“Bir
gün müstəqillik
qazanacaq Azərbaycan həmişə Fətəli xan
Xoylunun ruhuna ehtiram göstərməlidir”
Azərbaycan Xalq Cümhuriyyəti
ilə bağlı həqiqətlər diaspor fəalımızın
xatirlərində
Əziz Alpoud- Yəqin ki, bu adı çoxlarınız
eşitməmisiniz. İlk dəfə
oxuyan zaman sıradan bir şəxs olduğunu düşünə
bilərsiniz. Mən də bu ismlə yeni rastlaşanda bu qənaətdəydim.
Çünki bu günə qədər Azərbaycan dövlətçiliyi
uğrunda mübarizə
aparan şəxsiyyətlərimizi tanıdığımızı zənn edirdik. Amma
yanılmışıq. Qanı-qanımızdan olan, varlığı ilə bu günümüz
üçün mübarizə aparıb
həyatını, xoşbəxtliyini qurban
verən neçə-neçə
oğullarımız var ki,
adlarına çox təsadüf
nəticəsində, toz-torpaq basmış arxivlərdə
rast gəlirik. Bunlardan
biri də Əziz Alpouddur. İlk öncə bu cür şəxsiyyətinin
fəaliyyətini tapıb üzə
çıxardığına görə Azərbaycan
xalqının yazıçı Zakir Sadatlıya xüsusi minnətdarlıq
edəcəyinə əminəm.
Yəqin sizə də Əziz Alpoudun
kim olduğu
maraqlıdır. Amma gəlin
ilk öncə 63 il mühacir həyatı
yaşamış həmvətənlimizin kimliyinin
üzə çıxmasına
imkan yaradan amillərə nəzər salaq.
Zakir Sadatlı bununla bağlı
“Günaz.tv”-yə verdiyi
müsahibədə geniş
aydınlıq gətirib. Kiçik bir sitata diqqət yetirək:
“1998-ci ildə şəxsi
arxivimdəki sənədləri gözdən keçirirdim və
əlimə rus dilində yazılmış bir məktub “düşdü”.
Uzun illər idi ki, saxlayırdım. Yenidən
götürüb oxumağa başladım. 8 səhifəlik
olan o məktub 1953-cü il mart ayının 24-də Paris
şəhərindən Əkbər ağa
Şeyxülislamzadə tərəfindən məşhur Gəncə
üsyanının başçılarından birinə -
İstanbulda yaşayan Cahangir bəy Kazımbəyliyə
ünvanlanmışdı. Əkbər ağa öz dəst-xətti
ilə yazdığı məktubda Azərbaycanın
mühacirətdə yaşayan görkəmli ictimai-siyasi
xadimləri haqqında qısa da olsa məlumat verir, Azərbaycanın
bolşevik işğalına məruz qalmasının səbəblərini
analitik olaraq anladır, eyni zamanda ayrı-ayrı şəxslərin
müstəqillik zamanı və
müstəqillikdən sonrakı fəaliyyətləri ilə
bağlı müxtəlif mülahizələr irəli
sürürdü. Məktubda adları sadalanan böyük
şəxsiyyətlərin demək olar ki, hamısını
tanıyırdım. Orda mənə naməlum olan yalnız
bir isim vardı, o da Əziz Alpoud idi. Əkbər ağa cəmi
bircə cümlə ilə onun adını çəksə
də onu böyük tarixi şəxsiyyət kimi xarakterizə
edir və ona qarşı törədilən
haqsızlıqlardan heyrətini gizlətmirdi”.
Məktubda yalnız bir dəfə
adı çəkilən Əziz Alpoudun tariximizdə nə
kimi rol oynadığını sonralar biləcəydik və
sadəcə qürur duyacaydıq. Bu səs-küylü məktubun
Zakir Sadatlının arxivinə düşməsi də
sırf təsadüf nəticəsində mümkün olub.
Onun əsgər yoldaşı Tiflis dövlət arxivlərindən
birinə rəhbərlik edir və yazarın orada fəaliyyət
göstərməsinə imkan yaradır. Z.Sadatlı da bu zaman
əlinə keçən məktubun Azərbaycanla
bağlı olduğunu görüb özü ilə
götürür.
1998-ci ildən 2008-ci ilə
qədər aparılan axtarışlar nəhayət ki,
öz bəhrəsini verir. Məlum olur ki, tarixdə Əziz
Alpoud adlı şəxs olmayıb. Bu sadəcə onun gizli ləqəbi
imiş. Əsl adı Mirəbdüləziz Seyiddir. Onun hələlik
bizə miras qalmış 600 səhifəlik memuar-xatirəsi əldə
olunub. Yazı olduqca maraqlı fikirlərlə başlayır:
”Heç şübhə etmirəm ki, üçrəngli
bayrağımız Millət Məclisinin binası
üstündə yenə də dalğalanacaq və Xəzərdən
əsən küləklər onu salamlayıb oxşayacaq.
Ölməyib o günü görsəm, necə də
xoşbəxt olaram”. Əziz Alpoudun o günü görməyə
yalnız üç ili çatmadı. Əvəzində
üç rəngli bayrağı varisləri ucaltdı. Bu
fikirləri o, 1961-ci ildə qələmə alıb.
Bütövlükdə “Həyatımın
hekayətləri”
memuarı Azərbaycanın bu günə qədər
qaranlıq qalan tarixinə aydınlıq gətirir. 1905-ci ildə
Tiflisdə ermənilərin azərbaycanlılara qarşı
törətdikləri qırğınlar, 1918-ci ilin mart
soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti
dövrü, XI Qırmızı Ordunun Azərbaycanı
işğal etməsinin gizlin məqamları, Ənvər
Paşanın Bakıya gəlişi,
20-ci illərdə baş verən bolşevik
repressiyalarının təfərrüatları, Bakı,
Rostov, Moskva, Tambov, Arxangelsk və Xolmoqorı həbsxanalarında
güllələnmə hökmü ilə
sürgünlük və dustaq həyatı yaşayan müəllifin
- Əziz Alpoudun ölüm
düşərgəsindən qurtulduqdan sonra əvvəl İrana, sonra isə
Türkiyə və Almaniyaya mühacirət etməsi, həbsxanada
olarkən SSRİ xarici işlər
komissarı Çiçerinlə, sonralar isə Atatürk və
Hitlerin yavəri ilə keçirdiyi görüşlər
kimi maraqlı məqamlar öz əksini tapıb.
Bütövlükdə əsər Azərbaycanın bir
gün mütləq müstəqil olacağına inam üzərində
qurulub. Əziz Alpoudun apardığı ölüm-dirim
mübarizəsi məhz buna həsr olunub.
Bu şəxs ötən əsrin
əvvəllərində Tiflisin 1-ci klassik gimnaziyasında təhsil
alıb, sonra Estoniyanın Tartu Dövlət Universitetinin tibb
fakültəsinə qəbul olunub. Tələbə olarkən
o, universitetdə tələbə hərəkatının
liderlərindən biri olub. Hətta, 1917-ci ilin fevral burjua
inqilabından sonra 22 yaşında Estoniyanın rabitə və
teleqraf naziri vəzifəsinə təyin olunub. Az sonra isə
təhsilini Xarkov Universitetinin hüquq fakültəsində
davam etdirib. 1918-1920-ci illərdə Əziz Alpoud Azərbaycanın
dəmir yolları üzrə baş hakimi olub.
Onun xatirələrinin ən
maraqlı məqamlarından biri Azərbaycanın o
dövürkü şəxsiyyətləri barədədir. Fətəli
Xan Xoylu istisna olmaqla Əziz Alpoud onların heç birini
yüksək səviyyəli intellekt hesab etməyib. Hətta
onların bəzilərini qorxaqlıqda və milli xəyanətdə
suçlayıb. Müəllifin fikrincə, bir gün müstəqillik
qazanacaq Azərbaycan həmişə Fətəli Xan
Xoylunun ruhuna ehtiram göstərməlidir. Onun sözlərinə
görə, bu şəxsiyyət Azərbaycanı
bütün varlığı ilə sevib və heç bir məsələdə
ölkənin mənafeyini güzəştə getməyib.
Ermənilərin törətdikləri
qırğınların qarşısını almaqda isə
müstəsna xidmətlər göstərib. Amma o
ölüm-dirim meydanında tək olub. Bundan başqa bu
günə qədər bizlərə tanış olmayan şəxsiyyətlərin
adlarına da ilk dəfə bu xatirələrdə rast
gəlinib.
Burada digər maraqlı məqamlardan
biri Ənvər Paşayla bağlıdır. 1920-ci ilin
sentyabrında Bakıda keçiriləcək Şərq
müsəlmanlarının qurultayına Ənvər Paşa
da nümayəndə kimi dəvət olunubmuş, ancaq Nəriman
Nərimanov onun xalqla görüşünə bilavasitə
maneçilik törədib. Əziz Alpoud bu məqamları
çılpaqlığı ilə qələmə alıb.
Eyni zamanda həmin qurultayda türk kommunistlərinin və
başqa şəxslərin Ənvər Paşaya etdikləri
haqsız hücumlardan da söhbət açılır.
Azərbaycan Xalq
Cümhuriyyəti işğal olunandan sonra Əziz Alpoud
yaxın ətrafı ilə gizli fəaliyyətə keçərək,
mübarizə aparmağa başlayıb. 1921-ci il oktyabrın
31-də “Qurtuluş” adlı Ümumazərbaycan təşkilatı
Azərbaycanda sovet hakimiyyətini devirməyi
planlaşdırırmış. Bu təşkilatın mərkəzi
Çəmbərəkkənddə olub,
başçıları Həsən adlı bir şəxs,
köməkçiləri isə Ələsgər və Əziz
Alpoudun özü olub. Bu üçlük sistemiylə
qurulmuş təşkilatı məxfi şəkildə
peşəkar hərbçilər və xalqın bir çox
vətənpərvər nümayəndələri də dəstəkləyirmiş.
Amma bir acı təsadüf nəticəsində planlar pozulur.
O vaxtlar Nargin adasında bolşeviklər tərəfindən
güllələnən vətənpərvərlərdən
biri təşkilatın gizli planını ağzından
qaçırıb. Digər təşkilatçılar kimi Ə.Alpoud
da həbs olunur. Sürətlə davam edəm məhkəmə
prosesi, onun haqqında güllələnmə
hökümü çıxarması ilə nəticələnib.
Daha sonra bu günə qədər məlum olmayan səbəblərdən
güllələnmə sürgünlə əvəz olunur.
Sürgün edildiyi şəhərlərin xəritəsi də
çox maraqlıdır. Rostov, Moskva, Tambov, Arxangelsk,
Xolmoqorı. Moskva həbsxanasında olarkən Əziz Alpoud
1922-1930-cu illərdə SSRİ xarici işlər komissarı
vəzifəsində çalışan Çiçerinlə
bir kamerada yatıb. Onunla kifayət qədər ideoloji
mübahisələr aparıb.
Bundan sonra azadlığa
çıxmağa nail olan Ə.Alpoudun mühacirət həyatı
başlayır. O qürbətdə olanda da bütün
varlığı ilə Azərbaycan naminə mübarizə
aparıb.
Hazırda həmin xatirlər
kitab şəklində nəşr
olunub. Fikrimcə Azərbaycanın müstəqilliyinin 20-ci
ildönümünə Əziz Alpoudun xatirələri
çox qiymətli hədiyyədir. Bu kitabı oxumaq hər
bir azərbaycanlının mənəvi borcu hesab
olunmalıdır. Keçən əsrin əvvəllərində
baş verən hadisələri olduğu kimi görmək,
keçmişdən dərs götürmək, tariximizdə
kimin hansı işlər gördüyünü anlamaq, eləcə
də vətənpərvər qəhrəmanlarımızın
ruhunu yad etmək olduqca önəmlidir.
Məhəmməd Tağıyev
Paritet.-
2011.- 28 may – 1 iyun.- S. 10.