“Turizm
bazarında rəqabətqabiliyyətli
ölkə ola bilmək
üçün strateji
plan qəbul edilir”
Eldar Aslanov: ”Xəzər sahilində
böyük çimərlik şəhərciyinin
salınması ilə bağlı turizm layihələri də
var”
Statistikaya görə, dünya
ölkələri üzrə ümumi milli məhsulun 10 faizi,
ixracın isə 8 faizi beynəlxalq turizmin payına
düşür.. Prezident İlham Əliyev turizmin daha da inkişaf etdirilməsi
və turizm fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması zərurətini nəzərə
alaraq 15 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasında
2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam
imzalayıb. Bu qərar turizm sahəsində
görülən işləri genişləndirməyə və
daha da sürətləndirməyə imkan verir. Turizm sahəsində
malik olduğumuz potensialdan, qarşıda duran vəzifələrdən
xəbərdar olmaq üçün Azərbaycan Turizm
İnstitutunun Tədris işləri üzrə prorektoru,
Siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanova
müraciət etdik.
-Turizm sektorunun zonalar və növlər
üzrə imkanları hansı səviyyədədir?
-Azərbaycanda
mövcud olan Bakı və
Abşeron, şimal, şimali-qərb, cənub, qərb,
Naxçıvan və Qarabağ turizm bölgələrində
turizmin müxtəlif növlərinin inkişaf imkanları
vardır. Qarabağ bölgəsi
istisna olmaqla, digər bütün ərazilərdə
mühüm irəliləyiş əldə edilib. Həmçinin
bu gün Azərbaycanda növlər üzrə biznes
(MİCE) turizminin lazımi inkişaf yolu keçdiyini söyləmək
olar. Amma ən çox ümidli olduğumuz mədəni,
sağlamlıq və təbiət turizminin yetərincə
xarici turist çəkdiyini söyləmək olmur. Ölkədə istirahət, əyləncə,
dağ, qış, xizək, çimərlik (o cümlədən
dəniz), ada, idman, kənd yaşıl turizm, ov, tarix, dini və
s., sahələrdə turizmin inkişaf etdirilməsi
qarşımızda durur.
-Turizmə olan tələbat
hansı səviyyədədir?
-Müasir
dövrdə sənayeləşmiş ölkələrdə
turizmə yaranan tələb əhəmiyyətli şəkildə
artır. Bu inkişafa paralel olaraq, ölkələrin potensial
turistləri cəlbetmə istiqamətində həyata
keçirdikləri tədbirlərin genişlənməsi, həmçinin
oxşar turizm məhsullarını təklif edən ölkələr
arasında rəqabətin güclənməsi müşahidə
edilir. Azərbaycan turizm bazarında rəqabətqabiliyyətli
ölkə ola bilməsi üçün uzun müddətli və
turizm sahəsində strateji plan qəbul edir. Bu plan çərçivəsində, viza və sərhəd rejimi
sferasında, lisenziyalaşdırma və
sertfikatlaşdırmada, regional
turizm təbirlərində, turizm təşviq siyasətinin
gücləndirilməsində, turizm xidmətlərinin
çeşidliliyində, keyfiyyətində və qiymətində,
turizm sektorunun kadrlarla təminatında sistemli və uzunmüddətli tədbirlər
həyata keçirilməsi gözlənilir.
-Turizmin inkişaf etdirilməsi
istiqamətində hansı layihələr
hazırlanır?
-Hazırda
Azərbaycan hökuməti 10 000 turist tutumu olacaq Şahdağ
yay-qış turizm kompleksinin tikintisinə başlayıb. Bu
layihənin 2016-cı ildə ki, hotelin isə dekabr 2011-də istifadəyə
verilməsi planlaşdırılır. Bu layihə
Azərbaycanda public-pravite
partnership modelinə əsaslanmış
uğurlu nümunədir. Bununla yanaşı Xəzər sahilində böyük çimərlik şəhərciyinin
salınması ilə
bağlı turizm layihələri də var.
Xəzər dənizi
bizə dəniz kurizləri, gəzintiləri,
mövcud adalarda turizmin inkişaf etdirilməsi, dalğıclıq
və s., imkanları
da təklif edir. Bakı yaxınlığında Xəzər dənizində
çoxlu sayda ada var. Bu adalarda turizmin inkişaf etdirilməsi potensialı mövcuddur. Bu mənada
son vaxtlar geniş müzakirə olunan Böyük Zirə adası tezliklə ayrıca bir turizm şəhəri ola bilər.
Yerli “Aurositi Holding” şirkəti
burada 6 milyard dollarlıq istirahət və əyləncə şəhərciyi tikməyi
təklif edir.
Bu, Azərbaycanda neftdən
sonra ən böyük maliyyə tutumlu layihələrdən
biri ola
bilər. Bu da
ilk baxışdan ölkənin
ada turizm imkanlarını önə
çıxarır.
Eyni zamanda ölkəmiz bir-neçə regional və
beynəlxalq mədəni
turizm marşurut və layihələrinə
də qoşulub. Bunlara İslam Konfransı Təşkilatı
ölkələrinin “İpək
yolu” turizm layihəsini, “Babaların tarixi
zəfər və şəhadət yolu” mədəni turizm layihəsini,
“Şərab yolları” beynəlxalq
mədəni turizm marşurutunu, “Aleksandr Düma
Qafqazda” turizm marşurutu, “Azərbaycanda alman yaşayış məskənləri”
turizm marşurutu və s., göstərmək olar. Bu
tip layihələrin genişləndirilməsi
dövlət-özəl sektor
əməkdaşlıq modeli
ilə inkişaf etdirilməsi çox vacibdir.
-Turizm brendlərinin
yaradılması istiqamətində
hansı işlər görülüb?
-Azərbaycanın və onun turizm potensialının
təbliği məqsədi
ilə, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə son beş
il ərzində ölkənin turizm imkanlarını əks etdirən qırxdan çox reklam-çap məhsulları (nəşrlər,
CD və DVD-lər) Azərbaycan, ingilis, alman, ərəb, yapon və rus
dillərində hazırlanıb.
2002-ci ilin aprel ayından başlayaraq keçirilən Bakı beynəlxalq turizm sərgisində
2007-ci ildə 18 ölkədən
60-dək şirkət iştirak
edib, həmçinin
2002-ci ildə Mədəniyyət
və Turizm Nazirliyi cəmi 2 beynəlxalq sərgidə iştirak edirdisə, son 5 il ərzində sərgilərin
coğrafiyası genişlənmiş
və iştirak etdiyi sərgilərin sayı 19 (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan,
Madrid, Deli, Vyana, Mumbai, İstanbul,
Tokio, Əl-Küveyt,
Dubay, Kiyev, Tiflis, Bəhreyn, Daşkənd, Mahaçqala) çatıb. 2005-ci ildən
başlıyaraq CNN-də, 2007-ci ildən isə “National Geographic”, “Travel Channel”, CNN və “Euronews” telekanallarında Azərbaycanın
turizm potensialını
əks etdirən reklam çarxılar yayımlanır. Həmçinin
“Austrian Airlines”, “British Airways” və AZAL aviaşirkətlərinə məxsus
təyyarələrin bort
jurnallarında və ekranlarında reklam çarxıları yerləşdirilib.
Bütün bunlar təqdirə
layiq olsa da Azərbaycanın turizm brendinin formalaşdırılması istiqamətində
işlər davam etdirilir.
-Turistləri cəlb
etmək üçün
hansı güzəştlər
edilir?
- Bu gün turistlər səfər etdikləri ölkələrdə əsasən
təhlükəsizlik, gigiyena,
keyfiyyətli xidmət,
cəlbedici yerlər və s. bu kimi
amillərə diqqət
verirlər. Bu amillərdən birinin olmaması nəticə ehtibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına mane olur.
Tədqiqatlar təsdiq edir ki, özəl sektor turizm sahəsində
investisiyaları daha çox 2-3 ulduzlu regional hotellərə, mövcud hotellərin yataq sayının artırılmasına,
hotellərdə asudə
vaxt və istirahət üçün
daha çeşidli xidmətlərin (hovuzlar, su
oyunları, animasiylar,
axşam konsertləri,
idman meydançaları,
hovuzlar və s.) təşkilinə, böyük
şəhərlərdən tanınmış turizm mərkəzlərinə avtobus
reyslərinin təşkilinə,
işçi heyətinin
təlimləndirilməsinə və s. yönəltməlidir.
Hökumətin regional inkişaf siyasətini davam etdirməli, rayon və kənd yerlərində infrastrukturun (yollar, kanalizasiya,
internet, bank şəbəkəsi, mobil rabitə, çeşidli nəqliyyat
(hava, su, dəmir yolu, avtomobil və s.) inkişafına diqqəti daha da artırmalıdır.
Azərbaycanda turizm sektorunun SWOT analizdən çıxan nəticə ondan ibarətdir ki, Azərbaycanda mədəni,
biznes, sağlamlıq
və ekoturizmin daha da inkişaf
etdirilməsinə üstünlük
verilməlidir. Bu sahədə
geniş bazarlara çıxmaq imkanları
daha çoxdur. Digər turizm növlərinin də inkişafını
daima nəzərdə
tutmaq gərəklidir.
-Hazırda ölkəmizə gələn turistlərin
sayı nə qədərdir?
-Dünyada
baş verən iqtisadi böhranın bura gələn turistlərin sayına təsiri şübhəsizdir.
Əvvəlki illərlə
müqayisədə bu
il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Maliyyə böhranı ilə əlaqədar turistlərin
sayının azalmasına
baxmayaraq, Azərbaycanda
turistlərin sayında
artım var.
-Turizm sahəsindəki
qanunvericilik bazasında
nə kimi işlər görülür?
-Bütün irəliləyişlərə
baxmayaraq, Azərbaycanda
turizmin dünya standartlarına tam çatması
üçün çox
işlər görülməlidir. Bu məqsədlə
6 aprel 2010-cu il tarixində 2010-2014-cü illərdə
turizmin inkişafına
dair yeni Dövlət Proqramı qəbul olunub. Bu barədə Prezidentin sərəncamında əsas
məqsəd kimi Azərbaycan Respublikasında
turizm sektorunun dayanıqlı inkişafını
təmin etmək və turizmin ölkə iqtisadiyyatının
aparıcı sahələrindən
birinə çevrilməsinə
nail olmaq göstərilib. Bunun üçün əsas vəzifələr olaraq, turizm infrasturukrunun yüksək
səviyyədə qurulması,
təşviqedici tənzimlənməsi
mexanizminin yaradılması,
xidmət keyfiyyətinin
səviyyəsinin beynəlxalq
standartlara uyğunluğunun
təmin edilməsidir. Yaxın gələcəkdə turizm qanunvericiliyində ciddi təkminləşdirilmələrin
aparılması nəzərdə
tutulur. Həmçinin ölkənin yaxın
vaxtlarda turizm və rekreasiya zonalarına bölünməsi
və onların ciddi planlar əsasında
inkişaf etdirilməsi
planlaşdırılır.
Mirvari NƏZƏROVA
Paritet.-2011.- 21-22 iyun.- S.10.