Ədilə
Hüseynzadənin 95 illiyi qeyd olunub
Aprelin 28-də
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir
Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar,
Azərbaycan Respublikasının Əməkdar İncəsənət
xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr
olunmuş xatirə gecəsi keçirilib. Tədbiri açan
Bəstəkarlar İttifaqının sədri, xalq artisti,
professor Firəngiz Əlizadə Ə.Hüseynzadənin həyat
və yaradıcılığından söhbət
açmış və onun Azərbaycan musiqisinin
inkişafında əvəzolunmaz xidmətlər göstərdiyini
qeyd edib. “Qeyd etmək lazımdır ki, Ədilə
xanım öz musiqi karyerasını, musiqi həyatını
dahi bəstəkarımız Üzeyir bəyin xeyir duası
ilə başlayıb və bilavasitə onun tələbəsi
olub. Ə.Hüseynzadə müxtəlif janrlarda çoxsaylı əsərlər yaradıb. Amma
onların arasındaca ən məşhurları
romanslarıdır və bu sahədə çox gözəl
incilər yaradıb ki, dönə-dönə
ifaçılarımız tərəfindən səsləndirilib”,
-deyə xalq artisti bildirib.
F.Əlizadə Ədilə xanımla
bağlı uşaqlıq xatirələrini
tədbir iştirakçıları ilə
bölüşüb: “Bülbül adına orta ixtisas musiqi məktəbinin
şagirdi olarkən onun tələbəsi olmaq xoşbəxtliyi
mənə nəsib olub. Hələ 7 yaşım olanda bəstəkarlığa
meylimi görəndə Qopenhauz valideynlərimə məsləhət
gördü ki, məni Ədilə xanımın yanına
aparsınlar və o mənim ilk
əsərlərimə qulaq assın. Mən atamla Ədilə
xanımgilə getdik. Mənim qarşıma son dərəcə
gözəl nurlu siması olan bir xanım çıxdı və
mən birinci görüşümüzü heç vaxt
unutmuram. Çünki mənim cəmisi 7 yaşım
vardı, amma bu gözəl insan mənimlə elə
danışırdı ki, sanki illərlə bir-birimizi tanıyırdıq.
Mənə çox gözəl faydalı məsləhətlər
verirdi. O deyirdi ki,
qadın üçün bəstəkarlıq çətin sənətidir, əgər
bu yolu seçirsənsə, əvvəlcədən
yaxşı-yaxşı düşün. Məndən
soruşdu ki, hansı əsərləri yazmısan? Mən də
təvazökarlıqdan çox uzaq
formada dedim ki, “Hamlet” operasını yazıram. Bu sözləri
deyəndən sonra onun üzünün ifadəsinin bir anda
necə dəyişməsi hələ də gözlərimin
qarşısından getmir... Və beləliklə onunla birlikdə
hazırlaşmağa başladıq. Yadımdadır, onun rəhbərliyi
altından bir çox əsərlər yazdım. Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq
şöbəsinin son sinfini “Simli kvartet”lə bitirdim. Bu
kvartetin də yazılmasında Ədilə xanım
çox fəal iştirak edirdi. Ədilə xanım
doğrudan da mənim həyatımda böyük rol
oynayıb. Ona görə də,
hər mərhələdə mən ona zəng vurub
hesabat verməyi özümə borc bilirdim. Onunla həm
sevincimi, həm də kədərimi bölüşmək mənim
üçün çox gözəl idi”.
Çıxışının sonunda F.Əlizadə
Şərqin ilk peşəkar bəstəkarı ilə
bağlı arzusunu dilə gətirdi: “Ədilə
xanımın əsərləri bizim qurultaylarımızda,
plenumlarımızda, festivallarda ifa olunur. Mən
görürəm ki, bizim böyük bəstəkarlar onun barəsində
gözəl sözlər deyir, musiqişünaslar onun əsərlərini
yüksək qiymətləndirirlər. Bununla belə,
çox istərdim ki, Ədilə xanımın musiqisinə
daha çox diqqət yetirsinlər və onun tərcümeyi
halı, çox maraqlı taleyi barədə gözəl
kitab yaransın. Bəstəkarlar İttifaqı olaraq, biz bu
kitabın nəşr olunmasına dəstək verməyə
hazırıq”.
Sonra söz musiqiyə verildi. Azərbaycan Dövlət Simli
Kvarteti- xalq artisti Uran Seyidov (I violino), Vaxtanq İmanov (viola),
Vadim Sandler (II violino), Aleksey Miltıx (violonçel) bəstəkarın
“Simli kvartet”ini ifa etdilər.
Beynəlxalq müsabiqə laureatı Fəridə
Məmmədova və Ramil Qasımov Ə.Hüseynzadənin
“Günəşdən gənclik istədim”, “Bül-bül”,
“Qarayazı meşəsində”, “Vəslin həvəsi”,
“Yadigar” romanslarını ifa etdilər. Tanınmış bəstəkar
Elnarə Dadaşova isə onun “Fuqa”sını fortepianoda səsləndirdi.
Qeyd edək ki, Ədilə Hacıağa
qızı Hüseynzadə XX əsrin 40-cı illərində
Üzeyir Hacıbəyovun təşəbbüsü və
xeyir-duası ilə musiqi aləminə gəlib. O, Azərbaycan
Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq
ixtisası üzrə bitirmiş ilk azərbaycanlı
qadındır. Ə.Hüseynzadə bir çox janrlarda
uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata,
xor miniatürləri yaradıb. Lakin bəstəkarın
yaradıcılığında romans janrı daha çox
üstünlük təşkil edir.
Ə.Hüseynzadənin Nizami, Nəsimi, Füzuli, Natəvan,
Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,
Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə
bəstələnmiş romansları və şəksiz
nailiyyəti olan “Duyğular” vokal silsiləsi musiqimizin inciləridir.
Hüseynzadə
gözəl səsə malik bir vokal ustası kimi də sənət
tariximizdə iz qoyub. O, Ü.Hacıbəyovun “Arşın
mal alan” operettası əsasında çəkilmiş bədii
filmdə (1945) Asya rolunu səsləndirib.
Ə.Hüseynzadə
yaradıcılığından uzaqlaşmadan uzun illər
Bülbül adına orta ixtisas musiqi məktəbində
qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris
edib. Ədilə xanım uzun illər (1953-1988) Bülbül
adına orta ixtisas musiqi məktəbində “bəstəkarlıq”
fənnindən dərs demiş, gənc istedadların
aşkarlanması işində əlindən gələni əsirgəməyib.
Hazırda Azərbaycan musiqi mədəniyyətimizi yüksək
səviyyədə təmsil edən SSRİ xalq artisti
Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə,
Sevda İbrahimova,
Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi
altında sənətdə ilk kövrək
addımlarını atıblar.
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi, dahi Ü.Hacıbəyovun son və
sevimli tələbələrindən biri, qocaman bəstəkar,
Ədilə xanım Hüseynzadə ömrünün
90-cı ilində vəfat edib.
AYNUR
Paritet.-
2011.- 3-4 may.- S. 13.