1918-ci il
Şamaxı soyqırımına həsr olunmuş beynəlxalq
konfrans keçirildi
Elxan Süleymanov: “Gələcəkdə
bu cür tədbirlər qırğınlar törədilmiş
digər rayonlarda, eləcə də xarici ölkələrdə
keçiriləcək”
Dünən Şamaxıda Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
təşkilatçılığı ilə “Şamaxı
soyqırımı (1918 - ci il)”
mövzusunda beynəlxalq elmi - praktik konfrans keçirildi. “Azərbaycanda erməni
vəhşilikləri - Şamaxı soyqırımı (1918 -
ci il )” layihəsi çərçivəsində
təşkil olunan tədbirdə
Milli Məclisin üzvləri, tanınmış elm
xadimləri, dövlət rəsmiləri, QHT və KİV
nümayəndələri, o cümlədən Avropanın 7
ölkəsindən jurnalist və siyasətçilər
ekspert qismində iştirak edirdilər.
AVCİYA-nın
prezidenti, millət vəkili Elxan Süleymanov bildirdi ki, 1918-ci
ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər
dinc sakin qətlə yetirilib. O, Şamaxı Cümə məscidi
də daxil olmaqla əksər mədəniyyət abidələrinin
yandırılıb uçurulduğunu qeyd etdi. Millət vəkili
ölkəmizin 1991 - ci ildə dövlət müstəqilliyini
bərpa etdikdən sonra yenidən problemin obyektiv tədqiqi
üçün şərait yarandığını
vurğuladı: “Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında” fərmanının (26 mart
1998-ci il) bu işdə müstəsna rolu vardır. Heydər Əliyev
Fondunun “Tolerantlıq ünvanı-Azərbaycan” layihəsi
çərçivəsində Şamaxı Cümə məscidinin
yenidən qurulması da tarixi ədalətin bərpası sahəsində
görülən müsbət işlərdəndir. Prezident
İlham Əliyevin digər tarixi abidələrlə
yanaşı Şamaxı Cümə məscidində
aparılan bərpa işlərinə xüsusi diqqət yetirməsi
tarixi ədalətin bərpasına göstərilən
qayğının nümunəsidir”.
E.Süleymanov
bu sahədə görülmüş işləri təqdir etməklə
yanaşı, bunların yerli
oxucularla birgə beynəlxalq ictimaiyyət, xüsusilə də
Qərb ölkələrinin vətəndaşlarına
çatdırılması vacib vəzifələrdən
olduğunu qeyd etdi: “Məhz buna görə AVCİYA
“Şamaxı soyqırımı -1918-ci il” adlı layihə
çərçivəsində beynəlxalq konfrans təşkil
edir. Həmçinin bu həqiqətlərin dünyaya
çatdırılması üçün bir neçə
dildə kitab nəşr etməklə, beynəlxalq aləmdə
yayılması məqsədəuyğun hesab edilib. Assosiasiya
artıq bu istiqamətdə iki
layihə “Xocalı soyqırımı” və “Qaradağlı
faciəsi” adlı layihələr həyata keçirib. Bu
işlər Dağlıq Qarabağ probleminin ədalətli həllinə,
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpasına yaxından köməklik göstərə
bilər. Assosiasiya bu istiqamətdə işləri gələcəkdə
də davam etdirməyi planlaşdırır”.
AVCİYA-nın
prezidenti gələcəkdə bu cür tədbirlərin
qırğınlar törədilmiş digər rayonlarda, eləcə
də xarici ölkələrdə keçiriləcəyini
bildirdi.
Konfransda
Şamaxı rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov Şamaxıda ermənilər
tərəfindən törədilmiş faciəni Azərbaycanlılara
qarşı ermənilərin həyata keçirdikləri
soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi.
Qeyd
edək ki, konfransda “Şamaxı soyqırımı (1918 - ci
il )” adlı kitabın təqdimatı da oldu. Kitabın müəllifi
Məhərrəm Zülfüqarlı çıxış
edərək bu soyqırımla bağlı
apardığı tədqiqat işlərindən
danışdı. O, iki dildə çap edilən kitabın gələcəkdə
daha 3 dildə də nəşr ediləcəyini bildirdi.
Müəllifin fikrincə, erməni quldurlarının azərbaycanlılara qarşı
törətdiyi cinayətlərin tədqiqi göstərir ki,
bunlardan ən dəhşətlisindən biri 1918-ci ilin
mart-aprel aylarında Şamaxıda törədilib: “Bu
dövrdə Şamaxı qəzasında 120 kənd olub ki,
bunlardan da 86-sı erməni təcavüzünə məruz
qalıb. Komissiyanın sənədlərinə
əsasən, Şamaxı qəzasının 53 kəndində
ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər.
Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və
1277 nəfəri uşaqlar olub. Lakin Şamaxının 33 kəndində
komissiyanın tədqiqat aparması mümkün olmayıb. Bu
işin qarşısı 1920-ci ilin fevralında qəbul
edilmiş aministiya haqqında qanun
və Sovet Rusiyasının (27 aprel 1920-ci il) Azərbaycanı işğalı ilə
alınıb”.
Onun
sözlərinə görə Şamaxıda ermənilərin
törətdikləri vəhşiliklər o qədər dəhşətli
olub ki, hətta nə qədər çalışsalar da o
dövürdəki bolşevik mətbuatı da bu faciəyə
öz münasibətini gizlədə bilməyib. “Lakin onlar
müsəlman əhaliyə qarşı edilən bu vəhşiliklərə
“dinc əhaliyə qarşı bəzi haqsızlıq törədildi”
kimi loyal münasibət bəsləməklə kifayətləniblər”.
M.Zülfüqarlı
dedi ki, Şamaxı soyqırımı ilə bağlı
faktlar beynəlxalq aləmdə terrorizmə qarşı
mübarizə aparıldığı hazırki vaxtda
mühümdür: “Buna görə də bu faktlar obyektiv şəkildə yenidən
aparılmalı və Şamaxı soyqırımı ilə
bağlı həqiqətlər beynəlxalq aləmə çatdırılmalıdır.
Əgər tədqiqatlar aparılsa inanıram ki, yeni-yeni
faktlar üzə çıxacaq. Gələcəkdə yeni
faciələrin baş verməməsi və təhlükələrin
qarşısının vaxtında alınması
üçün tarix obyektiv şəkildə dərindən
öyrənilməli və ondan nəticə götürülməlidir”.
Almaniya
Parlamentinin üzvü professor Haqqı Kəskin, italiyalı
jurnalist-tətqiqatçı Robeto Kobalyero, ispaniyalı senator
Arkadio Dias, finlandiyalı jurnalist Esa Tuominen və
başqaları çıxışlarında soyqırım
haqqında eşitdiklərindən kədərləndiklərini
bildirdilər.
Millət
vəkili Qənirə Paşayeva çıxışında
Şamaxı soyqırımına beynəlxalq aləmin səssiz
yanaşmasından təəssüfləndi: “Biz bu
soyqırımı edən düşüncənin
durdurulmasına çalışırıq. Əks
təqdirdə daha pis mənzərə ilə qarşılaşa
bilərik”.
Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili Elmira
Süleymanova bildirdi ki,
erməni soyqırımlarının dünyaya çatdırılması
üçün əlimizdən gələni etməliyik.
Filoloq Seyfəddin Qəniyevə görə isə, sənədlər,
xatirələr bir daha təsdiqləyir ki, Şamaxını
talan edən ermənilərin əhaliyə verdikləri cəzaların
da dünyada analoqu olmayıb.
Konfransda Şamaxı soyqırımında
öldürülənlərin qohumlarından bir neçəsi
də çıxış etdilər. Onlar bu faciəni görən
yaxınlarından eşitdikləri faktlardan da
danışdılar.
FUAD
Paritet.- 2011.-15-16 mart.-S.6.