfərlərimizdə, Qazaxıstandakı Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetinin kitabxanasına, “Türk xalqları kitabxanası”na, Kiprdəki Lefkə Avropa Universitetinin kitabxanasına öz nəşrlərimizi, Azərbaycandan apardığımız digər dəyərli vəsaitləri hədiyyə etdik. Bu sırada Heydər Əliyev Fondunun nəşrlərini, elektron vəsaitlərini, Azərbaycanda Atatürk Mərkəzinin nəşrlərini xüsusən qeyd etməliyəm.

- Ədəbiyyatın diaspor fəaliyyətində rolunu necə qiymətləndirirsiniz?

- Ədəbiyyat bütün əməli çalışma sahələrində olduğu kimi, diaspor quruculuğunda da, anadolular demiş, vazkeçilməz bir sahədir. Ədəbiyyatımız insanımızın həsrətini, sevincini- kədərini, hiss-həyəcanını həyata, dünyaya, insana baxışını ifadə edən, digər planda, o baxışı formalaşdıran mənəvi mənbədir. Bizim ədəbiyyat sevgi, birgəyaşayış ənənəsinə sayğı aşılayan, dünyanı barışıq və ədəb-ərkan içində görüb göstərən ədəbiyyatdır. Yeri gəlmişkən, görün Səməd Vurğun nə deyirdi: - “...Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...” - Təbii ki, söhbət ədəbiyyatdan gedir, necə deyərlər, “guyaədəbiyyat”dan yox. Bu anlamda, bizim yazıçıların yaradıcılığı, türk ədəbi təfəkkürü bütün dünya üçün yararlıdır, xüsusən, dünyanın bu günündə, bu halında...

- Diaspor fəaliyyətimizlə bağlı təklifləriniz varmı?

- Hələ görüləsi çox işlərimiz var. Xalqımızın milli liderinin müəyyənləşdirdiyi xətlə, prezidentimizin həyata keçirdiyi siyasətə uyğun olaraq, biz hamımız, hər bir vətəndaşımız, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi işinə öz töhfəsini verməlidir. Bu, bizim milli vəzifəmizdir və hər kəs bununla bağlı tapşırıq gözləmədən, könüllü olaraq, eldili ilə desək, bacardığı işin qulpundan tutmalıdır. Ancaq, bu, bir könül işi olmalıdır deyərkən, mən, təbii olaraq professionalların, təcrübəli şəxslərin ön planda olmalarını da arzu edirəm. Könüllülüklə, təmənnasızlıqla professionallıq birləşəndə, nəticə daha gözəl olur. İstərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi, uyğun profilli ictimai  qurumların , məsələn, bizim  birliyin, ATXƏM-in   və başqalarının imkanlarından, əlaqələrindən yararlansın.

- Hansı işləri həyata keçirməyi planlaşdırırsınız?

-QHT-lərə Dövlət Dətəyi Şurasına layihə təqdim etmişik - ümidvarıq, müsbət cavablandırılar - ona uyğun işlərimiz olacaq. Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 20 illiyi ilə bağlı, Azərbaycan-Türkiyə mədəni və iqtisadi münasibətlərinə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq. Bu konfrans, inşallah, Azərbaycandan, bizim, ATXƏM-in, Azərbaycan Vətən Müharibəsi Veternaları Birliyinin, qardaş Türkiyədən, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi və TürkSAM-ın təşkilatçılığı ilə keçiriləcək. Təbii ki, nizamnaməmizə uyğun olaraq, cari çalışmalarımız da var.

 

 

Asif NƏRİMANLI

 

Paritet.- 2011.- 12-14 fevral.- S.10.