“ABŞ-nın bütün şəhərlərinin icra strukturları ilə yüksək səviyyədə
əlaqələr yaradılır”
Son beş ildə Amerikada Xocalı
soyqırımını rəsmən tanıyan şəhərlərin
sayı artıb
İstənilən dövlətin ən
qiymətli sərvəti, onun insan resursları ilə
hesablanır. Əgər ölkə vətəndaşları
yüksək səviyyədə təhsil alıb, milli adət-ənənələrinə
sadiq qalırsa, o dövləti heç kəs tapdalayıb,
keçə bilməz. Bu baxımdan Azərbaycan
xalqını xoşbəxt hesab etmək olar. Dünyanın
hansı tərəfində yaşamasından asılı
olmayaraq, azərbaycanlılar daim dövlətlərinin həqiqətləri
uğrunda yorulmadan mübarizə aparırlar. Təbii ki,
burada dövlətin indiki və keçmiş vətəndaşlarına
sahib çıxması da böyük əhəmiyyət kəsb
edir. Hər hansı azərbaycanlı yaşadığı
yerdən asılı olmayaraq, çətin anlarında
doğma Azərbaycanının ona arxa durduğunu hiss edirsə,
demək o, sona qədər məhz bu dövlət
üçün çarpışacaq.
Arxada qoyduğumuz 20 il dövlətimiz,
xalqımız üçün kifayət qədər mürəkkəb,
çətin şəraitdə keçib. Ərazilərimizin
işğalından tutmuş, dünyada xoşagəlməz
xalq kimi qarşılanmağımıza qədər hər
şeylə rastlaşmışıq. Amma
qazandıqlarımız da az olmayıb. Ən böyük sərvət
olan müstəqilliyimizi çətin də olsa qazandıq. Təbii
ki, bunun bədəli də ucuz olmadı. Amma hazırda bu o qədər
də əhəmiyyətli deyil. Əvvəla, itirdiklərimizin
heç biri ilə razılaşmamışıq. İkincisi
verdiyimiz qurbanların müqabilində güclü, ləyaqətli
xalq olduğumuzu bütün dünyaya sübut etdik.
Hazırda
dünyada Azərbaycanın vuran qolu
hesab olunan diasporumuz da məhz bu məqsədə xidmət
edir. Bir müddət öncə Bakıda baş tutan Dünya
Azərbaycanlılarının III Qurultayı bu baxımdan
çox faydalı idi. Dövlət
başçısının xaricdə yaşayan həmvətənlərimiz
qarşısında etdiyi çıxış da onların Azərbaycan
üçün nə qədər doğma, eyni zamanda əhəmiyyətli
olduğunu sübut etdi. Bu əslində geniş coğrafiyaya
yayılmış 50 milyonluq azərbaycanlıların yumruq
kimi birləşib, eyni mövqedən çıxış
etməsini göstərdi.
Bu dəfə
ABŞ-da fəaliyyət göstərən diasporumuzun fəaliyyətindən,
bu günə kimi gördükləri işlərdən bəhs
edəcəyik. Heç kəsə sirr deyil ki, dünyada ən
güclü erməni diasporu məhz ABŞ-da
formalaşıb. Hətta inkişaf o səviyyəyə
çatıb ki, onlar konqresin daxilinə belə nüfuz edirlər.
Bu baxımdan orada fəaliyyət göstərən cəmiyyətlərimizin,
təşkilatlarımızın üzərinə çox
böyük məsuliyyət düşür.
Dünya
Azərbaycanlılarının III Qurultayında iştirak edən Amerika Azərbaycanlıları
Şəbəkəsinin İcraçı Direktoru, siyasi elmlər
doktoru Adil Bağırovun verdiyi
hesabat güclü erməni diasporunun arxivlərə keçmək
üzrə olduğunu deməyə əsas verir. O, II Qurultaya
qədər ABŞ-da yaşayan həmvətənlərimizin
pərakəndə şəkildə müdafiə
olunduğunu bildirdi. Bu isə əleyhimizə kampaniya aparan
düşmənlərimizin daha güclü olması təəssüratını
yaradırdı. Amerika cəmiyyəti haqlı tərəf
kimi məhz erməniləri görürdü. Amma II Qurultaydan
sonra Azərbaycan diasporunun fəaliyyəti hücum
strategiyası üzərində quruldu: ”Bu ermənilər
üçün gözlənilməz oldu. Onlar uzun müddət
müdafiə olunan Azərbaycan diasporunun birdən-birə əks-hücuma
keçəcəyini gözləmirdilər. Ən önəmli
olan cəhət bu strategiyanın eyni vaxtda ABŞ-nın
bütün ştatlarında tətbiq olunması idi. Bu bizə
bir çox mətləbləri aydınlaşdırdı. Bu
günə qədər erməni diasporunu güclü edən,
özümüzün müdafiə olunmağımız ilə
bağlı imiş. Son beş ildə bu mif tamamilə
dağıldı. İkincisi pərakəndə halda səpələnmiş
cəmiyyətlərin, təşkilatların koordinasiya olunub,
birləşməsi idi. Uzun müddət bu təşkilatlar
arasında ziddiyyətlər, fikir ayrılıqları var idi.
Bunun aradan qaldırılmasında Dünya Azərbaycanlılarının
II Qurultayının böyük əhəmiyyəti oldu. Məhz
həmin müzakirələrdə səslənən fikirləri
əsas götürüb 2007-ci ildə ABŞ-nın
bütün ərazisində fəaliyyət göstərən
təşkilatların, cəmiyyətlərin rəhbərləri
ilə bir araya gəlib, hamımızı eyni vaxta məlumatlandıra
biləcək bir qurum yaratmaq qərarına gəldik. Tam əminliklə
demək olar ki, Amerika Azərbaycanlıları Şəbəkəsinin
yaradılması ilə ABŞ-dakı Azərbaycan diasporunun
qarşısında yeni səhifə açıldı. Məhz
bundan sonra erməni diasporunu divara
sıxışdırdıq. Çünki artıq onların
hansı addımlar atacağını gözləmirdik. Əksinə
onlar özləri səksəkə içində bizim
gözlənilməz addımlarımızdan özlərini
sığortalamaq yollarını axtarmağa başladılar.
ABŞ-dakı Azərbaycan diasporunun ən önəmli cəhətlərindən
biri də rəhbər şəxslərin hamısının
yüksək təhsil almaları ilə bağlıdır.
Doktorlar, professorlar, alimlər, təcrübəli diplomatlar
diasporun əsas beyin mərkəzləridir. Bu ilk vaxtlardan bizim
məqsədimiz idi. Və çox şükürlər ki,
buna nail olduq”.
A.Bağırovun
sözlərinə görə, günlər keçdikcə
ABŞ-nın bütün şəhərlərinin icra
strukturları ilə yüksək səviyyədə əlaqələr
yaradılır. Azərbaycan diasporunun rəğbət
qazanmasının əsas səbəblərindən biri
bütün fəaliyyətlərin sırf qanun çərçivəsində
həyata keçirilməsidir. Bu isə nəzərdə
tutulan tədbirlərin nəinki maneəsiz keçirilməsinə
imkanlar yaradır, həm də yerli qurumlar tərəfindən
dəstəklənir:
“Əsas
məqsədimiz ABŞ-nın ən yüksək yerlərinə
nüfuz etmək, Azərbaycan həqiqətlərini olduğu
kimi onlara qəbul etdirmək, iki ölkə arasındakı əlaqələri
daha da inkişaf etdirmək, yaydığımız bəyanatların,
fikirlərin nüfuzlu media orqanlarında təhlilinə nail
olmaqdır. Bu yolda
qarşımıza çıxan bütün maneələri
uğurla dəf edirik. Artıq bir neçə dəfə ən
nüfuzlu qəzetlər bizim işlərimiz barədə
yazıb. Hesab edirəm ki, bu böyük uğurdur”.
O, bu
günə qədər görülmüş işlər barədə
də geniş məlumat verdi.
Bir il ərzində Amerika Azərbaycanlıları Şəbəkəsi
ABŞ konqresinə, siyasətçilərinə, nüfuzlu
şəxslərinə Azərbaycan həqiqətləri ilə
bağlı 200 mindən çox məktub göndərib və
bunların hamısına cavab məktubları alıblar.
İsmarıclar əsasən Dağlıq Qarabağ münaqişəsi,
erməni yalanlarının ifşası, inkişaf edən Azərbaycanın
prespektivləri və s. sahələri əhatə edib.
ABŞ-ın ən nüfuzlu qəzetlərində,
jurnallarında təxminən 80-ə yaxın məqalə
çap olunub. Bunlar da əsasən erməni yalanları, Azərbaycan
həqiqətləri və diasporla bağlı olub. Yazılan
məqalələrin böyük əksəriyyətinə Amerika cəmiyyəti güclü
reaksiya verib.
Qısa
müddət ərzində yaranmasına baxmayaraq Amerika Azərbaycanlıları
Şəbəkəsi rəsmən tanınıb. Demək
olar ki, bütün şəhərlərdə şəbəkənin
qolları yerləşir. Hər hansı bir tədbirin
keçirilməsi bütün cəmiyyətlərə, təşkilatlara
eyni vaxtda çatdırılır və işlər mərkəzdən
kordinasiya olunur. Bunun məntiqi nəticəsidir ki, Amerika Azərbaycanlıları
Şəbəkəsi rəsmən erməni diasporuna
qarşı mübarizə aparan ən fəal təşkilat
kimi qəbul olunub.
Təsadüfi
deyil ki, 2009-cu ildən başlayaraq 31 Mart soyqırımı
ABŞ cəmiyyətində geniş təbliğ olunmağa
başlanıb. Və bunun qarşısını almaq
üçün erməni diasporu heç nə edə bilmir.
Bununla paralel olaraq Xocalı soyqrımının da daim gündəlikdə
olması, artıq real nəticələr verməkdədir.
Artıq Xocalı soyqırımı ABŞ-ın dörd
ştatında rəsmən tanınıb. Bütün bunlar
yaxın gələcəkdə Xocalı soyqırımının
ABŞ konqresinə çıxarılacağına və
öz ədalətli qiymətini alacağına ümidlər
yaradır.
Azərbaycan
diaspor tarixində ilk dəfə olaraq ABŞ-da Qarabağ Fondu
yaradılıb. Hazırda bu fondun digər ölkələrdəki
diaspor təşkilatlarımız ilə əlaqələndirilməsi
müzakirə olunur. Bundan başqa tez-tez işğal
olunmuş ərazilərimiz, orda məhv edilən abidələrimiz,
qəbristanlıqlarımız, erməni vəhşiliyini
geniş əks etdirən jurnallar, broşürlər
buraxılır.
Nəzərə
almaq lazımdır ki, bütün bunlar son beş il ərzində
mümkün olub. Dünya Azərbaycanlılarının III
Qurultayı növbəti beş ildə daha böyük
işlərin görüləcəyinə ümidlər
yaradır.
Məhəmməd TAĞIYEV
Paritet.- 2011.- 19-20 iyul.- S. 10.