Korrupsiya və rüşvətxorluğa yol verən məmurlar cəzalandırılır

 

İlham Əliyev: “Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır

 

 Bu günKorrupsiyaya qarşı mübarizə haqqındaqanuna əsasən  bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə aparırlar.

Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.  Bu sahədəki dövlət proqramı və digər hüquqi sənədlər üzrə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onların fəaliyyətində təkrarçılığın aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Dövlət idarəetmə sistemində aparılan islahatlar burada səmərəliliyinin artırılmasına, beynəlxalq standartlara və bazar iqtisadiyyatının tələblərinə cavab verən idarəetmə sisteminin yaradılmasına yönəldilib. Son günlərsə bu istiqamətdə daha ciddi addımlar atılır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında hüquq mühafizə orqanlarının fəaliyyətində lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara uyğun olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığınağı keçirilib. Həmin iclasda dövlət qurumlarının rəhbərlərinə prezidentin tapşırığının icrası ilə əlaqədar bütün sahələrində mənfi hallarla daha kəskin və sistemli mübarizə aparılması barədə göstərişlər verilib.

 Bunun ardınca Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb. Eyni zamanda Komitə əməkdaşlarının nəzərinə çatdırılıb ki, neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara və bu sahədə nöqsanlara yol vermiş işçilərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcək.

Bundan başqa Dövlət Sosial Müdafiə Fondu fəaliyyətlərində nöqsanlara yol verən  əməkdaşları barədə ciddi tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, DSMF-un 11 əməkdaşı işdən kənarlaşdırılıb.

Həmçinin Səhiyyə Nazirliyində 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticələri olaraq tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə, xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də fevralın 4-də vədəndaşlardan yol polisinin işi ilə əlaqədar müraciətlərə baxılması üçün müvafiq tədbir keçirib.

Qeyd edək ki, ölkə ictimaiyyətində yol polisinin fəaliyyəti ilə əlaqədar birmənalı rəy yoxdur və tez-tez səsləndirilən fikirlərdə əsasən narazılıqlar vurğulanır.

Təsadüfi deyil ki, daxili işlər naziri Ramil Usubov da yanvarın 22-də keçirdiyi kollegiya iclasında bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini vurğulayıb. O deyib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir: “Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır”.

Sürücülər də bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidirdeyən nazir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müvafiq tapşırıqlar verib.

Polis general-mayoru Ramiz Zeynalovun fevralın 4-də iki saat müddətində telefon vasitəsi ilə birbaşa vətəndaşlarla ünsiyyətdə olub onların müraciətlərini şəxsən cavablandırması bu tapşırıqların icrasından irəli gəlir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, R.Zeynalov telefon vasitəsilə vətəndaşlardan daxil olan 60 müraciəti - şikayət və tikililəri cavablandırıb.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlət orqanları öz məsuliyyətlərini başa düşərək üzərlərinə düşənləri şəffaf şəkildə həyata keçirirlər. Bu həm də dövlət başçısının tapşırıqlarının cavabsız qalmaması deməkdir. Prezident İlham Əliyev Qazax və Tovuz rayonlarına son səfəri zamanı bu məsələlərə də toxunub.     

Prezidentin fikrincə, ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır: “Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb. Bunu etmək üçün hamımız bir hədəfə vurmalıyıq”. Onun sözlərinə görə, bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Dövlət başçısı Azərbaycanın bütün vətəndaşlarını bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verməyə çağırıb ki, bu nöqsanlar tezliklə aradan qaldırılsın: “Nöqsanlarla ciddi mübarizə aparılmalı, bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. İnkişaf etmiş ölkələr sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində islahatlar aparılması və ədalətli qərarların çıxarılması, icra orqanlarında, maliyyə sistemində şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiyanın inkişafı, infrastruktur layihələri sahəsində uğurlar hesabına inkişaf edə biliblər”.

Prezident qeyd edib ki, bütün ictimaiyyət, vətəndaşlar bir olmalı, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması, iqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədinə xidmət etməlidirlər.

Dövlət başçısı deyib ki, bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür: “Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurub. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır”.

Göründüyümüz kimi ayrı-ayrı nazirliklər, komitələr və digər dövlət qurumlarında davamlı olaraq bu baxımdan addımlar atılır, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşlar cəzalandırılır. Eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir.

 

 

FUAD

 

Paritet.- 2011.-12-14 fevral.-S.1-2.