«Atəşgah» tarixi muzey mərkəzi yaradılacaq

 

 Atəşgah qoruq elan ediləndən sonra buraya həm xaricdən, həm də ölkə daxilindən turist axını artıb»

 

  Azərbaycan   tarixində öz qədimliyi  və möhtəşəmliyi ilə seçilən tarix- memarlıq abidələri çoxdur.   Bu  cür abidələrin siyahısı  təkcə  paytaxtla məhdudlaşmır. Belə ki,  hazırda  Bakı ətrafı və regionlarımızda da  gözəlliyi, tarixi dəyəri ilə hər kəsi   cəlb edən abidələr mövcuddur.  Sözügedən  abidələr nəinki ölkə vətəndaşlarının, hətta  əcnəbilərində maraqla qarşıladığı obyektlərdir.  Belə ki,  Azərbaycan tarixini özündə yaşadan  bu abidələrə daima  dövlət tərəfindən   xüsusi diqqət və qayğı  göstərilir.  Artıq bir sıra abidələrin  bərpası ilə bağlı  ölkə prezidenti sərəncamlar imzalayıb. Belə sərəncamlardan biri də 2009-cu ilin iyul ayında Bakının Su­ra­xa­nı­ rayonunda yerləşən atəş­pə­rəst­lə­rin ən mü­qəd­dəs zi­ya­rət­ga­hı hesab edilənAtəşgah məbədiDövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə   imzalanıb. Bizdə  turistlərin daha çox axın etdiyi bu  abidə ətrafında aparılan son işlərlə ətraflı tanış olmaq üçün   «Atəşgah» qoruğunun direktoru Rəşid Babayi ilə əlaqə saxladıq.  O,  bildirdi ki, dövlət başçısı tərəfindən imzalanan sərəncam üç mərhələdə icra olunur:

-Birinci mərhələdə «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması idi ki, bu iş artıq yekunlaşıb. İkinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə arxeoloji-tədqiqat işlərinin aparılmasıdır. Bu mərhələ hələ davam edir. Üçüncü mərhələdə isə «Atəşgah» tarixi muzey mərkəzinin yaradılması nəzərdə tutulur. Çox güman ki, may ayında sərəncamın icrasında nəzərdə tutulmuş 2-ci mərhələyə start veriləcək. Bu mərhələdə «Atəşgah» qoruğunun ərazisinin genişləndirilməsi məsələsi durur. Hazırda qoruğun ərazisi 1300 kvadrat metrdir. Arxeoloji qazıntılar nəticəsində çox maraqlı eksponatlar tapılıb. Bunların hamısı muzeyə qoyulacaq. İstəyirik yaradacağımız muzey maraqlı eksponatlarla zəngin olsun. Xarici qonaq gələndə görməlidir ki, Azərbaycanın nə qədər zəngin və qədim tarixi var.

R.Babayinin sözlərinə görə, qoruq ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bir sıra maraqlı faktlar əldə olunub:

-Məlum olan ən maraqlı yeniliklərdən biri isə Atəşgahın tarixinin daha qədimlərə – XVI əsrin sonlarına təsadüf etməsidir: «Halbuki biz indiyə qədər bu tarixi XVII-XVIII əsrlərə aid edirdik. Atəşgaha həmişə xarici qonaqların marağı olub. Son illər bu maraq xüsusilə artıb. Bütün ölkələrdən buranı ziyarət etməyə gələnlər var. Türkiyədən, Hindistandan gələn insanlar daha çoxdur. Bu yaxınlarda Yaponiyanın, Niderlandın ölkəmizdəki səfirləri gəlmişdi. Atəşgaha ziyarətçi mövsümü Novruz bayramından başlayaraq, oktyabrın sonlarına qədər davam edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri ilə əməkdaşlıq edirik. Əsas məqsədimiz isə yerli insanlarımızı, xüsusilə orta məktəbdə oxuyan şagirdlərin buranı ziyarət etməsinə şərait yaratmaqdır. Çünki Atəşgah bizim tariximizdir. Ona görə də bu məqsədlə Bakıda yerləşən uşaq evləri, orta məktəblərlə müqavilələr bağlayırıq.

Atəşgah qoruq elan ediləndən sonra buraya həm xaricdən, həm də ölkə daxilindən turist axınının artdığını deyən R.Babayi bildirdi ki, bu vaxta qədər ərazidə insanların dincəlməsi üçün kiçik bir istirahət mərkəzi, yüngül qəlyanaltı yeri belə yox idi: “Atəşgah qoruğunun yenidən koservasiyası məqsədilə hazırlanan layihə-smeta sənədlərində bunların hamısı nəzərə alınacaq. Bu səbəbdən biz hələlik buraya çoxsaylı turizm marşrutları reallaşdıra bilmirik».  

  Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Abşeron Arxeoloji Ekspedisiyasının rəhbəri İdris Əliyev də Atəşgah məbədinin tədqiqatına başlanmasını çox təqdirəlayiq bir iş olduğunu deyərək  bildirdi ki, bu abidənin maraqlı  tarixi var. Onun sözlərinə görə, qazıntılar nəticəsində bir çox yeni faktlar əldə olunub:

-Tarixi mənbələrdən məlum idi ki, Atəşgah ərazisini qazla təmin etmək üçün böyük bir sistem olub. Qazıntılar nəticəsində biz bu sistemi aşkar edə bildik. Məlum oldu ki, buradakı bütün hücrələrə qaz çəkilib. Qazın toplandığı quyuların üzəri əhənglə, gillə bağlanıb. Bu quyulardan xüsusi xəndəklər vasitəsilə hücrələrə qaz xətləri çəkilib. Xəndəklərin də üzəri gillə örtülü.

  Bundan başqa  qazıntılar zamanı Atəşgahın qərb tərəfində yerləşən hücrələrin birində ilkin məbədin binasını təyin edə bildik. Hazırda məbədin mərkəzində olan abidə 19-cu əsrdə tikilib. Qazıntılar zamanı bu hücrələri su ilə təmin edən quyunu da aşkarladıq. Quyu Abşeron üslubunda olub, dördkünc formadadır. Üst hissə daşdan tikilib, alt hissə isə qayadan çapılıb. Qazıntı 6 metrəyə qədər davam edir. Atəşgahın başqa bir hücrəsində də quyu aşkar edilib. Vaxtilə həmin quyunun yerləşdiyi yer həyət olub, sonradan orada otaq tikilib. Burada qazıntı davam edir.

İ.Əliyevin sözlərinə görə, bir çox tarixi mənbələrdə yerli əhalinin varlı olması ilə bağlı məlumatlar var: «Buradan qızıldan hazırlanmış bir Niderland dukatı (pul vahididir) aşkar etdik. Bu pullar 19-cu əsrdə məxfi şəkildə məhdud çevrə üçün rus imperiyası tərəfindən buraxılırdı. Ümumiyyətlə, qazıntılar nəticəsində çox maraqlı bir faktı aşkar etdik ki, Atəşgahın qədim hissəsi qərb tərəfdədir. Hazırda evlərin altında olan kommunikasiya sistemləri qərbə tərəf istiqamətlənir. Məbədin şimal-şərq tərəfi isə qayalıqdır».

Qazıntılar nəticəsində Atəşgah ətrafında da qədim abidələrin olduğu məlum olub deyən  İ.Əliyev bildirib ki, məbəddən 300 metr şimalda ağ neft quyusu var. Onun sözlərinə görə, həmin quyudan ağ neft çıxarılıb və birbaşa tankerlərə doldurularaq xaricə ixrac edilib: ”Bu ərazilərdə apardığımız kəşfiyyat xarakterli qazıntı işlərinə əsasən məlum olub ki, burada 4 qəbiristanlıq var. Onlardan birinin tarixi XV əsrə gedib çıxır. Atəşgahın qərb tərəfindən üst-üstə yığılmış xeyli insan sümükləri aşkarlandı. Amma biz bura yaşayış yeri olduğundan qazıntını davam etdirə bilmədik. Ona görə də qoruğun ərazisi mütləq genişləndirilməlidir. Ümumiyyətlə,  isə Atəşgah kimi tarixi abidələrin 15-20 metrliyində yaşayış yeri olmamalıdır”.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 19-21 fevral.- S.9.