Heydər Əliyev
ideyaları: Azərbaycanın dünəninin, bu
gününün və sabahının təminatı
Müstəqilliyini yenicə
əldə etmiş hər bir ölkənin qarşısında
müxtəlif istiqamətli yollar dayanır. Hansı yolun
müəyyənləşdirilməsi isə həmin dövlətin
rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik
prinsipinin göstəricisidir. Azərbaycanın müstəqilliyimizin
ilk illərində yaşadığı problemlər həmin
dövrün iqtidarının seçdiyi yolun öz
maraqlarına xidmət etdiyini açıqladı. Ölkədə
ictimai-siyasi gərginlik bütün sahələrdə tənəzzülün
dərinləşməsinə səbəb oldu. Lakin Ulu
öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından
sonra müxtəlif yönümlü yollar arasında ən
uğurlusu seçildi. Görkəmli siyasi xadim Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ölkəmizi düşdüyü
ağır vəziyyətdən xilas etməyin yeganə yolu
idi.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetin sədri vəzifəsinə
namizəd irəli sürüləndə «cəbhəçilər»
buna etiraz etsələr də, deputatların böyük səs
çoxluğu onların niyyətlərini puç etdi. Xalqın
istəyi və tələbi ilə hakimiyyətə
qayıtmış ulu öndər Heydər Əliyev sədr
kimi parlamentdə ilk çıxışını edərkən
«Azərbaycan Respublikasının dövlət müstəqilliyi
ən əsas məsələdir. Müstəqil Azərbaycanda
demokratiya inkişaf etdirilməlidir. Ölkədə
Konstitusiyanın pozulmasına yol vermək olmaz» söyləməklə
bu yola sadiq qalacağını bəyan etdi. Azərbaycanda
demokratik, sivilizasiyalı cəmiyyət quruculuğu uğrunda
mübarizə aparmağın, dünyəvi-bəşəri
dəyərlərdən istifadə etməyin vacibliyini qeyd edən
ümummilli lider Heydər Əliyev bəyan etdi ki, Azərbaycanın
dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini
nümayiş etdirməsi üçün biz hamımız
birgə çalışmalı, birgə səy göstərməliyik.
«Güman edirəm ki, xalqımızın müdrikliyi, Azərbaycan
ziyalılarının, nüfuzlu insanlarımızın,
ağsaqqalların birgə səyi və bizim
hamımızın bir yerdə
çalışmağımız şübhəsiz ki,
bunları təmin edəcəkdir»-deyən Ali Sovetin sədri
Heydər Əliyev ölkədə yaranmış gərginliyin
tezliklə aradan götürülməsinin vacibliyini xüsusi
qeyd etdi. Bildirdi ki, işğal olunmuş
torpaqlarımızın geri qaytarılması
üçün səylər göstərildiyi bir vaxtda daxili
didişmələrə son qoyulmalıdır. Ali Sovetin
tribunasından xalqa edilən bu müraciətin nəticəsi
özünü çox gözlətmədi. Vətəndaş
müharibəsi təhlükəsi aradan qaldırıldı,
sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda
saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə
insanlarda yeni hakimiyyətə, ilk növbədə isə
xilaskarlıq missiyasını öhdəsinə
götürmüş Heydər Əliyevə inamı və məhəbbəti
daha da artırdı.
Dövlət müstəqilliyimizi
möhkəmləndirmək, xarici dövlətlərlə
iqtisadi-siyasi münasibətləri yeni müstəvidə
inkişaf etdirmək, Ermənistan-Azərbaycan
döyüş bölgəsində atəşkəsə
nail olmaq, güclü ordu yaratmaq üçün imkanları
artırmaq qarşıda dayanan əsas vəzifələr idi.
Ulu öndərimiz bu vəzifələri
düşünülmüş siyasət əsasında
uğurla yerinə yetirdi, «Əsrin müqaviləsi» neft
sazişlərinin imzalanmasını gerçəkləşdirərək
Azərbaycanı dünyaya qovuşdurdu.
Ümummilli lider Heydər Əliyevin
siyasi fəaliyyətinin mühüm bir hissəsi
yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan
Partiyası ilə sıx şəkildə
bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis
konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif
regionlarından təşəbbüs qruplarının 550-dən
artıq nümayəndəsi iştirak etmişdir. Ulu öndər
Heydər Əliyev konfrans nümayəndələri tərəfindən
açıq səsvermə yolu ilə Yeni Azərbaycan
Partiyasının Sədri seçilmişdir.
Ulu öndərin
1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində
siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın
inkişafında yeni mərhələ
başlamışdır. Həmin dövrdə YAP-ın
qarşısında bir tərəfdən iqtidar partiyası
kimi cəmiyyətin siyasi sistemində özünün
aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən
isə müstəqil dövlət quruculuğu proseslərində
yaxından iştirak etmək vəzifəsi dayanırdı.
Dahi şəxsiyyət
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini
daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi
partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə
daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər,
partiya həyatı və fəaliyyətilə əlaqədar
zəruri tapşırıqlar verərdi.
Öz sıralarında
ictimaiyyətin bütün təbəqələrini təmsil
edən 500 mindən artıq üzvü birləşdirən
YAP, Ümummilli liderin parlaq ideyalarının
daşıyıcısı kimi cəmiyyətdə öz
aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Bütün mənalı
həyatını öz xalqına bəxş etmiş Heydər
Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti
Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl
dövlət idarəçiliyi məktəbinə
çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə
nəsli bu böyük məktəbdən, Heydər Əliyevin
zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq.
Ulu öndər Heydər Əliyevin
xilaskarlıq missiyasını şərtləndirən daha
bir məsələ budur ki, o, özündən sonrakı Azərbaycanın
taleyini yüksək intellektli, praqmatik düşüncəli
siyasətçi cənab İlham Əliyevə
tapşırdı. Ümummilli lider Heydər Əliyev
2003-cü il prezident seçkilərindən öncə xalqa
müraciətində bildirmişdir: "İlham Əliyev
yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin göməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm." Bu gün
Azərbaycanın qazandığı uğurlar, ölkəmizin
dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin
xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu
etimadın nəticəsidir.
Azərbaycanın tutduğu
bu yol ulu öndərimizin 18 il əvvəl xilaskarlıq
missiyasını üzərinə götürməklə
başlanıb. Bu yol Milli Qurtuluş yoludur.
Milli Qurtuluşdan
başlanan yol mühüm uğurlarla zənginləşərək
gələcəyə doğru davam edir. 2003-cü il prezident
seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab
İlham Əliyev andiçmə mərasimində bir daha bəyan
etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə
çevrilməsi üçün Heydər Əliyev siyasi
kursu davam etdirilməlidir. «Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir. Neft strategiyasını davam etdirərək,
qısa müddət ərzində ölkəmizi hərtərəfli
inkişaf etdirəcəyik.» Beş ildə hər bir vədin
konkret əməli işdə təsdiqi cənab İlham Əliyevin
2008-ci ildə keçirilən növbəti prezident
seçkilərində qələbəsini təmin etdi. 15
oktyabr 2008-ci il prezident seçkilərində xalqın 88,73 səsini
qazanan cənab İlham Əliyev seçki proqramında
qarşıdakı illərdə görüləcək
işləri diqqətə çatdırdı. 2003-cü ildən
ötən 7 ildən artıq dövr ərzində dövlət
başçısı İlham Əliyevin gördüyü
işlər göz qabağındadır. Son yeddi ilin
statistikasına diqqət yetirən hər kəsin gözü
qarşısında ölkə rəhbərinin xalq, dövlət,
vətən naminə gördüyü böyük işlərin
geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev
hələ Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, millət vəkili, Azərbaycanı Avropa
Şurası Parlament Assambleyasında təmsil edən
nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi
çətin, lakin şərəfli vəzifələri yerinə
yetirəndə daim ölkəmizin gələcəyini
düşünmüş, hər bir məsələyə
milli maraqlar baxımından yanaşmışdır. Cənab
İlham Əliyev dövlət başçısı vəzifəsinə
gələnə qədər çalışdığı
sahələrdə daim belə bir fikri qabarıq şəkildə
diqqətə çatdırırdı ki, biz gələcəyə
baxmalıyıq. Bizi gələcəkdə nələrin
gözlədiyi özümüzdən asılıdır. Azərbaycan
artıq müasir ölkədir. Ancaq müasirləşmənin
limiti hüdudları sonsuzdur. Bu, əbədi bir prosesdir.
Sonrakı dövrlər
ulu öndərimizin öz seçimində nə qədər
düzgün qərar verdiyini təsdiq etdi. Gənc, iradəli,
üzərinə götürdüyü ağır məsuliyyəti
hiss edən, xalqın taleyüklü məsələlərinin
həllinə dərindən bələd olan cənab İlham
Əliyev ulu öndərimizin və xalqın etimadını
doğrultdu. Bu sözlərin arxasında ulu öndərimiz
Heydər Əliyevin başladığı, lakin axıra
çatdıra bilmədiyi beynəlxalq neft-qaz layihələrinin
gerçəkləşməsi, Azərbaycanın iqtisadi tərəqqiyə
görə dünyada lider dövlətə çevrilməsi,
ölkəmizin Qərb dünyasına inteqrasiyası,
xalqın həyat səviyyəsinin yüksəlməsi,
torpaqlarımızı işğaldan azad etməyə qadir
olan ordu yaradılması, regionlarımızın müasirləşdirilməsi,
işsizliyin, yoxsulluğun aradan qaldırılması
üçün görülmüş böyük işlər
dayanır.
Ulu öndər Heydər Əliyev
Ermənistan-Azərbaycan döyüş cəbhəsində
atəşkəsə nail olmuş, ölkənin iqtisadi
inkişafı üçün zəmin hazırlamış,
dünyaya inteqrasiyanın əsasını qoymuşdu. Lakin
qarşıda həllini gözləyən o qədər problem
vardı ki... Ölkəmizin ərazi bütövlüyü
beynəlxalq aləmdə təsdiq edilməli, Azərbaycanın
daha geniş miqyasda dəstəklənməsinə nail
olunmalı, ictimai-siyasi sabitlik möhkəmləndirilməli,
Azərbaycan neftinin dünya bazarlarına
çıxarılmasını nəzərdə tutan neft strategiyası
başa çatdırılmalı, neft gəlirləri
iqtisadiyyatın digər sahələrinə yönəldilməli,
milli həmrəylik gücləndirilməli, regionların
sosial-iqtisadi inkişafı təmin edilməli, əhalinin həyat
səviyyəsinin, rifahının yüksəldilməsi
üçün dövlət proqramları qəbul
olunmalı, bu böyük vəzifələri gerçəkləşdirmək
üçün zəruri islahatlara meydan verilməli idi.
2003-cü ilin oktyabrında ulu öndərin tövsiyəsi və
xalqın böyük əksəriyyətinin dəstəyi ilə
Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev Nazirlər
Kabinetinin ilk iclasındakı çıxışında diqqəti
ölkə qarşısında duran qlobal vəzifələrə
yönəldərək «Biz hər şeyə müvəffəq
olacağıq» bildirdi. Dövlət başçısı
hökumət üzvlərindən öz vəzifə
borclarını vicdanla yerinə yetirməyi, hər bir şəxsdən
öz işinə məsuliyyətlə yanaşmağı tələb
edirdi. Gələcəkdə Azərbaycanın hərtərəfli
inkişafı üçün böyük işlər
görüləcəyini xatırladan Prezident, ilk növbədə,
ölkədə işsizliyin aradan qaldırılması,
yoxsulluğun azaldılması üçün hamının
səfərbər olması vacibliyini qeyd edirdi. Dövlət
başçısı qarşıya qoyduğu bu böyük
sosial-iqtisadi vəzifənin gerçəkləşməsi
üçün 2008-ci ilədək 600 min iş yerinin
açılmasını zəruri hesab edərək, hökuməti
daha səylə çalışmağa
çağırdı.
Prezident İlham Əliyev
ölkənin uzunmüddətli inkişaf proqramlarını
müəyyənləşdirdi: Azərbaycanda heç bir
çadır şəhərciyi qalmamalı, yoxsulluğun
minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər
görülməli, sahibkarlara dövlət tərəfindən
kömək artırılmalı, regionların hərtərəfli
inkişafı üçün Dövlət proqramları qəbul
edilib icrasına başlanılmalı, ölkənin elektrik
enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair
proqramlar hazırlanmalı, bütün istiqamətlərdə
infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru
inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi üçün digər zəruri tədbirlər
görülməlidir. Prezident İlham Əliyev bildirirdi: «Biz
Azərbaycan xalqı üçün işləyirik. Xalq bizə
bu etimadı göstərib və biz də bu etimadı
doğrultmalıyıq. Əminəm ki, biz hamımız
yaxın zamanlarda Azərbaycanı zəngin, qüdrətli
dövlətə çevirəcəyik.»
Gördüyü işlərin
miqyası ilə xalqımızın rəğbətini
qazanmış, milyonların sevimli rəhbərinə
çevrilmiş İlham Əliyevin son 7 ildəki fəaliyyətini
belə formalaşdırmaq olar: güclü hakimiyyət,
güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx
bağlı olan bu məsələlər məhz cənab
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son
yeddi ildə həllini taparaq Azərbaycanın
qarşısıalınmaz tərəqqi yoluna
çıxmasını təmin etmişdir. Onun fəaliyyətində
neft-qaz amili, bu məsələdən istifadə edərək
Azərbaycanı inkişaf etdirmək, xalqın həyat səviyyəsini
yüksəltmək, ölkəmizi dünyada sözü
ötən, mövqeyi ilə hesablaşılan bir dövlətə
çevirmək sahəsində göstərdiyi səylər
şübhəsiz ki, ilk sırada dayanır. İlham Əliyevin
hələ ölkə Prezidenti seçilməzdən əvvəl
dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti
seçəcəyinə aydınlıq gətirirdi. Söhbət
neft gəlirlərindən gedəndə cənab İlham Əliyev
bildirir: «Biz neftdən əldə olunan gəlirləri hara gəldi
sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər
üçün yeni şəhərlər salmaq, yollar salmaq,
zavod və fabriklər tikmək, neftlə bağlı olmayan
yeni infrastruktur yaratmaq lazımdır. Çünki neft nə
vaxtsa tükənir. Həmin proqram bu gün həyata
keçirilərsə, gələcək nəsillər neft
hasilatından və neftin dünya bazarında qiymətlərindən
asılı olmayacaqlar. Beləliklə, neft bizim
üçün məqsəd deyil, güclü iqtisadiyyat,
güclü infrastruktur yaratmaq vasitəsidir.» İlham Əliyevin
bir vaxtlar uzaqgörənliklə söylədiyi proqram
xarakterli bu fikir uğurla həyata keçirilir. Regionlarda
müasir sənaye müəssisələri yaradılır,
elektrik stansiyaları, məktəblər, səhiyyə
ocaqları inşa olunur, yollar çəkilir, turizm inkişaf
etdirilir, ən ucqar kəndlərdə belə şəhər
rahatlığı yaradılır. Hər gün bu kimi
yeniliklərin şahidi olduğumuz üçün bunları
sadalamağa ehtiyac görmürük. Nazirlər Kabinetinin
2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2011-ci ildə qarşıda duran vəzifələrə həsr
olunan iclasda Prezident İlham Əliyev bir daha əldə olunan
uğurları diqqətə çatdıraraq qarşıda
duran vəzifələri açıqladı. 2011-ci il «Turizm
ili» elan olundu. Ölkəmizdə turizmin inkişafı
reallıqdır. Sözsüz ki, Azərbaycanı turizm
üçün cəlbedici ölkəyə çevirən əsas
amillərdən biri günbəgün müasirləşməsi,
inkişaf, tərəqqi yolunda inamla irəliləməsidir.
Ölkənin yeniləşməsi
Dövlət Proqramlarına uyğun olaraq həyata keçirilir.
Bu mənada, regionların inkişafına dair Dövlət
Proqramının uğurla icra olunması artıq öz nəticəsini
göstərməkdədir. Regionlarda işsizlik ləğv
edilmiş, rayonların sosial-iqtisadi inkişafı təmin
olunmuşdur. Bu günədək 900 mindən artıq yeni
iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 9,1 faizə
enib. Beynəlxalq maliyyə qurumlarının proqnozlarına
görə ölkəmizdə inkişaf dinamikası bu şəkildə
davam edərsə, yoxsulluq səviyyəsi yaxın zamanlarda
tamamilə heçə enəcək.
Azərbaycan iqtisadi
inkişafın dinamikasına görə dünyada ön
sıradadır. Dövlətimizin başçısı
İlham Əliyev bununla kifayətlənmir, «Ölkənin
xoşbəxt gələcəyi üçün bundan sonra da
bütün işlər görüləcəkdir» bildirir.
Qeyd edək ki, ulu öndər
Heydər Əliyevin Azərbaycanın gələcəyini
düşünərək uzaqgörənliklə atdığı
addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi
gələcəyin müstəqil ölkəsi
üçün gərəkli ixtisaslara yiyələnməkdən
ötrü keçmiş Sovetlər İttifaqının
nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi
kimi dəyərli təhsil ənənəsinin əsasını
qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və
kadr potensialı yüksəldiyi kimi, xalqımızın
milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği
də həyata keçirilirdi.
Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə 1969-1980-ci illərdə Azərbaycandakı
intibahı şərtləndirən amillərdən biri
respublikada təhsilin inkişafına xüsusi diqqət
yetirilməsi, gəncliyin ana dilində təhsilinə
üstünlük verilməsi olmuşdur. Milli hərbçi
kadrların hazırlanması da xalqın müstəqil gələcəyini
görən ulu öndər Heydər Əliyevin diqqət
göstərdiyi məsələlərdən idi.
Bu siyasət hazırda
dövlət başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz bildirir:
«Qarşımızda duran vəzifələri icra etmək
üçün ilk növbədə hazırda peşəkar
kadrlar lazımdır. Çünki bu gün Azərbaycan
iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye
potensialı çox sürətlə inkişaf edir. Biz
iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə
qədər çox qısa və uğurlu yol
keçmişik. Bu gün Azərbaycanda yaradılmış və
yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye
müəssisələri iqtisadi inkişafımızı
onilliklər bundan sonra da təmin edəcəkdir.»
Məlum olduğu kimi,
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı»na uyğun olaraq
yüzlərlə gənc Dövlət Neft Fondunun vəsaiti
hesabına dünyanın aparıcı ali məktəblərində
təhsil alır. Hazırda vəsaitlərinin həcmi 16
milyard manatdan artıq olan Fond bu Proqramın maliyyələşdirilməsinə
14 milyon manat ayırıb.
Xarici ölkələrə
tələbə göndərilməsi məqsədilə
ixtisaslar seçilərkən ölkə
iqtisadiyyatının davamlı inkişaf strategiyası,
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi,
kadrların idarə edilməsi, bu və ya digər sahələrin
fəaliyyətinin müasir dövrün tələblərinə
uyğunlaşdırılması kimi prioritet istiqamətlər
nəzərə alınır. Xaricdə dövlət
hesabına təhsil almağa göndərilən Azərbaycan
gənclərinin təhsilin bütün pillələri
üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə,
onların ümumi sayının isə 2007-2015-ci illərdə
5000 nəfərə çatdırılması və ali təhsil
müəssisələri arasında beynəlxalq tələbə
mübadiləsi əsasında mütəxəssis
hazırlığının respublikanın iqtisadi inkişaf
prioritetləri nəzərə alınmaqla təmin edilməsi
Dövlət Proqramının əsas hədəfləridir. Nəzərdə
tutulan müddətdə 5 min gəncin dünyanın nüfuzlu
ali məktəblərində təhsillərini davam etdirməsi,
əldə etdikləri təcrübəni ölkəmizin daha
da inkişafına, tərəqqisinə yönəltmələri
təbii ki, müsbət hal kimi dəyərləndirilir. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə
edir: «Ümidə edirəm ki, onların böyük əksəriyyəti
Vətənə qayıdacaq və öz biliklərini Vətənin
inkişafına sərf edəcəklər.» Bir vacib məqamı
da diqqətə çatdırdı ki, əsas kadr
hazırlığı ölkə daxilində həll
olunmalıdır. «Peşəkar kadrların hazırlanması
nəinki təhsil sahəsində, yaxud da ki, hansısa
ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə
qarşısında duran ən vacib problemlərdən biridir və
biz bütün sahələrdə buna nail olmalıyıq.» İnkişaf,
tərəqqi yolunda inamla irəliləyən Azərbaycan
dövləti ən müasir texnologiyaların ölkəmizə
gətirilməsinə maraq göstərir. Bu avadanlıqlardan
istifadə üçün lazımi təcrübənin
öyrənilməsi vacibdir.
Ölkə rəhbərinin
malik olduğu ən böyük, ən qiymətli kapital
xalqın etimadıdır. 2008-ci ildə növbəti dəfə
xalqın böyük dəstəyi ilə ölkə
Prezidenti seçilmiş İlham Əliyev qarşısına
qoyduğu vəzifənin – Azərbaycanın zəngin,
qüdrətli dövlətə çevrilməsi
üçün göstərdiyi səylərin yeni mərhələsi
başlandı. Söhbət təkcə iqtisadiyyatı
inkişaf etdirməkdən, xalqın həyatını
yaxşılaşdırmaqdan getmir. Söhbət həm də
ondan gedir ki, Prezident İlham Əliyevin elitarlıq
meyarları, şəxsi keyfiyyətləri, yüksək mədəniyyəti,
insanlara sevgisi xalq üçün nümunəyə, etalona
çevrilib. «Biz Heydər Əliyev yolunu davam etdirəcəyik,
bu yola daim sadiq qalacağıq» deyərək Azərbaycanı
sürətlə irəli aparır.
Ötən 8 ildə
Prezidentin həm andiçmə mərasimində, həm
ölkə, həm də beynəlxalq tədbirlərdə
çıxışlarında Azərbaycanın hərtərəfli
inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında
diqqətə çatdırılır. Artıq 2004-2008-ci illər
- cənab İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi birinci dövr nəzərdə tutulmuş əksər vəzifələrin
uğurla yerinə yetirilməsi ilə əlamətdar oldu. Belə
ki, ölkədə 600 min iş yerinin açılması
üçün Prezidentin qarşıya qoyduğu vəzifənin
icrası istiqamətində böyük işlər
görüldü. Bir il ərzində bütün şəhər
və rayonlarda minlərlə sənaye müəssisəsi,
sex, istehsalat sahəsi açıldı. Regionların
sosial-iqtisadi inkişafını nəzərdə tutan
Dövlət proqramı çərçivəsində əsaslı
tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin
regionlara müntəzəm xarakter alan səfərləri,
tapşırıqların icrasını daim nəzarətdə
saxlaması inkişafa böyük təkan verdi.
O illərdə əhalinin
sosial vəziyyətinin nəzərə çarpacaq dərəcədə
yaxşılaşdırılması, əmək haqları və
müavinətlərin artırılması, məcburi
köçkünlərin çadır düşərgələrindən
normal şəraiti olan yeni binalara köçürülməsi,
eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb
edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara
uyğunlaşdırılması və digər
genişmiqyaslı işlərin görülməsi təbii
ki, düzgün qurulan siyasətin nəticəsidir.
Qlobal enerji layihələrinin
mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə
artır. Bu fikir vaxtilə "Əsrin müqaviləsi"nin
gerçəkliyə çevrilməsinə şübhə
ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən
də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə
çevrilən Azərbaycan təbii ki, bununla əsil söz
sahibi olduğunu təsdiqləyir. Bu uğurlar Prezident
İlham Əliyevin hər zaman bildirdiyi kimi, ulu öndər
Heydər Əliyevin neft strategiyasının təntənəsidir.
Çoxlarına əfsanə kimi görünən BTC və
BTƏ neft-qaz layihələri reallığa çevrildi. 2006-cı
ilin mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına
çatdı. Cənab İlham Əliyev bu hadisənin məhz
Respublika gününə təsadüf etməsinin rəmzi mənası
olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmlənməsində ulu
öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının rolu böyükdür. Azərbaycan
dövlətinin məqsədyönlü siyasəti nəticəsində
zəngin təbii resurslardan səmərəli istifadə
ölkəmizin iqtisadi qüdrətini artırmaqla
yanaşı əhalinin sosial rifah halının da
yaxşılaşdırılmasına geniş imkanlar
açmışdı. İqtisadi qüdrətin artması ilə
ölkəmizin maliyyə imkanlarının genişlənməsi
yeni layihələrin reallığa çevrilməsinə zəmin
yaradır.
Xarici və daxili siyasətdə
əldə edilmiş uğurlar Azərbaycanı regionun
aparıcı dövlətinə çevirməklə, onun
beynəlxalq mövqelərini möhkəmləndirir. Respublikamız
mühüm geostrateji mövqeyinə və təbii sərvətlərinə,
ilk növbədə zəngin neft-qaz ehtiyatlarına görə
bir sıra dövlətlərin maraq dairəsində olsa da,
dövlət başçısı İlham Əliyevin
yeritdiyi müstəqil siyasət nəticəsində
dünyada söz sahibi olan ölkələr sırasında Azərbaycanın
da adı var. Dünya dövlətlərinin və nüfuzlu
beynəlxalq təşkilatların rəhbərlərinin
Prezident İlham Əliyevə ünvanladıqları məktublarda
Azərbaycanın hərtərəfli inkişafı yüksək
qiymətləndirilir.
Beynəlxalq ekspertlərin
Azərbaycan, onun Prezidenti İlham Əliyev haqqında söylədiyi
fikirlərə diqqət yetirək. Azərbaycanda həyata
keçirilən siyasətin alternativsizliyini qeyd edən edən
Qərb və Avropa təmsilçiləri ölkəmizi
«çiçəklənən respublika» adlandırırlar.
Dövlət
başçısı İlham Əliyevin çoxşaxəli
və səmərəli fəaliyyətini yüksək qiymətləndirən,
dünya səviyyəli şəxslərin söylədiyi
fikirləri məhz belə ümumiləşdirmək olar. «İlham
Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam
etdirərək Azərbaycanı uğurlu gələcəyə
inamla aparır» Söylənilən rəylərdə bu fikir
də xüsusi qeyd edilir ki, Azərbaycanın güclü
siyasi lideri, xalqın həyat səviyyəsini yüksəltməyə
xidmət edən təbii sərvətləri var. Ölkəmizdə
təhsilə, mədəniyyətə yüksək qiymət
verilməsi də qeyd olunanlar arasında xüsusi yer tutur. Bildirilir
ki, bu uğurların təməlində dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin işləyib
hazırladığı inkişaf strategiyasının
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
dayanır.
Bəli, dünyada təsdiqini
tapmış həqiqətdir ki, Azərbaycanda Heydər Əliyev
zamanında olduğu kimi, yenə də güclü, ölkəni
uğurla irəli aparmağa qadir olan siyasi rəhbərlik var.
Prezident İlham Əliyevin son 8 ildə qazandığı ən
böyük qələbə məhz ulu öndərin siyasətinin
Azərbaycanda davam və inkişaf etməsinə nail
olmasıdır. Azərbaycanı ən inkişaf etmiş
dövlətlərin cərgəsinə
çıxarmış bu siyasət yaşayır və qalib
gəlir.
Prezidentin xarici siyasəti
ilə bağlı mühüm bir faktı xatırladaq. Cənab
İlham Əliyev 8 il əvvəl ölkəyə rəhbərlik
etməyə başladığının birinci ayında
işğalçı Ermənistana bəyan etdi ki, biz
torpaqlarımızın düşmən tapdağı
altında qalmasına yol verməyəcəyik. «Dağlıq
Qarabağa heç zaman müstəqillik verilməyəcək
və biz suverenliyimizlə bağlı heç zaman heç
bir güzəştə getməyəcəyik. Biz əzəli
Azərbaycan torpaqlarının işğal olunması
faktı ilə heç vaxt razılaşa bilmərik və
bizim səbrimizin də həddi vardır.»
Bu kəskin bəyanat
işğalçı dövləti və onun mövqeyini
müdafiə edən xarici qüvvələri ciddi
düşünməyə vadar etdi. Onlar yaxşı dərk
edirlər ki, Azərbaycan işğal altında olan ərazilərini
azad etmək üçün hərbi güc tətbiq etsə,
Ermənistan Azərbaycanın güclü ordusu
qarşısında məğlubiyyətə uğrayacaq. Ermənistan
münaqişənin danışıqlar yolu ilə həll
edilməsi üçün aparılan danışıqlarda
20 ilə yaxındır ki, konstruktivlik nümayiş etdirmir,
danışıqları səmərəsiz prosesə
çevirmək xəttindən əl çəkmir. Prezident
İlham Əliyev bir daha bəyan edir ki, Azərbaycan bu vəziyyətlə
heç zaman barışmayacaq. Dövlət
başçısı Azərbaycanda son illər
yaradılmış qüdrətli ordunun gücünə.
Qüdrətinə arxayınlıq hissini daim önə
çəkir. Bu gün hərbi büdcəmizin 3 milyard
dollara yaxın olması dövlətimizin bu sahəyə diqqətinin
bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın
hərbi büdcəsi ümumilikdə Ermənistanın
büdcəsinə bərabər olmalıdır. Bu gün
regionun ən qüdrətli hərbi qüvvəsi, ən
mükəmməl silah-sursatla təmin olunmuş ordu Azərbaycandadır.
Bu üstünlük Azərbaycan Prezidenti İlham Əliyevin
yeritdiyi güclü iqtisadi-hərbi siyasətin nəticəsidir.
«Harda olursan ol, hansı
ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan
haqqında, Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü haqqında, Azərbaycan xalqının
bu günü və gələcəyi haqqında
düşünməlisən.» Ulu öndər Heydər Əliyevin
bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: «Gənc
respublikamızın inkişafı yolunda əsas maneə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin
tezliklə həlli Azərbaycan dövləti ilə
yanaşı bütün həmvətənlərimizin də
qarşısında mühüm vəzifə kimi durur. Buna
görə də ürəyi Vətən sevgisi ilə
döyünən dünya azərbaycanlıları bu istiqamətdə
öz səylərini gücləndirməli, problemin mahiyyətini
xarici ölkələrin hökumət və ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırmaq
üçün daha məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Diaspor təşkilatlarımız
dünyadakı proseslərin nəbzini tutaraq öz
çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri
ilə səmərəli əməkdaşlığın
yeni formalarını tapmalı, ölkəmiz əleyhinə
yönəlmiş təxribatlara qarşı operativ və
adekvat addımlar atmalıdırlar.»
Azərbaycan öz
Prezidentinin rəhbərliyi altında 2010-cu ili böyük
uğurlarla başa vurdu. İqtisadiyyatın dinamik
inkişafı, xalqın həyat səviyyəsinin yüksəlməsi,
ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi
və demokratik dəyərlərimizə ehtiramın güclənməsi,
xarici diplomatiyamızın uğurları, qeyri-neft sektorunun
yeni inkişaf mərhələsinə qaldırılması,
regionlarda yeni sənaye müəssisələrinin, təhsil,
səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə
verilməsi, böyük həcmdə tikinti-quruculuq işlərinin
görülməsi, idmançılarımızın beynəlxalq
yarışlardan medallarla qayıtması, sadalamağa ehtiyac
duymadığımız digər çoxsaylı işlərin
görülməsi 2010-cu ildə qazanılmış nailiyyətlərin
heç də tam siyahısı deyil. Bu nailiyyətlər
Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli
inkişafına göstərdiyi diqqət və
qayğısının parlaq nəticəsidir. Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə
inamlı addımlar atır. Xalq-Prezident həmrəyliyi
möhkəmdir, sarsılmazdır.
Dövlət
başçısı İlham Əliyev Vətənə,
xalqa məhəbbətini öz əməlləri, ölkənin
daha coşğun inkişafı, Azərbaycan xalqı naminə
göstərdiyi fəaliyyətlə sübut edir. Xalqımızın
belə bir rəhbəri olması hər birimiz
üçün böyük fəxrdir, qürur mənbəyidir
Hüseyn
PAŞAYEV
Paritet.-
2011.- 3-4 aprel.- S. 6;12.