Azəri diasporunun gücünü düşmənlərimiz etiraf etməyə məcbur olublar

 

“Armenian Today”: “Bizim diaspor getdikcə gülünc təsir bağışlayır

 

 Azərbaycan müxtəlif səbəblərdən ölkəni tərk etmiş keçmiş vətəndaşlarını bir yerə toplamaq üçün Dünya Azərbaycanlılarının III Qurultayına hazırlaşır. Əslində burada əsas məqsədlərdən biri Azərbaycan diasporunun koordinasiya edilib, daha da gücləndirilməsidir. Bununla belə bu dəfə heç də diasporumuzdan, onun prespektivlərindən yazmaq niyyətində deyiləm.

 

 “Armenian Today” xəbər agentliyində erməni diasporu ilə bağlı bir yazı verilib. Burada müəllif, yüz illər ərzində dünya boyunca səpələnmiş ermənilərin, birdən-birə Azərbaycan diasporu qarşısında geri çəkilmənin səbəblərinə toxunub.

Elə bu səbəbdən yazını bütünlüklə erməni diasporuna, onun Azərbaycana qarşı apardığı mənasız mübarizəyə, nəhayət nəticə kimi məhvə məhkum olduqlarına həsr etmək qərarına gəldim. Təbii ki, sitat kimi erməni müəllifinin yazdığı məqaləyə müraciət edəcəyəm. Bunu da xatırladım ki, erməni diasporunu kəskin tənqid edən erməni antropoloqu Ara Vardanyandır. Onun jurnalistika, yazıçılıqla dərəcədə əlaqəsinin olduğunu bilmirəm. Amma məqaləyə yazılan şərhlər onu deməyə əsas verir ki, müəllif erməni cəmiyyətində kifayət qədər nüfuza malikdir. Bu səbəbdən erməni diasporunun iflası ilə bağlı səsləndirilən fikirlər, ən azı İrəvanda çaxnaşma yaratmalıdır.  Bunu da xüsusi olaraq qeyd edim ki, məqalədə Azərbaycanın lehinə bir kəlmə işlədilməyib. Əksinə imkan düşdükcə tənqid, hətta təhqir olunmuşuq. Bu isə o deməkdir ki, İrəvanla-erməni diasporu arasındakı ziddiyyətlər gerçəkdən bərbad vəziyyətdədir. Hər hansı erməni yarıtmaz fəaliyyətlərini tənqid edirsə, bu, heç Azərbaycan sevgisindən qaynaqlanmır. Bizə nifrət olduğu kimi qalır bu kin-küdurət onları məhvə bir az da yaxınlaşdırır.

Müəllif yazının girişində bu vaxta qədər mövcud olan erməni diasporunu çürümüş hesab edib. Onun fikrincə, artıq yeni format hazırlamağa zərurət yaranıb. Səbəb çox sadədir. Azərbaycan diasporu onları ildən-ilə üstələyir. Ermənilərin atdıqları əks addımlar isə daha çox gülünc təsiri bağışlayır: ”Heç kəsə sirr deyil ki, erməni diasporu tarixdə formalaşmış ən qədim diasporlardan hesab olunur. Hələ keçən əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələr ermənilərin kütləvi şəkildə Avropa və Amerikaya mühacirət etmələrinə səbəb olub. Burada dəhşətlərlə bərabər, erməni xalqının əlinə çox güclü silah mexanizmləri də keçdi. Bütün Avropa, Amerika erməniləri tanımağa, onların dərdlərinə şərik olmağa başladılar. O zamankı diaspor çox vətənpərvər idi və həmin vaxtlar üçün məqbul hesab olunurdu”.

Onun sözlərinə görə, sovet imperiyasının dağılması ilə ortaya bəzi problemlər çıxdı. Həmin ərəfədə xaricdə fəaliyyət göstərən erməni diasporunun planına görə keçmiş sovet məkanı və digər yerlərdən ermənilərin Ermənistana qayıdışı baş tutmalıydı. Amma bu arzu olaraq qaldı. Ermənistana yalnız az sayda savadsız, əlacsız və avam ermənilər qayıdıb. Təhsilli insanların hamısı yüz il əvvəl olduğu kimi Avropa və Amerikaya köç etdi. Bu isə istər-istəməz İrəvanla problemlər yaratmalıydı. Çünki diaspor həyat səviyyəsinə və təhsilə görə Ermənistandan xeyli yüksəkdə dayanırdı. Bu halda təbii ki, İrəvan erməni diasporunun boyunduruğunu boynuna salmalıydı: ”Köhnə diaspor Ermənistana şəxsi mülkləri kimi baxır. Onların fikrincə, ölkəyə maliyyə yardımı ayırırlarsa, İrəvan ancaq onların maraqlarına uyğun addımlar atmalıdır. Bu maraq isə Türkiyə ilə sonsuza qədər düşmən qalmağı tələb edir. Halbuki onların böyük əksəriyyəti heç Ermənsitanda olmayıblar. Buradakı real vəziyyətlə bağlı o qədər də geniş təsəvvürləri yoxdur. Bu halda onların Azərbaycan diasporu qarşısında geri çəkiləcəyi də təbii qarşılanmalıdır. Heç də iddia etmirəm ki, bizim diaspora Azərbaycandan zəifdir. Əksinə maliyyə cəhətdən biz Azərbaycan diasporundan daha geniş imkanlara malikik. Amma düşmənlərimizdən fərqli olaraq bizim diaspor reallığı nəzərə almaq istəmir. Bunun bir neçə səbəbləri var. Əvvəla, Bakı diasporundan güclü maliyyə yardımları qəbul etmir. Əksinə, hər il dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan diasporunun inkişafına maliyyə yardımları ayrılır. Belə bir halda diaspor Bakıdan asılı hala düşür, amma bizdə vəziyyət tam fərqlidir. Bəzən hakimiyyət maliyyə yardımlarının kəsiləcəyindən qorxduğu üçün, dövlət maraqlarına cavab verməyən bəyanatlar verib, addımlar atır.  İkinci bir səbəb Qarabağ münaqişəsi ilə bağlıdır. Erməni diasporu hər hansı güzəştləri qətiyyətlə rədd edir. Diaspor ermənilərinin fikrincə, Dağlıq Qarabağ nəyin bahasına olursa-olsun müstəqil olmalıdır. Biz də bunu istəyirik. Amma güzəştlər olmadan hər şeyi əldə etməyin mümkün olmadığını da, diaspordan fərqli olaraq anlayırıq. Rəsmi İrəvan son aylar güzəştlərin qaçılmaz olduğunu bəyan edəndə Ermənistana ayrılan yardımlar əhəmiyyətli dərəcədə azaldıldı. Bu isə erməni xalqının mənafeyinə xidmət deyil. Yenə də bizdən fərqli olaraq azərbaycanlı diasporu hakimiyyətə heç bir təzyiq etmir. Əksinə ortaq məxrəcə gəlinməsi üçün əllərindən gələn dəstəyi göstərir. Bu yaxınlarda Bakıda keçiriləcək qurultayda əsas müzakirə mövzusu məhz Dağlıq Qarabağ olacaq. Onlar yaşadıqları ölkələrdə bu istiqamətdə hansı addımların atılacağına bir yerdə, soyuqbaşla qərar verəcəklər. Amma biz hazırda bu səpkidə addımlar ata bilmirik”.

Müəllifin fikrincə köhnə diaspordan imtina edilib, yenisi yaradılmalıdır. Burada əsas üstünlük Ermənistandan xaricə oxumağa gedən şəxslərə verilməlidir. Bu zaman diasporun fəaliyyəti Ermənistanın real durumuna görə planlaşdırılacaq. Və Azərbaycan diasporu ilə daha effektiv mübarizə aparmaq mümkün olacaq.

Yəqin ki, yazını oxuyandan sonra özünüz üçün müəyyən nəticə çıxarırsınız. Ortada bir reallıq var. Yaşı yüzilliklərə hesablanan erməni diasporu gənc azəri diasporu qarşısında fiaskoya uğrayıb. Heç şübhəsiz, bunun əsas səbəblərindən biri, müəllifin etiraf etdiyi kimi Bakının tam müstəqil olması və diaspora güclü dəstək verməsi ilə bağlıdır. Bu gün (səhər) baş tutacaq Dünya Azərbaycanlılarının III Qurultayı buna bariz nümunə ola bilər.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.- 2011.- 5-6 iyul.- S.10.