Finlandiya kitabxanalarında Azərbaycanla bağlı kitablar yer alıb

 

Vasif Muradlı: “Finlandiya məktəblərində Azərbaycan dili ayrıca bir fənn kimi tədris olunur”

 

 Odlar yurdu Azərbaycanın ümumi mənzərəsi, tarixinin  qədimliyi,  bugünkü inkişafı  uzun illərdir Vətəndən kənarda yaşayan  hər bir azərbaycanlının qürur  mənbəyinə çevrilib. Azərbaycana bütün varlığı ilə bağlı olan  belə soydaşlarımızdan  biri də Finlandiya Azərbaycan Assosiasiyasının (FAA)  rəhbəri  Vasif  Muradlıdır. “Azərbaycan   mənim  vətənimdir,  hər fürsətdə orada olmağa çalışıram” deyən  V.Muradlı bildirdi ki, hazırda  Azərbaycanda  müxtəlif sahələrin inkişafı və ölkəmizin  beynəlxalq aləmdə yetərincə tanınması qəlbi Azərbaycanla  birgə döyünən azərbaycanlı kimi onu çox sevindirir. 

-Finlandiya Azərbaycan Assosiasiyasının yaranması hansı zərurətdən ortaya çıxdı və əsas fəaliyyət  istiqamətiniz nədir?

-Finlandiyada  azərbaycanlıların sayı çox deyil.  Belə ki, hazırda orda  ümumilikdə 200-220 azərbaycanlı yaşayır. Finlandiya Azərbaycan  Assosiasiyası(FAA) onların bir araya gəlməsinə, problemlərinin həllinə  yardım etməyi qarşısına əsas məqsəd kimi  qoyub. Bununla yanaşı, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq istiqamətində də işlər görürük. Eyni zamanda  Qarabağ həqiqətlərini, ümumilikdə  tarix və mədəniyyətimizi fin xalqına, fin xalq mədəniyyətini, tarixini isə azərbaycanlı icmasının üzvlərinə tanıtmaq üçün də layihələr həyata keçiririk. Məsələn, HelsinkiEspoo şəhərlərinin mərkəzi kitabxanalarında tarixi, bədii və uşaq ədəbiyyatları bölmələrinin  açılmasına nail olmuşuq. Hətta bu kitabxanalara ulu öndərimiz Heydər Əliyev, ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında yazılmış kitab  jurnallar təqdim olunub.  Bu il  Azərbaycanda “Turizm ili” elan edilib. Bu sahənin Finlandiyada təbliği və finlərin turist kimi ölkəmizə axın etməsinə nail olmaq üçün də müəyyən işlər həyata keçiririk.  Belə ki, yanvarın 20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Beynəlxalq Turizm Sərgisində bu dəfə Azərbaycanda təmsil olunurdu. Ölkəmizi bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Turizm Assosiasiyası, “Xəzər Travel”, “İntour” və “GeoTravel” turizm şirkətlərinin nümayəndələri təmsil edirdilər. Finlandiyadan  isə Azərbaycanın  təmsilçisi kimi biz iştirak edirdik. Vətənimizi tanıtmaqda  Azərbaycandan gələn nümayəndə heyətinə burada assosiasiyamızın  nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlı və təşkilatın fəal üzvü, Turizm İnstitutunda təhsil alan Xeyransa Muradlı yardımçı oldular.  X.Muradlı  sərginin açılış günü Finlandiyanın  “FSTV5” kanalının səhər proqramında Azərbaycana həsr olunmuş verilişdə  fin dilində Azərbaycanın turizm potensialı, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması, bu il ərzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər,  Azərbaycanda açılışı nəzərdə tutulan  tanınmış brend mehmanxanalar haqqında ətraflı məlumat verdi. Həmin məlumatlar Azərbaycanın görməli yerlərinin fotoşəkilləri ilə müşayiət olunub. Onu da qeyd edim ki, veriliş böyük əks-sədaya səbəb olub. Çünki sonradan lövhəmizə yaxınlaşan insanların əksəriyyəti haqqımızda veriliş vasitəsilə məlumat aldıqlarını deyirdilər. Sərgi keçirilən müddətdə təşkilatımızın digər üzvləri də ölkəmizdən gələn nümayəndə heyətinə yardım etməyə çalışırdılar. Bunlardan assosiasiyamızın mədəniyyət və musiqi işləri rəhbəri Ülviyyə Cabbarova, Səbinə Hüseynova, Leyli Hüseynova, Nigar Süleymanova, Fidan Əliyevanın adlarını çəkmək olar.

Helsinkinin mərkəzi “Pasilan” kitabxanasına, Espoo şəhərinin mərkəzi “Entressen” kitabxanasına Azərbaycanın turizm imkanlarını əks etdirən kitablar təqdim etmişik.

Bundan başqa milli və tarixi günlərimizi (Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik və Müstəqillik günlərini və s.) qeyd edirik, hər il 20 Yanvar faciəsi, Xocalı soyqırımı  ilə bağlı anım tədbirləri keçiririk. Bu faciələrimizdən bəhs edən kitabları, foto sərgilərı, sənədli filmləri Finlandiyada təhsil ocaqları və mədəniyyət mərkəzlərində nümayiş etdiririk. Bu il də fevralın  26-da Xocalı soyqırımının 19-cu  ildönümünə həsr olunmuş tədbir keçirəcəyik.

-  Sizin yaşadığınız  şəhərdə nə qədər azərbaycanlı  yaşayır və onlar daha çox hansı sahələrdə təmsil olunurlar?

-  Mən hazırda ailə üzvlərimlə birgə Espoo şəhərində yaşayıram. Burada 3 şəhər (Helsinki, EspooVantaa) bir-  birinə demək olar ki,  bitişikdir.  EspooVantaa şəhərləri   əvvəllər böyük qəsəbədə olublar. Sonradan  böyük olduqları üçün  şəhər statusu alıblar. Ona görə də burda bu 3 şəhər birgə sayılır.

Bu üç şəhərdə ümumilikdə 50 azərbaycanlı yaşayır. Bunlar arasında   müəllimlərimizi, həkimlərimizi, hüquqşünaslarımızı, tanınmış rejissorlarımızı, konservatoriya və musiqi məktəblərində çalışan musiqiçi, tərcüməçi, yazar, iqtisadçılarımızı və bir çox başqa sahələrdə çalışan  adamlarımızı göstərmək olar.

-   Finlandiyada  Bazar günü” məktəbləri varmı?

-Finlandiyada azsaylı xalqların nümayəndələrinə həftəsonu məktəbi açmaq ehtiyacı yoxdur. Çünki Finlandiya təhsil qanununa əsasən orda yaşayan hər bir azsaylı xalqların ana dili ümumtəhsil məktəblərində tədris olunmalıdır. Bu qanuna əsasən, 2006-cı ildən Helsinki və Espoonun orta məktəblərində hər həftənin çərşənbə günü 90 dəqiqə Azərbaycan dili tədris olunur. Bu fənni FAA-nın sədir müavini Arzu Oqtay tədris edir. Bu işə, Arzu xanım müəllimlik diplomunu bu ölkənin  Təhsil Nazirliyində təsdiqlətdikdən sonra nail olub.

 Finlər öz dillərinə qiymət verən xalqdır. Onlar həmişə deyirlər ki, öz dilinə qiymət vermək istəyirsənsə, başqasının dilinə hörmət et. Fin müəllimlər valideyn iclaslarında daim siniflərində təhsil alan azsaylı xalqları  nümayəndələrinə, yəni xarici şagirdlərin valideynlərinə sual verirlər ki, hansı dildə danışırsınız? Onlar azsaylı xalqların nümayəndələrinə də tapşırırlar ki, ana dilinizdə danışın və öz ölkənizin TV proqramlarına baxın. Əgər uşaq öz ana dilini mükəmməl bilmirsə, onda kimliyini unudar, başqa dilləri öyrənməkdə çətinlik çəkər. Onların fikrincə, hər bir azsaylı xalqın övladı səhər saat 8-dən 3-4-ə qədər məktəbdə olur, yetərincə fin dili eşidir və öyrənir. Başqa fənlər də fin dilində keçirilir.  Orta məktəblərdə həftədə bir dəfə tədris olunan bu fənn “öz anamın dili” adlanır.

Çox sevindirici haldır ki, orta məktəblərdə alban, alman, ərəb, kürd, fars, somali, vyetnam, eston, italyan, flippin, türk, ispan və s. dillərlə yanaşı, Azərbaycan dili də tədris olunur   bu fəndən uşaqlarımız başqa fənlər kimi rüblük qiymətlər alırlar.

 Həmçinin Finlandiyada dünyaya gələn uşaqlarımızın  məktəbə gedənə  qədər keçirdiyimiz bayramlarda, toplantılarda bizim aramızda olmasına çalışırıq. Ona görə ki, məktəbli uşaqların hər tədbirdə söylədikləri şeirləri kiçik uşaqların eşitməsinə, görmələrinə çalışırıq. Artıq kiçik yaşlı uşaqlar məktəbə getdikdə Azərbaycan dili dərsində keçirilən mövzuları və şeirləri asan qavrayırlar.

FAA-nın  nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının fəalları bu işdə məktəblilərə yardım edirlər. Assosiasiyamız həmçinin   azərbaycanlı uşaqların ifalarında nağıllarımızı müxtəlif mədəniyyət ocaqlarında nümayiş etdirir. Beləliklə də, uşaqlarımız həm nağıllarımızı öyrənir, həm də nağıl qəhrəmanlarına çevrilirlər.

-  Təşkilatınızın Finlandiyanın rəsmi qurumları  ilə əlaqələri necədir?

-Burda rəsmi qurumlarla əlaqə yaratmaqda heç bir çətinliyimiz yoxdur. Hətta onları təşkil etdiyimiz hər bir tədbirə də dəvət edirik.

-  Bu il Dünya Azərbaycanlılarının III Qurultayı  keçiriləcək.  Bu qurultaydan   gözləyirsiniz?

-Ümidvaram ki, qurultayda diaspor təşkilatlarının birgə işləməsinə  şərait yaradılması mexanizmi təqdim olunacaq. Bir ölkədə fəaliyyət göstərən təşkilat digər ölkədə fəaliyyət göstərən təşkilatın iş prinsipləri ilə yaxından tanış ola biləcək, bir-birlərindən təcrübə əldə etmək imkanı qazanacaqlar. Fikrimcə,  belə olsa bütüm ölkələrdə olan təşkilatlar daha təcrübəli olar, daha dolğun işlər görə bilərlər.

-  Təşkilatınızın maliyyə mənbəyi necədir?

-Bu günə qədər gördüyümüz işlərdə heç bir yerdən maliyyə dəstəyi almamışıq. Bütün işləri öz daxili büdcəmiz hesabına görmüşük. Bu  büdcənin də çox kiçik olduğundan gördüyümüz işlər bəzən ürəyimizcən olmur. Məsələn, istədiyimiz qədər kitabxanalara kitablar verə bilmirik, Azərbaycanı yetərincə tanıtmağımız üçün daha yüksək səviyyədə tədbirlər keçirə bilmirik. Buna baxmayaraq, bacardığımızı edirik ki, finlər Azərbaycanı hərtərəfli tanısınlar, hər fürsətdə varlığımızı ortaya qoyur və sözümüzü deyə bilirik.

 Finlandiyada fəaliyyət göstərən  digər xalqların diaspor təşkilatları ilə də sıx əlaqə saxlayır, onlarla birgə müxtəlif adda  tədbirlər keçiririk.

-  Fin mətbuatında Azərbaycanla bağlı materiallar dərc edilirmi?

-Bu yaxınlarda Finlandiyanın 2 tanınmış qəzetində: “Helsinki sanomat” və “İlta sanomat”da Azərbaycanın ümumi mənzərəsini və gözəlliyini özündə təcəssüm etdirən məqalələr dərc olundu. Burada  keçirilən turizm sərgisindən sonra Azərbaycanı daha da yaxşı tanıdılar. Belə tədbirlərin xarici ölkələrdə dövlətimiz tərəfindən  keçirilməsi bizim gördüyümüz işlərə təkan olur və ölkəmizi daha geniş əcnəbi auditoriyasına tanıtdırır.

-  Finləri azərbaycanla bağlı daha çox nə maraqlandırır?

- Ümumiyyətlə, finlər səyahəti sevən xalqdırlar. Bu səbəbdən də onların Azərbaycanı görmək və ölkəmizlə yaxından tanış olmağı çox istəyirlər. Sadəcə viza məsələsinə dair çox suallar verirlər.  Bu sahədə olan bəzi məhdudiyyətlər onların bu istəkdən daşınmasına səbəb olur.

-  Təşkilatınızın internet saytı varmı?

- İlk olaraq qeyd edim ki,  (www. diaspora .az), (www.finlandiya-azerbaycanlilari.fi) saytlarından da bizim haqqımızda məlumat ala bilərsiniz. Biz həmçinin Finlandiya Türkləri Cəmiyyətləri Birliyinə üzv olmuşuq. Bunun üçün də sözügedən birliyin saytında  (ww.finlandiyaturkleri.fi) Finlandiya azərbaycanlıları bölməsində  bizim haqqımızda  bölüm var.

Sonda Vasif Muradlı özü haqqında qısa məlumat verdi:

-Bakı şəhərində anadan olmuşam.  1989-cu ildə Azərbaycan  Dövlət  İqtisad  Universitetini  bitirmişəm.  Azərbaycanda-Bakıda 1990-  ildən 2002-ci ilə qədər  ixtisasım üzrə çalışmışam. 2002-ci ildən isə Finlandiyada yaşayıb işləyirəm. Ailəliyəm,  5 övladım var. 4 qız bir oğlan. Qızlarım burada ali təhsil alırlar. Mən də onların təhsildə qazandıqları uğurlara baxıb, bir ata kimi qürur hissi keçirirəm. Oğlum Hüseynin 12 yaşı var, orta məktəbdə oxuyur. O, Finlandiyanın Espoo şəhərində 2010-cu ilin  gənc karateisti və Dark Ninja adına layiq görülüb. Həyat yoldaşım Arzu Oqtay burada müəllimə işləyir. Ailəmin əldə etdiyi uğurlarında Arzu xanımın çox böyük zəhməti var.

  Bu ölkədə diaspor fəaliyyəti ilə isə 2006-cı ildən məşğulam.  Belə ki, ilk diaspor fəaliyyətimə Yeniyetmə Gənclər Təşkilatının yaradılmasında gənclərə maddi və mənəvi yardım göstərməklə başlamışam. 2008-ci ildən diaspor fəaliyyətimi genişləndirərək Finlandiya Azərbaycan Assosiasiyasını yaradıb Finlandiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə nail oldum.

 

 

Günay ƏLIYEVA

 

Paritet.- 2011.-19-21 fevral.- S.10.