YAP Gənclər Birliyi Xocalıya həsr
edilmiş tədbir keçirib
Əli Əhmədov: “Xocalı faciəsini
törədənlər beynəlxalq təşkilatlar tərəfindən
nəinki cinayətə cəlb olunmayıb, hətta
onların bir çoxu siyasətlə məşğul olur”
“Biz
Azərbaycan gənclərini Xocalı faciəsini
unutmamağa, bu qətliamın dünyaya
çatdırılması üçün mübarizə
aparmağa səsləyirik. Xocalının qanı yerdə
qalmamalı, dünya birliyi buna münasibətini
açıqlamalıdır.
Buna
qədər dünyada bir çox qətliamlar olub və hər
biri öz layiqli cəzasına çatıb. Biz bunu dəstəkləyirik.
Bununla yanaşı Xocalı qətliamı da tanınmalı,
bunun baiskarları dünya qarşısında cavab verməlidir”
Bu
barədə YAP sədrinin müavini, icra katibi, millət vəkili
Əli Əhmədov dünən YAP Gənclər Birliyinin təşkilatçılığı
ilə Xocalı faciəsinə həsr edilmiş konfransda
bildirib.
Onun
sözlərinə görə, bu qətliam təkcə hərbi
cinayət deyil, həm də bəşəriyyətə
qarşı törədilib: “Bu bəşəriyyətə
qarşı törədilən bir cinayətdir. Beynəlxalq
ictimaiyyət buna münasibət bildirməlidir. Cinayətkarlar
cəzalandırılmadıqca bundan istifadə edib, yeni cinayətlər
törətməkdə davam edirlər. Xocalıda hərbi əməliyyatlarda
iştirak etməyən 613 nəfər dinc əhali qətlə
yetirilib. Dünya buna digər soyqırımlara, qətliamlara
göstərdiyi ədalətli münasibəti verməlidir.
Bizim buna haqqımız var. Artıq Xocalıya olan laqeyd
münasibət aradan qaldırılmalıdır. Bir ildən
sonra bu qətliamın üstündən 20 il ötəcək.
Bu faciə haqqında həqiqətlərin dünyanın əksər
guşələrinə çatdırılmasına baxmayaraq,
təəssüf hissi ilə qeyd etməliyəm ki, beynəlxalq
qurumlar tərəfindən lazımi, ədalətli qiymət
verilməyib. Bu faciəni törədənlərə
qarşı beynəlxalq məhkəmə qurulmayıb.
Xocalı faciəsini törədənlər beynəlxalq təşkilatlar
tərəfindən nəinki cinayətə cəlb
olunmayıb, hətta onların bir çoxu siyasətlə məşğul
olur. Bu gün həmin insanlar Azərbaycanın
torpaqlarını işğal edən dövlətin rəhbər
vəzifələrində işləyir. Bütün bunlar
dünyanın Xocalı qətliamına nəinki biganəliyini,
birbaşa laqeyd münasibətinin göstəricisidir.
İnsana qarşı törədilən cinayət irqindən,
milliyyətindən aslı olmayaraq, ən böyük
haqsızlıq, ən böyük cinayətdir. Belə hesab
edirəm ki, bütün vətəndaşlarımız,
xüsusən də gənclərimiz faciənin
tanıdılması üçün daha çox
çalışmalıdırlar. Biz dəfələrlə
ikili standartlardan şikayətlərimizi edirik. Bu gün də
mövqeyimizdə qalırıq. Ayrı-ayrı beynəlxalq təşkilatların
fəaliyyətində ikili standartlardan istifadə olunur.
Xocalı faciəsinə beynəlxalq
səviyyədə hüquqi qiymət verməsi prosesində də
bunu açıq görürük”. Azərbaycan dövlətinin
Xocalı faciəsinin tanıdılması istiqamətində
davamlı işlər apardığını da qeyd edən Ə.Əhmədov
görüləsi işlərin daha çox olduğunu
bildirib: “Cinayətkarların beynəlxalq məhkəməyə
verilməsinə gəlincə, Azərbaycan hökumətinin
mövqeyi odur ki, faciəni törədənlər beynəlxalq
təşkilatların təzyiqləri ilə qanun
qarşısında cavab verməlidirlər. Təəssüf
ki, bu günə qədər buna nail olunmayıb”.
“Xocalı
faciəsi haqqında” qanunun qəbul olunmasına gəlincə,
Ə.Əhmədov deyib ki, ölkə daxilində istər
qanunvericilik, istərsə də digər məsələlərə
dair zəruri işlər görülüb.
YAP
Gənclər Təşkilatının sədri Seymur Orucov
faciənin tarixindən danışaraq bildirdi ki,
soyqırımın törədilməsində SSRİ
Silahlı Qüvvələrinə məxsus 366-cı
motoatıcı alayın xüsusi fəaliyyəti olub. O qeyd
etdi ki, Xocalı faciəsinə ən ədalətli qiyməti
ümummilli lider Heydər Əliyev verib. S.Orucov tədbir
iştirakçılarını Xocalı faciəsinin
qurbanlarını bir dəqiqəlik sükutla yad edilməsinə
dəvət etdi.
Qeyd
edək ki, Heydər Əliyevin 1997-ci il, 25 fevral sərəncamı
ilə hər ilin fevral ayının 26-ı saat 17-00-da
respublika ərazisində Xocalı qurbanlarını bir dəqiqəlik
sükutla yad edilir.
YAP-ın
Sabunçu rayon təşkilatının Gənclər Təşkilatının
sədri Lamiyə Cəlilova və Binəqədi Gənclər
Təşkilatının sədri
Qüdsi Bayramov çıxış edərək,
Xocalıda törədilən qətliamın təffərüatlarından
danışdılar. O bildirdi ki, beynalxalq təşkilatlar bu
faciəyə lazımi münasibət bildirilməsə də
YAP gənclər təşkilatları ruhdan düşmür,
haqq mübarizəmizdə əlindən gələni edirlər:
“Hər il bizim gənclər təşkilatlarımız
internet aksiyaları keçirir, dünyanın mindən
çox tanınmış xadimlərinin elektron poçt
ünvanlarına Xocalı ilə bağlı faktlar, fotolar və
video görüntülər göndərir. Biz haqq işimiz
uğrunda mübarizə aparmaqdan yorulmuruq və
haqqımız tanınmayana qədər, haqsızlar cəzalanmayana
qədər bu mübarizəni davam etdirəcəyik.”
L.Cəlilova
isə bu faciənin intiqamı alınmayınca,
torpaqlarımız işğaldan azad edilməyincə, cinayətkarlar
cəzalanmayınca şəhid olmuş insanların
ruhlarının Tanrı dərgahında rahatlıq
tapmayacağını dedi.
Xocalı
faciəsinin şahidi, şəhid ailəsinin üzvü Məhəmməd
Şükürov çıxışında bildirdi ki, bu
faciə törədilən günə qədər erməni
birləşmələri Azərbaycanın bir sıra kənd
və qəsəbələrini yerlə-yeksan edib, əhalisini
qətlə yetirib. O qeyd etdi ki, bu faktlar keçmiş Sovet
İttifaqı Baş Hərbi Kəşfiyyat İdarəsinin
Xankəndində yerləşən
dairəsinə rəhbərlik edən polkovnik
Sadıyevin faciədən sonra SSRİ və Azərbaycan rəhbərliyinə,
həmçinin BMT-yə ünvanladığı
teleqramların toplandığı 19 səhifəlik sənədlərdə
öz əksini tapıb: “Erməni terrorçuları hələ
1988-ci ildən etibarən Dağlıq Qarabağa toplanıb.
Dünyada tanınan ASALA terror təşkilatının 26 nəfərlik
qruplaşması Xocalı faciəsini törətmək
üçün əvvəlcədən bu regiona gəliblər. Bu və digər
faktlar var və bu faktlar qaçılmazdır. Mən bu faciənin
şahidi kimi deyə bilərəm ki, orda törədilən
faciələr bəlkə də dünyanın heç bir soyqırımında
olmayıb”.
O bildirdi ki, həmin faciələrin
törədilməsində birbaşa olaraq Ermənistanın
bu günki müdafiə naziri Seyran Ohanyan da iştirak edib.
Tədbir
sonunda Xocalıya həsr edilmiş şeir oxundu. Eyni zamanda
faciənin görüntülərindən ibarət
video-çarx göstərildi.
Qeyd
edək ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin
dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
konvensiyasına, həmçinin Ümumdünya İnsan
Haqları Bəyannaməsinə ziddir. Amma hələ də
dünya birliyi bu soyqırımı tanımayıb.
A.CƏLALOĞLU
Paritet.- 2011.- 24-25 fevral.- S.1;6.