“Çalışırıq
ki, gələcəkdə
ölkəmizin təbliği istiqamətində
əlimizdən gələni edək”
Xarici
ölkələr arasında Amerika Birləşmiş
Ştatlarındakı diaspor təşkilatlarımız da
daimi öz aktivliyi ilə seçilirlər. Bu ölkədə
fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyası
(ANA) davamlı olaraq tədbirlər həyata keçirməklə
fəaliyyətlərini daha da genişləndirir. ANA sədri Əli
Nəsibov doxsanıncı illərdə bir alim kimi ABŞ-a dəvət
olunub və ailəsi birlikdə 1999-cu ildə Nyu-York şəhərinə
köçüb. O “Paritet”ə bildirdi ki, Nyu-York şəhərinə gəldiyi
ilk günlərdən burada
yaşayan azərbaycanlıları bir yerə toplayaraq öz
diasporumuzu yaratmaq arzusu ilə yaşayıb.
-Tarix
göstərir ki, azsaylı xalqlar çoxluq təşkil edən
digər xalqların arasında yaşadığı zaman bir
neçə nəsildən sonra onlar öz dillərini, mədəniyyətini,
tarixini unutmaq təhlükəsi ilə üzləşir. Adət-ənənələr
digər mədəniyyətlər arasında əriyir. Məhz
elə buna görə də bir neçə həmfikir olan azərbaycanlılarla
qərara gəldik ki, Nyu-York şəhərində bir Azərbaycan
cəmiyyəti yaradaq, burada yaşayan insanları bir araya
toplayaq, aktivləşdirək. Əl-ələ verərək
xalqımızın gözəl adət-ənənələrini,
zəngin mədəniyyətini, musiqisini, tarixini yaşadaq və
gələcək nəsillərə ötürək.
Beləliklə, 2005-ci ildə bu
arzumuzu həyata keçirə bildik və “dünyanın
paytaxtı” adlanan ABŞ-ın Nyu-York şəhərində
bizim ANA (Azərbaycan Nyu-York Assosiasiyası) cəmiyyəti
yarandı. Cəmiyyət yarandığı gündən
geniş fəaliyyətə başladı.
-
ANA tərəfindən hansı tədbirlər
reallaşdırılıb?
-
2005-ci il oktyabrın 18-də “Bazar günü” məktəbi
açdıq. Həftədə bir dəfə məktəbdə
dərslər keçirilir, ana dili, tariximiz, mədəniyyətimizlə
bağlı məlumat verilir. Hazırda məktəbdə tədris
işi ilə Nyu-Yorkda yaşayan Azərbaycan dili müəlliməsi
Münəvvər Vahabova məşğul olur. Orada yaşayan
Azərbaycanın əməkdar rəssamı həmin məktəbdə
uşaqlara dərs keçir və bu gün uşaqların
hamısı ölkəmizin “Qız qalası”nı simvol
olaraq çəkə bilərlər. Bununla biz uzaq ABŞ-da
yaşayan balalarımıza dilimizi, tariximizi öyrətmək,
onları vətənpərvərlik ruhunda tərbiyə etmək
istəyirik.
Bundan başqa assosiasiyamız tərəfindən
Amerika qitəsində ilk dəfə olaraq “İnternet-radio”
açılıb. Hal-hazırda bəzi səbəblərdən
radio öz fəaliyyətini dayandırıb. Ancaq ümid edirəm
ki, çox yaxın zamanlarda radiomuz öz işini davam etdirəcək.
Azərbaycanımızın zəngin və qədim mədəniyyətini
digər xalqların nümayəndələrinə
çatdırmaq məqsədilə cəmiyyətin nəzdində
“Soydaş” rəqs ansamblı yaradılıb. Ansamblın bədii
rəhbəri və quruluşçu rejissoru Azərbaycan
Respublikasının əməkdar artisti Telman Cəlilovdur.
Ansambl öz milli geyimləri, gözəl musiqi seçimi və
dəyərli ifası ilə artıq Azərbaycan mədəniyyətinin
təmsilçisinə çevrilib. Ansambl dəfələrlə
BMT-də Azərbaycan Nümayəndəliyinin, Türk Federasiyasının,
Cənubi Azərbaycan diasporunun və digər türkdilli
xalqların təşkil etdiyi tədbirləri öz
çıxışları ilə bəzəyib.
Çalışırıq
ki, burada yaşayan həmvətənlərimizi daha da fəallaşdıraraq
gənc Azərbaycan Respublikasının daxili və xarici siyasəti
ilə yaxından tanış edək. Onların dəstəyi
ilə doğma vətənimizin, dövlətimizin siyasətinə
bacardığımız köməkliyi göstərək.
Bu məqsədlə hər il Xocalı faciəsinin
ildönümündə Nyu-Yorkdakı erməni nümayəndəliyi
qarşısında, 20 Yanvar faciəsinin ildönümündə
BMT-nin önündə nümayişlər təşkil
edirik. Bu tədbirlərdə azərbaycanlılarla
yanaşı qardaş Turkiyə, Gürcüstan, Moldova,
Ukrayna və Orta Asiya xalqlarının nümayəndələri
də iştirak edirlər.
- Bəs, “Azerbaiyan review” qəzeti nə
vaxtdan fəaliyyət göstərir və burada hansı
mövzulara toxunulur?
-
“Azerbaiyan review” qəzeti
artıq üç ildir ki, buraxılır.
Qəzetin fəaliyyətinin
də məqsədi doğma Azərbaycanımız
haqda həqiqətləri,
Qarabağ dərdini,
20 Yanvar faciəsini, torpaqlarımızın işğal
altında olmasını
oxuculara çatdırmaqdır.
Azərbaycan mədəniyyəti,
incəsənəti, tarixi,
görkəmli şəxslər
haqqında verilən məqalələr hər
zaman oxucuların rəğbəti ilə qarşılanır.
Azərbaycanın BMT-dəki nümayəndəliyinin
başçısı hörmətli
səfir Aqşin Mehdiyevin məsləhətindən
sonra belə bir qərara gəldik ki, qəzet əsasən ingilis dilində buraxılsın və onun əksəriyyəti BMT-də digər xalqların nümayəndəliklərinə
çatdırılsın. Qəzetin əsas mövzuları Qarabağa
həsr olunur. Qarabağ tarixinə, ermənilərin Rusiya İmperiyasının əli
ilə İran və Türkiyədən
köçürülüb Azərbaycan torpaqlarında
yerləşdirilməsi və
Azərbaycan torpaqlarında
erməni dövləti
qurulması kimi məqalələrə daha
çox yer verilir.
Qəzetin 100 nüsxəsi Kaliforniyada yerləşən Azərbaycan
konsulluğuna, Vaşinqtonda
yerləşən Azərbaycan
səfirliyinə, ABŞ-ın
başqa ştatlarında
fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinə,
bizim cəmiyyət üzvlərinə və Nyu-York sakinlərinə pulsuz olaraq göndərilir.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, diaspor mətbuatımız
hələlik öz səsini tələb olunan yerlərə çatdıra bilməyib.
Bu barədə yeni layihələr yaranır və lazımi işlər görünür.
-
ABŞ-dakı türkdilli
diasporlar bir-birlərinə
necə dəstək göstərirlər?
-
ANA cəmiyyəti 2008-ci ildən
Türk Federasiyasının
üzvüdür. Bu federasiyada
40-dan çox turkdilli
xalqların cəmiyyəti
toplanıb. Bu cəmiyyətlərlə
biz daima sıx əməkdaşlıq edirik.
Birlikdə gördüyümüz
işlər əsasən
qondarma erməni soyqırımı, Qarabağ
müharibəsi, Xocalı
soyqırımı ilə
bağlı olan fəaliyyətimizdir. Türk
təşkilatları ilə
birlikdə ABŞ Konqresinə,
Senatına və dövlət nümayəndələrinə
məktublar hazırlayıb
göndəririk. Hər
il təşkil olunan möhtəşəm
Türk Yürüşündə
ANA cəmiyyəti də
çox fəal iştirak edir.
-
Digər diaspor təşkilatları ilə
əlaqələriniz necə
qurulub?
-
Hələlik Nyu-Yorkda
qeydiyyatda olan yeganə diaspor təşkilatı ANA-dır.
Hər il biz türklərlə birgə
aprelin 23-də Nyu-Yorkun
mərkəzi meydanı
olan “Times Square”də
(Tayms Skver) yalançı erməni soyqırımı ilə
bağlı tədbir
keçiririk. Orada yerləşən meydanda tarixə aid xronikalar təqdim olunur, çıxışlar edilir.
Bu çıxışlarda bizim diaspor daim
ən aktiv olub bayraqlarla, şüarlarla çıxışlar
edir. Broşürlər
hazırlanır və
tədbir zamanı maraqlanan vətəndaşlara
təqdim edilir. Eyni zamanda biz çox vaxt dağ yəhudiləri ilə birgə işləyirik. Hətta onlarla birgə 2009-cu ildə “Diaspor ölkələri necə
birləşdirir” mövzusunda
konfrans keçirdik. Yəhudilər hər bir tədbirdə bizi, biz də onları dəstəkləyirik.
Onlarla birgə məşhur bəstəkarımız
Q.Qarayevin, V.Mustafazadənin
yubileyinə həsr edilmiş konsert proqramı təşkil etdik. Bundan başqa
ilk dəfə Amerikada
yaşayan Azərbaycan
rəssamlarının sərgisini
keçirdik. Bu kimi tədbirlərlə çalışırıq
ki, gələcəkdə
ölkəmizin təbliği
istiqamətində əlimizdən
gələni edək.
-Erməni terrorizminin ifşa olunması, Azərbaycan həqiqətlərinin
ABŞ-da yayılması
istiqamətində hansı
layihələr həyata
keçirirsiniz?
-
Bildiyiniz kimi son aylarda Mətyü Brayzənin Azərbaycana səfir təyin olunması ilə bağlı yaranan söz-söhbətlərin məhz
ermənipərəst senatorlar
tərəfindən qızışdırılması
vəziyyəti xeyli kəskinləşdirmişdi. Bu məsələ ilə əlaqədar olaraq bizim cəmiyyətin üzvləri tərəfindən
Konqresə yüzlərlə
məktub göndərildi.
Bizim cəmiyyətin nümayəndələri Vaşinqtonda
konqresmenlərlə keçirilən
görüşlərdə fəal iştirak ediblər.
-
Bu gün orada yaşayan ermənilər azərbaycanlıların fəallaşmasını
necə qarşılayırlar?
-
Onlar buna görə çox narahatdırlar. Qeyd etdiyim kimi hər
il fevral ayının 26-da Ermənistanın
BMT-dəki nümayəndəliyinin
qarşısında Xocalı
soyqırımına həsr
edilən mitinq təşkil edirik. Polis tərəfindən verilən
icazə əsasında
iki saat davam edən bu aksiyada Xocalıda
məhv edilən insanların hamısının
adlarından ibarət
siyahı hazırlayırıq
və onu həmin nümayəndəliyin
qarşısından asırıq.
Oradan keçən hər kəsə göstəririk ki, bu bizim xalqımıza
qarşı törədilən
soyqırımdır. Ancaq
onlar doğru olmayan erməni “soyqırımı”nı dünyaya
çatdırmağa çalışırlar.
-
ANA-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri
hansı səviyyədədir?
-
Cəmiyyətimizin DİDK-si ilə də
əlaqəsi çox
yüksək səviyyədədir.
Cəmiyyətin nəzdində
fəaliyyət göstərən
məktəb üçün
dərsliklər, rəqs
ansamblı üçün
milli paltarlar və s. əldə olunmasında DİDK-nin böyük köməyi olub. Buna görə də DİDK-in rəhbərliyinə
və bütün işçilərinə dərin
minnətdarlığımı bildirirəm.
Onu da qeyd etməyi özümə
borc bilirəm ki, məhz DİDK-in sədri cənab Nazim
İbrahimovun təklifi ilə ANA cəmiyyəti Türk
Federasiyasına üzv olub. Amerika və Kanada şöbəsinin
müdiri cənab Cavanşir Vəliyev, şöbənin
işçisi Samir Mehdiyev və digər yoldaşlar Nyu-Yorkda
səfərdə olduqları zaman cəmiyyətimizdə
görüşlər təşkil edib, keçirdiyimiz tədbirlərdə
iştirak edib, məktəbin və rəqs ansamblının fəaliyyəti
ilə yaxından tanış olublar. Bu gün mənə
verilən imkandan istifadə edərək öz adımdan və
ANA cəmiyyətinin bütün üzvləri adından
hörmətli fövqəladə və səlahiyyətli səfir
Aqşin Mehdiyevə və onun xanımı Sevda Mehdiyevaya cəmiyyətə
göstərdikləri qayğılarına görə dərin
minnətdarlığımızı bildirmək istəyirəm.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 5-7 mart.-
S. 10.