Möhtəşəm zəfər

 

AzərbaycanAvroviziya-2012” müsabiqəsinə ev sahibliyi etməyə hazırdır

 

 Mayın 14-də Almaniyanın Düsseldorf “Espit Arena”sında “Avroviziya-2011” yarışmasının final mərhələsi keçirilib. 56-cı dəfə təşkil olunan yarışmanın şüarı “Feel Your Heart Beat!” (Öz ürəyinin döyüntüsünü hiss et) idi. 25 ölkənin birincilik uğrunda mübarizə apardığı möhtəşəm finalda Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal ((Ell/Nikki - “Running Scared”) 43 ölkə arasında birincilik qazanıb. Müsabiqədə  Azərbaycan 221 balla qalib gəlib. Müsabiqənin ikincisi İtaliya, üçüncüsü İsveç olub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər. Onu da bildirək ki, bir neçə ildir artıq “Avroviziya” yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir.

Qeyd edək ki, iştirakçılarımız qalibiyyəti Türkiyə və Azərbaycan adına qazanacaqlarını vəd etmişdilər. Qaliblər Düsseldorf səhnəsinə Türkiyə və Azərbaycan bayrağı ilə çıxıblar.

“Avroviziya” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Avroviziya” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. O, Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edərək ölkəmizin bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminliyini ifadə edib . J.Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.

 

 Bakının küçələrində azərbaycanlı duetin  qələbəsi qeyd olunub

 

 “Avroviziya-2011” müsabiqəsinin nəticələri elan olunandan sonra Bakının küçələrində azərbaycanlı duetin yarışmada qələbəsi qeyd olunmağa başlanıb. Yüzlərlə Bakı sakinləri bayraqlar əlində “Azərbaycan, Azərbaycan!” “Eldar!, Nigar!” qışqıraraq Azadlıq meydanına toplaşıblar.

 Eldar Qasımov və Nigar Camal dünən xüsusi təyyarə ilə Vətənə dönüblər. Onlar ilk olaraq Bakıda Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala zəng edərək, onları “Avroviziya - 2011” mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Prezident və xanımı gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.

Eldar  və Nigar təbrikə görə Prezidentinə və xanımına dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.

Dünən İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan nümayəndələrini  qəbul ediblər. Dövlət başçısı     xanımı müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Eşq olsun Azərbaycana!

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovsa   Eldar  və Nigarın  qalib olmasını tarixi bir qələbə kimi qiymətləndirib: “Azərbaycan mədəniyyətinin, musiqisinin, xalqının mənəvi yetkinliyinin qələbəsidir, özü də mütləq qələbəsidir. Yarışda birinci yer tutanla ikinci-üçüncü yeri tutanlar arasında nə qədər böyük bir fərq oldu. Bu, baş verməli idi. Dünya Azərbaycanın milli sərvətini qiymətləndirməli idi. Bu dörd ildən sonra oldu. Bütün xalqımızı, bütün dinləyənləri, qiymətləndirənləri təbrik edirəm”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiada  “Avroviziya-2011” mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. APA-nın xəbərinə görə, R.Kobia təbrik mesajında deyib: “Azərbaycanlı duet Ell & Nikkinin parlaq ifası Avropada milyonlarla insanın qəlbinə təsir etdi və Azərbaycan xalqının zəngin mədəniyyət və musiqi ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Səfir əmin olduğunu bildirib ki, bu müsabiqənin gələn il Azərbaycanda keçirilməsi ölkədə baş verən pozitiv dəyişiklikləri nümayiş etdirməyə imkan yaradacaq: “Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir”.

ABŞ səfiri Metyu Brayza da “Avroviziya-2011”-də qazanılan möhtəşəm qələbə münasibəti ölkəmizin təmsilçilərini    bütün Azərbaycan xalqını təbrik edib.

 

 Müsabiqə bir daha Azərbaycanın Avropa ölkələri sırasına qəbul  edildiyini göstərdi

 

Azərbaycanın  qalib gəlməsini müəyyən mənada qanunauyğun hadisə kimi qəbul etmək olar. Çünki Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə atdığı addımlar, əldə etdiyi nailiyyətlər məntiqi olaraq, ardıcıl davam edir. Bunu   Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

“Ümumiyyətlə, Azərbaycanın nailiyyətləri - istər siyasi, istər istisadi, istərsə də idman sahəsində - artıq necə illərdir ki, davam edir. Nailiyyətlər bütün sahələri əhatə etdiyi üçün bu, Azərbaycanın dünya birliyinə, Avropa ölkələri sırasına problemsiz qəbul edildiyini bir daha nümayiş etdirir. Yəni artıq siyasi motiv olmadan, bütün Avropanın əhalisi Azərbaycanı özünə bir tərəfdaş kimi qəbul etdi. Azərbaycanın müsabiqədə qalib gəlməsi tərəfdaş kimi qəbul edilməsinin nümunəsidir. Avropa Azərbaycanın musiqi sahəsində nailiyyətlərinə qiymət verdi”, - Məmmədov əlavə edib.

Məmmədovun fikrincə, belə qələbə bu gün Azərbaycanın hərtərəfli lider olduğunu bir daha sübut etdi. ”Mən belə başa düşürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin silsiləsinə bunu da əlavə etmək lazımdır və bundan sonra da uğurlar davam edəcək. Belə qələbələri məhz Prezident İlham Əliyevlə birgə qazanmaq daha asan olur”.

PA rəsmisi bəzi ölkələrin Azərbaycana az səs verməsinə də münasibətini açıqlayıb: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanla çox yaxından əməkdaşlıq edən bəzi dövlətlər - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Norveç, Bolqarıstan, Danimarka kimi ölkələr heç 3-4 bal da vermədilər. Lakin bunu onların mahnıya qiymət verməmələri ilə yox, həmişəki kimi onların özlərinin müəyyən mövqeyinin olması ilə qiymətləndirirəm”.

PA-nın şöbə müdiri təəssüflənir ki, bu gün Azərbaycanın sürətli, hərtərəfli inkişafı, regionda liderə çevrilməsi, beynəlxalq aləmdə özünün möhkəm mövqeyini formalaşdırması bəzi dairələrin xoşuna gəlmir və onlar qısqanclıqlarını nümayiş etdirirlər: “Bu möhtəşəm qələbədən sonra Qərbdə bir neçə qəzet Azərbaycanın qələbəsinə öz qərəzli münasibətlərini gizlədə bilmədi. Onlar belə bir sevinci işğal altında olan torpaqların qaytarılması ilə də yaşamaq arzumuza qərəzlə yanaşaraq, qəribə fikirlər səsləndirirlər və Ermənistanın iştirak etmədiyini göstərərək bu ölkəyə məhəbbətlərini gizlədə bilmirlər. “Nyu York Tayms”, “Şpigel” qəzetlərində bununla bağlı yazılıb. Bu qəzetlər öz qərəzli münasibətini gizlədə bilmədilər. Əslində gizlətməyə heç çalışmadılar da”.

PA rəsmisi hesab edir ki, belə qələbələr bütün xalqı birləşdirir: “Əksəriyyət gənclər olmaqla, bütün xalqın küçələrə çıxması, iftixar hissini nümayiş etdirməsi ölkənin əhval-ruhiyyəsindən xəbər verir. Yəni bu ölkədə proseslər düzgün istiqamətdə gedir. Avropanın əhalisi, ictimaiyyət məhz gənclərimizin sənətinə, sənətkarlığına, ustalığına qiymət verdilər. Bu nöqteyi-nəzərdən, həqiqətən bizimkilər birinci yerə layiq idilər. Onların çox böyük bal fərqi ilə birinci yerdə olmaları artıq Azərbaycan sənətkarlığının nə qədər yüksək səviyyədə olduğunun bir daha nümayiş etdirdi, çünki onların qarşılarında heç bir rəqib qala bilmədi”.

 

Azərbaycan ev sahibliyi etməyə hazırdır

 

 Xarici İşlər Nazirliyi müsabiqənin təşkili üçün onun üzərinə düşən vəzifələri yerinə yetirməyə və müvafiq işləri görməyə hazırdır. XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Trend”ə bildirib ki, onları böyük və gərgin iş gözləyir: “Azərbaycan növbəti müsabiqənin Bakıda keçirilməsi üçün böyük işlər həyata keçirməlidir”. Poluxov hesab edir ki, bu, Azərbaycanın böyük qələbəsidir və ölkə növbəti dəfə dünyada özünü tanıtdı və bir daha regionun lideri və formalaşmış, hər bir sahədə öz sözünü deməyə qadir olan ölkə kimi təsdiq etdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Trend” deyib ki, Azərbaycanın mədəniyyət tədbirlərinin təşkilində uğurları və təcrübəsi kifayət qədər çoxdur. Onun sözlərinə görə, “Avroviziya-2012” Bakıda yüksək səviyyədə təşkil olunacaq: “Azərbaycanın mədəniyyət, incəsənət sahəsində dünyaya inteqrasiyası sistemli şəkildə gedir. Dünya mədəniyyəti Azərbaycanda, Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur və mədəniyyətin bütün sahələri üzrə bizim nailiyyətlərimiz var.

Eldar və Nigarın qələbəsi böyük bir nailiyyətdir, Azərbaycanı dünyaya tanıdan böyük hadisədir” .

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi uğurda dövlət başçısının, birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətləri var: “Hər işi təşkil etməkdən çox şey asılıdır. Dövlət başçısının iradəsi mövcud olan yerdə hər cür qələbələr qazanmaq olar”.

N.Cəfərov mədəniyyət, elm, iqtisadiyyat sahəsində ardıcıl qazanılan nailiyyətin öz davamını hərbi-siyasi sahədə də tapacağına əminliyini vurğulayıb.

Cənclər və idman nazirinin müavini İntiqam Babayev  deyib ki, əvvəldən Gənclər və İdman Nazirliyi İctimai Televiziya ilə birgə bu proseslərdə iştirak edir.” “Avroviziya-2012”-nin təşkili üçün Nazirlik onun üzərinə düşən vəzifələri yerinə yetirəcək. Azərbaycanda gənclərlə bağlı gələcəyə yönəlmiş strategiya düzgün istiqamətdə olduğunun nümunəsidir. Bunun nəticəsində Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də yüksək peşəkarlar yetişib formalaşır və bizim bayrağımızın dünya miqyasına qaldırılmasına səbəbkar olurlar” .

 

 

Fuad

 

Paritet.- 2011.- 17-18 may.- S. 3.