ATİ 5 illiyini qeyd edib

 

ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək

 

Yaxın  5 il müddətində xarici   turistlərin sayının 3- 4 milyona   çatdırılması hədəflənir

 

Ötən həftəsonu  Azərbaycan Turizm İnstitutunun 5 illik yubleyi ilə bağlı  mətbuat konfransı keçirildi.  Konfransda  çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda turizm  sənayesi artıq dövlətin prioritet istiqamətlərindən birinə çevrilib: ”Biz Azərbaycana  bir milyon  doqquz yüz mindən artıq turistin gəlişini rəsmən qeyd etmişik. Məqsədimiz odur ki, bu il ölkəmizə gələn turistlərin sayı 2 milyonu keçsin, yaxın  5 il müddətində  Azərbaycana gələn turistlərin sayının 3-4 milyona  çatdırılması bizim qarşımızda bir məqsəd olaraq durur və buna doğru irəliləyirik.”. Nazir  5 il əvvəl  ATİ-nin ölkəmizin qocaman  təhsil ocaqları  sırasında  yer aldığını, bu müddətdə turizm təhsilinin formalaşmasında, yüksək ixtisaslı  kadr hazırlığında  öncül  yer tutduğunu bildirdi:

”Genişlənən mehmanxana şəbəkəsinin, imkanları və insanlar tərəfindən   turizmə  artıq  tamamilə başqa bir münasibətin bəslənməsi ATİ-nin fəaliyyətinin   bu gün cəmiyyətə lazım olduğunu göstərir.  İlk dəfə olaraq   Azərbaycanda beynəlxalq layihə üzrə tələbələrimiz  diplom alır. ATİ-nin qabaqcıl tələbələri   həm Azərbaycanın, həm də Avstriyanın  institutunun diplomlarını alırlar.  Artıq bu  qabaqcıl bir təcrübədir, yəni yeniliyə getmək bacarığı  bu institutun üzərinə düşür. 2001-ci ilin  ölkəmizdə “Turizm ili”  elan olunması ATİ -nin qarşısında  təhsil və tədqiqat istiqamətindəki fəaliyyətini bir daha inkişaf etdirmək tələbini qoyub”.

ATİ-nin  turizm  təhsili sahəsindəki fəaliyyətini  geniş  ictimaiyyətə çatdırılmasında  məhz  jurnalistlərin əhəmiyyətli rolu olduğunu deyən  nazir bildirdi ki,  ümumiyyətlə, turizm mövzusunu gündəliyə gətirmək, düzgün izah və  təbliğ etmək, insanların bu fəaliyyət növünə diqqətini artırmaq vacibdir. Ə.Qarayevin sözlərinə görə,  son 5 ildə Mədəniyyət və Turizm Nazirliyi  ilə yanaşı, ATİ-nin fəaliyyətini işıqlandırmaqla mətbuat işçiləri turizmin inkişafına öz töhfələrini veriblər.

 

Azərbaycanda ilk dəfə  süni qar yağışı həyata keçirilib

 

 Nazir turizmə dövlət qayğısından danışaraq bildirdi ki, bu yaxınlarda Qusarda  bir sıra iclaslar keçirib: ”Qusarda   Azərbaycanda ilk dəfə olaraq süni qarın əmələ gəlmə prosesini gördük. İtaliya,  İsveçrə və  Avstriya mütəxəssisləri bu prosesi izlədilər və Azərbaycana ilk süni qar yağmasını alqışladılar. Dövlətin bu işə marağı  olmasaydı və bu istiqamətdə həyata keçirilən layihələri genişləndirməsəydi,  bu cür işlərin  icrası çətin olardı və ATİ-nin fəaliyyəti o qədər də vacib olmazdı. Cənab Prezident   bu ili “Turizm ili” elan etdi. Bu qərar  ona əsaslanır ki, ötən il  turizm ilə bağlı Dövlət Proqramı təsdiq olundu, Azərbaycanın artıq geniş miqyasda təbliğ olunmaq mexanizmi  formalaşıb, infrastruktur genişləndirilib və ölkəmizdə bu gün yeni bir mərhələyə çıxan turizm sənayesi formalaşır. Bu il 5 ədəd beş ulduzlu hotel tikilir və “Şahdağ” kimi yay-qış turizm kompleksi yaradılır. Bundan başqa respublikamızda bütünlükdə nəqliyyat sistemi yenidən qurulub, bu da mübadilənin genişlənməsi üçün imkanlar yaradır, Azərbaycana beynəlxalq ictimaiyyət  və Ümumdünya Turizm Təşkilatı  (ÜTT) tərəfindən getdikcə  marağın artmasına  gətirib çıxarır”.

 

ATİ üçün yeni bina tikiləcək

 

Ə.Qarayev qeyd etdi ki,  bu il ÜTT-nın keçirəcəyi  seminarda  ATİ də iştirak edəcək:

- Cənab Prezidentin  tapşırığı ilə ATİ-nin nəzdində 2 peşə məktəbi yaradılması qərara alınıb.  Onlar həm peşə və həm kolleclərin funksiyalarını öz üzərlərinə götürsünlər və  Azərbaycanda orta kadrların hazırlığının səviyyəsini təmsil etsinlər. Bu da göstərir ki, ölkəmizdə davamlı, düşünülmüş və təyinatlı turizm siyasəti həyata keçirilir.   Qusara səfər zamanı  bu rayon üçün kadr  və xüsusi marketinq planının hazırlanmasına, mencmentin qurulması haqqında xarici şirkətlərlə danışıqlarımızı demək olar ki, tamamlamışıq. Yaxın 2-3 ay müddətində müqavilənin imzalanmasını nəzərdə tuturuq. Bu səbəbdən də kadrların hazırlığı, marketinqin aparılması ilə, mencmentə hansı qüvvələrin  cəlb olunması ilə bağlı  ATİ-ə konkret tapşırıqlar veriləcək.

 Azərbaycanda hər il 30-50 civarında motellərin, yerləşdirmə yerlərinin açılması böyük rəqəmdir.  Belə ki, artıq rəqabət artır və yerləşdirmə yerləri çoxaldıqca qiymətlər  aşağı düşür. Qəzet və jurnallarda   verilən elanlara nəzər saldıqda  görürük ki, 15-120  AZN qiymətlər həcmində xidmətlər təklif edən şirkətlər mövcuddur. Lakin bizim məqsədimiz odur ki, ən ucuz qiymətlərlə xidmət göstərilən yerlərdə də peşəkarlar işləsin.  Ucuz qiymətlə də asudə vaxtını keçirən insanlar turizmin ləzzətini duymalıdır. 4 il mən ATİ-nin elmi konfranslarında iştirak edərək, tələbələrin diplom işi ilə tanış olaraq və  onların əhatə etdiyi  mövzulara nəzər salaraq görürəm ki, bu institut Azərbaycan turizminin müxtəlifliyini təmin edə biləcək ocağa çevrilir.  Bu hal da burda çalışan müəllimlərin zəhmətidir.

ATİ-nin  binasının beşinci mərtəbəsini tamamladıq və istifadəyə verdik. Ancaq bu da yetərli deyil,  ATİ-nin yeni binası yaradılması haqqında  düşünürük. Bu beş il müddətində institut  artıq bakalavrdan, magistratura pilləsinə qalxdı.  Biz doktoranturanın açılması haqqında  elan etmişik. Gözləyirik ki, doktoranturayada qəbul  olsun.

 

Beş ildə əldə edilən uğurlar

 

Sonra  ATİ-nin rektoru Cəfər Cəfərov çıxış edərək, rəhbəri olduğu ali təhsil ocağının bu beş il ərzində keçdiyi yola nəzər saldı:

  - İnstitut tədris fəaliyyətinə 2006-cı ilin sentyabrında bir fakültə - turizm işinin təşkili və idarə edilməsi, üç ixtisas - menecment (turizmdə), marketinq (turizmdə) və turizm və sosial-mədəni sahədə servis, iki kafedra - turizm ixtisası fənləri kafedrası, ümumi fənlər kafedrası və 200 tələbə ilə başladı. Növbəti tədris ili (2007-2008) üçün ATİ-nin tələbə qəbulu planına 5 yeni ixtisas - sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq və kurort, mədəniyyət və incəsənət turizmi, linqvistika (bələdçi-tərcüməçi), idman turizmi əlavə edildi. Tələbə qəbulunun sayı isə 310 nəfərə qədər artırıldı. Hazırda ATİ-də turizm sektoru üçün bakalavr proqramında 11 ixtisas üzrə 1311 tələbə təhsil alır. 2010/2011-ci tədris ilindən ATİ-də magistratura pilləsi də fəaliyyətə başlayıb və 3 ixtisas üzrə 19 tələbə təhsil alır. Tələbələrin ictimai həyatda aktiv fəaliyyətini dəstəkləmək üçün institutda Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Turist Klubu kimi birliklər fəaliyyət göstərir.

Rektor bildirdi ki,  institut ilk gündən təhsil-tədris işini Avropa standartlarına uyğun, Bolonya sistemi əsasında qurub:

-ATİ öz fəaliyyətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət ayırır.  Belə ki, ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. AKTS çərçivəsində institutun 6 tələbəsi xaricdə təhsil alıb.

ATİ-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP (Azərbaycan-Avstriya Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil edilib.   Tələbələr turizm sahəsində təcrübə qazanmaq üçün Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Şimali Kipr, ABŞ, Ukrayna, İsrail, Portuqaliya və s. ölkələrdə təcrübə mübadiləsində olublar.

Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində 2008-ci ildən Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları əldə edilib. Keçən dövr ərzində 9 müəllim və 17 tələbə bu proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini artırıb. Həmçinin ATİ 2 müəllim və 4 xarici tələbəni qəbul edib. Ümumiyyətlə, ATİ yarandığı gündən bu yana 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurub.

 Rektor bildirdi ki,   bu günlərdə ATİ BMT-nin “Akademik təsir” (Academic İmpact) proqramının üzvləri sırasına da qoşulub:” “Akademik təsir” proqramı insan hüquqları, savadsızlıq, davamlı inkişaf və konfliktlərin həlli yollarına dair 10 qlobal prinsipin dəstəklənməsi yolunda ali təhsil müəssisələrini BMT ilə əlaqələndirən qurumdur. BMT Baş katibinin Kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini cənab Kiyo Akasaka ATİ-nin üzvlüyünü təsdiq edən sertifikatı ATİ-yə göndərib”.

Qeyd edək ki, ATİ eyni zamanda bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı və iştirakçısı da olub.

Hazırda ATİ-də turizm sahəsində müxtəlif kitabların toplandığı ATİ Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bu, respublikamızda turizm sahəsində bu cür zəngin tərkibə malik yeganə mərkəzdir.

Rektor bildirdi ki, rəhbərlik etdiyi   ali təhsil ocağının gələcək planlar çoxdur:

 -Belə ki, institutda təhsil islahatları ilə əlaqədar Himayədarlar Şurasının əsasnaməsi hazırlanıb və Təhsil Nazirliyinin müvafiq komissiyasına təqdim edilib. Yaxın vaxtlarda Himayədarlar Şurasının yaradılması nəzərdə tutulur.   2011-ci ilin martında ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarı ilə ATİ-nin nəzdində Turizm Peşə Liseyinin yaradılması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əməkdaşlığın dərinləşdirilməsi də həyata keçiriləcək planlara daxildir. Ötən il ATİ-nin 2010-2014-cü illər üzrə Elmi-Tədqiqat Planı təsdiq edilib. Hazırda bu planın icrası əsas hədəflərdən biridir 

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika  Komitəsini sədri Cəmilə Səttarova belə bir konfransın keçirilməsindən məmnun qaldığını dedi və təmsil etdiyi qurumun adından ATİ-nin bir qrup əməkdaşını yubiley münasibətilə mükafatlandırdı.

Son da  5 il ərzində ali təhsil ocağının hərtərəfli inkişafını ictimaiyyətə çatdıran, məlumatlandıran jurnalistlər xatirə hədiyyələri  və təşəkkürnamələrlə mükafatlandırıldı.  Mükafat alanlar sırasında qəzetimizin də əməkdaşı var.

 

 

GÜNAY

 

Paritet.-2011.-15-16 fevral.-S.8.