YAP ölkə gəncləri arasında körpü yaradır

 

Seymur Orucov: “Məqsədimiz bütün ölkə gənclərini yaxınlaşdırmaq, onları milli maraqlar naminə mübarizəyə sövq etmək, eyni zamanda onlar arasında körpü yaratmaqdır”

 

 Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi öz sıralarını genişləndirməkdə davam edir. Birlik yeni layihələr həyata keçirtməklə yanaşı, ölkə gənclərinin inkişafına da öz töhfəsini verir. Birliyin fəaliyyəti, gördüyü işlər barəsində suallarımızı birliyin sədri Seymur Orucov cavablandırdı. S.Orucov qarşıda yeni prioritetlərin olduğunu və gənclərlə bağlı yeni layihələri həyata keçirdiklərini deyir.

 

-YAP-ın Gənclər Birliyi bu ilin yanvar ayında Qəbələdə keçirilən konfransda yeni tərkibini seçib. Həmin konfransda bir çox prioritet məsələlər qarşıya qoyuldu. Bu prioritetlərin birincisi beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsidir. İkinci əsas məqsəd gənclərlə daha çox işləmək, onların sosial problemləri ilə maraqlanmaq, partiyanın ideologiyasını onlara aşılamaq və region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri gücləndirməkdir. Bu istiqamətdə işlərimizi davam etdiririk və uğurlar qazanmaqda heç də çətinlik çəkmirik. Bundan başqa, Azərbaycan həqiqətlərinin tanıdılmasına, ölkənin təbliğinə öz töhfəmizi verməyə çalışırıq. Bu məqsədlə Xocalı soyqırımı ilə bağlı “Park İnn” otelində tədbir keçirdik. Gənclərin iştirakı ilə keçirilən  həmin tədbirə ölkədəki səfirliklərin nümayəndələri də qatıldılar və biz onlara bir daha Azərbaycanın haqq səsini çatdırdıq. Bununla yanaşı  Novruz bayramı ərəfəsində Bakıətrafı rayonlarda aztəminatlı ailələrə köməkliklər göstərdik. Növbəti dəfə, bu kampaniyanı artıq regionlarda aparmağı planlaşdırırıq. Diqqət ayırdığımız sahələrdən biri də ümummilli lider Heydər Əliyev irsinin gənclərə çatdırılması, öyrədilməsidir. Ulu öndərin doğum günü münasibətilə silsilə tədbirlərimiz oldu. Hər il belə tədbirləri keçirtməyi nəzərdə tuturuq.

 

-Birliyin beynəlxalq əlaqələri hansı səviyyədədir?

-Biz beynəlxalq əlaqələrə xüsusi önəm veririk. Hər bir ölkənin gəncləri ilə münasibətlər qurmağa çalışırıq. Bu yaxınlarda Avropa Xalq Partiyasının Gənclər Təşkilatına üzvlüklə bağlı müraciət etdik. Müraciətimizə artıq cavab  verilib. Cavabda bildirilir ki,  bu barədə onlar müzakirələr aparırlar. Müraciətimiz  qısa zaman kəsiyində-cəmi bir həftə ərzində cavab vermələri bizim uğurlardandır. Gələn ay AXP-nın Gənclər Təşkilatı ilə görüşdə əsas müzakirə mövzusu gənclərin rolu, onların fəaliyyəti, problemləri və perspektivlərlə bağlı olacaq. O cümlədən gənclərlə bağlı hansı proqramlar qəbul edilməlidir, hansı ölkədə əlaqələr necədir və necə qurulmalıdır kimi məqamlara diqqət yetirəcəyik. Hələ ki, gündəlik tam olaraq məlum deyil, ona görə də bu barədə danışmaq tezdir. Rumıniya ilə artıq əlaqələrimiz yaranıb, əməkdaşlığımızı getdikcə genişləndiririk. Bu münasibətlərimizin əsasını isə təmsil etdiyim partiya qoyub. Belə ki, Rumıniyanın Liberal Partiyası ilə YAP-ın arasında memarandum imzalandı. Həmin sənəddə hər iki partiyanın gənclərinin əlaqələrinin genişləndirilməsi yer alır. Bu məqsədlə bizim təşkilat may ayında 3 nəfərlik nümayəndə ilə Rumıniyada oldu. Səfər çərçivəsində danışıqlar apardıq, görüşlərimiz oldu. Qeyd edim ki, rumınlar Azərbaycana dost ölkə kimi baxırlar. Bu dərəcədə sıx əlaqələrin səbəbkarı Prezident İlham Əliyevlə Rumıniya prezidentinin dost münasibətləridir. Təbii ki, bütün bunların fonunda əlaqələrin qurulması, yaxşı münasibətlərin olması asanlıqla başa gəlir. Həmin səfərdə orda yaşayan diaspor təşkilatlarının nümayəndələri ilə görüşdük. Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduq. Orda yaşayan, işləyən, biznes fəaliyyəti ilə məşğul olan soydaşlarımızla, o cümlədən tələbələrlə görüşlər keçirdik. Rumıniya Senatında görüşlərimiz oldu. Hakim partiyanın deputatları ilə Azərbaycanla əlaqələr haqqında müzakirələrimiz oldu. Onların dəvəti ilə sonradan 10 nəfərlik nümayəndə heyətimiz Rumıniyada səfərdə oldu. Bu səfərin bütün xərcləri onlar tərəfindən qarşılandı. Biz öz növbəmizdə onları bura dəvət etmişik. Balkan respublikaları ilə dostluq münasibətlərimiz yaranmaqdadır. Serbiya, Xorvatiya, Albaniya ilə yazışmalar gedir, bu istiqamədə bir çox layihələrimiz var yaxın perspektivdə bunların həyata keçirilməsini nəzərdə tuturuq. Yəqin ki, müsbət nəticələri görəcəksiniz.

-Türkdilli ölkələrin gəncləri ilə münasibətlərinizi necə qurursunuz?

-Beynəlxalq əlaqələrimizdə əsas istiqamətlərdən biri türkdilli dövlətlərlə əlaqələrimizin daha da gücləndirilməsidir. Bizim təşkilatın Türkiyənin hakim partiyası olan Ədalət İnkişaf Partiyasının Gənclər Birliyi ilə sıx əlaqələri mövcuddur. Türk dövlətlərindən Türkiyə ilə yanaşı, Qazaxıstanla əlaqələrimiz mövcuddur. Özbəkistanla, Türkmənistanla da münasibətlərə başlamağı nəzərdə tuturuq. Əlaqələrimiz Türkiyə Qırğızstanla tam normaldır. Getdikcə o biri türk dövlətləri ilə əməkdaşlıqların qurulması istiqamətində işlərimizi görürük. Türkdilli dövlətlərin hamısı ilə əlaqələrin tam olaraq formalaşmamasının səbəblərindən biri , bir çoxunda yeni hökümətlərin qurulmasıdır. Onlar hələ tam oturuşmayıblar. Buna baxmayaraq türk dövlətləri ilə əlaqələrimiz yüksək səviyyədədir desək yanılmarıq.

-Rəhbərlik etdiyiniz Birliyə üzv olan gənclərin sayı qədərdir?

-YAP-ın 550 minə yaxın üzvü var. Bunun da 45 faizə yaxını gənclərdir. Bu böyük bir kütlədir. Sovetlər dövründə, Azərbaycanın keçmiş kommunist partiyasının təkpartiyalı sistem olmasına baxmayaraq, bu qədər üzvü yox idi. Bu qədər uğurun səbəbi təbii ki, xalqın etimadını qazanmaqdır. Bu etimadsa xalq üçün mübarizə aparmaq, onların problemləri ilə maraqlanmaqdan irəli gəlir. Hər halda xalqa kimsə demir ki, bizim partiyaya üzv olsun. Onlar yaxşı pisi ayırmağı bacarırlar.

 

Birliyin üzvləri 250 minə yaxındır.

 

-İctimai Palatanın keçirdikləri aksiyalara qatılan gənclərlə bağlı deyə bilərsiniz?

-İctimai Palata deyilən bir qurum tanımıram. Onu da deyim ki, ordakı gənclərin sayı cox az miqdardadır. Onların bəzilərində müəyyən psixoloji, sosioloji problemlər var. Bəzilərininsə beyinlərini doldurublar. Əgər demokratik ölkədən söhbət gedirsə öz etirazlarını dinc yolla bildirsinlər. Yəni icazəsiz olaraq küçəyə çıxmaqla, dağıtmaqla, nəyəsə ziyan vurmaqla olmaz. Bu onların anti-demokrat ruhda olduğunun göstəricisidr. Ölkədə tətbiq edilən qanunlar demokratik qanunlardır. Bunlar qabaqcıl Avropa ölkələrində demokratiyanın olduğu bütün məkanlarda tətbiq edilən qanunlar əsasında yaradılıb. Gəlin belə düşünək. Mən bazar günü öz istirahətimi təşkil etmək istəyirəm. Bu mənim haqqımdır. Niyə mənim istirahət hüququmu pozurlar. Bunu onlara heç bir qanun icazə vermir. Öz hüquqlarını tələb etməklə başqalarının hüquqlarını niyə pozurlar? Mitinq eləmək istəyirlərsə şəhərdən kənarda yer ayrılıb. Gedib öz etirazlarını bildirə bilərlər. Daha insanların yaşayışına mane olmaqla mitinq etmək olmaz. Sadəcə bilməlidirlər ki, Azərbaycan hökuməti millətin rahatlığını beş-on nəfərin yersiz arzularını qurban verməz. Həmin insanların da arzuları təmin edilir, amma, onlar daha artığını istəyirlər. Təbii ki, digər insanların da haqqları nəzərə alınmalıdır.

Prezident İlham Əliyev gənclərlə bağlı proqram qəbul edib. Bu proqram bütün gənclərin problemlərini əhatə edir hər kəsi nəzərdə saxlayır. Proqram artıq yekunlaşıb. İnanıram ki, bu proqramın yüksək perspektivləri olacaq tezliklə hər birimiz bunun xeyrini görəcəyik. Bu proqramdan bütün gənclər, hətta bu gün küçələrdə hansısa qüvvələrin alətinə çevrilənlər bəhrələnəcək. Çünki, bugün iqtidarda olan YAP ölkə vətəndaşlarına fərq qoymur.

-Qarşıda hansı işləri həyata keçirməyi planlaşdırırsınız?

-Payızda böyük bir tədbirin təşkilini nəzərdə tutmuşuq. Bu tədbir Avrasiya gənclərinin Bakı toplantısı olacaq. Bütün Avropa, Asiya ölkələrində iqtidarda olan gəncləri dəvət etməyi nəzərdə tuturuq. Bu tədbirdə gənclərlə bağlı bir çox qərarlar hazırlamışıq. Gənclərin inteqrasiyanı, beynəlxalq əlaqələrin genişləndirilməsi, bir çox istiqamətdə layihələrimiz olacaq. Bizim yeni bir layihəmiz var. Bu layihə çərçivəsində yay məktəbləri təşkil edəcəyik. Bu məktəblərə region gənclərini cəlb etməyi düşünürük. Ən azı məktəblərə cəlb olunanların yarısı regionlardan gələn gənclər olacaq. Məqsədimiz bütün ölkə gənclərini yaxınlaşdırmaq, onları milli maraqlar naminə mübarizəyə sövq etmək, eyni zamanda onlar arasında körpü yaratmaqdır. Bu məktəblər Azərbaycanın gözəl güşələrindən olan Lerikin, Qəbələnin digər istirahət zonalarının ən elit məkanlarında təşkil ediləcək. 5 gün davam edəcək məktəblərə cəlb edilən gənclərin bütün məsrəfləri partiya tərəfindən qarşılanacaq. Bu cür xoş bir layihəni partiyamız öz hesabına həyata keçirir. 

 

 

Asif NƏRIMANLI

 

Paritet.- 2011.- 25-29 iyun.- S.7.