Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq”

 

Könül Hacızadə: “Küveytlilərə Azərbaycan Mədəniyyət Günləri o qədər maraqlı oldu ki, onlar yenə də bu tədbirlərin keçirilməsini istəyirlər”

 

  Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir və bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Bu, Azərbaycan-Küveyt münasibətlərinə də aiddir. Dünyanın iqtisadi-siyasi düzənində özünəməxsus yer tutan, əsasən də neft ölkəsi kimi tanınan Küveyt ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət kursunda xüsusi prioritet təşkil edir. Küveytin hökumət və parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni səhifələr açıb. Eyni zamanda, iki ölkə arasında ticarət, mədəniyyət və turizm sahəsində də əməkdaşlığı nəzərdə tutan sazişlərin imzalanması əməkdaşlığın daha da dərinləşməsinə böyük imkanlar açıb. Bu əməkdaşlığın genişlənməsinə hazırda Küveytdə formalaşmaqda olan Azərbaycan diasporunun da özünəməxsus rolu var. Bu baxımdan Küveytdə yeganə milli diaspor təşkilatımız olan Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti son zamanlar aktiv fəaliyyət göstərməyə başlayıb. Dünya azərbaycanlılarının qurultayında “Vətənsevər”in sədri Könül Hacızadə ilə görüşüb bu haqda daha ətraflı məlumat aldıq. Xatırladaq ki, Könül Hacızadə ailə həyatı qurması ilə əlaqədar 9 ildir ki Küveytdə yaşayır. Həyat yoldaşı Bədi Haşim Əli Küveyt vətəndaşıdır. Amma buna baxmayaraq o da diaspor işində Könül xanıma əlindən gələn köməkliyi göstərir. Elə qurultayda da Küveytdəki diasporumuz adından hər ikisi  iştirak edirdilər.

 

-Küveytdə çoxmu azərbaycanlı yaşayır?

- Mən Küveytə təzə gedən vaxtlarda orada azərbaycanlılar çox az idi. O vaxt heç səfirlik də yox idi. Küveytdə 2004-cü ilin sonlarında Azərbaycan səfirliyi açıldı. İndi Allaha şükür, çox da demək olmaz, amma ümumi 40-45 nəfər var.

- Hansı istək Sizi diaspor təşkilatı yaratmağa sövq etdi?  

- Hələ diaspor yaranmamışdan əvvəl də biz özfəaliyyət olaraq həyat yoldaşımla bərabər tədbirlər keçirirdik. Sonra bu işimizi ictimai olaraq daha da aktivləşdirib müxtəlif tədbirlər təşkil etdik. Keçən ilin Novruz bayramında isə bu təşkilatı yaratmaq təşəbbüsü meydana gəldi. Mən daha çox bu işdə fəal olduğuma görə təşkilata sədirlik etmək mənə təklif olundu. Təşkilatın adını isə mən irəli sürdüm və bəyənilərək qəbul olundu. Artıq bu ildən fəaliyyətimzi Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti olaraq davam etdiririk. Haradasa ilin sonlarında bizim orada təşkilatın rəsmi təqdimat mərasimi olacaq. Biz açılışa dövlət nümayəndələrini, o cümlədən yerli xalqdan qonqlar da dəvət edəcəyik. Eyni zamanda Azərbaycanla bağlı foto stendlər qurulacaq və film nümayiş olunacaq.

Söhbətin bu yerində Bədi Haşim Əli də öz fikrini bildirdi:

- Onsuz da biz bu işləri görürdük. Məsləhət oldu ki, yaxşısı budur diaspor təşkilatı kimi rəsmiləşdirin. Qeydiyyat üçün artıq bütün lazımi sənədlər hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub. Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq.

-Könül xanım, təşkilat olaraq hansı tədbirlər keçiribsiniz?

- Təşkilatdan əlavə biz Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq. Tərbirlərə gəlincə, Küveytdəki Azərbaycan səfirliyi ilə birgə Novruz bayramını, həmçinin 28 may Müstəqillik gününü qeyd etmişik. Bizim may ayında Küveytdə Azərbaycan Mədəniyyət Günləri oldu. Bu tədbir eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə üst-üstə düşdü. Biz bunu çox təmtəraqlı şəkildə qeyd etdik. Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan mədəniyyət günlərində Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi də nümayiş olunmuşdu. Ekspozisiyanın xüsusi guşəsi isə Ulu Öndər Heydər Əliyevin doğum  gününə həsr olunmuşdu. Eyni zamanda tədbirdə Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olundu. Küveytlilərə Azərbaycan Mədəniyyət Günləri o qədər maraqlı oldu ki, onlar yenə də bu tədbirlərin keçirilməsini istəyirlər. 

- Bəs, küveytlilərə Azərbaycanı necə tanıdırsınız?

- Biz küveytlilərə Azərbaycanın tarixini, mədəniyyətini, musiqisini və s. tanıdırıq. İnşallah bu yaxınlarda fikrimiz var ki, Küveytdə Azərbaycan dili dərnəyi açaq. Bunu mən irəli sürdüm. Diasporla İş üzrə Dövlət Komitəsində də bu fikrimizi bəyəndilər və istənilən köməkliyi edəcəklərinə söz verdilər. İnşallah biz Küveytə qayıdandan sonra bu işlə ciddi məşğul olacağıq. Bu hökmən olmalıdır. Çünki orada İran azərbaycanlıları da var hansı ki, övladları ana dilini bilmirlər. Çox xahiş etdilər ki, belə bir dərnək olsa məmnuniyyətlə uşaqları burada dərs alardılar. Hətta Küveyt vətəndaşlarından da Azərbaycan dilini öyrənmək istəyənlər var və onlar da bunun açılmasnı xahiş etdilər. Onların nəinki uşaqları, hətta özləri də gəlib burada dil öyrənmək istəyirlər.

Biz orada kütləvi informasiya vasitələrində də çıxışlar edirik. Bu yaxınlarda Küveytin “Əl şahid” qəzetində müsahibə verdik. Orada həm özümüz, həm Azərbaycanın füsunkar yerləri haqda danışdıq, eləcə də Küveytdə Azərbaycan diasporunun fəaliyyəti haqda da məlumat verdik.

-Oradakı azərbaycanlı uşaqlar bizim dili unutmurlar ki?

- Başqasını deməzdim, amma mənim dörd övladım (Danə, Haşim, Rezan, Leyla) var və hər biri iki dil- ərəb və Azərbaycan dilini təmiz bilirlər. Özü də onlar ləhcəsiz və qüsursuz bu dillərdə danışırlar.

Elə dildən söhbət düşmüşkən mənim üçün maraqlı olan bir sualla Bədi Haşim Əliyə müraciət etdim:

- Azərbaycan dilini əvvələr bilirdiniz, yoxsa Könül xanımla ailə qurandan sonra öyrəndiniz?

- Yox, bilmirdim. Amma sonradan özüm öyrənmişəm.

Onu da deyək ki, Bədi Haşim Əli Azərbaycan dilində çox rahat və sərbəst şəkildə danışa bilir.

-Bədi bəy, Azərbaycanı necə bəyənirsiniz?

- Mən buranı doğma Vətənim kimi hiss edirəm. Azərbaycana gələndə elə bilirəm ki, Küveytdəyəm. Hətta Küveytə gedəndə Azərbaycan üçün darıxıram. Hərdən olur ki, darıxdığımdan özüm tək gəlib burada bir müddət qalıram. Ümumiyyətlə, Azərbaycana tez-tez gəlirik. Keçən Novruzu həm Azərbaycanda, həm də Küveytdə keçirdik.

-Bəs, Azərbaycan xalqı ilə ərəb xalqının hansı oxşar cəhətləri var?

- Bizdəki kimi burada da insanlar çox qonaqpərvərdilər. Həm də mehribançılıqdır. Bacardıqları qədər çalışırlar ki, kiməsə kömək etsinlər. Küveytdən bura gələn hər kəs bunu deyir.

Söhbətimi yenə də K.Hacızadə ilə  davam etdirdim:

-Könül xanım, ümumiyyətlə, Küveytdə Azərbaycan necə tanınır?

- Azərbaycan demək olar ki, Küveytdə indi-indi tanınır. Biz səfirliyin dəstəyi ilə orada sərgilər açmışdıq. Xüsusən Xocalı faciəsi ilə bağlı sərgilərə gün ərzində yüzlərlə insan tamaşa edirdi. Sərgilər Küveyt ictimaiyyəti və kütləvi informasiya vasitələrinin, eyni zamanda Əl-Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin və dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olurdu. Küveytlilər özləri bizim adət-ənənələrimiz, tariximiz, kitablarımız, mətbəx və milli geyimlərimizlə maraqlanırdılar. Onlar deyirdilər ki, Küveytlə Azərbaycanın tarix və mədəniyyət baxımından oxşarlığı çoxdur. Doğurdan da, bizim adət-ənənələrimizin haradasa Küveytlə bənzərliyi var. Bizim xalqla Küveyt xalqının qonaqpərvərliyində çox oxşarlıq var. Buna görə onlar bizi haradasa öz milləti kimi qəbul edirlər. Onların birinci sualı o olur ki, dinimiz nədir? Dinimizin islam olduğunu biləndə bizə daha çox yaxınlıq göstərirlər. Ümumiyyətlə, küveytlilərin Azərbaycana qarşı münasibətləri çox yaxşıdır. Fərdi münasibətdən başqa onların bizə iqtisadi və turizm maraqları da çoxdur. Yeri gəlmişkən, Dünya azərbaycanlılarının III qurultayında da Prezident İlham Əliyev çıxışında bildirdi ki, xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılmalıdır. Biz onsuz da turizm baxımından sərgilər keçiririk. Ticarət evinin açılması ilə məhsullarımız orada daha geniş təqdim olunar. Belə olanda küveytlilər Azərbaycanı daha da yaxından tanıyarlar.

Azərbaycana vurğunluğunu saxlaya bilməyən Bədi Haşim Əli bir daha öz əlavəsini etdi:

- Orada əvvəllər heç bilmirdilər Azərbaycan necə ölkədir. Son iki ildə tez-tez tədbirlər keçirildi və Küveyt rəsmiləri, eləcə də ictimaiyyət bu tədbirlərdə iştirak etdilər. Bir neçə sərgilər keçirəndən sonra indi hamısı maraqlanırlar. Həm Azərbaycan haqqında, o cümlədən Xocalı faciəsi ilə bağlı ərəbcə kitabların nəşr olunması və filmlərin göstərilməsinin də bu baxımdan köməyi oldu. Bir də tarixi baxımdan bu xalqlar eyni faciəni yaşayıblar. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində İraq tərəfindən Küveytin torpaqları işğal olunmuşdu. Eyni vaxtlarda ermənilər Dağlıq Qarabağ torpaqlarını zəbt ediblər. Bizdə də şəhidlər oldu, sizdə də. Allaha şükür, bizdə torpaqlar işğaldan azad oldu. İnşallah sizin torpaqlar da geri qaytarılar. Sevindirici haldır ki, Küveyt rəhbərliyi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir. Yəni görəndə ki, eyni faciələri yaşamışıq, onda daha da yaxınlaşırıq.

-Könül xanım, azərbaycanlılar Küveytdə əsasən hansı sahələrdə çalışırlar?

- Azərbaycanlılardan orada neft sahəsində çalışanlar var. Budan başqa müəllimlər, ofis işçiləri, biznesmenlər yaşayırlar. Həmçinin evdar xanımlar da var. Bir iş yaxşıdır ki, Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimidir. Tədbirlər keçirdikdə hər bir azərbaycanlı gücü çatdığı dəstəyi göstərir.

- Küveytdəki səfirliyimiz Sizin problemlərinizin həll olunmasına nəkimi köməklik göstərir?

- Xaricdəki hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkədə öz səfirinə güvənir, sonra diaspor rəhbərinə. Səfirlik orada azərbaycanlıların hüquqlarını qoruyan orqandır. Allaha şükür, heç bir problemimiz yoxdur. Küveytdəki fövqəladə və səlahiyyətli səfirimiz Tural Rzayev çox gözəl insandır. Hər bir sahədə bizə dəstək göstərdiyinə görə Tural müəllimə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, səfirlik işçilərinin hamısı öz köməkliklərini bizdən əsirgəmirlər.

-Bəs, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir?    

- Komitə ilə əlaqələrimiz çox yaxşıdır. İnşallah münasibətlərimiz bundan sonra daha da dərinləşəcək. Görünür ki, burada çox gözəl insanlar çalışırlar. Çünki onlar bizim təkliflərə cani dildən yanaşır və hər bir köməklik göstərirlər. Sağ olsunlar, bizim üçün kitablar, broşürlər, CD-lər göndərirlər. Biz də bunları Küveyt xalqı arasında yayırıq. Başda Nazim İbrahimov olmaqla komitənin bütün əməkdaşlarına təşəkkür edirəm.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 21-22 iyul.- S.10.