Finlandiyada Azərbaycan dilini öyrənirlər

 

Azərbaycanca-fincə lüğət tərtib olunur

 

 Azərbaycan diasporunun səsi artıq dünyanın hər bir ölkəsində eşidilir.

 

Finlandiyadan da gələnlər var idi. Fürsətdən istifadə edib, biz də Finlandiya Azərbaycan Assosiasiyasının rəhbəri Vasif Muradlı ilə görüşdük. Redaksiyamızım qonağı olan V.Muradlı isə Finlandiyada Azərbaycan dilini tədris edən həyat yoldaşı Arzu xanım Oqtayla birlikdə gəlmişdi. Finlandiyada Azərbaycan dilinin təbliği ilə bağlı sualımıza da elə A.Oqtay cavab verdi.

 

 -Finlandiyanın təhsil qanununa əsasən hər bir azsaylı xalq öz ana dilində məktəbdə tədris keçməlidir. Əgər fin məktəbində azsaylı xalqın 4 uşağı təhsil alırsa, təhsil şöbəsi həmin xalqın dilindən dərs deyən müəllimə əmək haqqı ayırır. Mən  4 məktəbdə- Helsinkinin 2, Espo şəhərinin 2 məktəbində Azərbaycan dilini tədris edirəm. Məni təhsil şöbəsi dəvət edib müqavilə bağladılar, hər il avqustun 8-dən, may ayının 31-ə kimi, həftənin 3-cü günü saat 11-30-da, iki 45 dəqiqə şagirdlərə dərs keçirəm. Bu dərslər birinci sinifdən 9-cu sinifə qədər davam edir. Şagirdlər litseyə gedəndə isə bu qanun götürülür. Yuxarı sinifdə oxuyanlar öz ana dilini unutmamaq üçün bu dərsləri könüllü davam edə bilər. Buna hətta finlər də maraq göstərir. Çünki, bəzən finlər Azərbaycana gəlmək istədikdə iki ya üç ay əvvəl müəyyən baza yaratmaq üçün Azərbaycan dilini öyrənmək istəyirlər. Onu da deyim ki, bu məktəblər həftə sonu deyil, Finlandiya dövlətinin məktəbidir və biz də orda ana dilimizi tədris edirik. Bundan əlavə ibtidai sinifə də dərs deyirəm. Ümumiyyətlə, artıq bir çoxları Azərbaycan dilini öyrəniblər. Biz çalışırıq ki, dilimizi tədris edə-edə, vətənimizi də təbliğ edək. Nümunə üçün bildirim ki, bir uşaq var, anası findir, atasınınsa bir tərəfi Cənubi Azərbaycandandır. Onlar bir kəlmə də olsun azərbaycanca bilmirdilər. Valideynləri həmin uşağı birinci sinifdən bizim məktəbə qoydu. Artıq 3-cü sinifdə bu uşaq bütün tədbirlərdə Azərbaycan dilində danışır, şeirlər deyirdi. Hətta başqa millətin nümayəndələri də maraq göstərir və Azərbaycan dilini öyrənirlər. Bundan başqa Azərbaycan dili haqqında sərgilər təşkil edir, müsabiqələr keçiririk. Misal üçün, hansı ölkədə əlifba 3 dəfə dəyişib kimi suallar veririk. Müxtəlif ölkələrin adlarını yazıb qalib olana hədiyyə veririk. Bununla Azərbaycana olan marağı da artırırıq. Bir şeyi də qeyd edim ki, orda Azərbaycan diplomları tanınır. Yəni, magistr səviyyəsində diplomun varsa, oranın dərs saatı ilə hesablayırlar. Əgər diplomda pedoqoji yükün 60 saatdan aşağıdırsa, yenidən təhsil almalısan. Mənim pedoqoji akademik yüküm 120 saat olduğu üçün diplomumu təsdiqlədilər və mən Azərbaycan dilinin tədrisinə başladım.

-Azərbaycan dili ilə yanaşı ölkə haqqında hansı təbliğat işləri aparırsınız?

-A.Oqtay: Əvvəllər biz Finlandiyaya gedəndə Azərbaycanı Əfqanıstan kimi geridə qalmış ölkə kimi tanıyırdılar. Bu təsəvvürü dağıtmaq üçün Azərbaycanın təbliğinə başladıq. Tanıtımlarda Azərbaycanın manatından tutmuş, neftinə kimi təbliğ edirik. Eyni zamanda, Azərbaycan həqiqətləri barəsində təbliğatlarımızı aparırıq. Xocalı faciəsi, Qarabağla bağlı tədbirlərimizdə həmişə 15 dəqiqəlik giriş edirik ki, burda da Azərbaycanın tarixi, mədəniyyəti, ümumiyyətlə əvvəldən axıra kimi bütün məlumatları ətraflı çatdırırıq və bundan sonra tədbirə başlayırıq. 

V.Muradlı: Bizim təşkilatın saytı fəaliyyət göstərir(http://www.finlandiya-azerbaycanlilari.fi). Bu saytda Azərbaycanın təbliği, xalqımıza qarşı törədilən soyqırımılar və digər məlumatlar haqqında daim yenilənən məlumatlar yerləşdiririk. Saytın “Azərbaycan” bölməsində Azərbaycanın qədimdən tutmuş bu günümüzə qədər olan tarixi, ilk qurulan dövlətlər, Azərbaycan Xalq Cümhuriyyəti yaranması, dağılma səbəbləri, daha sonra 1991-ci ildə müstəqillik qazanmağımız, ermənilərin bizə qarşı törətdikləri, Xocalı faciəsi, Qarabağ müharibəsi zamanı baş verənlər, işğalda olan torpaqlarımız haqqında bütün bilgilər verilib. “Mədəniyyət” bölməsində isə Azərbaycanın mədəniyyəti, musiqisi, yeməklərindən tutmuş xalçalarına qədər təbliğ olunub. Bu bölmədə Azərbaycanda yaşayan azsaylı xalqlar və onlara yaradılan şərait barədə də ətraflı məlumatlar yerləşdirmişik. Əsas səhifədə Heydər Əliyev haqqında məlumatlar, beynəlxalq aləmdəki nüfuzu, 31 mart soyqırımı haqqında informasiyalar yer alır. Azərbaycanın bayramları və matəm günləri isə “Qalareya” bölməsində ayrıca ilk olaraq verilib. İstəyən şəxs həmin linklərə daxil olub məlumatlar əldə edə bilər. Eyni zamanda keçirdiyimiz tədbirlərin də fotoları burda yerləşdirilib.  Hazırda saytımızın yeni variantının   üzərində iş gedir. Məlumatları Azərbaycan dilində yerləşdirmişik. Fin dilinə və ingiliscəyə tərcümə  üzərində işləyirik. Yaxın zamanlarda çalışacağıq ki, hər iki dildə də məlumatları yerləşdirək.

A.Oqtay: Bunlardan başqa, Azərbaycanın təbliğatını kitabxanalarda aparırıq. Hər bir kitabxanada Azərbaycan güşəsi düzəltmişik. Finlandiyanın baş kitabxanası var ki, orda uşaqlar üçün ayrıca güşə, Heydər Əliyevlə bağlı isə ayrıca güşə düzəltmişik. Bir də tarixi kitablarımız var. Amma Qarabağla bağlı kitabları yerləşdirməyə nail ola bilmirik. Çünki kitabxananı siyasətlə qarışdırmağa icazə vermirlər. Buna baxmayaraq finlərə bu hadisələrlə bağlı geniş məlumatlar veririk. Məqsədimizə daha da yaxınlaşmaq üçün tədbirlərimizin əksəriyyətini fin dilində təşkil edirik. Hətta tədbirdə bir fin olsa belə, hörmət əlaməti olaraq yenə də fin dilində danışırıq. Onlar da hər dəfə özləri ilə başqa bir fini gətirirlər.

 -Finlandiya dövləti orda yaşayan azsaylı xalqlara təbliğat aparmaqda hasısa maneələr törətmirmi?

-A.Oqtay: Finlandiyada azsaylı xalqlara çox hörmət edirlər. Dövlətin dəstəyi ilə hər bir xalqın milli yeməkləri nümayiş olunur. Bunu Finlandiya dövləti maliyyələşdirir. Əvvəlcə hansı milli yeməklər olduğunu soruşurlar. Bizim üçün də təbii ki, ya dolmamız, ya da aşımız əsasdır. Hər şeyi maliyyələşdirdikdən sonra bizə deyirlər ki, həmin yeməkləri satıb, öz büdcənizə daxil edin. Eyni zamanda, azərbaycanlı uşaqların əl işlərini təşkil edirik. Ordan əldə edilən vəsait də büdcəmizə əlavə edirək işimizi daha da mütəşəkkil qurmağa çalışırıq. Azərbaycan nağıllarını fin dilinə tərcümə edirik, mədəniyyət mərkəzlərində azərbaycanlı uşaqların ifasında “”Tıq-tıq xanım”ı fin uşaqlarına göstəririk. Uşaqları ekskursiyaya apararkən də bütün vəsaiti fin dövləti ödəyir. Dövləti hər bir cəmiyyətin  yaşaması üçün vəsait ayırır, amma, bu şərtlə ki, sənin fəaliyyətin olmalıdır. Finlandiyada ümumi olaraq 200 nəfərə qədər azərbaycanlı var. Onun da, 50 nəfəri tələbələr, 60-70-i uşaqdır, qalanlardan  ancaq 50-60 nəfəri bir yerə yığmaq olur. Amma buna baxmayaraq əvvəlki illərə nisbətən gördüyümüz işlərin səviyyəsi günü-gündən artmaqdadır.

 -V.Muradlı: Amma mərkəzdən uzaqda olan şəhərlərdə də azərbaycanlılar var. Onların arasında tanınmış skripka ustası Kamran Şahmərdanov bir çox yerlərdə məşhurdur. Sonra xəstəxanalarda işləyən 4 həkimimiz var, mühəndislərimiz, iş adamlarımız fəaliyyət göstərir. Elə gənclərimiz var ki, “Nokia” şirkətində da şöbə müdirdir. Əvvəlcə oxuyublar, sonradan qalıb işləyirlər. Bununla yanaşı İran azərbaycanlıları da var. Amma onlar bizimlə o qədə də əməkdaşlıq etmirlər. Bir neçəsi də yalnız Novruz bayramı ərəfəsində qonaq kimi gəlir. Yaxud da, öz uşaqlarına Azərbaycan dilini öyrətmək üçün müraciət edirlər. Onlardan da hansının həyat yoldaşı fars, yaxud rusdursa buna da imkan vermirlər. Valideynlərinin hər ikisi azərbaycanlı olanlar təbii ki, uşaqlarının ana dilini bilməsinə can atırlar. Bir şey də var ki, Cənubi Azərbaycandan olan soydaşlarımız  ölkə mənsubiyyətinə görə azərbaycanlı kimi yox, iranlı kimi tanınırlar. Finlandiyada  Azərbaycan yeməklərinə olan maraq da böyükdür. Yeməklərin satışı təşkil ediləndə demək olar ki, hamısı satılır.

 -A.Oqtay: Finlandiyada heç bir müəllim öz dərs keçdiyi dili reklam edə bilməz. Tutalım mən heç bir valideynə deyə bilmərəm ki, uşaqlarınızı Azərbaycan dili dərslərinə gətirin. Hər bir azsaylı xalqın dilini tədris etmək üçün dərs saatları var. Dərs saatları da uşaqların sayına görə verilir. Əgər hər millətdən məktəbdə 4 şagird oxuyursa həmin millət öz ana dilini tədris edə bilər. Burda fin dili adi dərs kimi keçilir. Azərbaycan dili isə uşaqların sayı yetərli olduğu üçün həftədə bir dəfə tədris olunur. Qeyd edim ki, ermənilərin dərs saatları yoxdur. Çünki, orda ermənilərin sayı çox azdır.

 -Finlandiyada da ermənilər Azərbaycana məxsus olanları özlərinki kimi təbliğ edirlər? Belə hallara qarşı necə müraciət aparırsınız?

-A.Oqtay: Fillandiyada ermənilərin diaspor təşkilatları yoxdur. Adətən onlar rus icmalarının daxilində iştirak edirlər. Ya da ki, finlər onlara hörmət əlaməti olaraq, təbliğatlarını aparmaq üçün müəyyən güzəştlər edir. Bununla belə apardıqları təbliğat həmişə yalanla dolu olur.

Finlandiyada həm ticarət, həm də turistlər üçün nəzərdə tutulan bir mərkəz var. Bir dəfə qızım mənə telefon açıb dedi ki, ana burda Azərbaycanın “Uzundərə” musiqisi eşidilir, siz burdasınız. Elə bilmişdi ki, tədbiri biz təşkil etmişik. Mən ora gedəndə gördüm ki, beş-altı nəfər erməni bizim milli geyimlərdə “Uzundərə”ni rəqs edirlər. Musiqini də hansısa erməni bəstəkarının adından verirlər. Mənim də əlimdə həmişə kitablar, sübutlar olur. Həmin ərazidən uzaqda yerləşən kitabxanaya Üzeyir Hacıbəylinin kitablarını vermişdim. Təcili həmin kitabları gətirib, ordakı finlərə musiqimiz haqqında təbliğat apardıq. Daha sonra, konservatoriyada musiqi üzrə təhsil alan azərbaycanlı qızı gətirdik. O da həmin musiqini, sonra isə “Sarı gəlin”i çaldı, daha sonra isə uşaqlardan ibarət rəqs qrupumuzu gətirib həmin mahnını rəqs etdirdik və göstərdik ki, ermənilər yalan təbliğat aparırlar, bizim musiqimizi mənimsəmək istəyirlər. Bax bizim fəaliyyətimiz budur.

 -V.Muradlı: Finlər ermənilərlə bizim aramızda olan münaqişədən xəbərləri var. Onlar üçün bu maraqlıdır. Azərbaycanın turizm sərgisi keçirilən zaman bizə bir fin yaxınlaşdı. Dörd ildir ki, bir erməni ilə tanış olduğunu dedi. Dedi ki, erməni elə bir təssəvür yaradıb ki, onlar Azərbaycanı Ermənistan bilirik. Onlar sonradan öyrəniblər ki, ermənilər yalan deyirlər və həmin fin müqayisə etmək üçün bizdən materiallar almağa gəlmişdi. Ermənilər çox yalanlar danışırlar və biz də öz növbəmizdə onlara qarşı mübarizəmizi aparırıq.

 - A.Oqtay: Mən fin dilində yeni kursa başlayanda, orda iki erməni də var idi. Artıq orta səviyyədə biləndən sonra müəllim dedi ki, hər biriniz öz milli dastanı haqqında qısaca inşa kimi yazmalısınız. Bir gün sonra xalqların hansı dastanları olduğuna baxanda, ermənilərin Dədə Qorqudu və Koroğlunu erməni kimi yazdıqlarını gördük. Həmin vaxt bunun yalan olduğunu sübut etmək üçün kitablar gətirdik və sübut etdik ki, ermənilər yalan yazıblar. Onu da deyim ki, bizim təqdim etdiyimiz kitabların nəşr tarixi 1940-50-60-cı illərdir. Çünki yeni nəşr olanda finlər buna barmaqarası baxırlar. Ona görə də çalışırıq ki, qədim kitabları təqdim edək.

 -V.Muradlı: Stokholmada nəşr olunan Dədə  Qorqudla bağlı kitablar var ki, biz də hər zaman onlardan fakt kimi istifadə edirik. 3 il bundan qabaq finlər hesab edirdilər ki, erməni ilə azərbaycanlılar eyni millətdir. Rusiya onların arasında nifaq salıb. Bu gün bu təsəvvür tamam dəyişib. Çünki əvvəllər o qədər də iş getmirdi, sonradansa apardığımız təbliğatın, gördüyümüz işlərin nəticəsində bu fikirlər dəyişdirə bildik. Məqsədimiz ermənilərin yalanlarını ifşa etmək, Azərbaycanı fin cəmiyyətinə tanıtmaqdır.

 -Finlandiyada fəaliyyət göstərən türk icmaları ilə əməkdaşlığınız hansı səviyyədədir?

-A.Oqtay: Türk icmaları ilə böyük əməkdaşlığımız var, bütün tədbirlərimizi demək olar ki, bir yerdə təşkil edirik. Orda 38 ildir fəaliyyət göstərən tatar cəmiyyəti var. Onlar Orta Asiya cəmiyyətləri hesab olunurlar. Onlarla sıx əməkdaşlıq edirik. Qarşılıqlı etimad şəraitində təbliğatımızı aparırıq. Məqsədimiz odur ki, finlər bizi tanısınlar. Ümummilli lider Heydər Əliyevin ad gününü 28 may respublika günü ilə birlikdə keçiririk. Buna səbəbsə odur ki,  Finlandiyada prezidentin ad gününün qeyd olunması anlayışı yoxdur. Və ya  biz 31 dekabr dünya azərbaycanlılarının həmrəylik gününü yeni il bayramı ilə birlikdə keçirə bilmirik. Çünki Finlandiya dövləti buna icazə vermir, sadəcə olaraq deyirlər ki, öz bayramını bir gün qabaq keçirə bilərsən. Ona görə də bir, ya iki gün qabaqdan öz bayramımızı keçiririk. Bütün tədbirlərimiz də türk icmaları ilə birlikdə baş tutur. Finlər soruşurlar ki, bütün türklər eyni dildə danışırlar, bəs sizin fərqiniz nədir. Əslində fərqlər çox kiçikdir. Amma bəzi xoşagəlməz hallar da olur. Misal üçün,  digər Azərbaycan cəmiyyətləri bizimlə bir yerdə olmaq istəmir.  2006-cı ildə onlarla bir yerdə fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyi saxladıq. Onlarsa razılaşmadıqları üçün bizim təşkilat 2008-ci ildə qeydiyyatdan keçdi. Gənclər təşkilatı isə bizimlə daim əməkdaşlıq edirlər. Azərbaycan haqqında bütün prezetansiyaları onlar hazırlayırlar. Tədbirlərin yerini, lazım olan ləvazimatları hamısını onlar təşkil edirlər.

 -V.Muradlı: FAA bütün türk icmaları assosiasiyalarının üzvüdür. Eyni zamanda, Finlandiyada fəaliyyət göstərən bütün cəmiyyətlərin də üzvüyük. Yəni qapalı fəaliyyət göstərmirik. Türklərin “Finlandiya türkləri cəmiyyəti”, “Mavi boncuq” cəmiyyəti, “Türk Dərnəklər Birliyi” və digər böyük icmalarla birgə işləyirik. Orda Anadolu türklərinin ümumi sayı 5 minə yaxındır. Biz hər il Novruz bayramını keçiririk,  türklər əvvəllər bu bayrama qatılmırdılar. Səbəb kimi isə bu bayramın kürdlərin olduğunu deyirdilər. Görəndə ki, bütün türk xalqları Novruzu qeyd edir, bu ildən onlar da Novruz bayramını bizimlə qeyd etməyə başlayıblar.  Amma adətləri bilmədiklərindən bayramın necə keçirilməli olduğunu bizdən öyrənirdilər. Yeni başlamağımıza baxmayaraq kifayət qədər işlərimiz var.

-Azərbaycan dövlətindən hansı köməkliyi gözləyirsiniz?

-A.Oqtay: Sadəcə gördüyümüz işlər düzgün işıqlandırsın. Maliyyə cəhətdən də heç nə istəmirik. Hər şeyə düzgün qiymət verilsin. Bu, kifayətdir. Bundan başqa, kitabların və digər ləvazimatların əldə edilməsində problemlərimiz olur. Bunu dəfələrlə istəmişik, amma laqeydlik göstərilir. Özümüz Azərbaycana gələndə həmişə lazım olan vəsaitləri aparmaq istəyəndə də problemlərlə qarşılaşırıq. Bu problemlərsə əsasən hava limanında baş verir. Belə ki, 10 kiloqram yükə 500 manat pul istəyirlər. Finlandiyadan bura gələndə isə həmin yükə cəmi 40 avro pul ödəyirik. Ona görə də tanıdığımız insanlardan kim Azərbaycana gəlirsə, xahiş edirik ki, bir ya iki kitab gətirsinlər. Bu dəfə gedəndə özümüzlə Heydər Əliyev haqqında cəmi iki dənə  kitab aparırıq.

 -Perspektivdə hansı işləri həyata keçirtməyi nəzərdə tutursunuz?

-A.Oqtay: Qarşıda görəcəyimiz işlərdən biri Finlandiyada Azərbaycan nümayəndəliyini yaratmaqdır. Fin dövləti bu işdə bizə kömək edəcəyinə söz verib. Bundan başqa parlamentdə bir azərbaycanlının namizədini irəli sürmək fikrimiz var. Namizədimiz isə Finlandiyanın ən güclü partiyalarından birinin üzvü olan Gənclər Təşkilatının sədr müavinidir. Artıq bunun üzərində işləyirik. Sonra Azərbaycan və fin dilində lüğət hazırlamağı planlaşdırırıq. Hazırda, mən bu lüğətin üzərində işləyirəm. Nağıllarımızı da kitab şəkilində nəşr etdirmək istəyirik.  Əvvəllər şifahi şəkildə təbliğ edirdiksə, bu dəfə fin dilində nəşr edəcəyik. Gələcəkdə isə bədii və tarixi kitablarımızı nəşr etdirməyi planlaşdırırıq.

 -V.Muradlı: Noyabr ayında isə konstitusiya günü ilə bağlı tədbir keçirəcəyik. İşlərimiz çoxdur. Bütün planlarımızı yavaş-yavaş həyata keçirəcəyik. Mənim ən böyük arzumsa Novruz bayramı münasibətilə Helsinki şəhərinin mərkəzi meydanında böyük bir tonqal qalamaqdır. Buna hələki imkanım çatmır, çünki tonqal üçün yüksək məbləğ istəyirlər. Amma, inşəallah, bu tonqalı qalayacağam.

 

 

Asif Nərimanlı

 

Paritet.- 2011.- 14-15 iyul.- S.10-11.