Diasporumuzun nəbzi xalqın nəbzi ilə bir vurur

 

Samir İmanov: “Bu gün BƏƏ-nin Dubay əmirliyində elə bir nazirlik və ya komitə yoxdur ki, bizimlə əlaqəsi olmasın”

 

 Bu gün Birləşmiş Ərəb Əmirliklərindən başqa Ərəbistan yarmadasındakı ölkələrdə diasporumuzun fəaliyyəti yox dərəcəsindədir. Bir az da geniş götürsək, Yaxın Şərq   ölkələrindən bir-ikisini çıxmaqla bu regionda nədənsə milli diasporumuzun fəaliyyəti gözə çarpmır. Hər halda vəziyyətin bu cür olması səbəbsiz deyil və regionda ümumi olaraq diasporumuzun işini aktivləşdirməyə ehtiyac var. Elə  BƏƏ-dəki “Azərbaycan Cəmiyyəti”nin sədri Samir İmanovla əlaqə saxlayıb bu və digər məsələlərlə bağlı fikirlərini öyrəndik.

-Azərbaycanlıların böyük əksəriyyəti yaşadıqları yerindən asılı olmayaraq Vətənə bağlıdırlar. Burada müxtəlif səbəblər ola bilər; yerli dövlətin bu sahəyə münasibəti, ölkələrdəki səfirliklərimizin bu işə diqqəti və rəğbəti, maddi məsələlər və s. Aydındır ki, cəmiyyəti qeydiyyatdan keçirmək üçün onun hüquqi ünvanı olmaldır. Bu da evin icarəsi və sair kimi böyük məsrəflər tələb edir və bir də rəhbərlik edəcək şəxsin səriştəliyi və müəyyən qədər təcrübəsi. Avropa və MDB çərçivəsində regional diaspor qurumlarımız vardır.  Dövlətimiz   dəstək versə, bu vəzifəni məmnuniyyətlə həyata keçirməyə hazıram. Çünki bu, dövlətimizə və Vətənə lazımdır.

- BƏƏ-Azərbaycan münasibətlərinin inkişafında rəhbəri olduğunuz “Azərbaycan Cəmiyyəti”nin hansı rolu var?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, Cəmiyyətimiz təkcə burda yaşayan azərbaycanlıların müxtəlif sahələrdə üzləşdiyi problemlərin həlli ilə deyil, eyni zamanda Azərbaycanı BƏƏ-yə lazımi səviyyədə tanıtmaq sahəsində də böyük işlər görür. Tam əminliklə deyə bilərəm ki, bu gün BƏƏ-nin Dubay əmirliyində elə bir nazirlik və ya komitə yoxdur ki, bizimlə əlaqəsi olmasın. İstər parlament üzvləri və digərləri ilə əlaqələr yaradır, mütamadi görüşür və Azərbaycana maraqlarını artırırıq. Misal ücün, bu günlərdə  bir idarə rəisi Abdullah Məhəmməd Əl-Xubbi Əl-Səhi mənə zəng vuraraq Azərbaycanda fəaliyyət göstərən və  Dubaya məxsus “Dər-ul-bər” xeyriyyə cəmiyyətinin dəvəti ilə iyunun 27-də Azərbaycana səfərə hazırlaşdıqları haqda xəbər verdi və məndən lazımi məsləhətlər aldı. Xeyriyyə cəmiyyətinin Azərbaycanda xeyriyyə layihəsi var və ona sərmayə ayrılması üçün Vəqflər Nazirliyinin razılığı olmalıdır və bu səbəbdən onlar ora səfər edərək yerində layihəylə tanış olacaqlar. Danışığımız zamanı o bildirdi ki, Cəmiyyətimizin son 1 ildə onlarla sıx əməkdaşlığı nazirlikdə Azərbaycana qarşı müsbət fikir formalaşdırıb və bu səfərlərin və xeyriyyəçilik əməllərinin artırılacağını da vurğuladı. Xatırlayırsınızsa, müsahibələrimin birində qeyd etmişdim ki, bu nazirlik Azərbaycanda ehtiyac olan müxtəlif sahələrə xeyriyyəçilik edəcək. Nazirlik əməkdaşlarının ilk səfərini bu işlərin başlanğıcı kimi qiymətləndirmək olar. Bunlardan əlavə qəzet və televiziyalara müsahibələr verərək media vasitəsilə də Azərbaycanın xarici siyasəti, tarixi, mədəniyyəti, iqtisadiyyatı, dahi şəxsiyyətləri, habelə Dağlıq Qarabağla da bağlı məlumatları yerli ictimaiyyətə çatdırırıq. 

 

- 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev bildirdi ki, ölkə qarşısında duran əsas problem Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün pozulmasını BƏƏ rəhbərliyinə və ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlər görürsünüz?

- Möhtərəm Prezidentimiz böyük siyasətçi olmaqla yanaşı dahi Ali Baş komandandır. Torpaqlarımızın sülh yolu ilə qaytarılmasına üstünlük verməsi və müharibə yolunun sona saxlanması onun peşəkar biliklərə malik olmasından xəbər verir. Çünki silah və ya orduda canlı qüvvənin sayının çox olması müharibənin hələ tam qələbəsi demək deyil. Burda tərəflərin tutduqları ərazi mövqeləri, taktiki məsələlər və eyni zamanda siyasi dəstəyin də böyük rolu var. BƏƏ-dəki azərbaycanlılar əmindirlər ki, cənab Prezident kimlərinsə müraciətlərinə əsasən deyil, hərbi məqamları nəzərə alaraq müharibə yoluna hələ əl atmır. Bilirik ki, dövlət başçısı bu problemin həlli ilə ciddi məşğuldur və uğurlarımız yaxındadır. Artıq yuxarıda qeyd etdiyim kimi bütün görüşlərdə müqabil tərəfin tutduğu vəzifəsindən asılı olmayaraq 2 məsələ həmişə onların diqqətinə ətraflı çatdırılır. Onlardan biri Qarabağ problemi, digəri isə Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdir. Azərbaycanın son 15 ildə əldə etdiyi tərəqqisinə diqqət yetirdikdə onun mərhələli və düzgün aparılmasının şahidi olursan. İlk əvvəl Ümummilli lider Heydər Əliyev tərəfindən aparılmış siyasi tərəqqinin, sonra iqtisadi, daha sonra isə hərbi, mədəniyyət və turizm sahəsindəki böyük nailiyyətlərimiz göz önünə gəlir. Sadalanan sahələrdəki nailiyyətlərimizi Azərbaycanın parlaq gələcəyinin zəmanəti kimi qiymətləndirmək mümkündür. Səmimi deyirəm ki, Heydər Əliyev haqda ərəb və ya ingilis dillərində kitablar təqdim edərkən qürur hissi keçirirəm. Xalqı onun rəhbəri ilə tanıyırlar. Qarabağ probleminin böyük kütləyə çatdırılmasına gəlincə isə bu, qəzetlər vasitəsilə mütamadi həyata keçirilir. Baxmayaraq ki, BƏƏ dövlətinin xarici siyasəti belə məsələlərə qarışmamaq mövqeyi tutur, lakin diasporumuzun təkidi və şəxsi əlaqələrimiz sayəsində arzu etdiklərimizi həyata keçiririk. Bu gün BƏƏ-nin yerli əhalisi problemlə yaxından tanışdır, digər tərəfdən də bütün tədbirlər zamanı Qarabağ mövzusuna xususi yer veririk. İştirakçılara DİDK-dən verilən ərəb və ingilis dillərində kitablar, disklər və broşürləri onlara təqdim edilir.

- Qarşıdan Dünya Azərbaycanlılarının III Qurultayı gəlir. Sizin bu Qurultaydan gözlətiləriniz nədir?

- Qeyd etmək istərdim ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 2002-ci ilin 5 iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalandı. Bildiyiniz kimi komitənin təşkilatçılığı ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Mən II qurultayda Cəmiyyətimizi təmsil etmişəm və deyə bilərəm ki, bu 5 il ərzində qurultayda razılaşdırdığımız qərarların və öhdəmizə düşən vəzifələrin çoxuna əməl etmişik. Ən əsası odur ki, DİDK   azərbaycanlıların dünyanın müxtəlif ölkələrindəki  icmaları və qurumları arasında əlaqələndirici rolunu peşəkarlıqla oynayır və eyni zamanda onlara hər cəhətdən yardım edir. Xaricdə yaşayan azərbaycanlılar dövlət rəhbərinin onlara qayğısını yalnız xarici ölkələrdəki siyasi nümayəndəliklərimiz vasitəsilə deyil, birbaşa hər bir azərbaycanlı ilə əlaqə qurmasını hiss edir. Ümid edirəm ki, qarşıdan gələn qurultay öz işini uğurla başa vurduqdan sonra hər kəs öz yaşadığı ölkəsinə dönərək qəbul edilən yeni qərarların və istiqamətlərin icrasına başlayacaqdır.

Nəzərə çatdırım ki, II qurultaydan sonra diaspor nümayəndələrimiz öz fəaliyyətini kortəbii deyil, mütəşəkkil surətdə aparmağa başladılar. Təkcə öz problemlərimizlə bağlı məsələlərdə deyil, qardaş Türkiyə dövlətinin də problemlərinin həllinə  də dəstəyimizi mütəşəkkil formada aparmağa müəssər olduq. Qondarma erməni soyqırımı ilə bağlı keçirdiyimiz aksiyalar, müxtəlif dövlət başçılarına yazılan etiraz məktubları buna bariz misal ola bilər. Bildiyiniz kimi  israilli hərbçilər tərəfindən (“Mavi Mərmərə”  gəmisinə) basqın edilən zaman Türkiyə diasporu da daxil olmaqla burada yaşayan türkdilli xalqlar arasında buna reaksiya verən yeganə cəmiyyət biz olduq.

- BƏƏ KİV-lərində Azərbaycanın təbliği istiqamətində lazimi işlər apara bilirsinizmi?

- Qeyd etdiyim kimi Azərbaycanın müxtəlif bayram və hüznlü günlər ilə bağlı keçirdiyimiz bütün tədbirlərdə yerli KİV müxbirləri iştirak edir və bu tədbirlərin mahiyyətini mediada işıqlandırırlar. Tam əminliklə deyə bilərəm ki, bu gün BƏƏ ictimaiyyəti Azərbaycan həqiqətlərini KİV-ləri ilə yalnız diasporumuzun apardığı işlər sayəsində məlumat alır. Digər heç bir qurumun bunu etmək imkanı yoxdur. Buna görə bu sahədə işimizi qənaətbəxş hesab edə bilərəm.

- Azərbaycan diasporunun bugünkü   təşkilatma səviyyəsindən razısınızmı?

- Bəli, razıyam. Burada yaşayan azərbaycanlılar demək olar ki, bir-birləri ilə sıx münasibətdədirlər. Müxtəlif məsələlərdə bir-birini arayır və problemlərin həllini özümüz tapırıq. Deyərdim ki, Vətəni layiqincə təmsil etmək istər iş adamı, həkim, mühəndis və ya tələbə üçün ən vacib məsələlərdəndir. Onu da bildirim ki, əvvəllər tez-tez mənfi tərəfdən hallanan qadın amili də aradan qaldırılır və bu sahədə istər Azərbaycan tərəfi, istərsə də yerli orqanlar müəyyən işlər görür.

-  Ümumiyyətlə, BƏƏ-də Azərbaycan diasporunun neçə nəsli formalaşıb. Bu gün orada diasporumuzun nəsil problemi yaşanmır ki?

- BƏƏ-də, xüsusən Dubayda dünyanın çox nüfuzlu ali təhsil ocaqlarının filialları var. İstər burada daimi yaşayan, istərsə də Azərbaycandan təhsil almağa gələn gənclərimiz layiqincə təhsil alıb, kimsə özünə burada iş tapır, kimsə Vətənə qayıdaraq orada lazımlı və savadlı kadr kimi fəaliyyət göstərir. Təhsil pullu olsa da məktəbi bitirən məzun ali təhsilsiz belə yaxşı işdə çalışmağa qadirdir. Bu o demək deyil ki, ali təhsil lazım deyil. Cavanlarımızın məktəbdə aldıqları bilik o qədər yüksəkdir ki, orta məktəbi bitirdikdə belə özlərinə dünya şöhrətli şirkətlərdə iş tapa bilirlər. Çoxlu sayda belə cavanlarımız var. Bu gün yalnız biznesin müxtəlif sahələrində deyil, jurnalistika sahəsində də ən peşəkar səviyyədə kadrlarımız yetişir və burada cəmiyyətimizin əməyi var. Hətta gənc nəsil arasında yüksək peşəkar idmançılar da yetişdirmək planlarımız var. Onlar çox cavan olmalarına baxmayaraq ABŞ-a gedib orada attestasiya keçirlər. Tezliklə onların da uğurları haqda eşidəcəyik. Bunlar yeni layihələrdir, yalnız artıq bu işlərə başlamışıq. Xalqımıza hər sahədə gözəl peşəkar mütəxəssislər lazımdır bizim vəzifəmiz bunu həyata keçirməkdir. 

- Bəs, tədbirlərinizə yerli xalqın marağı necədir?

- Hər şey bizdən asılıdır. Fəal olub onlarla dost münasibətləri qursaq, bizə tədbirlərimizə maraqları böyük olar. Burada buna nail ola bilmişik. Onu da qeyd edim ki, hazırda azəri xanımları yerli vətəndaşlarla nümunəvi ailələr qurur belə ailələrin sayı bu gün onlarladır. Dediklərinə görə, hər iki tərəf xoşbəxtdir. Ümumiyyətlə, onlarla ünsiyyət zamanı bizə qarşı üzlərində həmişə təbəssüm olur.

-  Perspektivdə hansı tədbirləri keçirməyi nəzərdə tutubsunuz?

- Diasporumuzun nəbzi xalqın nəbzi ilə bir vurur Vətəndə nəyə ehtiyac duyulursa, biz o tədbirləri keçirir bunları yerli icma arasında təbliğ edirik.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 9-10 iyun .-S. 10.