Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı jurnalistlər bir DAM altında

 

Dam.az saytı vasitəsi ilə dünyanın 50 ölkəsində məlumat vermək imkanı var

 

 Azərbaycanı dünyada təbliğ etmək, diaspor fəaliyyətinin daha səmərələliyini təmin etmək işində medianın yeri və rolu böyükdür. Bunu nəzərə alaraq dövlət və media nümayəndələri bu istiqamətdə bir çox işlər görür. Artıq belə işlərin bir neçəsi həyata keçirilib. Bunlardan ən perspektivli və mühüm olanı isə “Dünya Azərbaycan Mediası”nın yaradılması olub.  QHT-lərə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Dünya Azərbaycan Mediası, ümumdünya informasiya şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində dam.az saytı yaradılıb. Yeni Nəsil Jurnalistlər Birliyinin təşəbbüsü ilə qurulmuş saytın əsas məqsədi dünya ölkələrinin media qurumlarında çalışan azərbaycanlı jurnalistlərin vahid kommunikasiya şəbəkəsində birləşdirməkdir. Bu şəbəkənin köməyilə xaricdə yaşayan azərbaycanlıların milli maraqlarımıza xidmət edən vəzifələrin həyata keçirilməsi istiqamətində öz fəaliyyətlərini yönləndirmələri nəzərdə tutulur.   Saytda “Xaricdəki azərbaycanlı media mənsublarının və jurnalistlərin informasiya bankı” yaradılıb. Saytda yerləşdirilən xəritədə istənilən ölkənin üzərinə basmaqla bu məlumatlarla tanış olmaq olar.

Saytın yaratdığı jurnalist şəbəkəsinin özəyini dünya azərbaycanlılarının qurduğu, yaxud mühüm mövqe tutduqları media vasitələri təşkil edir. Sayta dünyada yaşayan azərbaycanlılar üçün maraqlı ola biləcək informasiyalar yerləşdirilir. Eyni zamanda, hər həftə tanınmış ictimai, siyasi xadim saytın qonağı olur və onlardan alınan video- müsahibələr də oxucuların istifadəsinə verilir. Həmçinin azərbaycanlı jurnalistlərin xaricə səfərlərinə dair fotomateriallar və KİV haqqında qanunvericilik aktları bazası ilə də tanış olmaq mümkündür. Lakin layihə başa çatsa da, YNJB saytın fəaliyyətini davam etdirmək niyyətindədir.

 Birliyin sədri Arif Əliyev Lent.az-a verdiyi müsahibəsində bildirir ki, belə bir şəbəkənin qurulması yaymaq istədiyimiz informasiyaları daha geniş ərazidə yaymağımıza şərait yaradır. O qeyd edib ki, dünyaya səpələnmiş azərbaycanlılara məxsus olan KİV-in tanınmış nümayəndələri yerli mediaya yardım göstərmək baxımından çox güclü potensiala malikdir: “Azərbaycan günü-gündən öz müstəqilliyini möhkəmləndirir, dünyaya inteqrasiya edir və bu prosesdə özümüzü təbliğ etmək üçün imkanlarımız məhduddur. Belə məhdud şəraitdə bəzən lazım olanda hardansa mənbələr axtarmalı oluruq. Xarici ölkələrdə jurnalistika sahəsində çalışan azərbaycanlılar isə hazır mənbələrdir. Buna görə belə bir ideya yarandı ki, dünyaya səpələnmiş jurnalistlər bir şəbəkədə birləşsin. Bunun üçün biz dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan media vasitələrinin müəyyənləşdirilməsi və onları internet şəbəkəsində birləşməsini, internet vasitəsilə müzakirələr aparılmasını nəzərdə tuturuq. Sonrakı mərhələdə onların iştirakı ilə Bakıda toplantı keçirmək, bu şəbəkəni virtual şəkildə reallaşdırmaq üçün fəaliyyət proqramı hazırlanıb. Fəaliyyət proqramında Azərbaycanın dünyaya tanıdılması və təbliğ olunması, xaricdə çalışan media nümayəndələrinin imkanlarından yerli jurnalistikanın inkişafı üçün tətbiq olunması əksini tapıb”.

Sayt vasitəsi ilə hər hansı xarici ölkədə azərbaycanlıların keçirdiyi aksiya barədə dünyanın 50 ölkəsində məlumat vermək imkanı var. Birliyin sədri hesab edir ki, belə məsələlərdə medianın təşkilatçılıq gücü başqa vasitələrdən müqayisə olunmaz dərəcədə böyükdür: “Bu yaxınlarda “Euronews” kanalında Qarabağa dair süjetlər yer aldı. Bizim yaratmaq istədiyimiz şəbəkə bizə bunun üçün lazımdır. Yaxud da bu, elə bil eyni xəttin üzərində toplaşmış “düymələrdir”, hamısını eyni zamanda basmaqla bu cür tədbirləri birdən-birə bir neçə ölkədə keçirmək olar. Eyni zamanda, Azərbaycanda jurnalistikanın professionallığının artırılmasına ehtiyac var. Bunun üçün Avropanın müxtəlif ölkələrindən, Amerikadan trenerlər gətiririk ki, qabaqcıl təcrübəni Azərbaycan jurnalistlərinə öyrətsinlər. Halbuki bizim özümüzün xaricdə çalışan xeyli jurnalistlərimiz var ki, onlar həm yerli mühiti yaxşı bilir, həm dil problemləri yoxdur, həm də dünyanın ən məşhur media strukturları ilə əlaqələri var. Biz məhz belə jurnalistlərin imkanlarından istifadə etməliyik, trener kimi onları Azərbaycana dəvət etməliyik.”

Birliyin apardığı araşdırmalardan məlum olub ki, xarici ölkələrdə 120-dən çox daimi və ya müəyyən dövriliklə fəaliyyət göstərən radio və teleşirkətlərdə çalışan jurnalistlərimiz var. Hətta azərbaycanlılara məxsus xüsusi verilişlər də var. Həmçinin bir çox ölkələrdə üst-üstə milyonlarla tirajı olan qəzetlərimiz də var. Azərbaycan jurnalistləri isə Rusiyada və Amerikada daha geniş fəaliyyətə malikdirlər. Avropa ölkələri də bu siyahıda çoxluq təşkil etsə də Asiya ölkələrində azərbaycanlıların çalışdığı məxsus media strukturları nisbətən azdır. A.Əliyev media nümayəndələrimizin bu cür səpələnməsini səmərəli olduğunu hesab edir, ən azından, beynəlxalq siyasətə təsir göstərə bilən Amerika və Avropa ölkələrində fəaliyyət göstərən jurnalistləri bir şəbəkədə birləşdirmək baxımından: “İndi azərbaycanlıların Böyük Britaniyada radiosu, İsveçdə televiziya proqramı var və bunların bizim məqsədlər üçün güclü təsirləri ola bilər. Artıq şəbəkədə təxminən 27 ölkənin media vasitələri birləşib və fəal şəkildə işləyirlər. Hazırda digərləri ilə də əlaqələrin qurulması davam edir.”

  Sədrin sözlərinə görə layihə çərçivəsində azərbaycanlı jurnalistlərin mediası inkişaf etmiş ölkələrin radiolarında təcrübə keçməsi də nəzərdə tutulur. Niyə təkcə radio sahəsində olmasına gəlincə isə o hesab edir ki, radio Azərbaycanda media vəsitələri arasında ən bərbad vəziyyətdə olan strukturdur: “Bizim bütün yerli radiolarımıza baxsaq görərik ki, orada tıxac mövzusundan və musiqidən başqa heç nə yoxdur. Radiolarda ictimaiyyət üçün maraqlı proqramlara rast gəlinmir. Burada müəyyən məhdudiyyətlər olsa da bir qayda olaraq, KİV yerli icmalara məxsus olan informasiya vasitəsidir. Məsələn, bizim İspaniyada olan radio proqramı ayrıca güclü radio verilişi deyil, orada yaşayan azərbaycanlılar üçündür. Amma digər tərəfdən bu radioların rolu yerli icmaların təşkilatlanması, xüsusilə azərbaycanlıların keçirdiyi aksiyaların dünya ictimaiyyətinə çatdırılması məsələsində rolu böyükdür. Başqa bir məsələ isə odur ki, xaricdəki azərbaycanlı jurnalistlərin də bizim yardımımıza ehtiyacı var. Bizim belə bir şəbəkəmiz qurulsa, həmin şəbəkə vasitəsilə yaymaq istədiyimiz informasiyaları daha geniş ərazidə yaya bilərik. Belə olan halda biz öz informasiyalarımızı 50-yə yaxın ölkədə, 100-dən artıq KİV-ə ötürmək imkanımız yaranacaq. Yaxud elə məsələlərdə var ki, onların informasiya yardımından başqa bəzən Azərbaycanın digər sahələrində, hətta maliyyə məsələsində də dəstəyinə ehtiyacı var. Məsələn, biz   Moldovada olarkən Azərbaycandan olan jurnalistlər söylədilər ki, onların Moldova televiziyasına çıxmağa imkanları var, amma göstərməyə material yoxdur. İndi orada müəyyən bir vaxtda öz mədəniyyətlərini təbliğ etmək üçün moldovan dilində yerli filmləri nümayiş etdirirlər. Amma tarixi və ya mədəni irsimizə dair 5-10 filmi mərkəzləşdirilmiş şəkildə dublyaj edib bu şəbəkə vasitəsilə onlara çatdırılması Azərbaycanın dünyaya tanıdılması sahəsində əvəzsiz material ola bilər.”

Qeyd edək ki, azərbaycanlı jurnalistlər Avropanın inkişaf etmiş ölkələri ilə yanaşı, Asiyanın bir çox ölkələrdə də fəaliyyət göstərirlər. Məsələn Misirdə 3 jurnalistimiz bu ölkənin media orqanlarında çalışır. Bu müsbət hal olsa da A.Əliyev hesab edir ki, indiki mərhələdə bizim üçün vacib olan Amerika və Avropa ölkələridir. Çünki, bu ölkələrdə daha böyük təsir göstərə bilər: “İndi azərbaycanlı jurnalistlərin olmadığı ölkələr çox azdır. Amma Amerika və Avropa ölkələri daha vacibdir Tutaq ki, azərbaycanlı icması saya və keyfiyyətə görə Almaniyada bir rola malikdir, Avropanın başqa bir ölkəsində isə daha böyük təsir göstərə bilər. Çünki beynəlxalq siyasətə təsir gücü olmayan və ya az təsiri olan ölkələrdə Azərbaycan icması o qədər böyük rol oynamır.”

 Onun fikrincə, xaricdə yaşayan jurnalistlərin Azərbaycanın iqtidarını, yaxud müxalifətini dəstəkləməsi, müxtəlif siyasi düçüncələrə malik olması əsas deyil. Vacib olan, Azərbaycanın Qarabağ problemini, mədəni irsini, uğurlarımızı təbliğ etməkdir: “Çoxların da bu istək insani keyfiyyətlərdən, həsrətdən doğur, digər tərəfdən isə ictimai həvəs də var. Çünki xaricdəki azərbaycanlı jurnalistlər bir qayda olaraq, gənc və orta yaşlı nəslə aiddir və onlar öz enerjilərini xeyirli işlərə sərf etmək istəyirlər”. A.Əliyev ölkədən kənarda olan media nümayəndələri arasında fərdi münasibətlər yox, onların Azərbaycana olan münasibətləri və ölkəmizə bağlılıqları əsas olduğunu bildirib: “Çox zaman azərbaycanlılara münasibət siyasi baxışlarına əsaslanır. İnsanların üzləşdiyi çətinliklər çox vaxt belə yanaşmalarla bağlıdır. Belə hallar insanlar və cəmiyyətlər arasında olan münasibətlərdə də müşahidə olunur. Biz bunun təsirlərini və görüntülərini Dünya Azərbaycanlıları Konqresindəki parçalanmalarda da izlədik. Hərçənd ki, biz indiyədək belə təsirləri öz işimizdə hiss etməmişik. Bəlkə də ona görə ki, bizim yaratdığımız şəbəkədə hansısa siyasi yanaşma və münasibət yoxdur. Bizim üçün bu insanların Azərbaycana bağlılığı vacibdir.”

Sədrin sözlərinə görə bu şəbəkənin yaradılmasında diaspor təşkilatları yaxından iştirak ediblər. “Azərbaycanlıların xaricdəki media orqanları bir çox hallarda bilavasitə diaspora bağlıdır. Yəni onlarsız bu işi aparmaq demək olar ki, qeyri-mümkündür və ya səmərəsiz olacaq. Ona görə də diaspor təşkilatları ilə məsləhətləşmələrimiz olur, onların nümayəndələri Bakıya gələndə görüşlər keçiririk. İlkin mərhələdə xaricdəki jurnalistlərin informasiya bankının yaradılması zamanı da diaspora təşkilatlarının köməyindən bəhrələnmişik.” Qeyd edək ki, saytda həmçinin, 27 ölkədə azərbaycanlılar tərəfindən idarə olunan 64 KİV və 40 fəal azərbaycanlı jurnalist barədə informasiya daxil edilib. Ümumilikdə isə şəbəkəyə 300-ə yaxın media mənsubunu məlumatları daxil edilib. Xəritədəki məlumatlarsa daim yenilənir. Eyni zamanda dam.az-ın şəbəkəsində birləşən azərbaycanlı jurnalistlər hər ay saytın təşkil etdiyi forumların mövzusu ilə bağlı müzakirələr aparırlar.

 

 

Asif NƏRIMANLI

 

Paritet.- 2011.- 24-25 fevral.- S.9.