QHT-lərin də dövlət qeydiyyatı “vahid pəncərə” prinsipi ilə aparılsın

 

QHT-lər onlar üçün mövcud mühitin sadələşdirilməsini istəyir

 

 Ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının bir qrupu prezident İlham Əliyevə müraciət edib. Müraciətdə QHT-lərin fəaliyyətində müsbət dəyişikliklərə səbəb ola biləcək 10 bənddən ibarət təkliflər də yer alıb 21 QHT rəhbərinin imzaladığı müraciətdə ictimai birliklər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılması xahiş olunur. Müraciətdə 10 bənddən ibarət təkliflərdə QHT-lərin fəaliyyətinə dair ciddi məqamlar yer alıb. Sənəddə deyilir ki, 2010-cu ildən tətbiq olunan QHT-lərin maliyyə hesabatlılığı sistemi ciddi problemlər doğurub.

Belə ki, hesabat formaları çox mürəkkəbdir və buradakı göstəricilərin böyük əksəriyyəti mövcud QHT-lərin maliyyə fəaliyyətindən kənardır. Müraciətdə deyilir: “Azərbacan QHT-lərinin mütləq əksəriyyəti üçün həmin göstəricilər üzrə hər hansı maliyyə əməliyyatları aparılmır. Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin böyük əksəriyyəti bir-iki nəfərdən ibarətdir (one man show) və bu təşkilatlarda daimi işləyən mühasiblər yoxdur. Mühasib bir qayda olaraq QHT-nin əldə etdiyi qrant müddətinə işə cəlb edilir. Bu səbəblərdən kiçik illik dövriyyəsi olan QHT-lər üçün maliyyə hesabatlarının ya ləğv edilməsi (məsələn Rusiyada 10 000 rubldan az vəsait əldə edən QHT-lər maliyyə hesabatı təqdim etmir. Avropa ölkələrinin böyük əksəriyyətində isə ümumiyyətlə QHT-lərin maliyyə hesabatı tələb olunmur) və ya ciddi sadələşdirilməsi məqsədə uyğun görünür”.

Daha sonra müraciətdə QHT-lərin də dövlət qeydiyyatı “vahid pəncərə” prinsipi ilə aparılması, Dövlət Sosial Müdafiə Fonduna hesabatların on-layn sisteminin tətbiqi, hüquqi ünvanın on-layn rejimində dəyişdirilməsi, qrantların qeydiyyat sisteminin təkmilləşdirilməsi və qrant müqavilələrinin qeydiyyatının on-layn rejimində aparılması, qrant layihələri üzrə əmək haqqı ödənişlərinin sosial sığortadan azad edilməsi, QHT-lərin Daxili Audit haqqında qanunun tətbiqi dairəsindən çıxarılması xahiş olunur. Müraciətdə həmçinin ictimai təşkilatların adının sonundakı “İctimai Birlikifadəsinin çıxarılmasının və məqsədəuyğunluğu bildirilir. Bu, onunla izah edilir ki, həmin ifadənin ingilis dilinə tərcüməsiPublik “, yənihökumət təşkilatı” mənasını verir. Bu isə bəzi donorlar və ya ekspertlərin əlavə suallarına, artıq izahatlara səbəb olur. Müraciət müəllifləri bu təkliflərinin müvafiq ictimai müzakirələrdən keçərək formalaşdığını və bunun ölkədə vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərin həyata keçirdiyi ictimai faydalı işlərin genişlənməsinə yönəldiyini bildirirlər.

Məsələ ilə əlaqədar Konstitusiya Araşdırmaları Fondunun ekspereti Zaur İbrahimli qeyd etdi ki, vətəndaş cəmiyəti hüquqi-demokratik dövlət quruculuğunda əsas seqmentlərdən biridir. Azərbaycanda da güclü vətəndaş cəmiyyəti formalaşıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə ölkəmizdə QHT-lərin inkişafında dirçəliş mərəhələsi başlayıb  Lakin bu inkişaf prosesinin davamlı olması lazımdır. Bu sahədə bir çox maneələr də var. Tanınmış 21 QHT-nin Prezidentə ünvanladığı müraciətdə də məhz QHT-lərin inkişafına mane olan səbəblər göstərilib və təkliflər verilib: ”Məsələn, QHT-lərin qeydiyyatında vahid pəncərə sisteminin tətbiqində. Müraciətdə də deyilir ki, kommersiya təşkilatları üçün bu sistem yaxşı işləyir və onlar 3 gün müddətində qeydiyyatdan keçirlər. Amma QHT-lər isə Ədliyyə Nazirliyinə müraciət etməlidirlər və onların sənədləri 1 ay müddətində yoxlanılmalı və ya sənədlərlə bağlı səhv olsa, onlar yenidən müraciət edə bilərlər. Yəni bu çox vaxt aparır. Bundan başqa maliyyə-iqtisadi  məsələlər. Bilirik ki, QHT-lər könüllülük prinsipinə əsaslanır və onların müstəqil maliyyə mənbələri yoxdur. Bununla bağlı da müraciətdə xahiş olunur ki, bir çox sadələşdirilmələr aparılsın. Maliyyə Nazirliyinə verilən illik fəaliyyətlə bağlı hesabat çox mürəkkəbdir. Ordakı bir çox məqamların QHT-lərə aidiyyatı yoxdur. Bu məsələlər isə daha çox kommersiya təşkilatlarına aiddir. Dünya praktikasında QHT-lər üçün daha sadələşdirilmiş formalar nəzərdə tutulub. Ümumiyyətlə, mən hesabatların verilməməsini təqdir etmirəm, hesabatlar verilməlidir. Amma bu hesabatların verilməsində differensial yanaşma olmalıdır. Məsələn, illik dövriyyəsi 100 000 manatdan artıq olan QHT-lər bu hesabatlara cəlb edilə bilərlər. Bundan aşağı dövriyyəsi olanlar isə daha sadələşdirilmiş formada hesabat verə bilərlər. Burada əsas məsələ odur ki, Maliyyə Nazirliyinə təqdim olunan hesabatlar texniki cəhətdən daha sadələşdirilsin. Eyni zamanda başqa maraqlı bir məqam QHT-lərin məcburi qaydada auditə cəlb olunan təssərüfat subyektləri sırasına daxil edilməsidir.  Bu Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulub. Sonra isə Milli Məclisin 11 fevral iclasında da inzibati xətalar məcəlləsinə dəyişiklik edilib və burada da göstərilib ki, auditdən yayınma hallarına görə cərimələrin miqdarı artırılır. 1 yanvar 2010-cu ildən QHT-lər auditdən keçməli idi. Böyük bir əksəriyyəti isə keçməyib. Bu qanun da qüvvəyə minsə QHT-ləri böyük miqdarda cərimələr gözləyir. Dünya praktikasında QHT-lər məcburi qaydada auditə cəlb olunmurlar. Eyni zamanda DSMF-yə on-layn şəkildə hesabatların verilməsi məsələsi də vacibdir. Burada da sadələşdirilmə olsa, QHT-lər üçün əlverişli olar”.

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı bildirdi ki, bu məsələ ilə müzakirələr hələ ötən ildən gedirdi. Bu ümumilikdə bütün QHT-lərin müzakirələr nəticəsində formalaşdırdıqları bir fikirdir: ”Burada hüquqi ünvan məsələsi, qrant müqavilələrinin qeydiyyat məsələsi də ciddi problem yaradan bir məsələdir. Bu sistemin təkmilləşdirilməsi lazımdır. Bundan başqa qrant layihələri üzrə əmək haqqı ödənişlərinin sosial sığortadan azad edilməsi və sadələşdirilməsi də QHT-lər üçün vacibdir. QHT-lərin auditə cəlbinə də QHT-lərin etiraz etməsi çox labüd haldır. Bundan başqa mən QHT-lərin sonundakı “Publik “, yənihökumət təşkilatı” ifadəsinin çıxarılmasını da dəstəkləyirəm. QHT-lərin maliyyə hesabatlarının verməsi məsələsi də var. Burada Maliyyə Nazirliyi QHT-lərlə elə davranır ki, sanki QHT-lər böyük dövlət təşkilatlarıdırlar. Bu prosesi sadələşdirmək lazımdır. Eyni zamanda sadələşdirilmələrin QHT-lərin qeydiyyatında da aparılması yaxşı hal olar. Çünki, QHT-lərin qeydiyyata alınması üçün müxtəlif sənədlərin toplanılması zəruridir. Burada da məsələn Vergilər Nazirliyində tətbiq olunan qeydiyyatda vahid pəncərə kimi sistemin tətbiqi yaxşı hal olar” .

 

 

Əlimərdan

 

Paritet.- 2011.- 17-18 fevral.- S. 12.