“Korrupsiyanı
törədənlərlə mübarizə
aparılmalıdır”
QHT rəhbərinin
fikrincə, dövlət qurumlarında müəyyən
ödənişlərin, rüsumların və s. elektron sistem
vasitəsilə aparılması korrupsiyanı aradan qaldıracaq
Korrupsiya
kimi böyük
bir problemin azaldılması üçün
mühüm
layihələrin icrasında vətəndaş cəmiyyətinin fəal
iştirakı zəruridir. Vətəndaş
cəmiyyəti “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya”nın
həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planının icrasına ictimai nəzarət funksiyasını yerinə yetirir.
Bununla da III sektor bu planın
icrasında üzərinə məsuliyyət qoyulmuş
icra strukturlarının
fəaliyyətlərinin daha şəffaf və
açıq olmasını təmin etmiş
olur. Bu istiqamətdə
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı
da reallaşdırdığı
layihələrdə, apardığı monitorinqlərdə əhəmiyyətli
işlər görür.
Təşkilatın
sədri Mirvari Qəhrəmanlı bizimlə söhbətində bildirdi ki, korrupsiyaya qarşı mübarizə korrupsiyanı törədənlərlə aparılmalıdır: “2005-ci ilin iyununda Azərbaycan Prezidenti tərəfindən “Vəzifəli
şəxslər
tərəfindən maliyyə xarakterli məlumatların
təqdim edilməsi qaydaları” haqqında qanun imzalanaraq qüvvəyə mindi. Qanuna
əsasən, yüksək rütbəli dövlət məmurları
hər il Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasına gəlirləri barədə bəyannamə təqdim
etməlidirlər. Bu sənəddə
məmurlar gəlir, əmlak, əmanət,
mülkiyyət payı və digər maliyyə xarakteri məlumatlarını
əks etdirməlidirlər. Qanunun icrası ilə bağlı vəziyyətlə
tanış olmaq məqsədilə etdiyimiz
müraciətlər nəticəsində
aldığımız cavablar və apardığımız
müsahibələr bu qanunun icra
edilmədiyi qənaətinə
gəlməyə tam əsas
verir”.
M.Qəhrəmanlı apardıqları monitorinqlər zamanı qarşılaşdıqları korrupsiya faktlarından da danışdı. O qeyd etdi ki, Bakı şəhəri
Nəqliyyat Departamenti əməkdaşının
sözlərinə görə, taksi sürməyin iki yolu var:
“Biri hər ay gəlib idarəyə
55 manat pul ödəməkdir.
Özü də bu əməkdaş açıqca bu 55 manatın yalnız 25 manatının dövlət
rüsumu olduğunu,
qalanın isə “hörmət” sayıldığını bildirdi. İdarənin divarına isə bu barədə məlumatın
olduğu lövhə vurulmamışdı. İkinci yol isə 5 illik lisenziya almaqdır. Bunun üçün dövlətə
150 manat köçürmək və xüsusi kurslar keçmək lazımdır. Amma
departament rəsmisi hələlik lisenziyanın verilməsi işinin müvəqqəti dayandırıldığını
dedi. Bunun səbəbini soruşanda
isə o bildirdi ki, lisenziyanın
dayandırılması qanunların ratifikasiyası ilə
bağlıdır və dəqiqliyini heç
o özü də bilmir. O, bütün
sürücülər təklif olunan birinci yol əsasında taksi sürdüyünü dedi
və bizə də bu yolu
tövsiyə etdi”.
Həmsöhbətimiz sürücülük vəsiqəsi almaq üçün
tibbi arayışın əldə olunması zamanı yol verilən korrupsiya əməllərindən danışdı. Bildirdi
ki, bu arayışları qeyri-leqal yolla Baş Yol Polisi
İdarəsindən əldə
etmək və ya Səhiyyə
Nazirliyi yanında fəaliyyət göstərən xüsusi poliklinikadan almaq olar: “Bu arayışı
almaq üçün
poliklinikaya 30 manat
dəyərində olan rüsum ödəmək və
12 həkimin müayinəsindən
keçmək lazımdır. Bura göz, ürək, əsəb və başqa həkimlər daxildir. Onlardan yaxşı rəy almaq üçün
isə hər birinə mütləq ən azı 5 manat ödənilməlidir. Bu yoxlamalardan keçmək istəməyənlər isə poliklinikanın qapısında duran
gözətçidən arayış
almağın asan yolunu
öyrənə bilər. Amma
bunun üçün
80 manat ödəməlidir. Yəni
dövlət qiymətindən 50 manat
artıq. Əksər sürücülər bu
yola üstünlük verir. Sürücülər müxtəlif analizlər və ya həkimlərə
5 manat vermək yerinə 80 manat ödəməyə üstünlük
verirlər. Beləliklə istənilən adam,
həmçinin ürək
çatışmazlığı, epilepsiyadan
əziyyət çəkənlər
və narkomanlar belə
asanlıqla tibbi arayış ala bilərlər”.
NHMT-nın sədri dedi ki, böyrək
çatışmazlığı olan xəstələrə
pulsuz dializdən istifadə üçün
arayışın nə
dərəcədə şəffaf
verilməsini öyrənmək
üçün monitorinq
qrupu bir dialez şöbəsində
olub: “Bildiyimiz kimi hər bir
böyrək çatışmazlığı
olan vətəndaşın pulsuz dialez xidmətindən bəhrələnmək
hüququ var. Dövlət büdcəsi
hesabına Bakının və bölgələrin əksər xəstəxanalarına
dialez aparatları alınıb. Amma
bu aparatlardan bəhrələnmək
üçün mütləq lazımi sənədləri Respublika xəstəxanasında yerləşən
dialez şöbəsinə
təqdim etmək və buradan göndəriş almaq
lazımdır. Bu
göndərişi almaq
üçün 2000 manat vermək
lazımdır. Bunun 500 manatı
avans olaraq bəri başdan alınır. Qalan
hissə isə göndəriş
veriləndən sonra
təqdim olunur. Nəzərə alsaq ki, pullu
dialezin qiyməti hər dəfə üçün
150-200 manat məbləğindədir və
böyrək çatışmazlığı olan adamlar həftədə
2 dəfə belə prosedurdan keçməlidir xəstələrin
2 min manat verməyə üstünlük
verməsi qəribə deyil. 2 min manatı olmayan xəstələr
isə ölümə məhkumdur. Onların arasında isə nəinki
orta yaşlı, həmçinin uşaq və qocalar da var”.
O dedi ki,
korrupsiyanın
ən çox baş alıb
getdiyi idarələr
arasında dövlət
notariuslarının adını çəkmək olar: “Burada əhaliyə ümumiyyətlə heç bir xidmət növü üzrə dövlət
rüsumuna uyğun olaraq xidmət
göstərilmir.
Amma başqa idarələrdən fərqli
olaraq burada divara dövlət
rüsumları ilə bağlı məlumatın
yazıldığı lövhə
vurulur. Məsələn, bizim
nümayəndələr Xətai rayonu ərazisində yerləşən notariusdan sadəcə 5 illik avtomobil üçün etibarnamə almaq
istəyib. Əvəzində 10 manat pul ödəmələrini
tələb ediblər. Halbuki divarda yazılan məlumata görə, bu xidmətin dəyəri 1 manat 50 qəpik idi. Belə hallara Suraxanı, Nizami, Yasamal rayon ərazilərində yerləşən natorial kantorlarında da rast gəlinib”.
M.Qəhrəmanlı, QHT-lərin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətindən
narazılığını da qeyd etdi:
“Təəssüf
ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində özəl sektor ilə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin əməkdaşlığı demək
olar ki, yox səviyyəsindədir.
QHT-lərin bütün
səylərinə baxmayaraq
özəl sektoru bu prosesə aktiv cəlb etmək təşəbbüsləri
nəticə vermir”. Onun fikrincə, xüsusilə
özəl sektor nümayəndələri
QHT-lərin korrupsiyaya
qarşı mübarizə
sahəsində fəaliyyətinin genişlənməsində
maraqlı olmalıdırlar: “Çünki,
korrupsiyaya qarşı
mübarizənin böyük vüsət alması son nəticədə özəl sektorun inkişafını şərtləndirən
amillərdəndir. Beynəlxalq donorların da korrupsiyaya qarşı mübarizə sahəsində
QHT-lərin təşəbbüslərinin dəstəklənməsi
istiqamətində daha fəal
olmaları gərəkdir”.
F.ABIOĞLU
Paritet.-2011.- 12-14 fevral.- S.5.