“Qurultaya təkliflərlə gəlirik”
Kəmalə Şiriyeva:
“Hər bir xarici ölkədə Qarabağ cəmiyyəti və onun büdcəsi
yaradılsın”
Dünya
Azərbaycanlılarının III
Qurultayına sayılı günlər qalıb.
Hazırda dünyanın müxtəlif ölkələrinə
səpələnmiş həmvətənlərimiz doğma diyarlarına
axışmaqdadır. Vətəni müxtəlif səbəblərdən
tərk etsələr də, onları yalnız bir məqsəd
birləşdirir: Vahid, bölünməz, qüdrətli Azərbaycan
ətrafında sıx birləşib, onun daha da güclənməsinə
töfhə vermək. Bu baxımdan keçirilməsi nəzərdə
tutulan qurultay Azərbaycan diasporunun əlaqələndirilib,
eyni mövqedən çıxış etməsinin təşkili
üçün çox mühüm hadisədir. Qürbətdə
yaşayan həmvətənlərimizin vətənə
hansı əhval-ruhiyyədə gəldiyini öyrənmək
üçün ilk olaraq Kanadada fəaliyyət göstərən
azərbaycanlı icmasının birləşdirən təşkilatlardan
birinin rəhbərliyinə bir neçə sual
ünvanladıq. Müsahibim
Kanadada Azəri Türk Assosasiyasının sədri Kəmalə
Şiriyevadır. Onun rəhbərlik etdiyi cəmiyyət
artıq 5 ildir ki, Kanadanın Ontario əyalətinin London
şəhərində uğurla fəaliyyət göstərir.
-Kəmalə
xanım, qurultay qabağı yaşadığınız
ölkədə fəaliyyət
göstərən Azərbaycan diasporunda əhval-ruhiyyə necədir?
-Təbii ki, əhvali-ruhiyyəmiz
çox gözəldir. Bu il həm də dövlətimizin müstəqilliyinin
20-ci ildönümüdür. Mayın 28-də Kanadada Azərbaycan
Demokratik Respublikasının milli gününü
böyük təmtəraqla qeyd etdik. Erməni yalanlarına
qarşı da qətiyyətlə mübarizə
aparırıq. 10-13 İyun tarixlərində Torontoda
Türkiyə konsulluğunun qarşısında Erməni Gənclər
Federasiyası piket təşkil etdi. Buna cavab olaraq türk və
azəri cəmiyyətləri möhtəşəm mitinq
keçirdilər. İnsanlar əllərində erməni
yalanlarını, Dağlıq Qarabağ problemini, Xocalı
faciəsini əks etdirən plakatlar tutmuşdular və
şüarlar səsləndirirdilər. Ermənilərlə müqayisədə
say çoxluğumuz və mütəşəkkil təşkilat
işləri müvəffəqiyyətli
uğurlarımızdan biri kimi qiymətləndirilə bilər.
Bu isə təbii ki, əhvali-ruhiyyəmizin daim yüksək
olmasına səbəb olur.
-Qurultaya
hansı təkliflərlə gəlirsiniz? Sizcə bu Azərbaycan
Diasporuna nə verəcək?
-Təbii ki, təkliflərimiz olacaq.
Bizim fikrimizcə gələcəkdə Azərbaycanda
keçiriləcək qurultaylara xarici ölkələrdən
qonaqların dəvət olunması daha yaxşı olardı.
Düşünürəm ki, xarici ölkələrdə
yaşayan və ictimai-siyasi aləmdə tanınmış
şəxslərin Azərbaycanda dövlət səviyyəsində
keçirilən konfranslara, elmi-ictimai təbdirlərə dəvət
olunması və onların Azərbaycan ictimai-siyasi həyatına
bilavasitə inteqrasiyası gələcəkdə Azərbaycan
naminə görəcəyimiz işlərə bilavasitə
kömək etmiş olacaq.
Bundan əlavə təklif edirik ki, hər
bir xarici ölkədə Qarabağ cəmiyyəti və onun
büdcəsi yaradılsın. Həmin ölkədə
yaşayan azərbaycanlılar əmək haqqlarının ən
azı 1 faizini könüllü surətdə həmin
büdcəyə köçürsün. Bu əməlin
xaricdə yaşayan hər bir ailənin, xüsusən də
gənc nəslin ictimai, siyasi və psixoloji inkişafına əhəmiyyətli
təsir göstərəcəyini güman edirik. Eyni zamanda azərbaycanlı
gənc tələbələrin Kanadada təhsil alması, ən
vacib vəzifələrdən biri hesab olunmalıdır. Son
zamanlar bu sahədə kifayət qədər uğurlu işlər
görülüb. Əgər bu tələbələr təhsil
almağa dövlət xətti ilə gəlirlərsə,
onların elmi səviyyəsi ilə bərabər ictimai
işlərdə nümayiş etdirəcəkləri fəallıqları
da çox lazım olacaq. Bu baxımdan gələcəkdə
Kanadada təhsil alan həmvətənlərimizin təhsil
alma imkanlarının artırılması çox effektli nəticələrə
səbəb ola bilər.
-Hazırda
fəaliyyət göstərdiyiniz ölkədə həmvətənlərimizin
təşkilatlanması hansı səviyyədədir?
-Fikrimcə həmvətənlərimizin
təşkilatlanması yaxşı səviyyədədir.
Diasporlarda kifayət qədər fədəkar insanlar fəaliyyət
göstərir ki, onlar Azərbaycanın tanınması, həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması yolunda əllərindən
gələni əsirgəmirlər. Bizləri də bir-birimizə
məhz bu güc, qüvvə birləşdirir: Azərbaycan
deyilən məmləkətin adını yüksəkliklərə
ucaltmaq, xüsusən də Dağlıq Qarabağ probleminin
köklərini, Xocalı soyqırımı dünya səviyyəsində
tanıtdırmaqdır. Bu sahədə görüləcək
işlərimizin çox olması ilə yanaşı, bu
günə kimi gördüyümüz işlər də az
deyil.
Bir neçə il əvvəl
Kanadanın digər əyalət və şəhərlərində
fəaliyyət göstərən diaspor təşkilatlarının
bir araya gəlməsinə zərurət yaranmışdı.
Çünki pərakəndə halda göstərilən fəaliyyət
istənilən effekti vermirdi. Burada daha qlobal işlərin
görülməsi üçün, Dağlıq Qarabağ
problemi, qondarma erməni soyqırımı kampaniyasına
qarşı mübarizədə vahid qərar və qətnamələrin
birlikdə qəbul edilməsi çox vacib idi. Bu baxımdan
Kanadada fəaliyyət göstərən 10-dan artıq diaspor
təşkilatları birləşərək, “Kanada Azərbaycan
Təşkilatlar Assambleyası” adı altında mütəşəkkil
surətdə fəaliyyət göstərməyə başladı.
Assambleyada əsas məqsədimiz Kanada dövlətinin siyasi
həyatında Azərbaycanın mənafeyini yüksək səviyyədə
müdafiə etmək, daha əhəmiyyətli və vahid qərarlar
qəbul etmək, Azərbaycanın haqq işini və
sülhməramlı ədalətli mövqeyini yüksək səviyyədə
Kanada Federal Parlamentinin nəzərinə çatdırmaq,
parlament üzvləri, nazir və ictimai-siyasi işlər
üzrə məsul şəxslərlə
görüşlər təşkil etməkdir. Bu baxımdan
son beş ildə gördüyümüz işlər ölkəmiz
haqda müsbət imicin yaradılmasına çox kömək
edib.
-Bu
il nə kimi tədbirlər keçirmisiniz və gələcək
planlarınızda nələr var?
-Bu il Londondakı Ontario Qərb
Universitetində Türk-Azəri tələbə cəmiyyəti
yarandı. Hesab edirəm ki, bu gənclər müxtəlif
istiqamətlərdə konfranslar keçirməklə təbliğatımızı
genişləndirəcək və Azərbaycan siyasi problemlərini
Kanada ictimaiyyətinə çatdıra biləcəklər.
Düşünürəm ki, hansı ölkədə
yaşamağından asılı olmayaraq həmin ölkənin
ümummilli adət-ənənlərinə uyğun şəkildə
fəaliyyət göstərməlisən. Bu məqsədlə
bizim cəmiyyət Londonda fəaliyyət göstərən
xeyriyyəçi təşkilatlarla vaxtaşırı əlaqələr
yaradır və onların aksiyalarına qoşularaq bir
sıra uğurlara imza atmış olub. Bu da bilavasitə Azərbaycanın
tanınmasına kömək etmiş anlamına gəlir.
Başqa millətlərlə müqayisədə azərbaycanlıların
sayının hədsiz az olmasına baxmayaraq fəaliyyətimizlə
kifayət qədər özümüzü tanıda
bilmişik. Martın 26-da Assosiasiyanın xətti ilə Novruz
Mədəniyyət Festivalı keçirdik. Festivalın əsas
məqsədi Azərbaycanın başıbəlalı və
keşməkeşli tarixini, zəngin mədəniyyətini tədbir
iştirakçılarının diqqətinə
çatdırmaq idi və buna tam mənasında nail olduq.
Festivala kanadalılar- ictimai, siyasi, elmi sahələrdə
tanınan nümayəndələr dəvət olunmuşdu.
Kanadalı qonaqlar içərisində 5 parlament üzvü,
(Londonda yalnız 6 parlament üzvü fəaliyyət göstərir),
London şəhər bələdiyyə rəisi, siyasi elm
xadimləri və London ictimai təşkilatlarında
tanınmış şəxslər var idi. Bildiyiniz kimi,
mayın 2-də Kanadada seçkilər keçirildi. Cəmiyyət
adından seçkiqabağı kampaniyalarda fəal iştirak
etdik, könüllü müşahidəçi kimi
seçki məntəqələrinə yollandıq. Bununla
yanaşı Konservatorlar
Partiyası yenidən qalib gəldikləri
üçün Londonda parlament üzvləri ilə birgə
iş görmək və yeni proqramlar hazırlamaq istiqamətində
addımlar atılır. Kanadada azərbaycanlıların
sayının az olmasına baxmayaraq (cəmiyyətimizin əsas
hissəsini cənubi azərbaycanlılar təşkil edir)
Londonda keçirilən bütün tədbirlərə bizim
cəmiyyət də dəvət alır və biz burada öz
tariximizlə, mədəniyyətimizlə, ənənələrimizlə
bağlı sərgilər keçiririk.
Gələcək planlarımız təbii
ki, genişdir. Gördüyümüz işləri daha
geniş, mütəşəkkil səviyyədə davam
etdirmək, ictimai-siyasi işlərdə fəal olan
kanadalıları öz diasporumuza rəsmi üzv etmək
üzərində işləyirik.
-Azərbaycan
həqiqətlərinin yaşadığınız ölkənin
ictimaiyyətinə çatdırılmasında
qarşıya hansısa problemlər cıxırmı?
-Bildiyiniz kimi ermənilərlə
müqayisədə azərbaycanlıların Kanadada məskunlaşması
çox yaxın dövrlərə təsadüf edir. Burada
acı da olsa qondarma erməni soyqırımını hamı
tanıyır. İnsanlar bunun gerçəkdən də
baş verməsi ilə bağlı yalanlara inanırlar. Bunun
həqiqəti əks etdirmədiyini sübut etmək çox
çətindir. Qarşımıza problem çıxmasa da
çətinliklər heç də az deyil. Amma bu bizim daha
ciddi və səmərəli işlər görməyimizə
stimul yaradır. İnanırıq ki, gələcəkdə
Kanada cəmiyyətinə əsl həqiqəti anlada biləcəyik.
-Sizin
ölkədəki Azərbaycan diasporunun ictimai-siyasi proseslərə,
Azərbaycanla bağlı qərarların qəbul edilməsi
prosesinə təsir göstərə bilmək imkanı son
illər ərzində necə dəyişib? Təsir göstərə
bilirsinizmi?
-Keçirdiyimiz tədbirlərdə
kanadalıların dəvəti ön plana çəkildiyindən
bizim diaspora, “Kanadada Azəri-Türk Assosiasiyası” artıq
Londonda kifayət qədər tanınıb. Mayın 28-də
Azərbaycan bayrağının qaldırılmasının
mümkünsüz olması ilə bağlı cavabı
aldıqdan sonra Ontario vilayətinin digər bələdiyyə
rəisləri ilə əlaqə yaradaraq məlumat aldım və
London şəhərinin bayraq qaldırılma qərarının
digər şəhərlərdən fərqli olduğu
açıqlandı və gələcəkdə Londonda
bayraq qaldırma qərarı yenidən qüvvəyə minərsə,
o zaman Azərbaycan bayrağının ilk qaldırılan
bayraqlardan biri olacağı söylənildi. Fikirləşirəm
ki, bizim diaspor ictimai-siyasi proseslərə və Azərbaycanla
bağlı qərarların qəbul edilməsi prosesinə təsir
göstərmək imkanlarına malikdir.
-Dünya
Azərbaycanlılarının III Qurultayından gözləntiləriniz
nədir?
-Qurultaya ilk dəfədir ki,
qatılıram və ümid edirəm ki, Dünya Azərbaycanlıları
xüsusən də digər ölkələrdə yaşayan
diaspor təşkilatlarının nümayəndələri
ilə iş təcrübələrimi bölmək və
yeni-yeni iş planları hazırlayıb, həyata keçirmək
imkanı əldə edəcəyəm. Eyni zamanda Qarabağ
problemi ilə bağlı görüləcək işlərin
ciddi müzakirə olunacağına ümid edirəm.
Məhəmməd
TAĞIYEV
Paritet.-2011.-30
iyun.-S.9.