Şimali Kipr-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

 

Zəki Qazioğlu: “Dünyanın heç bir yerində Azərbaycanda gördüyüm qədər xoş münasibət görməmişəm

 

 Son illər Azərbaycandan Şimali Kiprə həm oxumağa, həm də istirahət etməyə gedən vətəndaşlarımızın sayında artım müşahidə olunur. Şimali Kiprin Bakıdakı təmsilçisi Zəki Qazioğlunun qəzetimizə verdiyi müsahibədə xarici tələbələrin sayını 60 minə çatdırmaq istədiklərini, bu sırada azərbaycanlı tələbələrin də daha çox cəlb olunmasında maraqlı olduqlarını qeyd etdi.

-Cənab Səfir, Şimali Kipr-Azərbaycan əlaqələrini necə qiymətləndirirsiniz?

-Hazırda ölkələrimiz arasında hər hansı bir sorun yoxdur. Mən indiyə qədər dünyanın bir sıra ölkələrində çalışmışam. Amma Bakıda aldığım zövqü, rahatlığı heç bir yerdə ala bilmədim. Burada özümü Kiprdəki kimi hiss edirəm. Adətnənələrimiz, musiqimiz, mətbəximiz bir-birinə çox oxşayır. Ən əsası burada insanlar olduqca mehribandırlar. Azərbaycan sənətçiləri, jurnalistləri, siyasi xadimləri, küçədə gəzən sadə vətəndaşlar bizlərə həmişə dəstək olurlar. Bu münasibəti dünyanın heç bir yerində görmək mümkün deyil. Ola bilər ki, ara-sıra siyasi məsələlər üzündən bəzi anlaşılmamazlıqlar üzə çıxsın. Bu da hər hansı ciddi problem yaratmır. Bunun kənarında indiyə qədər heç bir anlaşılmamazlıq yaşanmayıb. Azərbaycan müstəqilliyini elan edən gündən Şimali Kiprlə münasibətlər qurulub. Bunu xüsusi qeyd etməliyəm ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən faciəyə kəskin reaksiya verən ilk dövlətlərdən biri məhz Şimali Kipr olub.

Əvvəllər  Azərbaycana ara-sıra qrup şəklində gəlirdik, amma 1997-ci ildə Bakıda diplomatik nümayəndəliyimiz açılandan sonra daimi münasibətlər bərpa olundu. Bununla da Azərbaycanla Şimali Kipr arasında siyasi, iqtisadi, mədəni əlaqələr quruldu.  Mən ölkəmin Bakıda fəaliyyət göstərən üçüncü səfiriyəm. Əsas məqsədimiz mövcud əlaqələri daha da yüksəklərə qaldırmaqdır.

imali Kipr iqtisadiyyatının formalaşmasında əsas rolu təhsil və turizm sektoru oynayır.  Bu sahələrdə son illər nə kimi yeniliklər baş verib? Hədəfləriniz nədən ibarət olacaq?

lkəmizdə altı tanınmış universitet var ki, bunlar ingilis dilində mükəmməl təhsil verir. Diplomları da bütün dünyada qəbul olunur. Təhsilin keyfiyyəti Türkiyənin Təhsil Nazirliyi tərəfindən də diqqətlə izlənir. Bu isə şübhəsiz öz müsbət təsirini göstərir. Universitetlərimizi cəlbedici edən daha bir cəhət onların tələbə şəhərciyinin olmasıdır. Xaricdən gələn tələbələrin yatmaq, yemək, dərsliklər və əylənmək kimi məsələləri də təhsil haqqının içində öz həllini tapır.

Şimali Kiprdə oxumaq üçün müraciət edən tələbələrin sayına gəldikdə birinci yeri Türkiyə tutur. Bundan sonra İran, Nigeriya və Azərbaycan gəlir. Təbii ki, Avropa ölkələrindən də oxumağa gələnlər var, amma hələlik sayları azdır.

Burada keyfiyyətli təhsillə bərabər güzəştli ödənişlər də əhəmiyyətli rol oynayır. Əcnəbi tələbələr üçün azı 50 faiz güzəşt olunur. Təhsil haqqı təxminən bir il üçün 5 min avrodur. Yuxarıda sadaladığım bütün məsələlər məhz bu qiymətin içinə daxildir. Bu məbləği Avropa ölkələri ilə müqayisə etsək fərqi aydın görə bilərik. Əvvəla təhsilimiz Avropadan geri qalmır. İkincisi burada universiteti bitirən tələbə ingilis dilində mükəmməl danışa bilir.

Hazırda Şimali Kiprdə 40 min əcnəbi tələbə təhsil alır. Amma bu il rəqəmi ən azı 60 minə çatdırmağı planlaşdırırıq.  Bir neçə il qabaq Azərbaycan sıralama hesabında 6-cı yeri tuturdu. Amma sonuncu qəbulda 200 faiz artım oldu. Yayda bunun eyni templə artacağına ümid edirik. Azərbaycanlı tələbələr ən azı Türkiyədən sonrakı yeri, yəni ikinci yeri tutmalıdırlar.  Bu istiqamətdə həm Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, həm də Təhsil Nazirliyi ilə danışıqlar aparırıq. Artıq bəzi anlaşmalar da imzalanıb. Hələlik qarşılıqlı tələbə mübadiləsi aparılmır, amma bizim gənclər Bakıya musiqi təhsillərini artırmaq üçün gəlirlər. Burada ölkələr arasında anlaşma olmadığından, onlar öz hesablarına təhsil alırlar.

Turizm sahəsində də eyni templə artım davam edir. Amma təbii ki, bu bizi qane edə bilməz. Hazırda Azərbaycandan Şimali Kiprə gedən insanlar kifayət qədərdir. İndiyə qədər olardan hər hansı bir narazılıq eşitmədik. Əksinə bir dəfə gedənlər, növbəti ildə yenidən müraciət edirlər. Şübhəsiz onların Kipri sevmələri bizim üçün çox xoşdur. Hotellərin qiymətlərini də Azərbaycanla müqayisə etdikdə həddən artıq böyük fərq olduğunu görərik. Bakı Şimali Kiprlə müqayisədə çox bahalı şəhərdir.

Kiprə getmək üçün meydana çıxan yeganə problem birbaşa uçuşun olmamasıdır. Bu da siyasi məsələlərlə bağlıdır. Avropa İttifaqının və digər dövlətlərin tutduğu haqsız mövqe Şimali Kiprə birbaşa reyslərin açılmasında əngəllər yaradır. Bu üzdən Azərbaycandan gələn turistlər biletə bir qədər artıq pul xərcləməli olurlar. Bəzən Türkiyəyə bilet alan turist,  Şimali Kiprə uçmaq üçün ləngiməli olur. Amma əlbəttə bunlar o qədər də ciddi məsələ deyil. 

Yeri gəlmişkən, Novruz bayramında Şimali Kiprə Azərbaycandan kampaniya şəklində təyyarə reysinin həyata keçirilməsini planlaşdırmışıq. Bir həftəlik tətili azərbaycanlı qardaşlarımızın bizim ölkədə dincəlmələrinə şərait yaradacağıq. Artıq biletlərin böyük əksəriyyəti satılıb. Bu səyahət kampaniya kimi nəzərdə tutulduğundan qiymətlər kifayət qədər münasibdir. Əlavə məlumat almaq istəyən şəxsləri də Bakıdakı  nümayəndəliyimizdə qəbul edib, lazımi informasiya ilə təmin edirik. Ümid edirik ki, bütün biletlər satılacaq.

-Bir müddət öncə Türkiyə-Şimali Kipr münasibətlərində anlaşmamazlıq meydana çıxmışdı. Buna səbəb nə idi?

-Kənardan, bizi istəməyən qüvvələr həmişə olub və olacaq. Onların işi qan çıxmayan yeri, qaşıyıb qan çıxartmaqdır. Amma bu kimi mənasız addımlar Türkiyə ilə Şimali Kipr əlaqələrinə zərər yetirə bilməz. Əslində Kiprdəki türklər də Türkiyədən gələnlərdir. Sadəcə onlar çox əvvəllərdən köç ediblər. Belə bir halda qardaşın, qardaşdan imtina etməsi mümkün ola bilərmi? Əlbəttə yox. Yayılan informasiyalar cəfəngiyatdan başqa bir şey deyil.

Hələ də davam edən iqtisadi böhranla əlaqədar Şimali Kipr hökuməti bəzi qabaqlayıcı tədbirlər görməli oldu. Bu kimi addımlar dünyanın hər yerində atılır. Təbii ki, burada vətəndaşların bir qismi baş verənlərə etiraz edə bilər. Bu, çox normaldır. Bunu şişirdib siyasi hadisəyə çevirmək yalnız bir qrup şəxsin maraqlarına cavab verir. Həmin etirazçılar Şimali Kiprin iki faizini təşkil edir. İndi 98 faizi kənara qoyub iki faizi gündəliyə gətirməyin mənası nədir? Şübhəsiz burada kənar qüvvələrin maraqları var. Qeyd etməliyəm ki, burada Türkiyə mətbuatının da “xüsusi” rolu oldu. Kiçik işdən böyük hadisə yaratmağa cəhd etdilər. Şimali Kipr də ən azı Azərbaycan qədər Türkiyənin güclü, qüdrətli olmasını istəyir. Bu bizim də güclü olmağımıza təkan verəcək.

Bundan əvvəl də hökümətlərin apardığı islahatlara etirazlar olub. Kiçik bir qrup düşünürdü ki, Türkiyədən gələn yardımlar azalıb. Əslində yardım əvvəlki templə davam edir. Sadəcə bir qədər qənaətcil olmaq zərurəti meydana çıxıb. Burada başqa şey axtarmağa dəyməz.

-Türkiyədən Şimali Kiprə su kəmərinin çəkilməsi haqqında qərar qəbul olunub. Bu adaya hansı prespektivlər vəd edir?

-Keçən həftə bununla bağlı razılaşma əldə olunub. Su kəməri yalnız adanın türklər yaşayan hissəsi üçün deyil, həm də rumlar yaşayan hissəsi üçün zəruridir. Bu, analoqu olmayan layihədir. Üç ildən sonra adanın su problemlərinə birdəfəlik son qoyulacaq. Planlarda yeni hotellərin, istirahət mərkəzlərinin tikilməsi var. Təbii ki, bu baxımdan içməli su çox vacibdir. Bundan əlavə yerli əhali də təmiz su ilə tam təmin olunmayıb. Bu kəmər nəinki türklərin, həm də rumların su problemlərinə son qoya bilər.  Doğrudur, rumlar indi layihənin baş tutmaması üçün dualar edirlər. İlk vaxtlar əlbəttə özlərini elə aparacaqlar ki, guya onların suya ehtiyacı yoxdur. Amma biz oradakı vəziyyəti bilirik. Bu baxımdan bir neçə il sonra qarşılıqlı anlaşmanın əldə olunacağı və rumların bizdən su alacağı güman olunur.

-Bir müddət öncə Azərbaycan mətbuatında Şimali Kiprin rəsmi Bakıdan maliyyə yardımı istəmək niyyətində olması ilə bağlı məlumatlar yayılmışdı. Bu nə dərəcədə doğrudur?

-Bu informasiya mənə də çatıb. Amma həqiqəti əks etdirmir. Təmsil etdiyim ölkənin o qədər də böyük maliyyə problemləri yoxdur. Və bu vaxta qədər Azərbaycan rəhbərliyinə hər hansı müraciət olunmayıb.

 

 

M. TAĞIYEV

 

Paritet.-2011.- 12-14 mart.- S.5.