“İncəsənət xalqı öz
arxasınca aparmalıdır”
Aparıcı
necə olmalıdır? Müasir televiziyanın siması necə olmalıdır? Reytinq
ovçuluğu televiziyanın inkişafında yeganə meyardırmı? Suallar çoxdur.
Bu sualları cavablandırmaq üçün uzun müddət AzTV-də
çalışmış, indi isə Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin
rəhbəri işləyən şair-jurnalist Eldar Sadıqa
müraciət etdik.
-Azərbaycan
Dövlət Televiziyasında
işlədiyiniz müddətdə televiziya
üçün və özünüz üçün
etdiyiniz ən mühüm iş?
-Bilirsiniz televiziya elə bir məkandır ki,
o çox böyük bir auditoriyadır, orada çoxlu
ziyalılarla tanış
olursan, orada yetişirsən, püxtələşirsən. Televiziya elə
bir məkandır ki,
o hamının evinə
qonaq gedir. Ona görə
də verilişlərin hazırlanmasında diqqətli və
səbrli olmaq lazımdır ki,
sənə irad tuta bilməsinlər. Yəni bu gün bizim bir neçə televiziyamız var ki, onlar AzTV-nin fəaliyyəti nəticəsində
ortaya çıxıb. AzTV-də
ənənə bu gün də
var, sabah da olacaq. Çünki oranın fundamenti möhkəm qoyulub.
Başqa televiziyalarda işləyən jurnalistlərin bəzilərinin jurnalist etikası yoxdur. Aparıcılar ağıllarına gələn nə
varsa, jarqon ifadələr işlədirlər, nə
istəyirlər danışırlar.
Bu AzTV-də heç
vaxt olmayıb və inanmıram ki,
ola. Çünki AzTV-də
verilişlər hazırlanıb efirə
verilənədək dəfələrlə
mətnlər oxunub ortaya
çıxır. Ona görə
də jarqon ifadələrə
AzTV-də rast gəlmək mümkün deyil.
Bu mənada İTV də
öz sabitliyini qoruyub saxlayır.
Çünki orada işləyənlərin əksəriyyəti AzTV-dən gəlib.
Belə bir deyim var: “İncəsənət xalqı
öz arxasınca aparır”. Yəni jurnalist,
yazıçı, redaktor
savadlı
olmalıdır ki,
onların yazdığını,
ideyalarını həyata keçirmək
üçün tamaşaçı onlara haqq versin.
Amma elə bir vəziyyət yaranıbdır ki,
televiziyanı sms yarışına
çeviriblər. Kimin ağlına nə
gəlir danışır. Televiziyaya müqəddəs bir məkan kimi baxılır. Ona görə
də televiziyada işləyəndə
o müqəddəsliyi qoruyub saxlamağı bacarmalısan.
Bəzən verilişə
hər hansı bir sahənin mütəxəssisini gətirirlər, amma ona söz vermirlər. Elə
veriliş başlayandan qurtaranadək aparıcılar danışırlar.
”Bəs o eksperti niyə çağırmısan?”
deyə soruşarlar.
Aparıcının vəzifəsi verilişi nizamlamaqdır, yersiz müdaxilə
deyil. Bax,
bütün bunlar AzTV-də
yoxdur. AzTV-nin müsbət tərəfi bax budur.
-Digər kanallardan hansının informasiya siyasətini bəyənirsiz?
-Ən ciddi informasiyanı AzTV və
İTV-dən əldə
etmək olar. Deyim kimi orada informasiyalar arxa kadrda oxunur, sonra efirə
verilir. Ona görə də informasiya səhv verilə bilməz.
Digər kanallar səhv verəndə deyirlər ki, o, müstəqil
kanaldır. Amma AzTV dövlət kanalı olduğu
üçün bütün bunlara diqqət etməlidir. Son
vaxtlar AzTV rəhbərliyini tənqid edirlər ki, orada
köhnə kadrları işdən çıxarıblar,
orada özbaşınalıqdır. İşdən
çıxarılanların əksəriyyəti iş
yoldaşlarım olub. Televiziyada zamanla edilən dəyişikliklərə
hər kəs uymur. Bilirik ki, artıq televiziyalarda kompüterlərdən,
internetdən istifadə olunur. Yaşlı nəsil gənc nəsilə
baxanda bu texnologiyalardan tam istifadə edə bilmir. Nə qədər
öyrənsələr də, gənclər qədər
öyrənə bilməzlər. Buna görə də mən
o adamlara yaxşı baxmıram ki, irad tuturlar ki, yaşlı
nəsli işdən çıxarıblar. Köhnələr
indi də televiziyada var və yeni nəsil onlardan faydalanır.
-AzTV-də
nə üçün fəaliyyətinizi
dayandırmısınız?
-Bilirsiniz,
hər bir yaşın öz dövrü var. Mən artıq o
yaşda deyiləm ki, çəkilişlərə
qaçıb gedim, kompüterin arxasında oturub yazı
yazım. Nəsil dəyişir, bu gün dünyanın digər
bucağında olan informasiyanı yeni nəsil internetlə
götürüb üzərində işləyib saytlara yerləşdirirlər.
Mən onlar kimi işləyə bilmərəm.
-Hər
hansı bir kanalda sosial problemlərə həsr olunmuş
veriliş və ya şou
proqramda aparıcı işləmək istərdiniz?
-Veriliş
apara bilərəm, müəyyən məsləhət də
vermək olar. Mən heç vaxt həvəs göstərməmişəm
ki, gedib efirdə yenidən proqramlara çıxım. Nə
mənə dəvət olunmayıb, nə də mən
özüm cəhd etməmişəm.
-Sizin
üçün hansı vacibdir: aparıcı olmaq ya mətbuat
xidmətinin rəhbəri işləmək?
-Mənim
üçün bu an mətbuat xidmətinin rəhbəri
işləmək əsasdır. Artıq yaş da o yaş
deyil. Dediyim kimi veriliş üçün gedib süjet
çəkmək, ora-bura
qaçmaq artıq mənə görə deyil.
-Son
zamanların ən çox müzakirə olunan məsələsi:
Jurnalistikada jurnalistlər işləməlidir. Bu məsələyə
fikrinizi bilmək istərdim.
-
Yanlış düşüncədir. Götürək,
Çingiz Aytmatovu. O, peşəcə zootexnikdir, amma
dünyanın ən məşhur
yazıçısıdır. Və ya Şoloxovu və
Qorkini nümunə götürək.
Bu dahi rus yazıçılarının tam orta təhsilləri
belə yox idi. Bu mütləq deyil ki, jurnalistikada yalnız
jurnalistikanı bitirənlər işləsin. Bu, istedad
insanın içində olmalıdır. Azərbaycanın ən
yaxşı jurnalistlərindən olmuş mərhum Azad Şərif
texniki təhsil almışdı. Elə ötən il Mətbuat
Şurasının təqdim elədiyi Ali Media
Mükafatının qaliblərinin diplom ixtisaslarına
baxın: filoloqlar və bir
texnik. Amma jurnalistikanı bitirən o qədər insanlar tanıyıram ki, heç iki cümlə yaza
bilmirdilər. Bir ssenarini hər il
eyni formada verirdilər.
-Bildiyimə
görə, siz həm də yaradıcılıqla məşğulsunuz...
-Mən
həm də şair kimi fəaliyyət göstərirəm.
20 kitabım nəşr olunub. Şeirlər, oçerklər,
felyetonlar yazıram.
-Yazılarınızda
daha çox hansı mövzulara toxunursunuz?
-Mən
son vaxtlar portret-oçerklər yazıram.
-Kimlərin
obrazını yaradırsınız?
-Çalışıram
ki, hər kəsin obrazını yaradam. Haqqında
yazdığım insan yazını oxuyanda özünü
orada tapır. Təəccüblənir ki, onu orada necə də
olduğu kimi təsvir etmişəm. Buna da müəyyən
təcrübə lazımdır. Yalnız görkəmli
şəxslərin deyil, adi kənd adamlarının, müəllimlərin,
cərrahların, əczaçıların və s.
obrazını yaratmağa çalışıram və bu, məndə
alınır. Mövzunu biləndə onu sonadək tamamlamaq
olur.
-Jurnalist
kimi fəaliyyətə haradan başlamısınız? Qəzetdən
yoxsa televiziyadan?
-Fəaliyyətə
televiziyadan başlamışam. Amma bir müddət qəzetdə işləmişəm, amma
özümü orada tam tapa bilmədim.
-AzTV-də
yeni ənənəni necə qiymətləndirirsiniz?
-2006-cı
ildə rəhbərlikdə edilən dəyişiklik AzTV-də
mühüm rol oynamadı. AzTV öz ənənəsini lap
başlanğıcdan qoyub. Rəhbər gəlib veriliş
hazırlamır ki... Düzdür, rəhbərin də rolu
böyükdür, amma əsas olan yaradıcı kollektivdir.
AzTV-də təsadüfi rəhbərlər olmayıb. Bəzən
deyirlər ki, Arif Alışanov jurnalist deyil. Mən Arif
Alışanovu yaxşı
tanıyıram. O gözəl qələm
sahibidir. Bundan başqa o televiziyanı çox gözəl
bilir.
-Televiziyadan neçə il olar ki,
ayrılmısınız?
-Mən
1980-1995-ci illərdə işləmişəm.
-Televiziyanın
ümumi mənzərəsini
necə görürsünüz?
-Bəzi
televiziyalar artıq öz trayektoriyasından
çıxıb. Bilmirlər ki, efirə kimi
çıxarsınlar. Məsələn, “Toy olsun” kimi verilişləri
buna misal gətirmək olar. Bu, Azərbaycan mentalitetinə
uyğun deyil. Qoy digər kanallar AzTV-yə baxıb ondan
yararlansınlar. AzTV-nin hazırladığı muğam
verilişlərindən ibrət götürsünlər. Eləcə
də İTV-dən yararlansınlar.
Aynur BAXŞƏLİYEVA
Mərkəz.-2011.-15-16 mart.-S.8.