Leyla Əliyeva qlobal gənclər ekoloji kampaniyasına start verib

 

 “Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni qlobal gənclər ekoloji kampaniyası - “Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq”unun (International Dialogue on Environmental Action - İDEA) başlandığını elan edib.

 

  Leyla Əliyeva iyulun 12-də, Bakıda Müasir İncəsənət Muzeyində “Azərbaycan xaricilərin gözləri ilə” adlı sərginin açılışındakı çıxışı zamanı IDEA-ya start verildiyini bildirib (APA).

İDEA çərçivəsində nəzərdə tutulan bir sıra aksiyalarda gənclərin və beynəlxalq ictimaiyyətin diqqəti ətraf mühitin qorunmasına cəlb olunacaq.

Leyla Əliyeva ilk aksiyanın başlandığını da bildirib. Bu, Azərbaycanın təbiətinə və ekologiyasına həsr olunan foto müsabiqəsidir. Müsabiqənin nəticələri oktyabr ayında Müasir İncəsənət Muzeyində açılacaq. 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ekologiya ili elan edilmişdi. Bu sərəncam əsasında genişmiqyaslı ekoloji proqramlar həyata keçirilib. Bunlara Abşeronun yaşıllaşdırılması, meşələrin bərpası, tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin və Bakı buxtasının təmizlənməsi, əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, milli parkların infrastrukturunun inkişafı, biomüxtəlifliyin müdafiəsi və bərpası və s. aiddir.

Hal-hazırda ölkədə alternativ enerji və bərpa olunan enerji mənbəyindən istifadə olunmasına dair bir çox layihə həyata keçirilir.

Müasir incəsənət muzeyində açılmış “Azərbaycan xaricilərin gözləri ilə” fotosərgisi isə Heydər Əliyev Fondunun və BMT İnkişaf Fondunun dəstəyi ilə təşkil olunub. Sərgidə Azərbaycanda olan və hal-hazırda burada işləyən diplomatların və xarici vətəndaşlarının çəkdiyi fotoşəkillər nümayiş etdirilir.

 

 

Paritet.- 2011.-14-15 iyul.-S.1-5.