Dünya azərbaycanlılarınınAvroviziya” qələbəsi

 

  Azərbaycan “Avroviziya-2011” mahnı müsabiqəsinin 56-cı qalibi olmaqla öz titulları arasına daha bir titul əlavə etdi. Bu bir daha Azərbaycanın Avropaya inteqrasiya olunduğunu sübut etdi. Əgər “Avroviziya-2012”nin Azərbaycanda keçiriləcəyini düşünsək, bu qələbə həm də Avropanı Azərbaycana gətirmiş oldu.  Bəlkə Avroviziyaqalibləri arasında ilk dəfə Azərbaycandır ki, ən gənc müstəqil dövlət kimi bu qələbəyə nail olur. Əslində bunu dövlət müstəqilliyimizin 20 illiyinə Dünya Azərbaycanlılarının bir hədiyyəsi də hesab etmək olar. Bu qələbə bir daha  Vətəndən kənarda yaşayan soydaşlarımızın həmrəyliyini göstərdi. Ona görə Diasporla İş üzrə Dövlət Komitəsinin təbrik məktubunda deyildiyi kimi müsabiqədə birinci yerə layiq görülməmiz bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların uğurudur. Həmin məktubda səsvermə prosesində fəal iştirak etdiklərinə müsabiqədə Azərbaycanın qələbə qazanması üçün göstərdikləri təşəbbüslərə görə soydaşlarımıza təşəkkür ifadə edilib.

Qeyd olunur ki, hələ yarışmadan əvvəl diaspor nümayəndələri müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında Azərbaycan təmsilçilərini təbliğ etməyə çalışırdılar: “”Avroviziya” mahnı müsabiqəsində  Azərbaycanın qələbə qazanması bir daha göstərdi ki, biz bir olanda, həmrəy olanda, ən yüksək nailiyyətləri qazanmağa qadirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim gücümüz bizim birliyimizdədir”.

Azərbaycanda bu qələbəyə necə seviniriksə, xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bunu o cür sevinclə ilə qeyd edirlər. Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova “Paritet”ə açıqlamasında bütün Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edib: “Bu qələbəni biz Frankfurtda yaşayan azərbaycanlılar bütün gecəni sevinclə qeyd etdik. Alman cəmiyyətindən də fasiləsiz təbriklərə hələ də cavab verməkdə davam edirik. Bu bizi yormur, daha da gücləndirir və sevindirir. Alman televiziyalarının Azərbaycan duetinin möhtəşəm qələbəsini dəfələrlə göstərməsi və söyləməsi bizləri xüsusilə qürurlandırdı. İnşallah qarabağımızda belə bir qələbəni qeyd edərik”.

Bu qələbənin tək diasporun adına yazılmasını gerçəklərdən tam uzaq olduğunu deyən K.İsgəndərovanın sözlərinə görə, diasporun burada rolu varsa da, çox cüzi və nəzərə çarpmayan dərəcədədir: “Bu qələbə dünya musiqisinin beşiyi olan Azərbaycan musiqi sənətinin qələbəsidir. Bütün Avropanın ürəyini fəth etmiş iki Azərbaycan övladının gərgin əməyinin qələbəsidir. Diasporun fəaliyyətinin heç olmadığı Avropa ölkələrinin Azərbaycanı dəstəkləməsi buna əyani sübutdur”.

O, müsabiqə zamanı Frankfurt-Azərbaycan Cəmiyyəti olaraq bütün imkanlarını səfərbər edib təbliğat işləri apardıqlarını da diqqətə çatdırırdı: “Amma  diasporun ən güclü olduğu bir ölkədən- Almaniyadan 1 xal belə toplaya bilmədik. Buna da çox üzüldük. Amma nəticə bizləri çox sevindirdi. Bizə də bu lazım idi”.

Erməni diasporuna gəldikdə isə K.İsgəndərova bildirdi ki, onların heç səsləri belə cıxmayıb: “Cünki həqiqətlər qarşısında hər kəs susmaq məcburiyyətindədir. Həqiqətləri heç kəs inkar edə bilməz”.

 

Ermənilər öz diasporlarına bel bağlaya bilmirlər

 

Yeri gəlmişkən Ermənistan “Avroviziya” müsabiqəsinə qatıldığı 6 il ərzində ilk dəfədir ki, finala vəsiqə qazana bilməyib. İndiyə kimi “Avroviziya” səhnəsində ermənilərin ifa etdiyi ən uğurlu mahnı “Kele-Kele”nin müəllifi Der Ovadır. Der Ova bu il Emmi üçün də mahnı yazsa da, “Ayo” mahnısı yerli münsiflər və tamaşaçıların rəğbətini qazanmayıb. Mütəxəssislər deyir ki, Emminin mahnısı düzgün seçilməyib və uğursuzluğun səbəbini “İrəvanda axtarmaq lazımdır”. Bəstəkar və rəqs müəllimi əmindirlər ki, ilk növbədə mahnı yaxşı olmalıdır: “Yoxsa insanları səs vermək üçün heç nəylə vadar etmək olmaz. Bu halda diaspora bel bağlamaq da düzgün deyil. Onlar da yalnız erməni ifaçısı oxuyur deyə, istənilən mahnıya səs verməyəcəklər. Diasporu heç bir halda inandırmaq mümkün deyil. Onlar mahnını ya sevəcək, ya da əksinə. Vəssalam! “Boom-Boom”u bəyəniblər ya yox, bu, başqa məsələdir”.

Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı da Vətəndən uzaqda böyük qürur hissi keçirdiklərini bildirdi: “Bunu çox böyük sevinclə qarşıladıq. Bildiyiniz kimi bizim assosiasiyanın mayın 14-də səsvermədən qabaq Ulu öndərimizə həsr etdiyimiz tədbiri var idi. Sonda bizlərlə birgə olan bütün cəmiyyətlər böyük həyacanla səsverməni izlədilər və Azərbaycana dəstək oldular. Türk cəmiyyətlərinin nümayəndələri Nigarın Azərbaycan bayrağı ilə deyil, məhz Türkiyə bayrağı ilə olmasını gördükləri zaman sevinc göz yaşlarını saxlaya bilmədilər”.

V.Muradlının sözlərinə görə, Azərbaycanın bu qələbəsi finlər üçün gözlənilməz olub. Onun fikrincə, Finlandiyadakı ermənilər bizim qələbəni heç cür qəbul edə bilmirmişlər. V.Muradlı dedi ki, onların tədbirin sonunda da bu sıxıntı hiss olunub: “Tədbirimizi və səsverməni keçirməmizə mane olmaq istəyirdilər. Çox acınacaqlı hal da bu idi ki, onlara yardım edən də özünü Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti rəhbəri adlandıran azərbaycanlı bir qadın oldu. Tədbirimiz gedən zaman azərbaycanlılara zəng edib onları Azərbaycanın İsveçdəki səfirinin Helsinkidə olduğunu, səfirin bütün azərbaycanlıları görmək istədiyini bildirdi . Ora gedib gördük ki, həmin qadın ailə qurduğu erməni ilə birgə oturub yanında da bir iki qohumu. Soruşanda ki, cənab səfir haradadır “Səfir mənəm, məni Finlandiyaya səfir təyin ediblər”,  dedi. Soruşduq onu kim bura səfir təyin edib. Bildirdi ki, Azərbaycan. Dedik ki, Azərbaycan dövləti heç vaxt erməni ilə ailə quranı səfir təyin etməz. Sən necə cəmiyyət rəhbərisən ki, belə vacib bir tədbirin pozulmasına yardımçı olursan. Bu zaman həmin qadının “həyat yoldaşı” ayağa qalxıb belə bir ifadə işlətdi: “Ara, siz kimsiniz biz olan yerdə”. Məlum oldu ki, məqsəd tədbirimizi pozmaq və səsverməyə mane olmaq imiş”.

 

“Bu qələbəni bizim diasporun erməni diasporu üzərindəki qələbəsi kimi qiymətləndirmək olar”

 

Bütün Azərbaycan xalqını və Azərbaycan sevərləri bu qələbə münasibətilə təbrik edən Moskva “İnter-advokat” vəkillər kollegiyasının sədri Namiq Əzimov da qəzetimizə çox sevindiklərini və belə qələbələrə layiq olduğumuzu  bildirdi.

N.Əzimov səsvermədə Rusiyadakı diaspor nümayəndələrinin də çox aktiv iştirak etdiklərini qeyd etdi: “Biz də az da olsa öz əməyimizi qələbə yolunda verə bildik. Çox yaxşı oldu. Hər şey bizim xeyrimizə qurtardı. Biz diaspor nümayəndələri də səhərə kimi yatmamışıq. Biz də Azadlıq meydanında yığışan həmvətənlərimizin içərisində özümüzü hiss edirdik. Bu qələbə Azərbaycan xalqının başqa sahələrdə qazanacağı qələbələrin başlanğıcıdır.  İnanıram ki, azərbaycanlılar üçün artıq qələbələr seriyası başladı”.

 Onun fikrincə, bu qələbə üzərində bütün Azərbaycan xalqı çalışıb: “Amma, doğrudan da, respublikadan qıraqda bu qələbəni bizim diasporun erməni diasporu üzərindəki qələbəsi kimi qiymətləndirmək olar. Onların final mərhələsinə keçə bilməmələri erməni diaspor nümayəndələrinə böyük zərbə oldu. Siz təsəvvür edin ki, bu müsabiqəyə 120 milliyon tamaşaçı baxırdı. Bu qələbə əlbəttə qonşularımızı sarsıtdı. Onlar bu qələbədə bizim Azərbaycanın inkişafını gördülər. Bu qələbə onlara bir daha bildirdi ki, qonşuluqlarında Azərbaycan adlı qüdrətli bir dövlət yerləşir. İrəlidə olan əsas qələbəmiz onları daha çox sarsıldacaq”.

“Almaniyada yaşayan azərbaycanlılar “Avroviziya - 2011” qələbəsini böyük coşqu ilə qeyd ediblər. İnsanlar gecə yarısı küçələrə axışaraq bir-birlərini təbrik ediblər. Bütün azəri və türk diasporunun nümayəndələri qələbə sevincini birlikdə qeyd ediblər”. Bu fikirləri isə Trend-ə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Başar Kömür bildirib.

AAK sədri deyib ki, Azərbaycan mədəniyyətinin tanınması da onları çox sevindirir: “Televiziya vasitəsi ilə Bakıda gördüyümüz sevinc Avropa şəhərlərində də hiss olunurdu. Azərbaycan və Türk diasporları bu qələbəni birlikdə qeyd edirdilər”. O bildirib ki, bu qələbənin qazanılmasında Türk bacı və qardaşlarımızın da əməyi olub. ”Avropada “Metropol FM” deyilən bir radio var. Həmin radioda hər yarım saatdan bir “Bir millət, iki dövlət”, “Bu gün Azərbaycanın günüdür. Hər birimiz Azərbaycana dəstək olmalıyıq kimi şüarlar səsləndirilirdi. Bu təbliğatın da qələbənin qazanılmasında mühüm rolu oldu.” - AAK sədri deyib.

Ukraynada yaşayan azərbaycanlı gənclər də Azərbaycanın “Evrovision-2011” mahnı müsabiqəsində qalib olması münasibətilə bütün gecəni küçələrə axışaraq qeyd ediblər. Ukraynada Azərbaycan Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov Trend-ə bildirib ki, bayramı qeyd edən azərbaycanlı gənclər əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutaraq bu qələbənin bütün türk dünyasının qələbəsi olduğunu bildiriblər.

 

Azərbaycanın “Avroziya” qələbəsini Türkiyə ictimaiyyəti də sevinclə qarşılayıb

 

UAGB təşkilatçılığı ilə “Avroviziya-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin dəstəklənməsi üçün kampaniya keçirilib.

Qələbə xəbəri  elan olunandan sonra, İsveçdə yaşayan azərbaycanlılar da bu bayramı Stokholmun küçələrində bayraqlarla qeyd ediblər. Bu barədə Trend-ə diaspora nümayəndəsi Rəhim Sadıqbəyli məlumat verib.

İzmirdə Təhsil alan Azərbaycanlı Tələbələr Birliyinin sədri Cavid Əliyev Trend-ə bildirib ki, bu qələbə Türkiyə ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb: “Bu gün türk mətbuatını oxuduğum zaman Azərbaycanın qələbəsinə Türkiyənin qələbəsi kimi sevindiklərinin şahidi oldum. Son səhnədə Nigarın Türk bayrağı ilə səhnəyə çıxması Türkiyədə böyük əks-səda doğurdu”.

Onun sözlərinə görə, Türkiyənin internet forumlarında da müzakirələr başlanıb. “Türk dostlarımız “Azərbaycanlılar bizi utandırdı” kimi fikirlər önə çəkilər. Bilirsiniz ki, bir müddət öncə Türkiyədə bayraqla bağlı böhran yaşanmışdı. Futbol oyunu zamanı Azərbaycan bayrağı stadiona buraxılmamışdı. Forumda fikirlərini bölüşənlər “Biz Azərbaycan bayrağını stadiona ala bilmədik, ancaq Azərbaycan Avropanın ən möhtəşəm səhnəsinə Türk bayrağı ilə çıxdı” - o qeyd edib.

C.Əliyev onu da bildirib ki, final mərhələsindən öncə Türkiyədə yaşayan azərbaycanlılar böyük təbliğat işlərinə başlamışdılar: “”Biz türk qardaşlarımızı Azərbaycana dəstək olmağa çağırırdıq. Türkiyənin final mərhələsinə keçə bilməməsindən sonra Türkiyədə deyilirdi ki, Azərbaycan bu müsabiqədə tək Azərbaycanı deyil, eyni zamanda Türkiyəni və bütün Türk dünyasını təmsil edəcək”.

 

 

Fuad Hüseynzadə

 

Paritet.- 2011.- 17-18 may.- S. 10.