Korrupsiyaya qarşı mübarizə üçün hüquqi maarifçiliyə ehtiyac var

 

Vasif Mövsümov: “Korrupsiyaya qarşı mübarizə, milli özünüdərki məhdudlaşdıran xəstəlikdən azad etmək bütün xalqın və cəmiyyətin əsas məqsədlərindən biri olmalıdır”

 

  Normativ baza vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin korrupsiyaya qarşı mübarizədə, hökumətin antikorrupsiya siyasətinin həyata keçirilməsində fəal iştirakına kifayət qədər geniş imkanlar açır. Xüsusən son 3 ildə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Ardıcıl və sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri, əməkdaşlığın inkişaf etməsi sahəsində  müəyyən nəticə və təcrübə əldə olunub.

Öz növbəsində hökümət tərəfindən də, antikorrupsiya siyasətini həyata keçirən orqanlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi istiqamətində  müəyyən addımlar atılıb. Bu baxımdan Korrupsiyaya qarşı Mübarizə Fondu da bu sahədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın artırılması, maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması istiqamətlərində dövlət və özəl sektorun əsas partnyoru kimi çıxış edərək əhəmiyyətli layihələr keçiriblər. Bütün bunlarla yanaşı KMF-a kömək üçün müxtəlif regionlardan korrupsiyayla qarşılaşan insanlar tərəfindən şikayətlər də daxil olur.

Fondun icraçı direktoru Vasif Mövsümov qəzetimizə bildirdi ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün addımlar atır: “Fond mövcud vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub. Təkcə şəraitin təsvirini verməklə kifayətlənmək deyil, fond həmçinin ictimaiyyətin bu bəlaya qarşı mübarizəyə qoşulması yolu ilə korrupsiyanın müxtəlif təzahürlərinin məhdudlaşdırılmasına çalışır və hər bir şəxsin bu problemə münasibətini bildirməsi üçün şərait yaradır”.

Onun fikrincə, korrupsiyaya qarşı mübarizə, ölkəmizi milli özünüdərki məhdudlaşdıran xəstəlikdən azad etmək bütün xalqın və cəmiyyətin əsas məqsədlərindən biri olmalıdır. V.Mövsümov ötən il ərzində KMF-a 400-ə yaxın şikayət daxil olduğunu qeyd etdi: “Məqsədimiz korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin və dövlət sənədlərinin əhali arasında maarifləndirilməsi və ictimai nəzarətin təşkili, vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində onlara yardımçı olmaqdır. Biz müraciətləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya, Korrupsiyaya qarşı Mübarizə üzrə İdarəyə istiqamətləndirməklə vətəndaşlara çox kömək etmişik. Şikayətlərin yarıdan çoxu vətəndaşların xeyrinə həllini tapıb”.

İcraçı direktor sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması məqsədilə apardıqları araşdırmalardan da danışdı. O dedi ki, kiçik və orta biznesdə korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin görülməsi üçün 1110 sahibkar arasında sorğu keçiriblər. Onun fikrincə ölkənin bir çox regionlarında ictimai rəyin öyrənilməsi ilə bağlı aparılan araşdırmalarda və KMF-ninQaynar xəttinə kiçik və orta sahibkarlardan daxil olan şikayətlərdən görünür ki, onların bu baxımdan problemləri hələ də var: “Sahibkarların özləri arasında  hüquqi savadsızlıq hökm sürür, onlar qeyri-qanuni müdaxilələrlə üzləşərkən nəinki zəruri hüquqi yardım ala bilmirlər, hətta onlara dövlət tərəfindən verilən hüquqların əks olunduğu normativ sənədlərdən də xəbərsizdirlər. Araşdırmalar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, bu gün də sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, sahibkarların hüquqlarını reallaşdırması ilə bağlı qanunların icrasına səmərəli nəzarətin olmaması, sahibkarlığın inkişafına maneə ilə bağlı məsuliyyətə görə cəzanın sərtləşdirilməməsi, qanunvericilik bazasında sahibkarların maraqlarına toxunan boşluqların olması, sahibkarlar arasında hüquqi savadsızlığın mövcudluğu, onlara pulsuz hüquqi yardımın göstərilməsi işindəki çatışmazlıqlar, sahibkarlığın inkişafına maneələr yaradır. Bunlara sahibkarların özləri tərəfindən öz məqsədləri üçün qanunların icrası ilə bağlı laqeydliklərini də əlavə etmək lazımdır”.

Sahibkarların mövcud problemlərini öyrənmək, onların həlli yollarını müəyyənləşdirmək və korrupsiya ilə üzləşən sahibkarlara hüquqi yardım göstərmək məqsədilə KMF öz fəaliyyətini genişləndirib: “Sahibkarlardan daxil olan şikayətlərə baxılması və müsbət həllinə nail olmaq üçün müvafiq dövlət orqanlarına göndərilir. Onların hüquqi maarifləndirilməsi üçün Prezidentin 28 sentyabr 2002-ci il tarixliSahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, eləcə də  Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il tarixli fərmanları, Cinayət Məcəlləsinin “İqtisadi fəaliyyət sahəsindəki cinayətlərbölməsini əhatə edən kitabça fond tərəfindən çap edilərək sahibkarlar arasında paylanılır. Bundan əlavə, sahibkarlar, dövlət və bələdiyyə orqanlarının, QHT-lərin, KİV-in iştirakı ilə ölkənin bir sıra regionlarında maarifləndirici dəyirmi masalar keçirir, kiçik və orta sahibkarlara pulsuz hüquqi yardım və virtual vəkillik xidməti də göstərilir. Nəşr olunan vəsaitlərin paylanması və maarifləndirici söhbətlərin aparılması respublikanın bütün ərazisini əhatə edir”.

Həmsöhbətimiz dedi ki, ümumiyyətlə, hazırkı mərhələdə fondun əsas fəaliyyət sahəsi ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığı çərçivəsində regionlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə mexanizmlərinin hazırlanmasıdır.

 

 

FUAD

 

Paritet.-2011.-17-18 fevral.-S.5.