“Şərəfi
və vicdanı olsaydı, indi Seyran Ohanyan özünü
öldürmüşdü”
Elxan Hüseynov: “Danimarkalı qız
“Sarı gəlin”i azərbaycanca ifa edəndə Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlunun göz
yaşlarını gördüm”
Biz
onunla telefonla danışanda demişdi ki, keçmiş
“Qubernator” bağını gəzmək istəyir və buna
görə də görüş yeri kimi oranı təyin
etdik. Amma görüşdükdən sonra söhbət bizi o
qədər özünə çəkdi ki, ikimiz də bilmədən
gedib Dənizkənarı Milli Parka çıxdıq. Bəlkə
də bizi bura söhbət deyil, elə dəniz çəkdi.
Ümumiyyətlə, Dənizkənarı Parkda insanı
özünə çəkən bir qüvvə var.
Müsahibimi də uzaq Skandinaviyadan bura çəkən bəlkə
də xatirələr idi...
Düzü, müsahibə
üçün görüşə gedəndə, sadəcə,
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan
Hüseynovla qarşılaşacağımı gözləyirdim.
Heç salam-kəlamdan sonra da onu tam tanıya bilməmişdim.
Amma söhbət əsnasında onun ehtiyatda olan polkovnik, bir az
sonra Əfqanıstan veteranı olduğunu öyrənməyim
planlaşdırdığım sualları alt-üst etdi. “Yəqin
ki, Qarabağ döyüşlərində də iştirak
edibsiniz?” sualım isə qısa “Müharibənin birinci
günündən axırıncı gününə kimi”
cavabı ilə ağzımda qaldı. Qənaətim budur ki,
E.Hüseynov diaspor siyasətini bir qazi kimi aparır.
Övladları və həyat yoldaşını da bu işə
qatsaq, ümumilikdə onlar bir diaspor savaşı aparan ailədir.
Əkiz oğlanları Emil və Kərim gənc kimi Azərbaycan
həqiqətlərinin təbliği ilə məşğuldurlar,
həyat yoldaşı Kəmalə xanım Kərimova isə
Vətənimizi Danimarkada peşəkar musiqiçi kimi təmsil
edir.
-
İlk əvvəl mümkünsə Vətənə gəlişinizin
səbəblərini açıqlayardınız...
-
Dünya Azərbaycanlılarının III Qurultayının
keçirilməsinin hazırlıq işləri ilə əlaqədar
Bakıda işgüzar səfərdəyəm. Burda müəyyən
vacib məsələləri qaldırırıq. Bütün
dünya bilir ki, ermənilər Rusiya, Ukrayna, Fransa, Almaniya və
s. ölkələrdə hərbi dəstələr
yaradırlar. Mən müharibə başlayarsa, Azərbaycan
diasporunun mobilizə olunması
təklifi ilə çıxış edəcəyəm.
Çünki Birinci Qarabağ müharibəsində müxtəlif
ölkələrdən nə qədər erməni
yaraqlısının gəlib döyüşlərdə iştirak etməsinin şahidi
olmuşuq.
Mən artıq Diasporla İş
üzrə Dövlət Komitəsinə bu təklifi
vermişəm. Biz bu gün keçmişdəkindən fərqli
olaraq təşkilatlanmalı, hazır olmalıyıq.
-Diasporumuzdan
bu işdə necə istifadə etmək olar?
-
Azərbaycanın bu gün artıq formalaşmış
güclü diasporu, güclü intellektual potensialı, maliyyə
mənbələri, iş adamları var. Döyüşlər
başlasa, Ali Baş Komandan əmr verərsə, diasporumuzu təşkilatlandıraraq
ondan düzgün istifadə etməliyik. Bu o demək deyil ki,
kimsə diaspordan gəlib döyüşə gedəcək.
Xeyir, Avropanın bütün ölkələrində,
Amerikada, Rusiyada bizim çox gözəl ixtisaslı kadrlarımız var. Azərbaycanın
torpaqları sülh yolu ilə qaytarılsa, həmin regionlarda
sülhməramlı qüvvələr yerləşdiriləcək.
Təbii ki, Avropa və ya Amerikadan gələn bir diaspor
bölümünün o sülhməramlıların
olduğu bölgələrdə yerləşdirilməsi daha
uyğundur. Çünki onlar çox intellektual
insanlardır, atəş
açmayacaqlar, sadəcə
hüquqlarını tələb edəcəklər. Hər
biri bir neçə əcnəbi dil bilir.
-Danimarkada
ermənilərlə informasiya müharibəsində onlar bizdən
irəlidir, yoxsa geri?
- Ümumiyyətlə, Skandinaviyada
ermənilərin mövqeləri çox zəifdir. Son illər
Azərbaycan diasporu orada daha da güclənib. Mən ermənilərin yalan
informasiyasına qarşı gündəlik mübarizə
aparıram. Bir neçə dəfə vesti.az, day.az, 1news.az və
s. internet portallarında ermənilərə qarşı
çıxış etmişəm.
Danimarka mediasında biz hər zaman
çıxışlarımızda ermənilərin Azərbaycan
torpaqlarını işğal etməsi barədə ətraflı
məlumatlar veririk. Artıq üç ildir Danimarka dövləti
tərəfindən maliyyələşdirilən “Birgə və
fərqli” adlı çox böyük layihə həyata
keçirilir. 2007-ci ildə biz
bu layihənin sadəcə iştirakçısı idik. Amma
o qədər gözəl iştirak etdik ki, 2008-ci ildən
artıq biz bu layihənin işçi qrupunun
üzvüyük. Bu layihəyə baxmağa minlərlə
insan gəlir. Demək olar ki, Sovet İttifaqının
bütün millətlərinin nümayəndələri gəlib
bizim bayraq altında Azərbaycanın qrupu ilə birgə
iştirak edirlər, yəni bu məsələdə erməniləri
kənarda qoymuşuq. Layihə Danimarkanın aparıcı
KİV-ləri tərəfindən hər zaman
işıqlandırılır. Təbii ki, Kəmalə
xanımın sayəsində Tofiq Quliyev, Arif Məlikov, Emin
Sabitoğlu və s. bəstəkarlarımızın gözəl
müsiqisi səslənir. Danimarkalı qızlar azərbaycanca
çox gözəl musiqi ifa edirlər. Layihə çərçivəsində
Azərbaycanla bağlı böyük stendlər sərgiləyirik.
Keçmiş hərbçi kimi böyük bir xəritə
üzərində tamaşaçılara faktları göstərirəm.
Stenddə dövlət rəmzlərimiz, dövlət
başçımız haqqında məlumat, işğal
olunmuş ərazilərimizin xəritəsi və bununla
bağlı ətraflı izahat, eləcə də ölkəmiz
haqqında digər bilgilər tədbirə qatılanların
marağına səbəb olur.
-Danimarkalıları
ermənilərin haqsız olmasına nə dərəcədə
inandıra bilibsiniz?
-
Danimarkalılar çox siyasiləşmiş millət deyillər
və hansısa bir tərəfin mövqeyini tam tutmurlar. Amma
son illər Danimarkada Azərbaycan
haqqında konkret bir fikir formalaşıb. Artıq onlar bilirlər
ki, torpaqlarımız Ermənistan tərəfindən
işğal olunub və Azərbaycan Avropaya lazım olan enerji
dövlətidir. Bu yaxınlarda da “Politiken” qəzetində
ölkəmizlə dərc olunan məqalə və xəritədə
Dağlıq Qarabağ işğal olunmuş torpaq kimi qeyd
olunmuşdu. Eyni zamanda Yeni il ərəfəsində yerli TV2
kanalında Azərbaycan haqqında geniş bir veriliş
göstərildi.
Qeyd
edim ki, türk təşkilatlarının da bizə dəstəyi böyükdür. Ötən
il Türk Cəmiyyətləri
Birliyi ilə birgə Danimarkada “Gerçək soyqırım-
Xocalı” layihəsini təqdim etdik. Həmin tədbirdə xəritə üzərində “Ermənilərin
Xocalı soyqırımı
planı” layihəsini də təqdim etdim. Keçən
il Danimarkada “Xocalıya yardım” adlı humanitar və məlumatlandırıcı
kütləvi aksiyalar keçirildi. Bu il də belə tədbirlər
keçirməyi planlaşdırırıq.
-Siz,
Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyanla kurs
yoldaşı olubsunuz. Onun barəsində bildiklərinizi
danışa bilərsinizmi?
-
Mən 1980-1984-cü illərdə Bakı Hərbi Məktəbində
(İndiki Heydər Əliyev adına Ali Hərbi Məktəb)
oxumuşam. Ohanyan isə həmin məktəbdə
1979-1983-cü illərdə təhsil alıb. Onu şəxsən
tanıyırdım, hərdən söhbət edirdik. O vaxt azərbaycanlılarda
ermənilərə nifrət yox idi. Ohanyanı ilk dəfə
görəndə məktəbə daxil olmağa təzə
hazırlaşırdım. Mənimlə Zaqataladan olan Musa
adında oğlan da var idi. Sonradan o, Əfqanıstanda həlak
oldu. Biz Musa ilə oturub siqaret çəkirdik, bu vaxt Ohanyan
başqa erməni tələbələrlə bizə
yaxınlaşdı. Musaya suallar verməyə başladı,
kollecə niyə daxil olmaq istədiyini soruşdu. Musa da ona
cavab verdi. Bundan sonra Ohanyan ona istehza eləməyə
başladı, “Səndən
komandir olar? Qayıt kəndinə, özünə bir
neçə qoyun al, otar, sonra evlən və həyatını
yaşa” deyib güldü.
Ohanyanın
məktəbdə azərbaycanlı dostu yox idi, o ancaq erməni
və ruslarla oturub-dururdu. Məktəbi bitirəndən sonra
Ohanyanı leytenant kimi Almaniyaya xidmətə göndərdilər.
O vaxt xaricə ancaq əlaçı tələbələr
göndərilirdi, Ohanyan isə məktəbdə erməni
kafedra müdirinə rüşvət verib buna nail olmuşdu.
Biz o vaxtdan Ohanyanın şovinist fikirlərinin şahidi
olurduq. Ohanyan əli qana
batmış qəddar canidir, Xocalı qətliamına şəxsən
rəhbərlik edib, Ermənistan hərbçiləri
arasında bəlkə də onun qədər Azərbaycana
nifrət edən tapılmaz. Bakıdan gedən ermənilər
tanıyıram ki, onlar Ohanyana nifrət edirlər. Xocalı
hadisələrindən sonra mən ATƏT-in cəbhə xəttini
izləyən missiyasının ukraynalı üzvü ilə
təmasda oldum. Həmin missiya erməni tərəfə
keçməliymiş. Ukraynalı nümayəndə mənə
dedi ki, qarşı tərəfə keçəndə
Ohanyanın əlini sıxmayacaq, çünki onun əli
dırnaqlarına qədər qana batıb. O dedi ki,
Xocalıda baş verənlər haqda hər şeyi bilirlər.
Ohanyan bir gün etdiyi cinayətlərə görə cavab verəcək.
Təkcə azərbaycanlı olduqlarına görə
yüzlərlə, minlərlə günahsız insanın
qanına bais olan bu şəxs rahat yaşaya bilməz. Şərəfi
və vicdanı olsaydı, indi Ohanyan özünü
öldürmüşdü.
-Azərbaycanın
tanıdılması istiqamətində hansı işləri
görürsünüz?
-
Biz hər bir üsuldan istifadə edərək ilk növbədə
Qarabağ porblemini önə çəkirik. Silahı əldən
yerə qoymaq olmaz. Silah tək səngərdə deyil, həm də informasiyadadır. Azərbaycanlı
gənclərimiz xarici ölkələrdə təhsil
alırlar. Bu da gələcək silahlarımızdan biridir.
Erməni yalanlarının artıq 99 faizi puç olub. Əsas
məsələ azərbaycanlıların Danimarka cəmiyyətinə
inteqrasiyasıdır. Məsələn, bir neçə il
bundan qabaq DİDK-nin yardımı ilə Hillerod şəhərinin
vitse-meri Tyu Tortsenin Azərbaycana səfərini təşkil
etdik. O həm də Danimarkada nüfuzlu bir həmkarlar
ittifaqının katibidir. Burda görüşlər
keçirib, Azərbaycanın gözəl güşələrini
gəzdirdik. İndi onun kabinetində gözə çarpan
iki şey var: Azərbaycanın bayrağı və neft
quyusunun maketi. T.Tortsen təbii ki, hər bir qonağına Azərbaycan
haqqında danışır. Yeni təyin olunmuş vitse-meri də şəxsi dostumuz olaraq Azərbaycana
gətirmək istəyirik. Eyni zamanda fikrimiz var ki,
Danimarkanın “Hafla” instrumental
ansamblının Azərbaycana səfərini təkşil edək.
Ötən
Ramazan bayramında Danimarka parlamenti tərəfindən təşkil
olunmuş iftar süfrəsinə bizim cəmiyyət də dəvətli
idi. Ordakı çıxışımda deputatları Azərbaycana
dəvət etdim, Qarabağ
problemi barədə məlumat verdim. Sonra Kəmalə
xanımın gözəl bir konserti oldu. Məclisin sonunda
onlarla danimarkalı iş adamı və siyasətçi bizə
yaxınlaşıb cəmiyyətimiz və Azərbaycanla
bağlı suallar verirdilər.
Cəmiyyətin adından da
göründüyü kimi biz Danimarka və Azərbaycan
xalqları arasında dostluq körpüsü yaratmaq yolunu
tutmuşuq. Təşkilatın tərkibində Azərbaycan Mədəniyyət
Mərkəzi və Gənclər Təşkilatı var. Mən həmişə deyirəm,
amalımız azərbaycanlılara deyil, Azərbaycana xidmət
etməkdir. Mən həm də Fredensborq bələdiyyəsinin
mədəniyyət və ictimaiyyət bölməsində fəaliyyət
göstərirəm. Tez-tez tədbirlər, konsertlər təşkil
edirik. Əsas məqsədimiz bizim
tamaşaçıların danimarkalılardan ibarət
olmasıdır. Bundan başqa hər il keçirilən
Dünya Türk Mahnıları Olimpiadasının təşkilatçılarından
biriyik. Yarışmada danimarkalı qız Yohanna Eybubidstrum
xalq mahnımız “Sarı gəlin”i Azərbaycan dilində
ifa etdi. Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğluya çox yaxın əyləşmişdim.
Mahnı bitdikdən sonra Davudoğlu ayağa qalxdı. Mən
onun eynəyinin altından göz yaşlarını
gördüm. Bu il də belə bir sürpriz hazırlanır.
Biz ora əslən cənublu olan Devid adında bir azərbaycanlını
da aparacağıq.
-Danimarkada
doğulan azərbaycanlılar Azərbaycanı necə
tanıyırlar?
- Ailədən çox şey
asıldır. Elə ailə var orada Azərbaycan dilində
danışılmır. Əgər ailənin içində
bir azərbaycançılıq varsa, təbii ki, həmin
uşaq da Vətənə sevgi ilə böyüyüb
boya-başa çatır. Amma bununla yanaşı onun
içində belə desək ki, bir danimarkalılıq da
var. Belələrinin üstünlüyü daha çoxdur;
onlar Avropada bizi gələcəkdə daha güclü
tanıda biləcəklər.
Əfsus
ki, Danimarkada “Bazar günü” məktəbi yoxdur. Bizim orada
müəllim və musiqiçilərimiz var deyə bunu təşkil
etmək olar, soydaşlarımız da bu məktəbin
açılmasını istəyirlər. Hazırda orada 20-ə
yaxın körpə uşaq var ki, hökmən “Bazar
günü” məktəbinə getməlidirlər. Mən
DİDK, eləcə də Mədəniyyət və Turizm
Nazirliyində bunu müzakirə etmişəm və bizə
yardım etməyə söz veriblər.
-Danimarkadakı
diasporumuzun həmrəyliyindən razısınızmı?
-
On il bundan qabaq söhbət Azərbaycanı tanıtmaqdan
gedirdisə, bu günləri isə məsələ Azərbaycanın
mövqeyini tanıtmaqdan gedir. Əfsus ki, bir çox diaspor təşkilatları
yararsızdırlar. Məsələn, Hollandiyada olan diaspor təşkilatlarının
bir-birləri ilə çəkişmələri bir azərbaycanlı kimi məndə
narahatçılıq doğurur. Danimarkada da həllini tapmamış məsələlər
var. Bir də görürsən ki, kimsə yazılar yazıb
mövqeyini bildirir, müzakirələrdə iştirak edir.
Amma dərinə getdikdə aydın olur ki, bu adam tək
özündən və kompüterindən ibarətdir, yəni heç bir sosial dəstəyi
yoxdur, sadəcə şəxsi mövqeyini bildirir. Bəzən
də diaspor təşkilatları hansısa qrupları təmsil
edirlər. Təbii ki, bu qruplar bir-biri ilə ədavət
aparırlar. Bu da bizim işimizə, ümumi xəttimizə
böyük bir zərbə vurur.
Diaspor işi özünü gözə soxmaq deyil, fəaliyyətin
real bəhrəsi
olmalıdır. Diasporumuz hələ ki təşkilatlanma
prosesini yaşayır. Təbii ki, bu proses getdikcə hər
şey ortaya çıxacaq. Doğrudan da, Azərbaycanı
sevən, bu yolda canından keçməyə hazır olan
diaspor qurumlarımız öz layiqli yerlərini tutacaqlar. Amma
bir özü, ailəsi, bir də kompüterindən ibarət
olanlar təbii ki, tarixin zibilliyinə gedəcəklər.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 17-18 fevral.- S.10.