Rusiyada elə bir ali məclis yoxdur ki, bizim səsimiz eşidilməsin”

 

Rafael Quliyev: ““Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi Çelyabinsknin mədəni həyatında yaxından iştirak edir”

 

Rusiyanın Çelyabinsk şəhərində çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Burada diasporumuzun üzvlərinin yaratdığı “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi öz aktivliyi ilə seçilir. Cəmiyyətin sədri Rafael Quliyev 12 il əvvəl kiçik bir qrupun yaratdığı “Ozan”ın artıq inteqrasiya proseslərinin fəal iştirakçısına, Çelyabinskdəki milli-mədəni ictimai təşkilatlar arasında ən təşəbbüskar quruma, eləcə də Rusiyadakı azərbaycanlıların tanınmış təşkilatlarından birinə çevrildiyini bildirdi.

 Çelyabinsk Politexnik İnstitutunun məzunu R.Quliyev narkotiklərə nəzarət Federal Xidmətinin vilayət idarəsi İctimai Şurası yanında Milli diasporlar komitəsinə başçılıq edir, Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk vilayəti regional bölməsinin sədridir. “Ozan”nın fəaliyyət  istiqamətlərindən danışan həmyerlimiz davamlı olaraq işlərini daha da gücləndirdiklərini qeyd etdi: “İndiyədək bir sıra istiqamətlərdə layihələr həyata keçirmişik. Bunların bir qismi soydaşlarımızın problemləri, onların hüquqlarının qorunması ilə bağlı layihələrdir, eləcə də dövlət orqanları ilə işbirliyimiz var. Belə ki, Çelyabinsk vilayətində Qubernator yanında Milli Şuralar üzrə qurumda bizim təşkilat da təmsil olunur. Qanunvericilik orqanlarının nəzdində də milli məsələlər üzrə qurumda, eləcə də Miqrasiya Xidmətinin tərkibində xüsusi şöbə var ki, orada da biz xalqımızı təmsil edirik. Bundan başqa orada yaşayan xalqların nümayəndələrinin təmsil olunduğu Xalqlar Assambleyası var ki, cəmiyyətimiz yarandığı vaxtdan bu assambleyanın fəal üzvüdür. Ümumiyyətlə, hansı bir qurumun tərkibində fəaliyyət göstərməmizə baxmayaraq xalqımızı layiqincə təmsil etməyə çalışırıq. Xalqımızın tarixini, mədəniyyətini çatdırırıq ki, bu da böyük rəğbətlə qarşılanır”.

Diaspor fəalımız, ümumiyyətlə, “Ozan” təşkilatının öz fəaliyyəti ilə fərqləndiyini bildirdi: “Bunun nəticəsidir ki, Moskvada nəşr edilən “Rusiyanın ən yaxşı insanları” adlı kitaba Rusiyanın tanınmış dövlət xadimləri ilə yanaşı bizim təşkilatın nümayəndəsi kimi mən də daxil edilmişəm. Görülən işlər, mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirdiyimiz tədbirlər bu müddət ərzində təşkilatımızın nümunəvi bir cəmiyyət kimi tanınmasına imkan yaradıb. Biz Azərbaycanı orada layiqincə təmsil edirik və bundan sonra da həmin zirvəni heç kəsə vermək fikrimiz yoxdur. Elə bir qurum yoxdur ki, bizim orada fəaliyyətimiz hiss edilməsin. Hər bir yerdə iştirak edirik, sözümüzü deyirik və adımız var”.

 

“Ozan”ın fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir

 

Onun sözlərinə görə, “Ozan”nın əsas məqsədi xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini qoruyub yaşatmaq və təbliğ etmək, soydaşlarımızın müdafiə hüquqlarının təminatına yardımçı olmaq, Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüməkdə olan yeni nəslin ana dilimizi, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdir: “Mədəniyyət Mərkəzi şəhərin və vilayətin mədəni həyatında yaxından iştirak edir. “Ozan” Azərbaycan diasporunu birləşdirir və möhkəmləndirir, onun vətəndaş hüquqlarının, milli mədəni və sosial mənafelərinin gerçəkləşdirilməsinə, dilimizin və ənənələrimizin qorunub saxlanmasına kömək göstərir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin davamçıları kimi, biz Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün daim çalışırıq”.

Mərkəz, Çelyabinsk Vilayəti Xalqları Assambleyası ilə birlikdə məktəblərdə beynəlmiləlçilik tərbiyəsi sahəsində iş aparılmasına da yardım edir. Mədəniyyət Mərkəzinin fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir. Uşaq müəssisələrinə, xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərilir. Eyni zamanda bələdiyyə müəssisələrinə, ictimai qurumlara sponsor yardımı, azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında rüblük “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir.

 Qeyd edək ki, cəmiyyətin internet saytı (www.ozan.ru) və eyni adlı qəzeti var. “Ozan” qəzetində diasporun həyatında baş verən ən mühüm hadisələr işıqlandırılır. Bu qəzet Çelyabinskdə KİV-in VIII festivalında “Ən yaxşı korporativ qəzet” nominasiyasında 1-ci yerin qalibi olub: “Fəaliyyətə başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis etdik. İndi də hiss edirik ki, qəzetdən də artıq bir iş görməliyik. Başladıq kitablar, jurnallar çap etdirməyə. Bu gün Rusiyada elə bir ali məclis yoxdur ki, bizim səsimiz eşidilməsin. Biz, çalışırıq ki, azərbaycanlı biznesmenləri Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana sərməyə qoysunlar. Bu gün azərbaycanlı müəllim - professorlarımız, həkimlərimiz, biznesmenlərimiz Çelyabinskdə ilk onluğa düşürlər”.

Çelyabinsk vilayətində 130-dan çox xalqın nümayəndəsi var. Hazırda orada 10 min azərbaycanlı yaşayır. Onların ümumi məqsədi xalqlar arasında sülhün və əmin-amanlığın möhkəmləndirilməsidir: “Ölkəmizlə bağlı nə qədər çox informasiya əldə etsək, bu bizim üçün çox önəmlidir. Orada fəaliyyət göstərən Xalqlar Assambleyasının 014üzvü olan digər diaspor təşkilatları - rus, alman, gürcü, qazax, tacik, özbəklərlə sıx əməkdaşlıq edirik. Bir-birimizə dəstək oluruq, köməklik edirik. Bizim işlər nümunəvi olduğu üçün onlar bizə müraciət edir və keçirdiyimiz tədbirlərə onları dəvət edirik”.

 

“Dostluq ipək yolu.

 

Çelyabinsk-Bakı mədəniyyətlərin dialoqu”

 

Mərkəz xalqımızın ən yaxşı ənənələrinin qorunub saxlanılması istiqamətində böyük işlər görür. Yeri gəlmişkən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Çelyabinsk Mədəniyyət Nazirliyi arasında 2011-2012-ci illərdə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında memorandum imzalanıb. “Ozan” mərkəzinin 10 illik yubileyi münasibətilə Çelyabinsk vilayətində xalqlar dostluğu ongünlüyü keçirilib. Ongünlük çərçivəsində təşkil olunan “Cənubi Ural-Azərbaycan” elmi-praktik konfransında iştirak etmək üçün Bakı Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti vilayətə gəlmişdi. Azərbaycan muğamı, rəqsləri, müasir mahnılar Çelyabinsk sakinlərinin böyük marağına səbəb olur. Axı, incəsənət dili üçün sərhəd yoxdur. Bu dil insanları birləşdirir, onların yaradıcı dünyasını zənginləşdirir. “Ozan” mərkəzinin nəşr etdirdiyi “Dostluq ipək yolu. Çelyabinsk-Bakı mədəniyyətlərin dialoqu” kitabında bu əlaqələr və diasporumuzun fəaliyyəti ətraflı əksini tapıb”, deyə o bildirdi.

Cəmiyyətin gördüyü bütün işlər barədə ətraflı məlumat verən R.Quliyev dedi ki, “Ozan” AMM-in üzvləri gələcəkdə də mədəniyyətlər dialoqunun xeyirxah qonşular və əsl dostlar arasında dialoqa çevrilməsi üçün əllərindən gələni edəcək.

Onu da deyək ki, həmvətənimiz Minin və Pojarski adına “Layiqli vətəndaşa minnətdar Rusiyadan” milli mükafatına layiq görülüb. Bu mükafat Rusiya regionlarının Üçüncü Konqresi və Dövlətçiliyin Möhkəmləndirilməsi sahəsində Təşəbbüslərə Yardım Fondu tərəfindən “Rusiyanı əməllərimizlə ucaldaq” federal ictimai proqramı çərçivəsində verilir. Mükafata görkəmli ictimai xadimlər, Rusiya regionlarında sosial-mədəni sahələrdə fəaliyyət göstərən müəssisə və idarələrin rəhbərləri layiq görülürlər. R.Quliyev bu mötəbər mükafatla vətəndaş cəmiyyətinin yaradılmasında xidmətlərinə və gərgin ictimai fəaliyyətinə görə təltif olunub.

 2006-cı ildə Azərbaycanda keçirilən Rusiya ili  çərçivəsində Çelyabinsk  vilayətinin nümayəndələri ölkəmizə gəlmişdi. Bakıda təşkil olunan həmin görüş zamanı Çelyabinsk vilayəti ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə bağlı müqavilələr imzalanıb. Bu müqavilələrə əsasən tələbələrin Bakıya gəlməsi, kitabxanalar arasında mübadilə, Bakı Dövlət Universiteti və rəssamlarla bağlı qurulan əlaqələr davam edir. R.Quliyevin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyi ilə RF Çelyabinsk vilayəti arasında müqaviləyə əsasən bu ilin may ayında Çelyabinsk şəhərindən olan 12 uşaq 5 gün Bakının qonağı olublar. Onlar Bakının ən populyar musiqi məktəblərində və digər görməli yerlərdə olublar və buradan böyük təəssüratla ayrılıblar.

 

“Ermənilər bizə yalnız paxıllıq edirlər”

 

O bildirdi ki, ermənilər hər zaman onların arxasınca gəlirlər, ancaq çata bilmirlər: “Onlar bizimlə rəqabət apara bilmirlər. Ermənilər bizə yalnız paxıllıq edirlər. Sayca 14 minə yaxın olsalar da, onlar siyasi baxımdan bizdən aşağı yerdədirlər.  Biz  Azərbaycanla bağlı bütün tarixi günlərimizi qeyd edirik. Məsələn, Çelyabinskdə Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün xeyli işlər görmüşük. Qəzetimiz və internet saytımız vasitəsi ilə də təbliğat aparırıq. Bundan əlavə televiziyalarda materiallar yayırıq. Düzdür, müəyyən tapşırıqlar olur və problemlər yaradırlar. Ancaq biz müxtəlif vasitələrlə tapıb televiziyalara yol tapırıq və materiallarımızı yayırıq”.

“Ozan” gənclərlə işbirliyinin qurulması istiqamətində layihələr reallaşdırmağa çalışır. Bu haqda məlumat verən Mərkəz sədri oradakı gənclər təşkilatları ilə sıx əlaqələri olduğunu vurğuladı: “Təşkilatın ətrafında güclü gənclər toplaşıb və onlar çox fəaldırlar. Onu da qeyd edim ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva gənclərimizi daha da fərəhləndirir. Çelyabinsk gənclərini dəstəkləyir, bütün regionlardakı Gənclər təşkilatlarının qeydiyyatdan keçməsinə çalışır və istəyir ki, onlar güclü bir forum kimi fəaliyyət göstərsin. İstəyirik ki, “Kim? Harada? Necə?” intellektual oyununu da gənclər özləri idarə etsinlər. Bu gün həqiqətən də digər gənclər təşkilatları bizim gənclərə qibtə edirlər və onlardan bir çox şeyləri öyrənmək istəyirlər. Orada yaşayan soydaşlarımız əsasən 1990-cı illərdə oraya kütləvi şəkildə gəliblər. Artıq ötən müddət ərzində orada yaşayan soydaşlarımızın uşaqları bağçaya, məktəbə və ali təhsil ocaqlarına gediblər. Artıq oradakı ali təhsil müəssisələrini bitirib çalışanlar da var. İnanıram ki, yaxın müddət ərzində biz həmin gənclərə təkan verib dövlət strukturlarında təmsil olunmalarına yardım edəcəyik. Bu gün biz heç bir millətdən, o cümlədən ermənidən zəif deyilik. Azərbaycandan kiçik bir dəstəyi hiss etmək bizim üçün çox önəmlidir. Hazırda ölkəmiz, iqtisadiyyatımız sürətlə inkişaf edir və bu da dövlətimizin daim yaşaması üçün şərait yaradır. Lakin bununla yanaşı diasporumuzun yaşaması, fəaliyyət göstərməsi də dövlətimiz üçün çox önəmlidir. İstəyirik ki, gənclərimiz bu gün ölkəmizlə bağlı tədbirlərdə iştirak etsinlər, daim dəstək görsünlər və qaynaqlar möhkəm qalsın”.

 

 

 Fuad HÜSEYNZADƏ

 

 Paritet.- 2011.- 5-6 iyul.- S.11.