Azərbaycan dövləti diaspora böyük əhəmiyyət verir

 

Aygün Attar: “Hər keçən gün Azərbaycan dövlətinin diaspor fəaliyyəti ilə bağlı bizləri, xaricdə yaşayan azərbaycanlıları daha çox dəstəklədiyini görürük”

 

 Dünyanın müxtəlif ölkələrinə səpələnən azərbaycanlıların hər biri yaşadıqları ölkədə müəyyən peşələrin sahibi olmaqla yanaşı, diaspor fəaliyyətində də yaxından iştirak edir. “Paritet” dünyada yaşayıb, fəaliyyəti göstərən azərbaycanlılara daim müraciət edərək, onların gördüyü işləri işıqlandırır. Bu dəfəki, müsahibimiz isə Türkiyədə Girəsum universitetinin rektor müavini Aygün Attardır. Qeyd edək ki, 20 ildir Türkiyədə yaşayan A.Attar eyni zamanda, diaspor fəaliyyəti ilə məşğuldur. O, daim öz çıxışlarında, görüşlərində, istər türkiyə, istərsə, səfərdə olduğu Avropa ölkələrində Azərbaycanı, onun həqiqətlərini, Qarabağ və Xocalı ilə bağlı təbliğat işini də aparır. Bizimlə söhbətdə A.Attar Türkiyəni azəri diasporu üçün ən vacib ölkə hesab etdiyini dedi.

 -Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün Türkiyə diaspor fəaliyyətinin gerçəkləşməsi üçün ən vacib ölkələrdən  biridir. Çünki Türkiyə ilə Azərbaycan arasında münasibət bir millət iki dövlət məsələsi ilə ortadadır. Ona görə də Azərbaycan üçün Azərbaycanda fəaliyyət göstərmək nə qədər rahatdırsa, Türkiyədə də bir o qədər asandır. Mən 20 ildən artıqdır ki, Türkiyədə yaşayıram. Azərbaycanın tarixi, mədəniyyəti, milli məsələləri, ictimai-siyasi həyatı ilə bağlı işlərimdə heç vaxt mənfi reaksiya görməmişəm. Əlbəttə, iki məsələni bir-birinə qarışdırmamaq lazımdır. Daxili siyasətlə bağlı bəzi məsələlər var ki, elə Türkiyənin özündə bir siyasi partiya ilə digər partiya arasında da narazılıqlar olur. Amma, ümumiyyətlə, Türkiyədə hansı siyasi partiya olursa olsun, insanlar hansı fərqli görüşə sahib olursa olsun, Azərbaycan məsələsi bütün bunların fövqündədir. Yəni hər iki dövlətin bir-birinə qarşı sevgisi hər zaman davam edir.

-Hər iki dövlətin diasporlarının birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hər iki dövlətin diaspor təşkilatları dünyada birgə fəaliyət göstərirlər. Bu ilin aprel ayında “qondarma erməni soyqırımı” məsələsi Amerikada gündəmə gətirilməyə çalışırdılar. Amma aprelin 23-dən etibarən Amerikanın böyük şəhərlərində türk və azəri diasporları hər iki dövlətin bayrağı ilə ortaq bir arada uydurma soyqırıma etiraz etmək  üçün yürüş  etdilər. Ümumiyyətlə, Avropada və Amerikada hər iki dövlətin diasporu milli məsələlərdə birgə fəaliyyət göstərirlər. Diaspor fəaliyyəti Azərbaycan üçün yenidir. Ona görə də hazırda əldə etdiyimiz nailiyyətlərdən daha çox nailiyyətlər əldə edəcəyimizə ümidvaram. Prezident İlham Əliyev də qurultaydakı çıxışında bunu çox gözəl ifadə etdi. Azərbaycan torpaqlarının işğalı, erməni soyqırımı, Qarabağın statusu ilə bağlı məsələlərdə Türkiyə və Azərbaycan diasporunun müştərək mübarizəsi qaçılmazdır. Birlikdən güc doğar. Bu barədə də hər iki dövlət və dövlət başçıları, həm də ictimai siyasi həyatda yer alan insanların üzərində böyük rol düşür.

-Dövlət başçısı qurultaydakı çıxışında, Azərbaycanın diplomatik korpuslarıyla diaspor təşkilatlarının arasında narazılıqları tənqid etdi. Türkiyədə belə bir problem yaşanırmı?

-Bu problem zaman-zaman olur. Türkiyədə belədir. Bəzi təşkilatlar koordinasiyalı çalışa bilmirlər. Ortaq bir fəaliyyət göstərə bilmirlər. Bunun səbəblərindən biri, bu dərnəklərdən bəzilərinin Azərbaycan müstəqilliyini elan etməmişdən əvvəl yaranması uzun illərdir fəaliyyət göstərməsidir. Bəziləri daha müstəqil hərəkət etmək istəyirlər. Mən bunu yalnış dəyərləndirirəm. Çünki səfiriliklər dövləti rəsmən təmsil edir. Diaspor üçünsə Azərbaycanın mənfəəti əsas olduğundan hər iki tərəfin ortaq fəaliyyət göstərməsi lazımdır. Hər keçən gün Azərbaycan dövlətinin diaspor fəaliyyəti ilə bağlı bizləri, xaricdə yaşayan azərbaycanlıları daha çox dəstəklədiyini görürük. Hiss olunur ki, Azərbaycan dövləti diaspora strateji olaraq böyük əhəmiyyət verir bu dəstəklər hər keçən gün artır.

-Diaspor fəaliyyətində ermənilərdən geridə qaldığımızı deyirlər. Sizcə bu belədirmi?

-Erməni diasporunın lobbi fəaliyyəti 150 il bundan əvvəl başlayıb. Azərbaycanda isə bu 2000-ci ildən sonra qurulmağa başladı. 10 illik bir keçmişimiz var. 150 illə, 10 illik tarixi müqayisə etdiyimiz zaman Azərbaycan diaspora fəaliyyətində çox bacarıqlı olduğunu, uğurlu çıxış etdiyni görərik. AzərbaycanınAvroviziyamahnı yarışmasında birinci olması da diaspora fəaliyyətinin uğurlarıdır.

-Siz özünün Azərbaycanı necə təbliğ edirsiniz?

-Mən tez-tez Avropada elmi çıxışlar edirəm. Eyni zamanda, Türkiyədə bu ilboyunca olur. Mən  digər türk alimlərindən daha çox çalışmalı olduğumu hiss edirəm. Çünki ikiqat məsuliyyət daşıyıram. Həm azəriəsilli türk vətəndaşı olaraq, həm ailəsi yaxınları, Qarabağ qədər böyük yükü çiyinlərində hiss edən, Şəhidlər Xiyabanındakı ruhların itirdiyimiz torpaqların vaxt geri qaytaracağımızı gözləyən, qədim İrəvan xanlığındakı əsir torpaqları hələdə əsirlikdə qalan bir vətənin övladıyam. Mən itirdiyimiz hər şeyi geri qaytarmağımız üçün həm ölkə daxilində, həm xaricdə əlimdən gəldiyi qədər tez-tez Azərbaycan həqiqətlərini elmi əsaslarla dünyaya çatdırmağa çalışıram. Bildiyiniz kimi, Xocalı soyqırımı haqqında dissertasiyanın elmi rəhbəri oldum. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Bu dissertasiya böyük bir uğurla müdafiə olundu elmi ictimaiyyətə açıqlandı. Bunu yazansa Anadolu türkü olan Dərya adlı bir qızımızdır. Dissertasiyanın adı da Xocalı soyqırımı idi. Biz buna da nail olduq. Bir şeyi qeyd etmək istəyirəm ki, Azərbaycan alimləri bəzən ermənilərin xalqımıza qarşı törətdikləri haqqında yalanı, şişirdilmiş informasiyalar verirlər. Bu yanlışdır. Bircə faktı təhrif etdiyimiz zaman erməni diasporu həmin şişirdilmiş faktdan yapışır dünya ictimaiyyətinə deyir  ki, baxın bu təhrif olunmuş faktdır, azərilərin söylədikləri hər şey yalandır. Ona görə rəqəmlərlə, sənədlərə danışdığımız zaman son dərəcədə diqqətli olmağımız lazımdır.

-Dünya Azərbaycanlılarının III Qurultayından təəssüratlarınız necədir?

-Çox gözəl təşkil olunmuşdu bu qurultay. Bura toplaşan   azərbaycanlı olan olmayan insanlar, Azərbaycanı sevən hər kəsi daha böyük bir məhəbbətlə, inamla, daha böyük əzmlə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışacaqlarını inanıram.

-Rektorluğuna namizəd olduğunuz Girəsun Universitetində azərbaycanlı  tələbələr təhsil alır?

-Mənim çalışdığım universitetdə azərbaycanlı tələbələr oxumurlar. Çünki Türkiyədə hər universitet xarici tələbə almaq üçün, gərək yer ayırsın. Təəssüf ki, bu günə qədər bizim universitetimiz o yeri ayırmayıb. Mən indi rektorluğa namizədəm. Rektor olsam, ilk görəcəyim işlərdən birincisi Azərbaycan başda olmaqla, xarici ölkələrdən tələbə almaq məsələsini həll edəcəm. Mən seçkilərə girmişəm, hazırda prezidentə təqdim ediləcək siyahıda birinci yerdəyəm (Türkiyə qanunvericiliyinə görə rektor ən çox səs toplamış şəxslər arasından prezident tərəfindən təyin olunur).                                                                                        

 

 

 Asif NƏRIMANLI

 

Paritet.-2011.- 16-18 iyul.- S. 10.