İnsanlarda təbəssüm yaradan “Təbəssüm” rəqs qrupu

 

Bu gün zəngin musiqimizlə yanaşı, milli rəqslərimizdə Azərbaycanda, eyni zamanda ölkədən kənarda  gözəlliyi, incəliyi, zənginliyi və ecazkarlığı ilə hər zaman diqqət mərkəzindədir. Sevindirici haldır ki,  hazırda ölkəmizdə   müxtəlif adda rəqs  qrupları fəaliyyət göstərir. Bu qruplar arasında “Təbəssüm” rəqs qrupunun öz yeri var.  Qrupun  rəhbəri   Əminə  Musayeva  deyir ki, “Təbəssüm”ü yaratmaq ideyası onun olsa da, onun bu günə gəlib çatmasında, dostlarım  və valideynlər köməklik edib.

-Qrup yaranan ilk vaxtlarda valideynlərdən birinin evində yerləşdik. Hazırda 189 saylı məktəbdə yerləşərək fəaliyyət göstəririk. Gündən-günə qrupumuzun üzvləri çoxalmağa başlayır. Rəqs qrupunun geyimlərini  özüm tikirəm.  Ancaq  anam - rəssam modelyer Nigar Musayeva da bu işdə mənə  köməklik edir. Geyimlərin milli ruhda,  rəqslərə uyğun    zövqlü olması mənim üçün çox vacibdir. Hər zaman bu meyara diqqət edirəm.

- Sizin rəhbəri olduğunuz rəqs qrupunda daha çox hansı rəqslər ifa edilir?

- Bilirsiniz,  başqa xalqlarında  rəqslərini uşaqlara öyrədirik, amma milli rəqslərimizə marağımız daha çoxdur. Qədim, milli rəqslərin quruluşuna ciddi yanaşıram. Çünki elə rəqslər var ki, onları dəyişdirmək olmaz, necə qurulubsa, elə də yaşamalıdır. Məsələn, “Uzundərə”, “Yallı”, “Cücələrim” və s. bu cür rəqslərə toxunmuruq.  Ancaq özümüz yeni rəqslər qururuq. Bizim müəllim heyəti də çox dəqiq və tələbkardır. Belə ki,  Cabir müəllim “Cəngi” rəqs ansamblının solisti, baletmeystrdir, Aida Əliyeva xoreoqrafiya məktəbini bitirib, Rəşid Behbudov adına Mahnı Teatrında rəqs müəllimidir. Rəşidə Dövlət  İncəsənət Universitetini bitirib, bədii rəhbərdir. Cəmilə  Milli Konservatoriyada oxuyur. Hər ikisi “Təbəssüm”ün məzunu, bu günsə  müəllimləridir.

-Bildiyimizə görə, bu il “Təbəssüm”ün 10 yaşını qeyd etmisiniz, bu barədə  məlumat verməyiniz maraqlı olardı.

-  Artıq “Təbəssüm”ün 10 yaşını qeyd etdik,  uğurlarımız çoxdur. Belə ki, “Təbəssüm” bir ildə  üç böyük konsert verir. On ildə 30 böyük konsertimiz olub. Biz hər konsertə böyük tələbkarlıq və məsuliyyətlə yanaşırıq. İstəyirik ki, tamaşaçılarımız hər zaman bizim çıxışımızı gözləsin. Azərbaycan rəqs sənətini dünyada  da layiqincə təbliğ etməyə çalışırıq.  Məsələn, Türkmənistanda, Almaniyada, ABŞ-da, Qırğızıstanda, Türkiyədə və  üç  dəfə Ukraynada festivalda iştirak etmişik. 2002-ci ildə biz həmin festivalda musiqisi Eldar Mansurovun, sözləri Aksun Rinikuşinaya aid olan bir mahnı ifa etdik. Həmin mahnı orada bu gün də  sözügedən festivalın himni kimi səslənir və “Təbəssüm”dən qalan bir yadigar kimi qeyd edilir. 2004-cü ildə biz həmin festivaldan qızıl medalla qayıtdıq. Bu gün də uğurlarımız davam edir.  Artıq dövlət statusu almışıq. “Təbəssüm”ün körpələri hər bir ölkədə Azərbaycan bayrağını qürurla, fəxrlə göyə qaldırmaqdan zövq alırlar. Bu onlar üçün bir vətəndaş missiyası, Vətənə məhəbbət göstəricisidir. Uşaqlara heç kim sponsorluq etmək istəmir.  Polad Bülbüloğlu nazir olanda  bizim Avstriya səfərimizə o, kömək etmişdi. Bir də bu il İstanbula festivala gedərkən dövlət bizə müəyyən qədər yardım etdi. Hərdən qonaqlarımız da gəlir. 2004-cü ildə Ukraynadan, 2009-da isə Türkiyədən qonağımız oldu. Lakin mədəniyyətimiz üçün çalışan bir qrup olaraq müəyyən qurumlardan, təşkilatlardan diqqət və qayğı görmək istərdik. Eldar Mansurova  çox minnətdaram ki, bizə heç bir qarşılığı olmadan 70 mahnı bağışlayıb. Telekanallarda hər zaman bizi yada salır və verilişlərə dəvət edir, bu da biz də stimul yaradır. Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsi bizim üçün açıqdır və bu da  bizə böyük köməkdir.  Çətinliklərə baxmayaraq, “Təbəssüm” insanların üzündə hər an təbəssüm yaratmağa çalışır.  Ümid edirəm ki, hər zaman da belə olacaq.

Sonda həmsöhbətim rəqsə olan marağından danışaraq bunları dedi:

-Rəqs etməyi uşaqlıqdan sevirdim, bu səbəbdən də  çox kiçik yaşlarımdan rəqsə olan sevgim məni “Cücələrim” ansamblına apardı. Həmin ansamblın solisti kimi bütün dövlət tədbirlərində çıxış edirdim. Azərbaycana gələn xarici qonaqları öz rəqsimlə qarşılayırdım. Həmin tədbirlərdən Heydər Əliyevlə birlikdə çəkilən çoxlu sayda fotoşəkillərim var ki, onları bir yadigar kimi saxlayıram. İlk rəqs müəllimim “Cücələrim “ rəqsinə quruluş verən Berta Adamovna Breylovskaya olub. Bu rəqsi ilk oynayanlardan biri də mən olmuşam. Çox gözəl rəqs etdiyim üçün gözlənilməz uğurlarla qarşılaşmışam. 1980-ci ildə Moskvada XXII-ci yay Olimpiya oyunları keçirilirdi. Əminə Dilbazinin rəhbərliyi ilə Bakıdan 200 nəfərlik tələbə heyəti həmin olimpiyadaya gedirdi. 8 - ci sinif şagirdi olmağıma baxmayaraq, mən də həmin qrupla Moskvaya getdim və orada “Yallı” rəqsi ilə çıxış etdim.

 Onu da qeyd edim ki,  mən ixtisasca həkiməm, yəni əsl ixtisasım və peşəm həkimlikdir. Orta məktəbi bitirdikdən sonra ailəmin istəyi ilə ali təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirmək qərarına gəldim. Uşaqlara məhəbbətim məni məcbur etdi ki, pediatriya fakültəsini seçim. ATU-nu bitirdim, həkim işlədim, ailə qurub ana oldum. Amma bütün bu illər ərzində rəqsə olan meylim və həvəsim azalmadı. Elə rəqsə olan belə bir sevgim səbəb olub ki, bu rəqs qrupunu yaratmışam.

 

 

GÜNAY

 

Paritet.-2011.- 24-25 fevral.- S. 16.