“Azərbaycanda sərgimin keçirilməsi məndə xoş təəssürat yaratdı”

 

Pərviz Əbdi: ”Bu sərgidə 22 ağac üzərində oyma işlərim nümayiş olundu

 

 Son zamanlar ölkəmizdə   mövcud olan müxtəlif mədəniyyət ocaqlarında  bir sıra xarici ölkələrin  rəssamlarının sərgiləri təşkil edilir. Eyni zamanda bizim görkəmli sənət adamlarımızın da sərgiləri  bir çox  xarici ölkələrin qalereyalarını bəzəyir.  Bu hal da ölkələr arasında mədəni mübadilənin yaranmasına təkan verməklə yanaşı, sənət adamlarının bir-birinin təsviri sənət aləmi ilə yaxından tanış olmağa imkan yaradır.

Belə ki,  bu günlərdə  iranlı təsviri sənət ustalarının  əsərlərinin yer aldığı Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonundaXəttatlıq-illüminasiya miniatürsərgisinin açılışı olub. Sərgidə müxtəlif növ ağaclar üzərində  bir-birindən fərqli, müxtəlif obrazlarda təsvir olunmuş əsərləri  ilə  seyrçilərin diqqətiniçəkən heykəltəraş, uzun illərdi ağac üzərində  oyma sənəti ilə məşğul olan  Pərviz  Əbdi  bizimlə söhbətində ilk olaraq  bildirdi ki, İran və Azərbaycan rəssamlarının, eləcə də rəssamlar ittifaqlarının bir-biri ilə sıx əlaqəsi var:

- Onu da qeyd edim ki, azərbaycanlı rəssamlarında İranda sərgiləri təşkil olunur. Çox istedadlı sənət adamlarınız var. Bu sərgiyə çox böyük məhəbbət və sevgi ilə qatıldım.  Sərgidə mənimlə yanaşı, üç  iranlı təsviri sənət ustaları da iştirak edirlər. Azərbaycana ilk səfərimdir.  Belə deyərdim ki, bu sərgi mənim bura gəlməyim üçün bir bəhanə və əsas vasitə oldu. Babalarım Azərbaycanda-Bakıda yaşayıb. Evimizdə həmişə Azərbaycan dilində danışırdıq. Atamın ürəyində qaldı, o Bakıya gələ bilmədi. Mən ona söz verdim ki, necə olsa Azərbaycana gedəcəyəm. Çox sevinirəm ki, bu arzuma çatdım və bu gün Bakıda öz sənət işlərimi azərbaycanlılara təqdim edirəm. Bu səfərimdə Bakının  çox hissəni  gəzmək imkanım oldu. Şəhər məndə çox gözəl təəssürat yaratdı. Fikrim var ki, yenə də  Azərbaycana gəlim və  yeni -yeni əsərlərimi  sizlərə təqdim edim. Eyni zamanda  sizin sənət adamlarınızla da əlaqə yaratmaq istəyirəm ki, gələcəkdə qarşılıqlı iş birliyimiz olsun.

  Sərgidə iyirmi iki  işinin nümayiş olunduğunu deyən  Pbdi bildirdi ki,   ümumilikdə əlli işi var.  33 ildir ki,  bu sənətlə məşğul olur:

-Ancaq bu sahə üzrə heç bir ali təhsil almamışam.  Mən ancaq çox kiçik yaşlarımdan bu işə böyük maraq göstərərək, bıçaqla müxtəlif ağaclar üzərində fiqurlar oyardım. Ağac üzərində oyma sənətiylə bizim ailə üzvlərimiz  məşğul olub,  indi də mən davam elətdirirəm. Ailə üzvlərimizin  ağacdan hazırladıqları işləri gördüm və  o işlərdən də çox şeylər öyrəndim.

Material kimi, ancaq  təbii ağac məmulatından istifadə edirəm.   Hər bir ağacın  öz rəngi və gözəlliyi var.  Müxtəlif  ağacları bir-birinə qoşub, maraqlı işlər hazırlayıram.  Belə ki,  portağal, qovaq, alma və s. kimi ağaclardan istifadə edirəm. Yəni, Tanrı tərəfindən təbiətə bəxş edilən gözəllikdən istifadə edərək,  biz sənət adamlarıda maraqlı  işlər hazırlamağa çalışırıq. Hətta mən deyərdim ki, tullantı kimi yararsız olan ağacdan belə   gözəllik yaratmaq olur. Heç bir süni rəngdən istifadə etmirəm, ancaq ağacın öz  təbii rəngi  qalır.

İşləmək prosesinə gəlincə isə həmsöhbətim bildirdi ki, o  eyni zamanda bir neçə iş üzərində çalışır:

- Mən heç zaman uzun müddət bir iş üzərində işləyə bilmərəm. Bu zaman həvəsdən düşərəm, yorularam.  Ancaq  üç-dörd iş üzərində bir vaxta çalışaram.  Uzun müddət çalışdıqdan sonra yaxşı bir iş meydana çıxar. Mən  ağac üzərində qəhrəmanlarımı təsvir edərkən, bir xeyli fikirləşirəm və axtarışda oluram. Müxtəlif təbəqələrə və sənət növlərinə məxsus olan işlər hazırlayıram. Məsələn, bir çox ağac üzərində  qadınları rəqs edən formada təsvir etmişəm. Çünki bir çox qadınlar rəqs etməyi xoşlayır. Azərbaycandan qayıdandan sonra aşıq yaradıcılığı ilə bağlı maraqlı bir iş hazırlamaq istəyirəm.

Rəssam  Azərbaycandan əvvəl, başqa bir sıra xarici ölkələrdə də əsərlərinin  festival  və sərgilərdə nümayiş olunaraq mükafata layiq görüldüyünü dedi:

- Tehranda tanınmış qalereyalarda  sərgilərim  mütəmadi olaraq keçirilir, xarici ölkələrdən isə İtalyada,   Küveytdə,  Türkmənistanda    başqa bir sıra  ölkələrdə  sərgilərim nümayiş olunub.   Türkmənistanda 16 ölkədən sənət adamlarının iştirak etdiyi bir təsviri sənət festivalı idi. Mən də  bu festivalda diplom aldım. Onu qeyd edim ki, Bakıda sərgidə iştirak edən adi seyrçilər və sənət adamları təsviri sənəti çox yaxşı bilirlər. Onların bu sahədə  mükəmməl bilgiləri var.  Bunun üçün də onlara gərək dəyərli işlər təqdim olunsun. Deyərdim ki,  Azərbaycanda sərgisini təşkil etmək istəyən hər bir sənət adamının gərək  bu sahədə kamil biliyi olsun. Bu dəfə Bakıda nümayiş olunan işlərimin satışı olacaq. İstəyirəm ki, qoy mənim sənət əsərlərim Azərbaycanda qalsın. İnanıram ki, işlərimin bir xeyli hissəsini Bakıda qoyacam ki, müxtəlif qalereya və şəxsi kolleksiyaları bəzəsin.

 Məlumat üçün bildirək  ki,  üç gün davam edən  bu sərgidə  4 iranlı təsviri sənət ustasının 120 sənət əsəri sərgilənib.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 12-14 fevral.- S. 16.