Paytaxtda nəqliyyat intelektual idarə ediləcək

 

Qərib Məmmədov: “2200 kv.km ərazidə nəqliyyatın intelektual idarə edilməsi üçün rəqəmli xəritələr hazırlanır

 

  “2010-cu ildə də 1370 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. Bundan 451 hal xəbərdarlıq edilməklə aradan qaldırılmış, 919 inzibati xəta halı ilə bağlı protokol tərtib edilərək, 43485 manat cərimə olunub. Cərimələrin 14046 manat ödənilib, 29439 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib. İnzibati xəta hallarının 2-si vəzifəli, 93-ü hüquqi və 1275-i isə fiziki şəxslər tərəfindən törədilib. Ötən ildə kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün (lisenziya alınmasına) təşkilatlar tərəfindən Komitəyə edilmiş 6 müraciət əsasında təqdim olunan sənədlər ekspertizadan keçirilməklə müvafiq komissiyanın qərarı ilə onlara lisenziya verilmiş və nəticədə dövlət büdcəsinə 6600 manat məbləğində vəsait ödənilib”.

Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yap.org.az saytına verdiyi müsahibəsində bildirib.  Onun sözlərinə görə, 2010-cu ildə 30398 vətəndaşın adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan və ölçü sənədləri hazırlanıb: “Bu günə kimi komitə tərəfindən 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada Şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanaraq təhvil verilib. Ötən il həmçinin Bakı və Sumqayıt şəhərləri üzrə fərdi yaşayış evi və bağ sahələrinə görə 4695 vətəndaşın adına plan və ölçü sənədləri hazırlanıb. 89 hektar ərazidə isə torpaqların ekologiyası və rekultivasiyası üzrə layihə-tədqiqat və 16 rayonda 26 bələdiyyənin mülkiyyətinə aid torpaqlar üzərində hüququ təsdiq edən sənədlərin verilməsi məqsədi ilə inventarlaşdırma işləri həyata keçirilib. 3 rayonda xüsusi mülkiyyətdə olan 8 min 061 hektar ərazidə kənd təsərrüfatına yararlı torpaqların meliorasiya tədbirlərinə ehtiyacını müəyyənləşdirmək üçün inventarlaşdırma işləri aparılıb”. Komitə sədri bildirib ki, ötən il respublikanın 23 rayonunun 40 yaşayış məntəqəsində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və 28 bələdiyyənin mülkiyyətinə aid torpaqların, habelə torpaq islahatı ilə bağlı və müxtəlif növlü təsərrüfat formaları üzrə 10714 ədəd texniki torpaq kadastrı sənədləri hazırlanıb. 8 rayonun 111 təsərrüfatının kadastr məlumatlarının ilkin vahid bazası yaradılıb”.

Komitə tərəfindən ölkədə aparılan torpaq islahatlarının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq, bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi istiqamətində də işlər görülüb. Komitə sədri müsahibəsində bildirib ki, parlament tərəfindən bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə Komitə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi, razılaşdırılması, sərhədlərin əsas döngə nöqtələrində mərz nişanlarının basdırılması və nəticəsinin xəritələşdirilərək Milli Məclisə təqdim edilməsi üçün zəruri tədbirlər görüb. Belə ki, bələdiyyələrin xəritələrinin hazırlanması məqsədilə zəruri olan və qanunvericilikdə nəzərdə tutulmuş bildiriş və aktların nümunələri komitənin 2010-cu il 7 iyun tarixli kollegiya iclasında təsdiqlənib: “Respublika üzrə mövcud 1959 inzibati ərazi dairəsindən və 4593 ərazi vahidindən 47 rayon üzrə 403 inzibati ərazi dairəsinin və 846 ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərz nişanlarının basdırılması və xəritələşdirilməsi işlərinə başlanılıb. 200 inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin Dövlət reyestrinin aparılması və onlara Şəhadətnamənin verilməsi məqsədi ilə xəritələri hazırlanıb, təsdiq edilərək digər sənədlərlə birlikdə Milli Məclisə təqdim olunub”.

Komitə tərəfindən geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir sıra mühüm işlər görüldüyü deyən Q.Məmmədov bidirib ki, ilk dəfə olaraq ölkə ərazisində 132 qravimetriya məntəqəsinin qurulması və müşahidəsi işləri həyata keçirilib ki, bunun da 37 qəbuledici stansiyadan biri olan mərkəzi idarəetmə sistemi Komitənin Dövlət Aerogeodeziya Müəssisəsinin əsas binasında quraşdırılıb: “1:1000 miqyaslı ortofoto xəritələrinin və 1:5000 miqyaslı xəritələrinin hazırlanması üçün nəzərdə tutulmuş aerofotoçəkiliş, ortofoto xəritələrinin peyk geodeziya çəkilişi və emalı işləri, habelə ölkə ərazisində qurulması nəzərdə tutulan daimi fəaliyyət göstərən peyk şəbəkəsinin 37 qəbuledici stansiyalarının tikintisi başa çatdırılıb”.

Komitə sədri bildirib ki, rəhbərlik etdiyi qurum Prezident İham Əliyevin bütün tapşırıqlarını qüsursuz olaraq yerinə yetirməyə çalışır: ”2010-cu ildə 23 rayonun ərazisində 1623809 ha sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri əsasında, şorlaşma və torpaq xəritələri tərtib edilib. Meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması ilə əlaqədar 2010-cu ildə 3 rayon üzrə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan 8061 ha torpaq sahəsi inventarlaşdırılıb”. Onun sözlərinə görə, 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində subasmaya məruz qalmış Sabirabad, Saatlı və İmişli rayonunun ərazilərində çöl tədqiqatı, torpaqların mülkiyyət növləri üzrə inventarlaşması və xəritələşdirilməsi işləri həyata keçirilərək, həmin torpaqların yaxşılaşdırılması məqsədilə Tədbirlər Planı hazırlanıb: “Eyni zamanda Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin müvafiq rayonların ərazilərində məskunlaşdırılması məqsədilə Prezidentin tapşırığına əsasən komitə öz üzərinə düşən torpaqayrılması ilə bağlı funksiyasını bu günə kimi yüksək səviyyədə yerinə yetirib. Belə ki, qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün 2010-cu ildə Abşeron, Ağcabədi, Göygöl, Beyləqan və Füzuli rayonlarını inzibati ərazisindən ümumilikdə 1582,8 ha torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi təmin edilib”.

Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinə gəlincə Q.Məmmədov bildirib ki, yaxın vaxtlarda DTXK-nin mütəxəssisləri tərəfindən Rusiyanın müvafiq idarəetmə orqanlarının mütəxəssisləri ilə birlikdə təsdiq olunmuş dövlət sərhəd xəttinin demarkasiyası işlərinə başlanılacaqdır. Sədrin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 300 km hissəsi razılaşdılıb: “Gürcüstanla sərhədin uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir. Hazırda sərhədin təxminən 300 km hissəsi hər iki tərəfin dövlət komissiyaları tərəfindən razılaşdırılıb. Sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir”.

Bakı şəhərinin 2200 kv.km ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün rəqəmsal xəritələr hazırlandığını deyən sədrin sözlərinə görə, xəritələr əsasında Bakı şəhərinın və Abşeron yarımadasının ərazilərində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir. Q.Məmmədov həmçinin Heydər Əliyev Fondu və DTXK Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılması və təbliğ olunmasına kömək etmək məqsədi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulub. Q.Məmmədov komitəinin korrupsiyaya qarşı apardığı işlər barəsində də bildirib: “2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və bu işlər üzrə görülən tədbirlərə dair hesabatın müəyyən olunmuş qaydada  Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına göndərilməsinin təmin edilməsi barədə müvafiq olaraq Komitədə yaradılmış Komissiyaya, aidiyyəti rəhbər vəzifəli şəxslərə və Komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə tapşırıqlar verilib. Komitənin əmri ilə yaradılmış 5 nəfər tərkibdən ibarət torpaq müsabiqə və hərrac komissiyalarında şəffaflığın təmin edilməsi məqsədi ilə yalnız 2 nəfər Komitə əməkdaşlarından, qalan 3 nəfərdən isə biri ictimaiyyət nümayəndəsindən, biri bələdiyyə assosiasiyalarının nümayəndələrindən, biri isə yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət oldu. Bildirmək istəyirəm ki, 2009-2010-cu illərdə 3000-ə yaxın müsabiqə və hərrac keçirilmiş, bu müsabiqə və hərraclarla bağlı vətəndaşlar tərəfindən yalnız 2 müraciət daxil olmuşdur ki, onlar da araşdırma zamanı öz təsdiqini tapmayıb”.

Q.Məmmədov hesab edir ki, xalqımızın gələcək rifah halının durmadan yaxşılaşması prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində öz müsbət həllini tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaq.

 

 

A.CƏLALOĞLU

 

Paritet.- 2011.- 1-2 mart.- S.9.