“2012-ci ildə Azərbaycanımızı
daha çox tanıdacağıq, inşallah...“
Xatirə Sərdarqızı:
“İnanıram ki, bu gündən sonra “Qürbətdən Vətənə”
verilişi bütün qürbətdə yaşayan azərilərin
səsi olacaq...“
Budəfəki müsahibimiz həmkarımızdır. Xatirə Sərdarqızı, onu televizayadan
tanımamış olmazsınız.
O, Dövlət Mədəniyyət
və İncəsənət Universitetini bitirib. İxtisasca rejissordur. Televiziyada ilk əmək fəaliyyətinə
ABA-da rejissor kimi başlayıb. Daha sonra “Lider”, ANS, “Xəzər” televiziyalarında
çalışıb. İlk olaraq aparıcı jurnalist kimi
ANS də “İç xəbər” verlişində fəaliyyətə
başlayıb. Fəaliyyətini
bir müddət Türkiyədə də davam etdirib. Əvvəlcə “Kanal-7” də,
sonra TMC şirkətinin istehsalı olan “Min bir gecə” tele
serialında işləyib.
Hazırda ailə vəziyyəti ilə bağlı
olaraq Hollandiyanın Deventer şəhərində
yaşayır.
-Xatirə xanım, jurnalistika elə
sahədir ki, ora gəldin sonra getmək bir az çətin məsələdir. O baxımdan jurnalistikadan sarı darıxmırsınız
ki?
-
İnanın ki, çox darıxırdım. Ən son 2009-cu
ildə Xəzər TV də aparıcı olmuşdum. O zamandan indiyə kimi uzaq
idim işimdən. Amma artıq həsrətimə son
verdim. Avropa. az radiosu ilə birgə layihə
hazırladıq və ilk efirimiz iyunun 21-də
yayımlandı. “Qürbətdən
Vətənə” adlı verlişlə artıq həftənin
tək günləri Bakı vaxtı ilə saat 21:00-dan
qürbətdən Vətənə səslənirəm.
Buradan, Hollandiyanın Deventer şəhərindəki
studiyamızdan qoşuluruq efirə. İnanıram ki, bu
gündən sonra bu veriliş bütün qürbətdə
yaşayan azərilərin səsi olacaq.
-
Özünüzü orada yenə də televiziya sahəsində
sınamaq istəmirsinizmi?
- İnşallah gələcək
üçün elə bir planım və arzum var. Çünki burada televiziya sahəsində
işləyə bilməyim üçün yenidən
oxumağım lazımdır. Hələki Avropa. az radiosu ilə
əməkdaşlıq eləyəcəm. Buradan səslənəcəm
xalqıma, daha sonrasına inşallah baxarıq.
-
Teleaparıcı kimi Azərbaycan televiziyalarının
bugünki durumunu kənardan necə görürsünüz?
- Vallah,
düzünü deyim, çox təəssüf ki,
televiziyalarımızın durumu kənardan acınacaqlı
görünür. Niyə? Çünki çox bayagı
verlişlər var efirdə. Məncə reklam xatirinə bu qədər
ucuzlaşıb tamaşaçıların da
zövqünü korlamağa haqqımız yoxdur. Çox
nadir hallarda Azərbaycan kanallarına baxanda inanın ki, ürəyim
ağrıyır. Elə aparıcılarımızı, elə
verilişlər aparan görürəm ki, hətta şoka
düşürəm. Bəlkə məni qınayacaqlar, amma
bu kənardan görünən həqiqətdir.
-Bizim
elə əsas nöqsanımız odur ki, özümüzə
kənardan baxa bilmirik...
- Bəli, çox qəribə olsa
da həqiqətlərimizi, nöqsanlarımızı kənardan
görürük. İnsan içində olduğu problemi
anlaya bilmir. Onun üçün də həmişə
başqasına məsləhət vermək daha asan olur.
Yaşadığımız şəhərin problemlərini
içində olduğumuz cəmiyyətin
nöqsanlarını görmək bizə çətindir. Təəssüf
ki, bu belədir.
- Sizcə,
bunun üçün gərək elə gedib hansısa
ölkədən baxaq özümüzə? Bu problemi elə
daxildə həll etmək olmazmı?
- Bəlkə də olar, amma
yaxşıları görəndə pislər daha çox
gözə batır. Bəlkə
də onun üçün belədir. Biz, qürbətdə
yaşayan azərilər nöqsanları daha çox
görürük, amma bu o demək deyil ki, biz hər şeyi
pisləyiriksə, artıq Vətəni bəyənmirik, ya da
sevmirik. Əsla, bu belə deyil.
Əksinə, biz başqa ölkədə yaxşı
şeylər görüb təəssüflənirik ki,
axı, bizdə də istəsək bundan yaxşı olar,
amma istəmirik. Problem də elə budur, istəmirik. Tənbəlik...
Üzərimizdə işləmirik, yaxşı xüsusiyyətləri
həyatımızda tətbiq eləməyə ərinirik.
-Bir
jurnalist olaraq Niderlandda Siz, hansı Azərbaycan diaspor KİV-i
ilə əməkdaşlıq edirsiniz?
- Yenə
də təəssüf ki, yox.
Çünki bir neçə dəfə burada fəaliyyət
göstərən Azərbaycan cəmiyyətləri ilə əlaqə
saxlamağa çalışsam da, ya heç kimi
tapmamışam yerində, ya da telefonu sadəcə
qaldıran olmayıb. Amma inanıram ki, mən nə vaxtsa
onlarla sıx əməkdaşlıq eləməyə nail
olacam. İnşallah...
-Sizcə,
diaspor KİV-lərimiz öz səsini lazımi nöqtələrə çatdıra bilirmi?
- Məncə,
yox. Ümumiyyətlə, xaricdə fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları haqqında yalnız hər
hansısa bir ya matəm, ya da bayram günündə tədbir
keçirərlərsə eşidirik.
-Ümumiyyətlə, Avropada Azərbaycan
diasporunun çap və elektron mediasının fəaliyyətini
necə şərh edərdiniz?
- Sizə
bir söz deyim. Siz buraxın
diasporun elektron mediasını, Səfirliklərimizin də rəsmi
saytlarında heç vaxt lazımi məlumatı əldə
eləmək mümkün deyil. Sizə elemantar misal çəkim. Bu yaxınlarda mən Bakıda
olanda Milli Məclisdə Avropa vətəndaşlarının
Azərbaycan vizası almalarını asanlaşdırmaq
üçün onlayn viza almaq sisteminin yaradılması
müzakirə olundu. İyun
ayının 1-dən bu qərarın qüvvəyə minəcəyini
eşitdim. Amma gəl ki, bu barədə səfirliyin rəsmi
saytında hələ də heç bir məlumat yoxdur.
- Azərbaycanda
TV sahəsində əldə etdiyiniz təcrübə orada “işə” yaradı, yoxsa hər
şeyi sıfırdan başlamalı oldunuz?
- Burada nə
bizim diplomlar, nə də iş təcrübəmiz keçərli
deyil. Bizim diplomla sadəcə burada yenidən hər hansı
universitetdə oxumaq imkanı əldə edə bilərsiniz.
-Yəqin
ki, Azərbaycan jurnalistikasının Qərbdə mövqeyi
barədə bir söz demək hələ tezdir?
- Azərbaycan
jurnalistikasının burada mövqeyi barədə heç bir
məlumat yoxdur. Buraxın bizim jurnalistikanı, hətta Azərbaycanın
xəritədə yerini göstərə biləni çox az
tapmaq olar. Bu yaxınlarda internetdə bir süjetə rast gəldik.
Buranın RTL1 kanalının bir jurnalisti bir neçə il əvvəl
Bakıya televiziyalardan birinə çəkilişə gedir.
Bizim oradaki televiziya rəhbərliyi “sağ olsunlar”onu elə təəssüratlarla
yola salırlar ki, Azərbaycan televiziyası haqqında neqativ
bir fikir formalaşıb o jurnalistdə. Əvvəla, onu hava limanından
teleşirkətə aparan sürücü bütün yolu
“avtoşluq” eləyib. O,
görüntünün kadr arxasındakı səsdə deyir
ki, həyatı üçün çox təhlükəli
bir yola çıxıb. Yanına getdiyi teleşirkətin xəbər
aparıcısı da xarici jurnalist qonağı son gün elə
bir yerdə yeməyə aparır ki, yazıq zəhərlənməmək
üçün dua eləyir.
Sözün qısası odur ki, Azərbaycanımız
çox gözəldir, sadəcə, biz onu olduğu kimi
tanıda bilmirik.
-
Deyirsiniz ki, orada Azərbaycanın xəritədə yerini
göstərə biləni çox az tapmaq olar. Bəs, “Avroviziya-2011” qələbəsindən
sonra hollandlarda Azərbaycan haqqında hansı fikir yarandı?
- Mənim
bu ifadəm Azərbaycanın, ümumiyyətlə tanınmadığı
mənasına gəlməsin.
Siyasi aləmdə təbii ki, yetərincə
tanınır Azərbaycan. Mən
sıravi insanlar arasında tanınmadığını nəzərdə
tuturam. “Avroviziya” yarışmasına gəldikdə
isə, burada o qədər də böyük maraq olmadı bu
il. Çünki Hollandiya iştirak eləmədiyi
üçün baxanların sayı da az oldu, məncə. Amma yarışmadan sonra holland
kanallarında telefon operatorlarından birinin reklamında Azərbaycanın
adı çəkildi və artıq o reklam bütün
kanallarda yayımlanır. Bu il iyunun 14-ü isə
Rotterdamda Bakı küçəsinin
təntənəli açılış mərasimi
keçirildi. Məncə,
2012-ci ildə daha çox tanıdacağıq Azərbaycanımızı,
inşallah...
-Qərb,
Rusiya, Türkiyə- Azərbaycan TV-ləri bunlardan
hansını daha çox təkrarlayır?
- Daha çox Türkiyəni təkrarlayırıq,
özü də biabırcasına.
Türkiyə isə əsasən Avropa telekanallardakı
çox böyük yarışma proqramlarının
Türkiyə variantlarını eləyir. Amma oğurluq yox, məhz
lesenziyalı icazə ilə. Türkiyə kanallarının
hamısında efirə gedən böyük miqyaslı
yarışma proqramları (Məsələn, “Master Şef”,
“Varmısın, yoxmusun”, “Surviver” kimi verlişlər) məhz
Hollandiyanın çox tanınmış media
patronları Con de Mol və Cop van der Endenin layihələridir. Çox təəssüf eləyirəm
ki, bizim telekanallar belə böyük layihələrin icazəsini
alıb öz efirini zənginləşdirmək yerinə,
çox bayağı verlişləri oğurlayıb biyabırçı
şəkildə tamaşaçının zövqünü
korlayırlar. . .
-Hollandlar televiziyada daha çox nəyə
baxmağı sevirlər?
-
Hollandlar, ümumiyyətlə, vaxtlarının çoxunu evdə
keçirməyi xoşladığı üçün
televizora da çox baxırlar. Daha çox tok-şou tipli
verlişlərə baxmağı xoşlayırlar. Kanallarda səviyyəli
yarışmalar çoxdur. Sənədli filmlər,
araşdırma proqramları,ictimai-siyasi verlişlər,
xüsusən də miqrantların yaşayış tərzindən
bəhs eləyən verilişlər çox olur. Amma hər
nə olsa, hansı tip verliş hazırlasalar çox səviyyəli
və professional eləyirlər.
- Sizcə,
bunun qürbətdə, yoxsa Vətəndə olmasına
görə fərqi var?
-
Ümumiyyətlə, mənim üçün fərq eləmir
harada. Çünki, həyat
bir gündür, o da bu gündür. Harada olsam da bu həyatı
bir dəfə yaşayıram. Mənim üçün hər
gecə sondur, hər səhər başlanğıc...
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 25-29 iyun.- S.9.