Qarabağda
baş verə biləcək müharibənin perspektivləri
“Voyenno
promışlennıy Kuryer”: ”Toqquşmalardan
qaçmağın yeganə yolu İrəvanın güzəştə
getməsidir”
Azərbaycan-Ermənistan arasında
müharibə ehtimalının artması, müxtəlif rəylərin
yaranmasına səbəb olub. Tərəflərin
üstün cəhətləri, insan resursları, qalib gəlmə
ehtimalları yalnız münaqişə tərəflərinin
deyil, həm də dünya mətbuatında müzakirə
olunan məsələlərdəndir. Rusiyanın “Voyenno
promışlennıy Kuryer” qəzeti Ermənistan-Azərbaycan
arasında baş verə biləcək müharibənin
prespektivlərinə toxunub. Yazının məğzindən
belə çıxıb ki, iki ölkə arasındakı
toqquşma labüddür. Xüsusən Astana sammitindən
sonra bu daha real görünürdü. Hər kəs 2011-ci
ilin ilk günlərindən hərbi əməliyyatların
başlayacağını gözləyirdi. Amma bu proqnoz
özünü doğrultmadı.
Doğrudur,
1994-cü ildən bu tərəfə qarşılıqlı
ittihamlar səsləndirilib. Amma vəziyyət heç vaxt
indiki kimi təhlükəli olmayıb. Narahatlıq doğuran
məqam odur ki, tərəflər, “danışıqların
davam etdirilməsinə razıyıq” deyirlər. Amma öz
ölkələrinə qayıdan kimi tamam başqa istiqamətdə
bəyanatlar verirlər. Mütəmadi olaraq dövlət
başçılarının cəbhə xəttinə səfərlər
etməsi, müasir silah-sursatın ön cəbhəyə
daşınması artıq adi hala çevrilib. Əslində
danışıqlar son aylarda formal xarakter daşımağa
başlayıb. Tərəflər bir neçə sənəd
imzalayır, hansısa məqamlara aydınlıq gətirdiklərini
bəyan edir, sonrakı qarşılaşmada bundan tamamilə
imtina edirlər. Aydın məsələdir ki, sülh
arzusunda olan dövlətlər bu kimi addımlar atmazlar.
Müəllifin
fikrincə, Ermənistan diasporuna, Azərbaycan təbii sərvətlərinə
bel bağlayır. Bundan kənarda onlar nəyisə dinləmək
arzusunda deyillər. Bəs bütün bunların sonu hara
gedir? Doğrudanmı yaxın zamanlarda regionda müharibə
yenidən alovlanacaq? Cavab tapmaq üçün ölkələrin
real vəziyyətini, onların müharibəyə nə dərəcədə
hazır olduqlarına diqqət yetirmək lazımdır.
Ermənistan...
İrəvan
mütəmadi olaraq müharibədən
qorxmadığını bəyan edir. Və əslində
hakimiyyətdə olan qüvvələrin əlində bu əla
silahdır. Yəni rəsmi İrəvan qarşı tərəfə
güzəştə getmirsə, xalq istər-istəməz
ona rəğbət göstərəcək. Amma bu bəyanat
müharibə başlayana qədər keçərli olacaq.
Ermənistanın yerləşdiyi mövqeyi nəzərə
alsaq buranı daha əlverişli hesab etmək olar. Amma
qonşularla münasibətdə İrəvan olduqca
ağır durumdadır. Ən böyük sərhədlər
Azərbaycan və Türkiyəylədir. Bunlar da uzun müddətdir
ki, bağlı qalıb. Nəticə olaraq Ermənistan
Gürcüstan və İrandan asılı duruma
düşüb. Və hazırda Tiflislə də bəzi
anlaşılmaz məqamlar meydana çıxıb. Rusiyadan gələn
qaz kəmərinin Azərbaycana satılma ehtimalı, sərhədlərin
bağlanması kimi bir şey olacaq. Bu zaman Bakı istənilən
vaxt, təmir və s. məsələləri bəhanə
edib İrəvanı çıxılmaz vəziyyətə
salacaq. Nəticədə bütün Ermənistan iqtisadi cəhətdən
çökə bilər. Demək Gürcüstan İrəvan
üçün o qədər də etibarlı qonşu deyil.
O, daha çox Azərbaycana meyl edəcək. Bu zaman
bütün ümidlər İrana qalır. Tehranın
Bakı ilə müqayisədə İrəvana meyl etməsi
açıq-aydın görünür. Amma hazırda İran
istəsə belə Ermənistana heç bir yardım edə
bilməz. Onun özünün yardıma ehtiyacı var.
Bunu
şübhəsiz Ermənistanda anlayırlar. Arada olan
düşmənçiliyə baxmayaq Türkiyə ilə sərhədlərin
açılması İrəvana hava-su kimi lazımdır.
Onlar hətta Bakı ilə münasibətləri qaydaya salmaq
üçün bəzi cəhdlər göstərdilər.
Amma Azərbaycanın Qarabağ münaqişəsi həll
olmadan hər hansı əlaqə qurmaqda maraqlı
olmadığı məlum oldu. Əslində, Ankaranı
fikrindən daşındıran da Bakı oldu. Qeyd edilir ki, əsas
günah məhz İrəvanın özündə olub.
Müstəqillik əldə edən gündən ölkədə
anti-türk siyasətinə start verildi. Ankaradan təzminat,
torpaq, üzrxahlıq tələb olundu. Bu şübhəsiz
nəticəsiz qala bilməzdi.
Bununla
belə Türkiyə bəzi addımlar atmağa hazır idi.
Bu dəfə ABŞ-dakı erməni diasporu İrəvanı
çətin duruma saldı. “Soyqırım” məsələsini
gündəmə gətirməklə Türkiyənin olan
qalan səbrini də daşırdılar. Və sonda özləri
də heç nəyə nail ola bilmədilər.
Çünki Vaşinqton üçün NATO üzvü olan
Türkiyə daha çox mühüm ölkədir.
Hazırda Ankara münasibətlərin normallaşması
üçün Qarabağda Ermənistanın güzəştlərə
getməsinin vacibliyini önə çəkir. Əslində bu müharibədən qaçmaq
üçün əla şansdır. Güzəştlərlə həm
Türkiyə, həm də Azərbaycanla əlaqələri
qaydasına salmaq olar. Misal üçün, Ermənistan
Dağlıq Qarabağdan əlavə 7 Azərbaycan rayonunu da
nəzarətə götürüb. Bunun hazırda İrəvan
üçün heç bir xeyri yoxdur. Əvvəla onun
özü də buranın ona məxsus
olmadığını qəbul edir. İkincisi, oradan hər
hansı gəlir götürə bilmir. O zaman niyə bunu geri
qaytarmaqla müharibədən qaçılmasın?
Azərbaycan...
Hazırda
Bakı daha şanslı görünür. Neft-qaz
ehtiyatlarından gələn gəlirlər hesabına hərbi
büdcəsini fantastik həddə çatdırıb. Bundan
başqa beynəlxalq layihələrdə iştirak etməklə
nüfuzunu dünyada xeyli gücləndirib. Amma bu qələbə
çalmaq üçün kifayət deyil. Müharibə
başlayacağı halda erməni qüvvələri
Qarabağın müdafiəsindən daha çox enerji xətlərini
sıradan çıxarmağa çalışacaq. Bu isə
Bakının enerji siyasətinə öldürücü zərbə
vura bilər. Eyni zamanda ortada Rusiya amili var. Moskvanın İrəvana
hər hansı dəstək verəcəyi indidən məlumdur.
Odur
ki, beynəlxalq qurumlar maksimum səviyyədə müharibənin
qarşısını almağa çalışırlar. Və
İrəvana daha çox təzyiqlər olunmağa
başlayıb. Nəticənin necə olacağı isə hələ
də məlum deyil.
M.NİYAZİOĞLU
Paritet.- 2011.-22-23 fevral.-
S.7.