..Bacardığın işlə
başla
Abid
Tahirli: “Xarici ölkədə yaşayan hər bir azərbaycanlını
vətənimizin xoşməramlı səfirinə, onun təmsilçisinə
çevirmək lazımdır”
Azərbaycan
mühacirətinin, diasporunun tarixi və bugünki mənzərəsi
aktual mövzulardan olduğu üçün uzun illər bu
sahədə tədqiqatlar aparmış, bu gün də fəaliyyətini
davam etdirən filologiya elmlər doktoru Abid Tahirli ilə
görüşməyi, onun bu barədə fikirlərini
öyrənməyi qərara aldıq. Onun mühacirətin
yaşı ilə bağlı fikirləri maraqlıdır:
“Mühacirətin yaranması, dövlətin yaranması ilə
eyni vaxta təsadüf edir. Çünki dövlət varsa sərhəd
var, sərhəd varsa, onu aşanlar da var. Mirzəbala Məmmədzadə
“Milli Azərbaycan hərəkatı” kitabında yazır ki,
mühacirətin formalaşması Azərbaycan
xanlıqlarının Rusiya tərəfindən
istilasından, xanlıqların ləğvindən sonra
başlayır. Mənim M.Məmmədzadə
irsinə, onun şəxsiyyətinə böyük hörmətim
var, amma mən bu fikirlə razılaşmıram.
O, bu kitabı mövzuya dair məhdud mənbələrin
olduğu bir vaxtda, özü də mühacirətdə
olduğu bir yerdə yazmışdı.
Buna görə də
onu xanlıqlar dövründən bağlamaq, məncə,
yalnışdır”. Bir
çoxları mühacirət tarixini 19-cu əsrin əvvəllərindən
götürür. O, bu mülahizə ilə də
razı deyil: “Bu yanaşma da
düzgün deyil. Xanlıqlar dövründə
mühacirət edənlər çox olub. Rusiya istilası zamanı Azərbaycanda baş verən
təbəddülatlar nəticəsində İrana, Türkiyəyə
mühacir edənlər olub. Sonrakı
dövrlərdə isə Səttərxan, Xiyabani hərakatından
sonra xaricə üz tutanlar oldu. Daha sonra
Rusiya imperiyası dövründən, eləcədə Azərbayacan
Xalq Cümhuriyyəti süqut etdikdən sonra xaricə üz
tutanlar olub. Bununla yanaşı II Dünya Müharibəsinə
700 mindən çox cəbhəyə
çağırılmış azərbaycanlılardan on minlərlə,
cənubda isə Pişəvəri höküməti
süquta uğradıqdan sonra çox sayda azərbaycanlı
mühacirətdə məskunlaşmağa məhkum oldu. 1979-80-ci illərdə də İran inqilabı
zamanı yenə də milyonlarla soydaşımız xaricə
üz
tutdu. Sovet İttifaqı
dağılandan sonra da müəyyən insanlar bu yolu
seçdi”.
Qeyd edək
ki, Azərbaycanın 70 il tərkibində
olduğu Sovet İttifaqı zamanında mühacirət edənləri
vətən xaini adlandıraraq, onlar haqqında
danışanları da cəzalandırırdılar. Bu səbəbdən də, demək olar ki, xalq
mühacirətdə yaşayan soydaşlarımız
haqqında məlumatsız idi. Onlar
haqqında ilk məlumatlarsa 1980-ci illərin sonunda, Sovet
İttifaqında həyata keçirilən yenidənqurma siyasəti
dövründə yayılmağa başladı. A.Tahirli
bildirir ki, belə yazılara sovet dövründə,
ümumiyyətlə, rast gəlinmirdi, maraq göstərənləri
isə vətən xaini hesab edirdilər: “1980-ci illərin
sonlarında başlayan yenidənqurma və aşkarlıq
siyasəti zamanı bu mövzuya marağı
çoxlatdı. Amma, məqalələr həvəskar
səviyyədə yazılırdı. Təhlil,
dərindən araşdırma isə yox idi. Tədricən bu mövzuları dərindən
araşdırmağa ehtiyacı yaranırdı. Misal üçün deyim ki, beş-on il bundan qabaq
bu sahədəki fəaliyyət bugünkü qədər
deyildi”. O, bu sahədə görülən işlərin
kəmiyyətini qənaətbəxş hesab etsə də,
bu sahədə yazılan əsərlərin
keyfiyyət cəhətdən aşağı olduğunu
deyir. Alimin fikrincə, Azərbaycan mühacirət problemi
haqqında yazarkən mövzuya xüsusi həssaslıqla
yanaşılmalıdır: “Maraqlı yazılar çoxdur. Amma məzmun, məğz, mahiyyət etibarilə bəzən
tələblərə cavab verməyən, hay-küylü,
pafoslu materiallara da rast gəlinir. Bu o demək
deyil ki, bütün yazıları birmənalı şəkildə
rədd edirəm. Sadəcə bu mövzu
çox həssas, taleyüklü bir mövzudur. Ona görə də buna səthi yanaşmaq olmaz.
Azəbaycan mühaciri
düşüncəsinə, baxışına, coğrafi
mövqeyinə və bir çox xüsusiyyətlərinə
görə fərqlənir.
Ümumiyyətlə, Azərbaycan mühacirəti
çox rəngarəngdir”.
Filoloq- alim bu rəngarəngliyi
mühacirət edənlərin müxtəlif zamanlarda,
müxtəlif məkanlarda yaşaması, müxtəlif həyat
və təfəkkür tərzinə sahib olması ilə əlaqələndirir. Belə ki, onların bir qismi Çar
Rusiyasının həyat tərzini görüb. Bir qismi Cümhuriyyət dövründən, digər
hissəsi komsomol şinelindən çıxanlar, başqa bir
hissəsi isə müstəqilliyimiz dövründə gedənlərdir.
Onların hər birinə qiymət vermək mürəkkəb
məsələdir: “Mühacirətdə yaşayan həmvətənlərimizin
hər biri müxtəlif həyat tərzi görüb,
başqa düşüncələrə sahibdirlər. Misal
üçün, Cənubi Azərbaycandan çıxanlar
üçün Vətən uğrunda mübarizə
böyük əhəmiyyət daşıyır. Amma onlarda cərəyanlar həddindən
artıqdır. Ordakı
soydaşlarımız arasında farslaşan da var. Hətta
İranın parçalanmağındansa özünün
parçalanmağına razı olanlar da tapılar. Bu səbəblər onların Vahid Azərbaycan
bayrağı altında birləşməsinə mane olur.
Eləcə də Çar Rusiyasından çıxanlar, Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün mühacirləri və
sovet
zülmündən qaçan
soydaşlarımızın hər birinə müxtəlif, fərdi
yanaşmaq lazımdır. Bütün bunlar
çox müxtəlif, xüsusi diqqət tələb edən
məsələlərdir”.
Diaspor fəaliyyəti
son illər xeyli fəallaşsa da, lobbiçilikdə hələ
də geridə qalır. Lobbiçilik fəaliyyətindən
danışmağın hələ tez olduğunu deyən
A.Tahirli qeyd edir ki, əvvəlcə lobbinin nə demək
olduğunu bilmək lazımdır: “Lobbi siyasi hərəkat,
güc deməkdir. Elə bir hərəkat ki, hər
hansı bir ölkədə məskunlaşan
azlıq, icma o ölkənin parlamentinə, hökümətinə
təsir edə biləcək təbliğat
şəbəkəsinə, maliyyə imkanlarına, gücə
sahibdir. Azərbaycan lobbisi haqqında danışanda təbii
sual yaranır: hansı bir ölkədə lobbimiz parlamentə,
hökümətə təsir gücünə malikdir? Azərbaycan lobbisi haqqında danışmaq hələ
çox tezdir. Sadəcə bu istiqamətdə
fəal işlər görülür. Bu
işlərə nəzər yetirdikdə “lobbinin
formalaşması prosesi gedir” demək olar”.
Qeyd edək ki,
“lobbi” sözünün mənası ingilis dilindən tərcümədə
“dəhliz, vestibül, xoll, üstüörtülü gəzinti
meydançası, səhnəarxası” mənasını
daşıyır. Lobbi
anlayışı isə 1553-cü ildə İngiltərə
monastrlarında “gözətçi meydançası” kimi
işlədilərmiş. Başqa bir mənada
lobbiçilik təşkilatlanmış maraqların dövlət
orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü
təsirini ifadə edir. Yəni, lobbiçilik təkcə
bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının
müdafiəsi olmayıb, əslində formal hakimiyyəti
faktik hakimiyyətlə hesablaşmağa vadar edən bir
mexanizmdir. Erməni
lobbisinin bizdən daha öndə getməsinin səbəbini
isə alim tarixi səbəblərdə
görür: “Əslində erməni lobbisi necə oldu ki,
formalaşdı, necə oldu ki, onların xaricdə dərnəkləri,
təbliğat maşını oldu, bizdə isə yox. Bunun tarixi səbəbləri var.
Tarixə baxsaq, görərik ki, erməni milli hərəkatı,
Avropanın iyrənc “Şərq məsələsi”
planları, rus və ingilislərin erməni siyasəti, sonra
missionerlərin Osmanlıya müdaxiləsi, ermənilərə
külli miqdarda maliyyə vəsaitinin ayrılması və bu
kimi amillər ermənilərin
yetərincə güclənməsinə səbəb
olmuşdu. .
Bizim bir “Əkinçi”miz
olanda onların artıq bir neçə mətbu orqanı var
idi. Bizim ilk siyasi partiya 20-ci əsrin
əvvəllərində yarandı, onlarda isə çox əvvəllər
mövcud idi. Onların bəzi məsələlərdə
öndə olmasında İngiltərə, Fransa və
Rusiyanın rolu danılmazdır. Bu günün
özündə də bu dəstək davam edir”. Bir sözlə, düşmən
ölkənin bu sahədə inkişafı onların öz əqli,
fitri, yaxud, mədəni inkişafı hesabına baş verməyib:
“Bu, ermənilərin xüsusi xidmətləri deyil, onlar sadəcə
olaraq həmin dövlətlərin dayaqları üzərində
dayanıb.
Bu dəstək olmasaydı, ermənilərin fəallığı
sabun köpüyünə bənzər bir şey olardı”.
A.Tahirli daha bir tarixi məqamı diqqətə
çatdıraraq qeyd edir ki, 1953-cü ildə Ermənistanda
Xaricdə Yaşayan Ermənilərlə İş üzrə
Dövlət Komitəsi yarandığı halda, sovet hakimiyyəti
dövründə azərbaycanlılara münasibət
başqa cür idi. Eyni zamanda alim vurğulayır ki, lobbiçilik fəaliyyəti
qeyri-qənaətbəxş olsa da, son illər diaspor sahəsində
uğurlarımız durmadan artır. Buna səbəb
olan məqamlardan biri də dövlətin bu istiqamətdə
gördüyü işlərdir: “Azərbaycan dövləti
mühacirətin, diasporun təşkilatlanması istiqamətində
çox mühüm addımlar atır. Ulu
öndər Heydər Əliyevin 90-cı illərdə xarici
ölkələrdə yaşayan həmvətənlərimizlə
görüşü, onun proqram xarakterli
çıxışı hər birimizin xatirindədir.
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət
göstərir. Qürbətdə yaşayan azərbaycanlılarla
əlaqələr daha da genişləndirilir, dövlət
onların problemlərini maraqlanıb həll etməyə
çalışır. Vəzifə ondan
ibarətdir ki, xaricdə yaşayan hər bir həmvətən
Azərbaycanın xoşməramlı səfirinə, onun təmsilçisinə
çevirilsin.
Bu halda Azərbaycanın artan siyasi, iqtisadi
inkişafı dünyaya təbliğ ediləcək, eyni
zamanda diasporun fəaliyyəti öz bəhrəsini daha
çox göstərəcək. Bu iş məqsədyönlü
xarakter alacaq. Azərbaycan mühacirətinin,
diasporunun fəaliyyəti təkcə müəyyən
işlər görməklə məhdudlaşmalı deyil.
Onlar yaşadığı ölkələrin
ictimaiyyətinə Azərbaycan haqqında daha ətraflı məlumat
verməlidir. Məncə, bu gün
diasporun fəaiyyəti belə qurulmalıdır. Bunun müxtəlif yolları var. Verilişlər,
simpoziumlar, görüşlər vasitəsi ilə məqsədə
doğru addımlamaqdır. Əsas olan istəkdir”.
Onun
sözlərinə görə, əsas olan hansı ölkədə,
harada yaşamasından aslı olmayaraq hər bir
soydaşımızın Azərbaycan uğrunda fəal
mübarizə aparmasıdır: “Əsas odur ki, hər bir
soydaşımız Azərbaycan uğrunda maddi və mənəvi
yardımı əsirgəməsin. Bunu kimsə
vəzifə kimi, boyun yükü kimi qəbul etməsin.
Sadəcə könüllü surətdə
olmalıdır. Onlarda səhv tapmağa
çalışsaq, hər işlərini tənqid etsək,
təbii ki, onları həvəsdən salarıq. Bu işi elə qurmaq lazımdır ki, onlar bunu həyatının
bir hissəsi hesab etsinlər”.
Alim qeyd edir ki,
dünyada azərbaycanlıların sayı milyonlarladır və
bu qədər soydaşımızın daha mütəşşəkil
şəkildə bir araya gəlməsi, mətbuat
orqanlarının yaradılması, KİV-lərdə təbliğat
aparılması vacibdir. Onu da bildirək ki,
A.Tahirlinin bu günə qədər 11 kitabı işıq
üzü görüb ki, onun da əksəriyyəti
mühacirətşünaslıqla bağlıdır. “İdrak işığında” adlı son
kitabında da mühacirət mətbuatının önəmli
simalarından olan Ceyhun Hacıbəyli və digər şəxslərin
fəaliyyəti barəsində də ətraflı məlumatlar
yer alıb. İlk dəfə onu
mühacirətşünaslığa cəlb edənsə
ötən əsrin 80-ci illərin sonunda Vətəndən
uzaqda yaşayan soydaşlarımızdan aldığı məktublar
olub. Həmin məktublar arasında Ceyhun
Hacıbəylinin oğlu Timuçun Hacıbəylinin də
məktubuna rast gəlinir. Alimin sözlərinə
görə, həmin məktuba qədər onun C.Hacıbəyli haqqında
heç bir məlumatı olmayıb. Sonradan isə
araşdıraraq bu şəxsin zəngin irsi ilə
qarşılaşır.
O, Azərbaycan mühacirətinin tədqiqini həyatının mənası
hesab edir: “Hələ sovet dövründə mühacirət mətbuatı,
ədəbiyyatı ilə, vətəndən uzaqda yaşayan
insanlarla maraqlanmağa başladım. “Onlar barəsində
araşdırmalar aparırdım. Onlardan
göz yaşı ilə yazılmış məktublar gəlirdi.
Vətən həsrəti, Vətən nisgili
var idi bu məktublarda. Onları həyacansız
oxumaq olmurdu. Həmin məktublar məni
onlara bağlayırdı. Özümə
sual verirdim. Axı Vətənə bu qədər
bağlı insanları niyə xain adlandırırlar?”
Daha sonra 1988-ci ildə
Vətən Cəmiyyəti yaranır. Cəmiyyətin “Odlar yurdu” adlı mətbu orqanında
fəaliyyətə başlayan A.Tahirli xaricdə yaşayan
soydaşlarımızın həyatı ilə daha
yaxından maraqlanmaq imkanı əldə edir və bu
mövzuda elmi iş götürərək işləməyə
başlayır: “O zaman Qarabağ müharibəsi ilə
bağlı xaricdəki azərbaycanlılarla daha intensiv əlaqələr
yaratmağa çalışırdım və nail olurdum.
Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəyli
Qarabağ hadisələri haqqında və atası barəsində
yazdırdığı
məktublarda bildirirdi: “Atam Ceyhun Hacıbəyli
əsrin əvvəllərində Azərbaycan mətbuatında
çox böyük işlər görmüşdü və
“Dağıstani” imzası ilə məqalələr dərc
etdirmişdi. Eyni zamanda Xalq Cümhuriyyəti
dövründə “Azərbaycan” qəzetinin baş redaktoru
olub”. Mən Ceyhun Hacıbəyli
haqqında eşitməmişdim və başladım onun həyatını
öyrənməyə. Gördüm ki, bu
nəhəng irsi olan bir insandır. Sonradan
onun həyat və fəaliyyəti barəsində namizədlik
dissertasiya işinə başladım və müdafiə elədim.
Bu məni mühacirətşünaslığa
daha çox bağladı”. Qeyd edək ki,
filologiya elmlər doktoru Xeyrulla Məmmədov yazır ki, Azərbaycan
mühacirətşünaslığının lokomativi Abid
Tahirlidir. O özü isə bunu alim həmkarının
fikri olduğunu deyir: “Bu, Xeyrulla müəllimin fikridir. Amma
təvəzökarlıqdan uzaq olsa da deyim ki, bu sahədə müəyyən nailiyyətlərimin
olduğunu dilə gətirməkdə ona görə çətinlik
çəkmirəm ki, görkəmli alimlər haqqımda rəy verərkən
mənim fəaliyyətimi məhz
belə xarakterizə edirlər”.
Abid Tahirli
hazırda pantürkizmin banilərindən biri olan
İsmayıl Qaspıralı ilə bağlı “Bütün
türklərin və bütün dövrlərin tərcümanı”
adlı kitab üzərində işləyir. Alim qəzetimizə açıqlamasında
bütün azərbaycanlılara üz tutaraq hər kəsi
xalqa, vətənə xidmət etməyə
çağırdı: “Məncə, insanın ən
böyük sərvəti onun azadlığıdır. Millətin ən böyük sərvəti isə
onun istiqlalıdır. Amma sərvət əldə
etməklə kifayətlənmək olmaz. Bu
quruculuq işlərində fəal iştirak etmək lazımdır.
Hər kəs öz bacardığı qədər
etməlidir. İsmayıl
Qaspıralının bir sözü var. “Xidmət etmək istəyirsənsə,
bacardığın işlə başla”. Mən
də hər kəsə üz tutub deyirəm ki, xidmət etmək
istəyən bacardığı işlə başlasın”.
Asif
Nərimanlı
Paritet.- 2011.- 21-22 aprel.-
S.10-11.