“Dağlıq Qarabağ münaqişəsini Avropa Şurası təkbaşına həll etmək gücündə deyil”

 

Elnur Məcidli: “Türkiyə Prezidenti Abdulla Gülə xaricdəki türk və azərbaycanlıların lobbi və diaspor fəaliyyətlərində bir hərəkət etməli olduğunun gərəkdiyini çatdırdım”

 

 Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) 2008-ci ilin fevral ayında Parisdə, Fransa senatında forumu keçirilib. Bu forumda fransız senator, azərbaycanlı nazir və digər rəsmi nümayəndələr qarşısında öz tənqidi çıxışı ilə yadda qalan həmyerlimizsə Elnur Məcidli olmuşdur.  E.Məcidli həmin forumun  həm də təşkilatçısı idi. Ümumiyyətlə, o, necə deyərlər Napoleonun torpağında “at oynad”araq vətənimiz üçün yadda qalan xidmətlər göstərir. Bu xidmətlər o qədərdir ki, düzü, bunları bir müsahibəyə sığmaq mümkün deyil. Bu baxımdan bir jurnalist-lobbist olaraq E.Məcidli əsl diaspor  adamıdır.

- İlk olaraq mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz.

- Bakıda ziyalı ailəsində (anam müəllimə, atam jurnalist) anadan olmuşam. Orta təhsilimi Sumqayıt Özəl Türk Liseyində başa vurmuşam. Ali təhsilimi Türkiyə və Fransada almışam.  Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazılarım işıq üzü görüb. Professional jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlamışam. “Lider” televiziyasının, “Assa-İrada” və “Trend “informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləmişəm. “Azərbaycan”, “Ayna”, “Xalq”, “AzerNews” və s. qəzetlərdə müxtəlif səpkili məqalələrim yayımlanıb. Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treninq-konfransların və sertifikat proqramlarının iştirakçısı olmuşam.

7 ilə yaxındır ki, Fransadayam, ondan əvvəldə Türkiyədəydim. Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, Fransa senatı, YUNESKO, Avropa parlamenti, Fransanın prezident aparatı sayılan Yelisey Sarayı kimi beynəlxalq və rəsmi quruluşlarda akreditəli jurnalistəm. Eyni zamanda Fransada rus-fransız, fransız-rus, türk-fransız, fransız-türk dillərindən tərcüməçi işləyirəm. Bundan başqa türk və Azərbaycan dillərində müxtəlif janrlı şeirlər yazıram. Türk dilində “Kalpten Kaleme” adlı şeirlər toplusunun müəllifiyəm.

-Bəs, hazırda hansı beynəlxalq media qurumlarıyla əməkdaşlıq edirsiniz?.

- BBC, ZDF, AFP, İHA kimi beynəlxalq media qurumlarıyla əməkdaşlığım davam edir. Ayrıca ABŞ-ın müxtəlif qəzet və jurnallarıyla da geniş əlaqələrimiz yaranıb.

Bundan başqa Sərhədsiz Reportyorlar, Avropalı Jurnalistlər və s. təşkilatlarla da sıx əməkdaşlıq edirik.

- Avropada Azərbaycanın ölkə maraqlarının lobbiçilik baxımında hansı işlər görürsünüz?

- İndiyə qədər bütün fəaliyyətlərimizdə milli maraqları qorumaqla yanaşı, ölkə daxili gedən proseslərə də öz tövhəmizi verməyə çalışmışıq. 2007-ci ildə ilk dəfə Avropa Şurasında azərbaycanlı tələbələrin forumunu təşkil etdik. Bu forum həm də Avropa Şurası tarixinə ilk dəfə bir xalqın nümayəndələrinin keçirdiyi forum olaraq düşdü.

2007-ci ilin yayında Azərbaycandan kənarda ilk dəfə olaraq azərbaycanlılar üçün yay düşərgə-forumu təşkil etdik. Bu yay forumunun da əsas məqsədi Azərbaycan maraqlarının lobbiçiliyinin azərbaycanlı gənclərə daha yaxından öyrədilməsi idi.

Daha sonra Parisdə, Fransa senatında 6-7 fevral 2008-ci il tarixlərində senatorların, dövlət rəsmilərinin iştirak etdiyi böyük bir forum təşkil etdik. 28 Mayı yürüş-karnaval şəklində ilk dəfə olaraq Strasburqda qeyd etdik. Almaniyanın və Fransanın müxtəlif şəhərlərindən gələn gənclərimiz də bu karnavala qoşulmuşdular.

2010-cu ildə isə Avropa Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin 92 illiyinə həsr olunmuş növbəti forumumuz baş tutdu. Gördüyümüz fəaliyyətlərin hamısının bura yeləşməyəcəyini düşünərək əsas bir neçə misalı verdim.

Bu yaxında, AŞPA-nın qış sessiyasında Türkiyə prezidenti Abdulla Gülə də xaricdəki türk və azərbaycanlıların lobbi və diaspor fəaliyyətlərində bir hərəkət etməli olduğunu çatdırdım. Fikrimcə, türk və azərbaycanlı diasporalarının bir çətir altında birləşdirən avropamiqyaslı təşkilata ehtiyac var. Bundan sonra da fəaliyyətlərimiz Azərbaycandakı proseslərlə paralel gedəcək.

Qarabağın işğalının daha ətraflı şəkildə Avropa və dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin tanıdılması bizim üçün prioritet məsələlər olaraq qalır.

-Sizcə, diasporumuz avropalılar arasında Azərbaycan haqqında lazımi qədər rəy formalaşdıra bilibmi?

- Lazımi qədər demək hələ tezdi, ancaq bu rəyi formalaşdırmaq mümkündü. Buna imkanımız var. Ümumiyyətlə, burda 3 məqama diqqət etməkdə fayda var.

Birincisi icma: Azərbaycandan kənarda,  dünyanın hər hansı bir ölkəsində yaşayan azərbaycanlılar. Buna azərbaycanlı icması deyirik. Ölkədən və şəhərdən asılı olaraq azərbaycanlı icması dağınıq və ya kompakt şəkildədir. Mənim üçün icmanın kompakt şəkildə yaşaması vacibdir. Strasburqda bu şəkildə olması sevindiricidir. Bu icma fəaliyyətinin intensivliyi baxımından olduqca zəruridir.

İkincisi diaspor:  İcmanın aktiv hissəsidir, görülən işlərdir. Diaspor fəaliyyəti daha çox qeyri-siyasi olur, Azərbaycanın tanıtımı, milli bayram və matəm günlərinin qeyd olunması, mədəni fəaliyyətlərlə önə çıxır, o cümlədən etiraz aksiyalarının keçirilməsi də diaspora fəaliyyətiylə birbaşa bağlıdır.

Üçüncüsü isə lobbiçilik: Azərbaycanda adətən lobbiçilik ilə diaspor fəaliyyətləri bir-birilə qarışdırılır. Lobbiçilik, hər hansı bir ölkədəki icmanın həmin ölkənin qanunverici, icraedici orqanlarıyla işləmə vasitəsidir. Lobbiçiliyin də növləri çoxdur, ancaq ən çox yayılanı mədəni və siyasi lobbiçilikdir.

Siyasi lobbiçilikdə təsir, təzyiq, şantaj və s. metodlardan istifadə edilir.

Şantaj metodunu etikadan kənar sayıram, ancaq bir neçə xalq bu metodlardan istifadə edir.

Təzyiq metodundan istifadə etmək üçün isə daha çox güclü diaspor-icma fəaliyyətinə ehtiyac var. Yəni həmin ölkədə və ya şəhərdə Azərbaycan əsilli səsvermə hüququ olan vətəndaşların çoxluğu vacibdir.

Hazırda istifadə etdiyimiz əsas metod təsir metodudur. Bu metod da müxtəlif yollarla həyata keçirilə bilər. Hər bir halda mühüm olan qanunverici və icraedici orqanlarla, beynəlxalq təşkilatlarla, güc strukturlarıyla, şəxslərlə və s. geniş əlaqə qurmaq, şəbəkələşməyə (netvorkinq) nail olmaqdır.

- Avropa Şurası siyasətində Dağlıq Qarabağ münaqişə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Dağlıq Qarabağ münaqişəsini Avropa Şurası təkbaşına həll etmək gücündə deyil.

Təəssüf ki, Avropa Şurasına üzv dövlətlər arasında Ermənistanın işğalçı mövqeyinə susqun qalan ölkələr var.

Bununla belə AŞ, Ermənistanı rəsmi olaraq işğalçı tərəf olaraq tanıyıb və dəfələrlə işğal etdiyi torpaqlardan çəkilməsi üçün bəyanat yayınlayıb. Ancaq Ermənistanın həlledici məqamlarda cığallıq etməsinə artıq öyrəşmişik. AŞPA-nın son qış sessiyasında da Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətinin yenidən bərpasını erməni tərəfi istəmirdi. Təbii ki, biz bu prosesin sülhlə həllinin tərəfdarıyıq, ancaq  səbrimizin sonsuz olmadığını da göstərməliyik.

Dağlıq Qarabağla bağlı bir məsələyə də toxunmaq istəyirəm. ”Dağlıq Qarabağ münaqişəsi” və ya “Dağlıq Qarabağ problemi” terminləri hüquqi baxımdan bizim üçün yetərsiz səslənir. Çünki beynəlxalq hüquq çərçivəsində məsələyə baxanda  münaqişə zonasında tərəflərin haqlı və ya haqsızlığı demək olar ki, bərabər səviyyədədi. Yəni münaqişə sözü işğal sözündən daha neytral bir məna daşıyır. Halbuki bu məsələdə bir mənalı olaraq işğal olduğu qabardılmalıdır. İngilis dilində Conflict of Naghorno Karabakh yerinə Occupation of  Naghorno Karabakh olaraq istifadə edilməsinin tərəfdarıyam.

-Bir jurnalist olaraq Siz hansı  diaspor KİV-i ilə əməkdaşlıq edirsiniz?

- Əməkdaşlığımız var, ancaq buna sıx əməkdaşlıq demək olmaz.

-Lobbiçilik işində diaspor mediamız öz imkanlarından nə dərəcədə istifadə edir?

- Lobbiçiliyin mediadan istifadəyə ehtiyacı yoxdur. Ancaq diaspor fəaliyyətləri həm ölkə, həm dünya mediasında geniş işıqlandırılmasına çalışmalıdır.

Mən düşünürəm ki, son 5 ildə müxtəlif xarici media təşkilatlarıyla geniş əlaqələrimiz yaranıb, bu əlaqələrdən istifadə etməyi bacarmalıyıq.

-Avropada Azərbaycan diaspor mediasının fəaliyyəti sizi qane edirmi?

- Azərbaycan diaspor KİV-lərinin vəziyyəti ürəkaçan deyil. Bülent Gürçam bəyin nəşr etdiyi “EuroXəbər” qəzetilə arada maraqlanıram. Ancaq fəaliyyətini ən çox bəyəndiyim dostum Vüsal Həmzəyevin İngiltərədə nəşr etdiyi “Araz” qəzetidir. Həm çap, həm elektron variantları olduqca qənaətbəxş saymaq olar.

 Ümumiyyətlə, isə düşünürəm ki, bütün Avropanı əhatə edəcək aylıq Azərbaycan qəzetinin çıxmasında fayda var. Bundan başqa bizim yaxın illərdə həyata keçirməyi planlaşdırdığımız  televiziya layihəmiz də var.

-Müxtəlif janrlı şeirlərin də müəllifisiniz. Sizcə diaspor işində poeziyanın hansı rolu var?

- Ədəbiyyatın mənim üçün ayrı bir yeri var. Mənim üçün şeir, hekayə oxuyaraq dincəlmək daha zövqlüdür. Diaspor fəaliyyətində ədəbiyyat olduqca əhəmiyyətli rola malikdir, bu sahəyə fikir verməliyik. Mən Anarın, Çingiz Abdullayevin kitablarının fransız, ingilis dillərində tərcüməsini görəndə qürurlanmışam.

Avropada kitabları tərcümə olunan, satılan yazarlarımızın sayı daha da çox olmalıdır. Mən özüm də 5 ilə yaxındır gündəliyimdə tutduğum qeydlərdən hazırlayacağım bir kitab üzərində işləyirəm.

- Nə vaxtsa bir dəfəlik Azərbaycana gəlib hansısa media orqanında işlərdinizmi?

- Nə vaxtsa bu mümkün ola bilər. Bunun üçünsə lazımi mühitin yaradılması şərtdir. Azərbaycanda medianın inkişafı ən böyük arzularımdan biridir. Bu inkişaf prosesində mən də öz tövhəmi verməyə hazıram.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.- 22-23 fevral.- S.10.