Diaspor siyasətində yeni nəfəs

 

Prezident İlham Əliyev: “Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir”

 

  İyirmi ildir müstəqilliyinə qovuşan Azərbaycanın qısa vaxt  kəsiyindəki inkişafı demək olar ki, zamanı qabaqladı. Ölkənin bütün sahələrində sürətlə müsbətə doğru dəyişilmə dalğası hər bir dövlət üçün vacib olan diaspor sahəsindən də yan ötməyib. Geridə qoyduğumuz 20 ilə nəzər yetirdikdə, insan ömrü üçün böyük, dövlət üçün kiçik olan bu zamanın ilk illəri diaspor sahəsində də acınacaqlı vəziyyətin olması ilə yadda qalıb. Həmin illər, ümumiyyətlə, dövlətin diaspor fəaliyyətindən danışmaq qəbulolunmazdır. Diasporun təşkilatlandırılması isə vacib amillərdən idi. Torpaqlarımızın işğalı reallaşdığı elə həmin dövr erməni diasporu dünya ictimaiyyətini aldadaraq, yalnış informasiyalarla azərbaycanlıların başına gətirdikləri faciələri, ermənilərin üzərinə transfer etməklə xeyli siyasi dividendlər qazandılar. O zaman Azərbaycan diasporu mütəşəkkil olsaydı, yəqin ki, bu qədər geri düşməzdik.

 

Bütün bu amilləri nəzərə alan ümummilli liderimiz Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən bu istiqamətdə işlərə başladı. 1993-cü ilin 15 iyunu isə bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də dönüş nöqtəsi idi. Həmin tarixdən Azərbaycanda dövlət başına keçən Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində diasporumuzu da yenidən təşkilatlandırdı. Onun ideyaları çox idi. Bəlkə də kiçik bir hissəsini həyata keçirə bildi. Ömürsə imkan vermədi. Amma 2003-cü il hakimiyyətə gələn Prezident İlham Əliyev bu ideyaların gerçəkləşməsində mühüm addımlar atdı. O cümlədən, diaspor sahəsinin də inkişafı, vətəndən kənarda yaşayan soydaşlarımızın bir arada daha sıx şəkildə birləşməsi istiqamətində gördüyü işlər bu sahəyə yeni nəfəsin verilməsi qədər mühüm oldu. Dövlət başçımızın ilk işlərindən biri də diaspor fəalları ilə görüşü oldu. 2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı  Prezidentin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etdilər. Həmin ilin fevralında Prezident  Rusiyaya rəsmi səfəri zamanı da bu ölkədə yaşayan soydaşlarımızla da görüşdü. Görüşdə dövlət başçısı həmyerlilərimizin qarşısında çıxışında azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləyərək, onlara uğurlar diləyib. Prezident qeyd edirdi ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin səviyyəsi Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətinə, həyatına, firavanlığına da çox ciddi təsir göstərir: “Rusiyada yaşayan azərbaycanlıların bir qismi Rusiya Federasiyasının vətəndaşlarıdır-başqa dövlətin vətəndaşlarıdır. Amma bu o demək deyil ki, onlar bizim üçün kənar şəxslərə çevrilirlər. Xalqımızın öz ənənələri var, Vətəndən nə qədər uzaqlarda olsalar da, Vətəndə uzun müddət olmasalar da, onların öz evinə, doğma torpağına, doğma şəhərinə, rayonuna məhəbbəti qəlblərində həmişə yaşayır. Ona görə də hesab edirəm ki, Rusiyadakı həmvətənlərimizin daha uğurlu, sakit, normal işi üçün ikitərəfli əlaqələrin səviyyəsi çox vacibdir”. Dövlət başçısı soydaşlarımıza firavanlıq, uğurlar və səadət arzulayaraq, Azərbaycanda onları unutmadıqlarını deyib: “Azərbaycanlıların burada yaşaması ilə əlaqədar mövzu bütün səviyyələrdə, siyasi rəhbərlik  səviyyəsində, müvafiq qurumların, orqanların əməkdaşlığı səviyyəsində  ikitərəfli münasibətlərimizin daim gündəliyindədir və bu, həmişə diqqət mərkəzindədir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü səviyyəsi sizdən ötrü yaxşı, əlverişli imkan yaradır. Odur ki, firavan yaşayın, lakin Vətəni də unutmayın, gəlib-gedin və biz sizi görməyə həmişə şad olacağıq”.

Həmin ilin martında Qazaxıstana rəsmi səfəri zamanı dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması üçün görülən işlərlə yaxından maraqlanan İlham Əliyev 2004-cü ilin martında Özbəkistana səfərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edib. Tədbir zamanı bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələri ilə görüşüb, onların problemləri ilə tanış oldu. Bununla yanaşı, Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı həmvətənlərimizlə görüşüb söhbət edərək, onların yaşayış şəraiti, doğma Vətənlə əlaqələri ilə maraqlandı. Səfər çərçivəsində Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edib, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğulayıb. Nizami Gəncəvinin abidəsi önündə çıxışında dövlət başçısı bildirib ki, ölkələrimiz gələcəkdə də daim birlikdə olacaq, xalqlarımız həmişə bir-birinə sıx bağlı olacaqlar: “Bizim xoşbəxtliyimiz birlikdədir. Biz daim bir yerdə olmalıyıq, çünki taleyimiz, gələcəyimiz və niyyətimiz birdir. Niyyətdə ondan ibarətdir ki, Özbəkistan və Azərbaycan rahat, azad və firavan yaşasınlar, öz dövlət müstəqilliyini bundan sonra da möhkəmləndirsinlər və beləliklə, insanlarımız əmin olsunlar ki, onların gələcəyi etibarlı əllərdədir”(diaspor.gov.az).                                                                                                           

Dövlət başçısı Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı diaspor sahəsini prioritet tutaraq bu ölkələrdə yaşayan soydaşlarımızın vəziyyəti ilə yaxından tanış olur.  Hakimiyyətə gəldikdən cəmi bir il sonra-2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiyanın keçmiş prezidenti Vladimir Putinlə birgə iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğuna bir daha göstərdi. Məlumat üçün bildirək ki, həmin qurultayda orada yaşayan həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakı məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub (president.az).   Diaspor quruculuğu, təşkilatların daha da səmərəli işləməsi, vətəndən kənarda yaşayan soydaşlarımızla əlaqələrin yaradılması, onların problemlərinin həlli istiqamətində dövlət başçısı təkcə səfərləri zamanı deyil, Azərbaycana səfər edən müxtəlif xalqların diaspor təşkilatlarının rəhbərləri, o cümlədən başqa dövlətlərin rəsmi nümayəndələri ilə də görüşlərində bu məsələni prioritet olaraq daim önə çəkib. Buna misal olaraq 2004-cü ilin iyun ayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Ərcümənt Qılıncın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini göstərmək olar. Səfər çərçivəsində nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və görüşdə diaspor işinin başlıca vəzifələri, Amerikada Azərbaycanın haqq səsinin bəyan edilməsində ATAA-nın gördüyü və bundan sonra görə biləcəyi işlər barədə səmərəli fikir mübadiləsi aparıldı. Prezidentin rəsmi saytının verdiyi məlumatlara görə, görüş zamanı dövlət başçısı 2004-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi ATAA-ın Vaşinqtonda keçirilmiş qurultayında qaldırılan məsələlərin vacibliyinə toxunaraq bildirib. Biz çox istəyirik ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq inkişaf etsin, genişlənsin. Prezidentin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan və soydaşlarımızın təşkilatlanması prosesinə müsbət təsir göstərmək imkanlarına malik qurumların nümayəndələrini mütəmadi qəbul etməsi artıq ənənə halını alıb. “Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də, Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər.  Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər”(president.az).                                                                                                               

Bu barədə isə Prezident İlham Əliyev 2010-cu ilin dekabrın 24-də dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə dünyada yaşayan soydaşlarımıza müraciətində bildirib. Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusu olduğunu deyən dövlət başçısı ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verdiyini bildirib: “Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühit hökm sürür. Qazandığımız uğurlara baxmayaraq, hələ də müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür”. Dövlət başçısı gücümüzün  tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçüldüyünü bildirərək, harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməli olduğunu vurğulayıb.

Təsadüfi deyil ki, aparılan məqsədyönlü işlər nəticəsində təkcə 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradılıb. Yeni icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin yeni mərhələsi idi.   

Diaspor fəaliyyətinin inkişafı üçün dövlət başçısının imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar öz bəhrəsini verdi. Dünya azərbaycanlılarını bir arada birləşdirmək, onların tarixi Vətənlə əlaqələrinin daha da gücləndirmək istiqamətində Heydər Əliyevin təşşəbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının 1-ci Qurultayı tarixi rol oynadı. Belə qurultayların keçirilməsinin vacibliyini daim diqqətə çatdıran Prezident “Dünya Azərbaycanlılarının 2-ci Qurultayının keçirilməsi haqqında”  2006-cı il 8 fevral tarixli sərəncamla bu işi davam etdirdi. Sərəncamın məqsədi isə xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək idi. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Diaspor quruculuğu konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə malik, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğu üçün qazanılan nailiyyətləri və qarşıda duran vəzifələri daim diqqətdə saxlamaq və müzakirə etmək zəruridir.  

Ötən dövrün diaspor sahəsində ən mühüm hadisələrindən biri dövlət başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Belə bir komitənin yaradılması labüd idi. Çünki, müasir dövürdə dövlətlərin beynəlxalq münasibətlərində diaspor fəaliyyəti mühüm amillərdəndir. Məhz buna görə də, DİDK-nin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bu fəaliyyət üzrə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirməkdə əsas prinsipləri yerinə yetirir.                                      

Prezidentin diaspor və lobbi quruculuğunda əhəmiyyət verdiyi məsələlərdən biri də Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti, hər iki ölkənin problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə mübarizənin aparılmasıdır.   Hələ 2007-ci ilin 17 noyabr tarixində Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq və əməkdaşlıq qurultayının rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bütün türk dünyasına müraciət edərək bildirib ki, Azərbaycan gənc müstəqil ölkədir və müstəqilliyimizin ilk illərində diaspor sahəsində o qədər də böyük imkanlarımız yox idi: “Amma bu gün bu sahəyə böyük diqqət göstərilir. Türk diaspor təşkilatlarının bütün dünyada çox böyük tarixi var. Azərbaycan diaspor təşkilatları gəncdir. Amma bunlar birləşərək, bir nöqtəyə vuraraq öz məqsədlərinə nail olurlar, ölkələrimizi müdafiə edirlər, ölkələrimizin milli maraqlarını müdafiə edirlər. Biz dövlətlər də öz dəstəyimizlə onları gücləndiririk. Onların orada bütün strukturlarda fəal olması bizim gücümüzdür. Onlar həm iqtisadi sektorda, həm də siyasi müstəvidə - yaşadıqları ölkələrin parlamentlərində təmsil olunmalıdırlar”. Dövlət başçısı qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın təsir imkanları daha da güclü olmalıdır və bu təsir imkanları ölkələrimizin milli maraqlarına xidmət edəcəkdir.

90-cı illərin əvvəllərində fəaliyyət imkanlarından danışa bilmədiyimiz diaspor Heydər Əliyevin gəlişi ilə dirçəlmə dövrünə qədəm qoydu. Faktlardan da göründüyü kimi, bu sahənin qurulması, inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə prezident seçilən İlham Əliyevsə diaspor fəaliyyətinə yeni nəfəs verdi və bu nəfəsin sayəsində bu gün azərbaycanlıların dünyada söz sahibi olan diasporu var deyə bilirik.

 

 

Asif NƏRIMANLI

 

Paritet.- 2011.- 23-24 iyun.- S.8-9.