Yeni amazonka belə
düşünür
Nuridə Atəşi:
“Mən “Namus simvolu” olmağa çalışmıram”
Tədqiqatçı, tərcüməçi,
şairə və ən nəhayət,
gözəl qadın kimi tanınan, öz tədqiqatları ilə
ictimaiyyətdə müəyyən söhbətlərə yol açan, bəzi şəkilləri
ilə oxucuların marağına səbəb olan Nuridə Atəşi..
Almaniyada yaşayıb yaradıcılıqla məşğul
olan bu azərbaycanlı qadının fəaliyyəti
haqqında məlumat almaq istədim. Təəssüflər
olsun ki, suallarımı üzbəüz verə bilməsəm
də “Feysbuk(Facebook)” sosial şəbəkəsində bəzi
suallara cavab almaq mümkün oldu. Düşünürəm
ki, Nuridə Atəşinin
haqqında çox danışmağa ehtiyac yoxdur. Təqdim
edəcəyim müsahibə ətraflı şəkildə onun həyatı, fəaliyyəti
haqda məlumat verir.
-Bildiyimə görə, uzun
müddətdir ki, Almaniyada yaşayırsınız. Sizin
uğurlarınızı 1995-ci ildən hesablamaq
lazımdır yoxsa?
-Mən
uğurlarımı 1993-cü ildən hesablayıram. Belə
ki, Bakının Qala kəndində ər evində dustaq kimi
yaşayırdım. Yazmağa, çap olunmağa
ixtiyarım yox idi. Ərim çox qısqanc və cəhalət
içində olan bir ailənin oğlu olduğu üçün
mənə hər şey qadağan idi. Buna görə də
mən “Atəşi” təxəllüsü götürərək gizlincə yazmağa davam edirdim.
İlhamə Quliyevanın oxuduğu “Neylərsən mənə
görən”, “Darıxmışam” və s. onlarla
mahnılarım müxtəlif müğənnilər tərəfindən
məşhur olanda ilk dəfə
özümə inandım və daha da böyük uğurlar
qazanacağıma əmin oldum.
-16 illik uğur sizi qane edirmi?
-Təbii ki, qane etmir. Mən
daha böyük uğurlar əldə edə bilər və dünya miqyasında uğurlar əldə edə bilərdim. Əgər tək olmasaydım...
- Azərbaycandan gedəndə düşünürdünüzmü
ki, müəyyən uğurlar əldə edəcəksiniz?
-Əlbəttə buna əmin idim. Azərbaycanda həmin vaxtlar sadəcə mənə şərait və meydan olmadı. Berlində isə bu meydan dərhal
önümdə açıldı
və mən savaşa başladım.
-İlk uğurunuz nə vaxt olub?
-Belə bir uğura
nail olmaq Berlində mənə nəsib oldu. 2003-cü ildə dünyanın 8 ölkəsindən
olan qadın şairlərin yarışması keçirildi.
Mən ilk dəfə
almanca şeirlərimi
oxudum və ən böyük uğuru mən qazandım. O zaman bir daha özümə
əmin oldum və yaradıcılığa davam
etməyə başladım.
-Siz həm də Məhəmməd Əsəd
bəyin həyat-yaradıcılığını
tədqiq edirsiniz. Onun Azərbaycanı sevmədiyi, xain olduğu deyilir. Məhəmməd Əsəd
bəyin tədqiqi nəticəsində nə
yenilik üzə çıxara bilmisiniz?
-Mən tam 6 ildir ki, Əsəd Bəyi bir neçə
ölkələrin arxivlərində
tədqiq edirəm. Dünya mətbuatında
ilk dəfə olaraq da onun arxiv
sənədlərini və
“Sevgidən bixəbər
kişi” adlı son romanının bir hissəsini məhz onun öz vətəni
Azərbaycanda “ Yüz
ilin sirrləri” adlı kitabımda nəşr etdirdim.
- Sizin “Betti Bleyrə son cavab” adlı məqaləni belə tənqidi ruhda yazmağınızı şərtləndirən
nə olub?
-Betti Bleyer çox ədalətsizcəsinə Əsəd
Bəyi Azərbaycanın
düşməni etməyə
çalışır və insanları buna çağırır.
Mən Mədəniyyət
Naziri olsaydım Betti Bleyeri dərhal
məsuliyyətə cəlb
edərdim.
-Saytlarda sizə qarşı kəskin fikirlər irəli sürülür.
Səbəb kimi də şəkillərinizin
açıq-saçıq formada olmasıdır. Buna
nə deyərdiniz?
-Məşhur insanların arxasınca hər zaman min bir dedi
qodular söylənilir.
Bunlara fikir verməyə mənim heç zamanım yoxdur. Necə geyinməyim isə mənim şəxsi işimdir. Mən “Namus simvolu” olmağa çalışmıram.
Özlərini cəmiyyət
içərisində belə göstərən, lakin gizlində hər şeyi özlərinə
icazə verən qadınları qəbul etmirəm. Mən 30 yaşıma qədər bütün yazılmamış
qanunlara boyun əydim və həyatımı məhv elədim. İndi isə 16 ildir Avropada yaşayıram. Nəyin doğru nəyin yalnış olduğuna özüm qərar verirəm. Məni kimsənin yaxşı və pis qiymətləndirməsinin
mənim üçün
heç bir əhəmiyyəti yoxdur.
Ağıllı insanlar özü-özünü
tanımalı və öz dəyərlərini bilməlidirlər.
Mən özümü
yetərli qədər
ağıllı və
zəkalı qadın
hesab etdiyimdən heç kimsəyə əhəmiyyət vermədən
öz həyatımı
mənalı yaşayır
və doğru bildiyim işləri görürəm.
-Sizin “Biz amazonuq” deyə fikirləriniz gündəmdədir.
Nəyə əsaslanıb
Azərbaycanlıları “Amazon” adlandırırsınız?
-Amazonları 15 ildir tədqiq edirəm. Mən bizim amazon olduğumuzu nəinki Azərbaycana, hətta bütün dünyaya sübut etməyə artıq hazıram.
-Bəs amazonların 15 ilə yaxın Qafqazda tədqiqi ilə məşğul olan bir tədqiqatçı kimi sübut edə bilmisiniz ki, “biz amazonuq”?
-Mən dünyanın ən qədim savaşçı qadın
qəbrinin məhz Naxçıvanda olduğu
faktını artıq
ortaya çıxararaq
dünya amazon tədqiqatçılarını susdura bilmişəm. Tədqiqatımı digər
daha samballı faktlarım ilə ən yaxın zamanda 4 dildə dünya ictimaiyyətinin ixtiyarına
verəcəyim “Qafqaz
amazonları”, “ Dünyanın
ən qədim savaşçı qəbirləri”
kitabımda davam etdirmişəm.
-Nə yaxşı, tədqiqatçılıqla
məşğulsunuz? Bu sahə
üzrə təcrübəniz
varmı?
-15 il tədqiqatla məşğul olan bir insanın tədqiqatda müəyyən
təcrübə toplamış
olması məncə qəbul edilə bilən haldır. Amazonları tədqiq etmək isə mənə həyatımda çox önəmli yeri olan 3 böyük şəxsiyyət tərəfindən
bir vəsiyyət, bir tapşırıq olaraq verilmişdir. İlk öncə qafqazlı atamdan, ikincisi Azərbaycanın böyük arxeoloqu- Saleh Qazıyevdən, üçüncüsü isə
Berlində yaşayan türk tarixçi Osman Kurtdan.
-Özünüzü
cəmiyyətə necə
təqdim etməyi xoşlayırsınız - yazıçı,
tədqiqatçı yoxsa
tərcüməçi?
-Mən titulları heç zaman sevmədim, sevmirəm. Özümü sadəcə
olaraq Nuridə Atəşi kimi təqdim etməyi sevirəm.
-Yazıçı
üçün nə
vacibdir?
-Yazıçı üçün
ilk öncə azadlıq
vacibdir. Özgürlük,
asılılı olmamaq
və maddi ehtiyacın və asılılığın olmaması.
Bütün bunlar qadın üçün daha vacibdir.
-Alman kinorejissoru Günter Kotten deyib ki, Nuridə
Atəşinin poeziyası
heç bir alman şairəsinin yazmağa və söyləməyə cəsarət
edə bilmədiyi bir poeziyadır. Bəs sizə görə, Nuridə Atəşini digər alman şairələrindən
fərqləndirən nədir
və ya nə ola bilər?
-Daha bir alman
şairi Jan Veinert isə mənim haqqımda deyib ki, Nuridə Atəşi şeir yazanda ürəyini çıxarıb
altarın (kilsədəki
ibadətgah guşəsi)
üstünə sərir.
Alman şairləri, xüsusən qadın şairləri duyğularını
poeziyada belə çılpaq və səmimi söyləmirlər. Mən
isə tam əksinə
şeirlə ən mübhəm söhbətlərimi
edə bilirəm. Məncə mənim özəlliyim və sevilməyim də buna görədir.
-Müsahibələrinizdən
birində demisiniz ki, “Mən köşə
yazısı yazmıram.
Almaniyada bir məqalə yazanda 2-3 min avro qonorar alıram”.
Bəs Azərbaycan reallığını götürdükdə
bir səhifə yazıya sizin aldığınız qanorardan
az verilirsə, belə halda mətbuatda çıxış
etmək istərdinizmi?
-Bəli, mən Azərbaycanda guşə aparıcısı olmaqdan
imtina edirəm. Mən oxunduğumu bilirəm. Az dərk edilsəm də çox oxunuram və 25 illik qələm təcrübəm var. Mən
qonorarsız heç bir qəzetə , mətbuata yazmayacağam. Məncə mənim qələmimə dəyər
verilməlidir.
Əlbəttə ki,
Azərbaycan reallıqlarına
anlayış göstərə
bilərəm.
Bizim Almaniyada jurnalist, şair, yazıçı dostlarımız
arasında yazılmamış
bir qanunumuz var:qonorarsız şeir oxumağa belə getmirik. Tanınmamış
şair belə bir yerdə
şeir oxumağa gedərsə ən azı 500 avro qonorar alır.
-Azərbaycan ədəbi mühitini necə görürsünüz?
-Bərbad. Gənc, sevdiyim qələm sahibləri çoxdur. Lakin Yazıçılar Birliyinin gənclərin inkişafını boğma
siyasətini qəbul etmirəm.
-“Yüz ilin sirrləri”- sizə görə ən böyük sirr hansıdır?
-Əsəd Bəyin arxiv sənədləri, onun son əlyazması, onun dayəsinin Əsəd Bəy haqqında yazdığı
bioqrafiyası və
s.
-P.E.N. Almaniya Mərkəzində işlər
necədir?
-Mən bu mərkəzə yeni üzv seçilmişəm.
P.E.N bilirsiniz
ki, şüarı
var və bu belədir: “Sözün vəkili”. Onlar dünyanın hər tərəfində əzilən,
susdurulan, həbsə
atılan jurnalistlərə,
yazıçılara dəstək
olan beynəlxalq bir qurumdur. Nə
vaxtsa bu sahədə çox fəal ola biləcəyim
mümkündür. Hazırda
isə bütün gücümü amazonların
tədqiqatına sərf
edirəm, çünki
bu çox böyük bir məsuliyyətli işdir.
-Sonda bilmək istərdim. Almaniyadan qayıdıb bir daha ora
getməmək şərtilə
yaradıcılığınızı öz vətənimizdə
davam etdirmək istəyirsinizmi?
-Xeyr. Mən 16 ildir ki Almaniyada
yazıb yaradıram. Artıq adımı, qələmimi tanıtdıra,
sevdirə bilmişəm
və bir çox beynəlxalq proyektlərim var. Almaniya mənim ikinci vətənimdir və balalarım həmişəlik
burada qalacaqları üçün bura çox bağlıyam. Öz vətənimə isə xidmət etməyi hər zaman arzulayacağam.
Aynur BAXŞALIYEVA
Paritet.- 2011.- 16-18 iyul.- S.16.