Tatarıstandakı soydaşlarımız Kazanda Azərbaycanın baş konsulluğunun açılmasını istəyirlər

 

Elmira Axundova: “Diasporumuz Tatarıstanda çox güclü mövqelərə malikdir”

 

Ötən həftə Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasının səyyar iclası keçirilib. İclasda MDB-nin 10 ölkəsinin ali qanunvericilik orqanlarının nümayəndələri, Rusiya və Ukraynanın qanunvericilik sahəsində tanınmış mütəxəssisləri iştirak ediblər.  Xatırladaq ki, MDB Parlamentlərarası Assambleyasının baş qərərgahı Sankt-Peterburq şəhərində yerləşir. Azərbaycan burada 19 ilə yaxındır ki, təmsil olunur. Assambleyanın müxtəlif daimi komissiyaları fəaliyyət göstərir. Bunlardan ən geniş sahəlilərindən biri də Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasıdır. Bu komissiyanın Tatarıstan Muxtar Respublikasının Dövlət Şurasının  binasında keçirilən iclasında Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundova yekdilliklə komissiyanın sədr müavini seçilib. Bu haqda qəzetimizə Elmira Axundova məlumat verdi.

 

Komissiyanın səyyar iclası məhz E.Axundovanın sədrliyi ilə keçirilib. Parlamentarilər MDB iştirakçıları üçün vahid informasiya məcəlləsinin layihəsini müzakirə ediblər. İclasın proqramında “İdman hazırlığı haqqında”, “Texno parklar haqqında”, “Mədəni irs obyektləri haqqında” modul qanunların layihələrinə də baxılıb. Eyni zamanda MDB ölkələrinin qanunvericiliklərinin harmonizasiyası və yaxınlaşdırılması məsələləri müzakirə olunub.

Söhbət əsnasında E.Axundova müzakirə olunan qanunlar arasında “Texno parklar haqqında” qanunun əhəmiyyətindən də danışdı. Onun fikrincə, belə model qanun bizə vacibdir: “Bu, yeni bir layihədir. Çox maraqlı qurumlardır. Bu, nanotexnologiyaları inkişaf etdirən parklardır. Azərbaycanda hələ yoxdur. Amma Ukraynada, Rusiyada var. Mən xahiş etdim ki, qanun yenidən işləndikdən sonra bizə göndərilsin. Mən onu Milli Məclisin müvafiq komissiyasına təqdim edəcəm ki, bizdə belə bir parklar olsa, buna uyğun model qanun qəbul edək”.

 

“MDB Parlamentlərarası Assambleyasında bizim dostlarımız daha çoxdur”

 

Komissiyada artıq rəhbərlikdə təmsil olunan E.Axundova öz sözünü deyə bilməsi üçün imkanlarının daha da artdığını bildirdi: “Əgər görsəm ki, hər hansı məsələ bizim milli maraqlarımıza qarşıdırsa, mən öz səsimi qaldıracağam. Yeri gəlmişkən, belə hal bir neçə dəfə olub və mən öz etirazımı etmişəm. Biz milli maraqlarımız baxımında həmişə hər yerdə çıxış etmişik. Bizim parlamentarilər müxtəlif beynəlxalq təşkilatlarda çox aktivdirlər. Dostlarımız da var, düşmənlərimiz də var. Başqa assambleyalardan fərqli olaraq burada bizim dostlarımız daha çoxdur. Çünki burada həm də türkdilli dövlətlər çoxdur. Onlar bizi daimi dəstəkləyirlər”.

Qeyd edək ki, bütün bu qanunların müzakirəsi zamanı Milli Məclisin təklif və qeydləri qəbul olunub. E.Axundovanın tövsiyəsi ilə “Əqli mülkiyyət haqqında qlossari” (əqli mülkiyyət sahəsində mövcud olan anlayışlar haqqında ensiklopedik məlumat kitabçası) yenidən işlənmək üçün mütəxəssislərə göndərilib və bu sənədin müzakirəsi və qəbulu payız iclasına keçirilib. E.Axundova öz fikrini bununla əsaslandırıb ki, həmin sənədin işlənməsində əsasən Rusiya və Ukraynanın qanunvericiliyinə istinad olunub, halbuki Qazaxstan, Belarusiya və Azərbaycanda da bu sahədə son illərdə mühüm təcrübə toplanıb və həmin ölkələrin təcrübələrinin də bu mühüm sənəddə əks olunmasını təklif edib. Təklif komissiyanın üzvləri tərəfindən yekdilliklə qəbul olunub. O bildirdi ki, toplantıda bir sıra model qanunlar qəbul olunub və MDB Parlamentlərarası Assambleyasının plenar iclasına tövsiyə edilib.

Bundan başqa Birlik ölkələrinin nümayəndələri Tatarıstanın minillik paytaxtını gəziblər, Kazan Kremlində - YUNESKO-nun abidəsində, Qul Şərif məscidində və XVI əsrdə yaradılan Blaqoveşinsk pravoslav kilsəsində olublar. Parlamentlər qarşıdakı XXVII Ümumdünya Tələbə Oyunlarının idman obyektlərinə - Tennis Akademiyasına, “Burevestnik” üzgüçülük hovuzuna, Universiada kəndinə də baş çəkiblər. Ayrıca E.Axundova və Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov Tatarıstandakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş də keçiriblər.

Görüş zamanı Azərbaycanda gedən müsbət iqtisadi, siyasi, mədəni inkişafdan geniş söhbət açılıb. “Diaspor məsələsi hamımızı daimi düşündürür” deyən E.Axundovanın sözlərinə görə, deputatlar, icra strukturlarının nümayəndələri hara getsələr çalışırlar ki, diasporumuzla görüşsünlər. “Bilirik ki, vəziyyət hər yerdə heç də qənaətbəxş deyil” deyə o əlavə etdi.

 

Tatarıstandakı diasporumuz Vətənlə də əlaqələrini kəsmirlər

 

Amma buna baxmayaraq millət vəkili Tatarıstanda bizim diasporun çox güclü olduğunu bildirdi: “Mənə dedilər ki, Tatarıstanda qeyri-rəsmi statistikaya görə 80 minə yaxın azərbaycanlı yaşayır. Onların arasında neftçilər, müəllimlər, mühəndislər və s. ixtisas sahibləri var. Bunların çoxu sovet vaxtı ora gedənlərdir. Bəziləri də gedib orada təhsil alandan sonra qalıb yaşayıblar. Bəziləri isə ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda qarışıqlıq olanda gediblər. Ümumi olaraq diasporumuz orada çox güclü mövqelərə malikdir. Diaspor nümayəndələri Tatarıstanın ictimai və iqtisadi həyatında mühüm rol oynayırlar. Onlar dövlət qurumlarında, istehsalat sahəsində və biznesdə yüksək səviyyədə təmsil olunurlar. Tatarıstanın dövlət orqanları, o cümlədən parlamentlə sıx əməkdaşlıq edirlər”.  “Azərbaycan” adlı diaspor təşkilatının rəhbərliyi Tatarıstanın tanınmış hüquqşünası Ziyafət Qasımova həvalə olunduqdan sonra qurumun işində müsbət dəyişikliklər yaranıb: “Əvvəllər orada diasporumuzun həmrəyliyi olmayıb. Hərə bir tərəfə çəkirmiş. İndi burada mərkəzləşmə gedir. Z.Qasımov orada çox böyük iş görür”. Qeyd olunub ki, “Azərbaycan”  Cəmiyyəti digər şəhərlərdəki diaspor qurumları, xüsusən də Ümumrusiya Azərbaycanlıları Konqresi ilə əlaqə saxlayır. Onlar eyni zamanda Vətənlə də əlaqələrini kəsmədiklərini, daimi olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etdiklərini söyləyiblər.  Görüş zamanı bildirilib ki, yaxın aylarda Tatarıstan dövləti tərəfindən tikilən möhtəşəm Dostluq Sarayı adında bina istifadəyə veriləcək və Tatarıstanda təmsil olunan bütün diaspor təşkilatlarına orada geniş ofislər veriləcək. Azərbaycan nümayəndə heyətinin üzvləri söz veriblər ki, bu ofisi lazımi təbliğat materialları ilə təmin edəcəklər.

Həmsöhbətimiz oradakı diasporumuzun əsas narahatçılıqlarından birinin inteqrasiya məsələsi olduğunu qeyd etdi: “Onların uşaqları can atırlar ki, Bakıya qayıtsınlar. Bizimlə maraqlanırlar ki, burada iş yeri olacaq, ya yox. İstəyirlər ki, övladları Azərbaycanda hər hansı bir işlə məşğul olsunlar. Çoxu eşidir ki, bizdə inkişaf var, ona görə istəyirlər Vətənə gəlsinlər. Niyə də qayıtmasınlar? Məncə, belə insanlara miqrasiya məsələsində bir az güzəştlər etmək olar”.

O, Tatarıstandakı soydaşlarımızda Vətən sevgisinin çox güclü olduğunu müşahidə edib: “Onlar Dağlıq Qarabağ münaqişəsi ilə çox maraqlanırdılar. Hamısı bir ağızdan deyirdilər ki, məsələ sülh yolu ilə həll olunmasa və müharibə başlasa Vətənə qayıdıb,  vuruşmağa hazırdırlar. Mən onlarda güclü vətənpərvərlik, döyüşkənlik gördüm. Çox xahiş etdilər ki, onların Vətənin müdafiəsinə qalxmağa həmişə hazır olduqlarını həm dövlət rəhbərliyinə, həm parlamentarilərimizə çatdırım”.

Onun sözlərinə görə, diasporumuz Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünü çox ümidlə gözləyirlər: “Orada hamı bu görüşdən danışırdı. Maraqlıdır ki, tək azərbaycanlılar deyil, həmsöhbət olduğumuz Tatarıstan rəsmilərinin hamısı bu görüşdən danışırdı. Hamı Kazan görüşdən nəsə gözləyir və bunun müsbət nəticələnməsini arzulayır”. Milli Məclisin üzvü Kazan şəhərində, ümumiyyətlə, canlanmanın şahidi olub. Kazanda bu görüşə çox ciddi hazırlıq getdiyini bildirən E.Axundova bütün küçə və bunların abadlaşdırıldığını qeyd etdi: “Eyni zamanda onlarda “Sabantuy” bayramı yaxınlaşır. Bu bayrama da hazırlıq gedir”.

Diasporumuzun millət vəkilinə dediyinə görə, Azərbaycan Prezidentinin onlarla görüşü də gözlənilir: “Prezidentlərin görüşü ərəfəsində çıdır olacaq. Çıdırda Prezidentlər də iştirak edəcəklər. Orada hər bir milli azlıq bir pavilyon açacaq. Bizim azərbaycanlılara da orada yer veriblər. Burada milli mətbəximiz, xalçaçılıq sənətimiz, folklorumuz nümayiş olunacaq. Z.Qasımov dedi ki, bunu yüksək səviyyədə təşkil edəcəklər və istəyirlər ki, Prezidentimiz də gəlsin onlarla görüşsün”.                             

Millət vəkilinin fikrincə, gələcəkdə Tatarıstanla əlaqələr daha da gücləndirilməlidir: “Çünki Rusiyada tatarlar sayca ikinci millətdir. Onlar bizə ruhən də, dil baxımdan da çox yaxındırlar. Biz bir-birimizi tərcüməsiz də başa düşürdük”.

 

“Gələcəkdə Kazanda ayrıca Azərbaycan məktəbi açmaq olar”

 

Diasporumuzu orada əsasən iki məsələ narahat edir və bunun da həll olunması üçün kömək etməsini E.Axundovadan xahiş ediblər: “Onlar iki məsələ qaldırdılar. Bir, Bakı-Kazan və ya Kazan-Lənkəran aviareysinin açılmasını istəyirlər. Çünki Bakıdan Kazana birbaşa təyyarə marşurutu yoxdur. Onlar təyyarə ilə Azərbaycana gəlmək üçün gərək gedələr Moskvaya, oradan da Bakıya uçalar. Azərbaycan diasporu Tatarıstanda əsasən cənub zonasından gedənlərdən ibarətdir. Düzdür, digər bölgələrdən də var, amma cənub zonasından orada yaşayanlar daha çoxdur. Buna görə Lənkəran-Kazan təyyarə reysinin açılmasını da istəyirlər”.

Bir də Tatarıstandakı soydaşlarımız Kazanda Azərbaycanın baş konsulluğunun açılmasını xahiş ediblər: “İndi bilirsiniz ki, Rusiyada Azərbaycanın baş konsulluqları açılır. Mütləq lazımdır ki, biz Tatarıstanda bunu açaq. Bununla böyük bir Volqaboyu region onların nəzarətindən ola bilər. Çünki Kazanda Türkiyə və İranın nümayəndəlikləri var”.

Soydaşlarımız Tatarıstanda bütün milli bayramlarımıza qeyd etdiklərini də bildiriblər. Eyni zamanda 20 Yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımı günləri ilə bağlı anım mərasimləri keçirdiklərini xatırladıblar.  Diasporun “Odlar yurdu” adında öz qəzeti nəşr olunur, eləcə də özlərinin musiqi ansamblı və azərbaycanlı uşaqlar üçün “Bazar günü məktəbi” fəaliyyət göstərir. E.Axundovanın fikrincə, gələcəkdə orada ayrıca Azərbaycan məktəbi də açmaq olar: “Moskvada, Ulyanovskda belə məktəb açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu istiqamətdə çox böyük işlər görürür və bu proses davam edir. Baş konsulluq yaradılsa bir neçə ilə biz Azərbaycan məktəbini də aça bilərik. Buna da onların intellektual qüvvələri var. Çünki orada Azərbaycandan gedən müəllimlərimiz, yazıçılarımız, şairlərimiz çoxdur. Təsəvvür edin mən orada bir neçə yazıçı və şairlə görüşdüm. Sadəcə, məktəbi açmaq üçün vəsait lazımdır. Kazanda bu məktəbin açılması hökmən lazımdır. Bu açılsa, bəlkə tatar uşaqları da gəlib bizim Azərbaycan uşaqları ilə oxuyacaqlar”.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-25-29 iyun.- S.8.