“Hamımızı
Azərbaycan birləşdirir”
Namiq Əzimov: “Rusiyadakı diaspor
təşkilatları arasındakı münasibət
yaxşı səviyyədədir”
Bu dəfə qərib diyarda, yəni Rusiyada
yaşayan vəkil soydaşımızla müsahibəni sizlərə
təqdim edirik. Amma vəkil olsa
imkanı daxilində diasporumuzun işlərində fəal
iştirak edir. Moskvadakı işlərinin çoxu vəkillik
statusuyla bağlı olduğundan çalışır
azarbaycanlılarla bağlı hüquqi problemlərin həllində
o da öz əməyini göstərsin. Beləcə, Moskva
“İnter-advokat” vəkillər kollegiyasının sədri
Namiq Əzimovu, buyurun, ilk olaraq elə öz dilindən onu
tanıyın.
-Mən
Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşam.
Orta məktəbi qurtarandan sonra iki il Bakıda işləyib
yaşamışam. 1980-cı ildə ordu sıralarına
çağırılmışam. 1982-ci ildə Moskva şəhərinə
gəlmişəm və bu günə kimi də burada
yaşayıram. İki uşaq atasıyam. Qızım Ellada,
Lomonosov adına Moskva Dövlət Universitetinin dövlət
idarəçiliyi fakültəsinin üçüncü
kursunda, oğlum Samiq, Hüquq
Akademiyasının kollecində oxuyur. Yoldaşım Aygün
xanım, Krupskaya adına Moskva Dövlət Pedoqoji Universtitini
bitirib.
- Rusiyaya üz tutmağınız
nə ilə bağlı oldu?
-
Rusiyaya üz tutmağımın əsas səbəbi MDU-nun hüquq fakültəsində
oxumaq arzusu idi. Müəyyən səbəblər
üzündən ora daxil ola bilmədim. Üç il inşaat
müəssisələrində işləyəndən sonra
Moskva Dövlət Mədəniyyət Universitetinə daxil
oldum. Oranı bitirəndən sonra Moskva Dövlət Hüquq
Akademiyasında təhsilimi davam etdirdim. Hazırda Moskva
“İnter-Advokat” vəkillər kollegiyasının sədri,
“Azimov” hüquq kompaniyasının yaradıcısıyam.
-Necə oldu ki, belə bir
kollegiyanı yaratmaq qərarına gəldiniz?
- Kollegiyanı
yaratmaqda məqsədim əhaliyə hərtərəfli
hüquqi kömək göstərməkdir.
Bizim kollegiyada iqtisadiyyatın hər bir sahəsində xidmət
göstərən vəkillər işləyir. Hüquqşunaslarımız
cinayət, mülki, inzibati, arbitraj və s. işlərdə
çox böyük müvəffəqiyyətlə
çalışırlar.
-Sizin
kollegiya və kompaniyada azərbaycanlılar da
çalışırmı?
- Bəli,
bizim kollegiyada azərbaycanlılar çalışır.
- Rusiyayadakı diasporumuzu
güclü hesab etmək olarmı?
- Rusiyadakı Azərbaycan
diasporunu güclu saymaq olar. Diasporumuz sayca
çoxluq təşkil
edən ictimai qurumlardan biridir.
-Bəs, diaspor qurumları arasında koordinasiya varmı?
- Rusiya ərazisində bir neçə diaspor təşkilatı
var. Onların fikirləri
eyni olsa da hamısı müstəqil hərəkət
edirlər. Amma Azərbaycanla əlaqədar
olan bütün tədbirlərdə onların
həmişə bir araya gəldiklərini görürəm. Hər təşkilatın
öz mətbu orqanı və internet saytı var. Müəyyən
fikir ayrılıqları
olsa da, bunu ictimai müzakirələrə
çıxarmırlar. Bir sözlə, deyərdim ki, diaspor təşkilatları
arasındakı münasibət
yaxşı səviyyədədir.
Mənim yaşadığım Moskvada
həyatın ritmi çox intensivdir. Çox zaman
gün ərzində görüləcək işlərin
öhdəsindən gəlmək
olmur, vaxt çatmır. Elə günlər
olur ki, 3-4 saat vaxtımız tıxaclarda keçir.
Bütün bunlarla əlaqədar
olaraq bəzən elə olur ki,
kimsə Azarbaycan diasporunun keçirdiyi tədbirlərə çatdıra
bilmir və iştirak etmir. Bu hamı tərəfindən
başa düşülür
və heç kəs heç kəsdən incimir. Amma bütün bunlara baxmayaraq diasporun xətti ilə keçirilən tədbirlərdə
həmişə anşlaq
olur. Tədbirlərdə
ayırmırıq ki,
kim hansı
diaspor təşkilatının
üzvüdür. Hamımızı Azərbaycan birləşdirir.
-Sizin özünüzün Vətənlə
əlaqələriniz hansı
formadadır?
- Burdakı çoxluğumuz
bəzən bizə Vətəndən uzaqlarda
yaşamağımızı unutdurur. Bu gün
Rusiyada yaşayan bütün azərbaycanlıların
evlərində Azərbaycan
telekanalları işləyir. Azərbaycanlılara məxsus olan
restoran və kafelərdə çox zaman dilimizdə mahnılar səslənir.
Sanki Azərbaycandayıq. Amma bütün
bunlara baxmayaraq Vətənlə də heç vaxt əlaqəni kəsmirik.
Telefon və internet vasitəsilə
tez-tez qohumlarımızla,
dostlarımızla danışıqlar
aparırıq. Sosial şəbəkələrin
köməyi ilə Azərbaycanda yaşayan həmvətənlərimizlə dostluq əlaqələri yaradırıq. Ən başlıcası
isə imkan daxilində çalışırıq
ki, Azərbaycana tez-tez gələk. Mən əsil rahatlığı yalnız
Azərbaycanda, Lənkəranda
hiss edirəm.
-Rusiyadakı azərbaycanlılar daha çox hansı sahələrdə fəaliyyət
göstərirlər?
- Çoxları bəlkə
də fikirləşirlər
ki, azərbayanlıların
çoxu ticarətdə
işləyir. Xeyr, bu heç də belə deyil. Sadəcə,
ticarətlə əlaqədar
işlər göz qabağındadır və
orada işləyən
azərbaycanlılar tez
gözə çarpırlar.
Bizim Rusiyada çoxlu tanınmış
həkimlərimiz, ali təhsil ocaqlarında dərs verən muəllimlərimiz,
çoxlu hüquqşunas
və vəkillərimiz
var, hətta inşaat sahəsində tanınmış çoxlu
azərbaycanlılar işləyir.
Demək
olar ki, Rusiya vətəndaşlığı
olan azərbaycanlıların
çoxu qeyri-ticarət
sahəsində çalışırlar.
Onlar da ki göz
qabağında deyillər.
-Rusiyadakı azərbaycanlı icmasının
əsas problemləri kimi nələri qeyd edərdiniz?
- Rusiyada azərbaycanlı icmasının əsas problemlərindən biri yerli ultramillətçilərin
onlara qarşı apardığı qeyri-qanuni
hərəkətlər idi.
Manej meydanında baş verən iğtişaşlardan
sonra radikal şovinist təşkilatların
fəaliyyəti heçə
endirilib. Rusiya hakimiyyət orqanları onlara qarşı mübarizəni sərtləşdirdilər
və onların qeyri-rus mənşəli vətəndaşlara qarşı
hücumları da azaldı .
Bu da biz azərbaycanlıları
gərginlikdən və
müəyyən problemlərdən
azad edir.
-Yəqin ki, həmyerlilərimiz Sizə öz hüquqlarının qorunması
üçün müraciət
edirlər. Onlar əsasən hansı
məsələlərlə bağlı müraciət
edirlər?
- Azərbaycanlılar əsasən
miqrasiya qanunları ilə əlaqədar məsələlərlə bağlı
müraciət edirlər.
Rusiya ərazisində qeydiyyata düşmək, işləməkdən
ötrü icazə kağızı almaq, azərbaycanlıları narahat
edən əsas məsələlərdəndir. Təəssüflər olsun ki, bəzilərinin qeyri -qanuni hərəkətləri
Rusiya cinayət məcəlləsinin müəyyən
bəndlərinin pozulmasına
gətirib çıxardır.
Belə hadisələrin baş verməsi əsasən azərbaycanlıların rusca
pis danışmaları
və Rusiya qanunlarını bilməmələri
ucbatından baş verir.
-Azərbaycanlıların
Rusiyadakı imici sizi qane edirmi?
-İki il bundan
qabaq Rusiyada azərbaycanlılar haqqında
rəy məni qane etmirdi. İndi demək
olar ki, bizə qarşı olan fikirlər tədricən dəyişməyə
başlayır. Bu əsasən Azərbaycanda
baş verən dəyişikliklərlə əlaqədardır.
Bakıya gələn
Rusiya vətəndaşları
paytaxtımızın gözəlləşdiyini
və sovet dövründə olduğu
kimi necə də qonaqpərvər şəhər olduğunu
qeyd edirlər. Rusiya şou-biznesinin nümayəndələri,
idmançıları Bakıya
dəfələrlə böyük
məmnuniyyətlə gedəcəklərini
qeyd edirlər. Sevindirici haldır ki, onlar bu barədə
KİV-də də danışırlar. “Avroviziya-2011”-dən
sonra Azərbaycana, azərbaycanlılara hörmət
bir az
da artdı. Jurnalistlər, teleaparıcılar dəfələrlə qeyd
etdilər ki, Azərbaycanda musiqi müsabiqəsi yüksək
səviyyədə keçəcək.
Siz təsəvvür
edirsiniz, bu barədə fikrini bildirən hər bir şəxs çıxışlarının axırında hamını
Bakıya dəvət
edir: “Gəlin, Bakının gözəlliyini,
azərbaycanlıların qonaqpərvərliyini
görün”. Qeyd edirəm,
bunu qeyri-azərbaycanlılar
deyirlər. Sevinməyə
əsasımız var. İnanıram
ki, gələcək musiqi müsabiqəsindən
sonra bizi bir az da başqa səviyyədə
qəbul edəcəklər.
-Qərib diyardan Vətənimizin sosial-iqtisadi inkişafı,
ümumiyyətlə, hər
bir uğurumuz necə görünür?
- Çox yaxşı görünür. Bizim hamımız
buna çox sevinirik. Mənim 90-cı illərin sonlarında Almaniyaya mühacirət etmiş dostlarım, hər Moskvaya gələndə həmişə Azərbaycanın
sosial -iqtisadi inkişafından danışırlar.
Maraqlı orasıdır
ki, onlar azərbaycanlı
deyillər və uzaq Köln şəhərindən
bunu görmələri
məni çox fərəhləndirir. Bu o deməkdir ki, Azərbaycanda gedən proseslərdən uzaq ölkələrdə də
xəbərləri var. Bu da
respublikada aparılan düzgün siyasətin nəticəsidir ki, dünya ictimaiyyətinin də bu irəliləyişlərdən
xəbərləri var.
-Səhv etmirəmsə, Siz Rusiya KİV-ləri ilə də əməkdaşlıq edirsiniz?
- Bəli, əlaqələrim
var. Bir müddət əvvəl “Paytaxt” və “Yuqo-zapad” televiziya kanallarında hüquq mövzularında
tez-tez çıxışlarım
olurdu. “Rossiyskiy advokat” jurnalı və bir sıra
hüquq portalları ilə
əməkdaşlığımı indi davam etdirirəm.
- Bəs, hansı diaspor KİV-i ilə əməkdaşlıq
edirsiniz?
- Demək olar ki, Rusiyada azərbaycanlılarının
KİV-lərinin çoxlarıyla
əməkdaşlıq edirəm.
Bir çoxlarının hüquqi
məsələlərlə bağlı mənə tez-tez sualları olur. 2002-ci ildən
Rusiyada yayımlanan “İnteraz” telekanalında
“Advokatla görüş”
hüquqi verilişinin
yaradıcısı və
aparıcısı olmuşam.
Canlı
efirdən həmyerlilərimizin
suallarına həm rusca, həm də azərbaycanca cavablar vermişəm.
Diaspor qəzetlərimizin bir çoxlarında hüquqi
mövzularda maraqlı
materiallarım dərc
olunur.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 11-13
iyun.- S.10.