Adımız, dilimiz və iyirminci ilimiz

 

 Son illər KİVDF-nin maliyyə yardımı ilə həyata keçirdiyimiz istər ölkə daxilində tolerantlıq mühitinin təbliği, istərsə də diasporumuzla  layihələrdə xalqımızın adı kimiazərivə “azərbaycanlı” etnonimlərindən, dilimizin adı kimi isə “Azərbaycan diliterminindən istifadə edirik. “Azərbaycan diliifadəsi referendumla qəbul edilmiş Konstitusiyamızda, müxtəlif qanunvericilik aktlarında təsbit olunduğundan əslində hər hansı mübahisələrə yer də olmamalıdır. Məsələn, Türkiyə Konstitusiyasına görə bu ölkənin dili türkcə adlanmalıdır, daha osmanlıca, osmanlı tükcəsi, və ya Anadolu türkcəsi yox. Türkiyədə kimsə başqa təşəbbüslərə cəsarət də etməz- qanunlar kifayət qədər sərtdir; dilin və millətin adı qanunla qorunur. Digər tarixi adlar isə yeri gəldikdə tarixi və ya linqvistik əsərlərdə işlədilir.

Fəqət bizə gəlincə, nədənsə Konstitusiyamızın və qanunlarımızın yanından keçməyi çoxları özlərinə rəva görür. Xüsusən də diaspor nümayəndələri içərisində tez-tez belə mövqeyə rast gəlmək olar ki, ümummilli liderimiz Heydər Əliyevin 1995-ci ildə dilimizin adını özünə qaytarması tarixi-siyasi zərurət imiş. İndi bu zərurət aradan qalxıb və yenə “Azərbaycan türkcəsivə ya sadəcə “türkcə” terminlərini bərpa etmək gərəkdir. Elektron ünvanımıza daxil olan məktubların çoxluğu, ilk belə müzakirələrin üstündən 100 ildən çox vaxt ötsə də (M.MahmudbəyovunDilimiz, imlamız və ikinci ilimizadlı məqaləsi), müstəqilliyimizin 20-ci ilində belə mübahisələrin yenidən qalxması, xüsusən də ölkə Prezidentinin AMEA-da alimlərlə keçirdiyi son görüşdə ana dilimizin saflığının qorunması zərurətini vurğulaması bu məsələyə ayrıca yazı həsr etməyimizə səbəb oldu.

Əvvəlcə “Azərbaycan  sözünün etimologiyası haqqında

Bir neçə versiyada izah olunur.

1)Pəhləvi (qədim fars)  mənşəli “Azər” -od sözü ilə bağlı olduğu deyilir. Bu da qədim İran və Azərbaycan əhalisinin dini inancları ilə bağlı olub, Günəşə və onun rəmzi olan oda sitayiş mərasimləri ilə əlaqələndirilir. Hərçənd Azərbaycan alimi, filologiya elmləri doktoru Kamil Hüseynoğlu oda sitayişin İran və Azərbaycan ərazisinə parfiyalılar (o, bu xalqı turanlı, turanlıları da fars dilinə yaxın dildə danışan və sonradan türkləşmiş əhali hesab edir) və onların peyğəmbəri Zərdüşt tərəfindən gətirildiyini deyir. Qədim iranlıların dini isə indiki Hindistan əhalisinin Ariaveda inanclar sisteminə yaxın imiş. Bu vesiyaya görə “azəri” əvvəllər dini məna daşıyıb oda sitayiş edən(oqnopoklonnik) deməkdir.

- Midiya hökmdarı Atropatın adından “Atropatakan” yer adı törəyib. Sonradan həmin toponim “Aderbeyqan” forması alıb, ərəblər isə Azərbaycan deyib. Bu versiyanın müdafiəçiləri daha çox XIX əsr rus şərqşünasları olublar. Amma onların sırasında erməni və aysor  mənşəli müəlliflər də var, ola bilsin ki, öz ana dillərindəki tələffüz variantından çıxış edirlər.

2) Tat və ya talış versiyaları. Hər iki dialekt fars dilinə yaxın olduğundan Pəhləvi versiyasının davamı da adlandırmaq olar. Talış versiyası  Rusiyada yaşayan və Azərbaycanın cənubundan çıxmış şəxslər tərəfindən daha çox irəli sürülür. Lerikdə “Ozərbeyqan  kənd adının (indiki adı Günəşli) olması sübut kimi göstərilir.  Filologiya elmlər doktoru Maqsud Hacıyevsə “Azəri” Tat cəmiyyəti yaradıb və tatların sonradan könüllü olaraq türkləşdiyini deyir. Sübut kimi  Cənubi Azərbaycan ərazisində özünü “azəri” adlandıran tatdilli etnik qrupun yaşaması göstərilir. Ən çılğın tərəfdarı iranlı alim Əhməd Kəsrəvi olub (“Azəri və ya zəbane-bastane -Azerbaycan” əsəri). Ömrünün sonuna yaxın bu nəzəriyyədən özü imtina edib və şah rejimin təzyiq ilə belə əsər yazdığın iddia edib.

3) Sami(semit) versiyası. Sami mənşəli Azər şəxs adı ilə əlaqələndirilir. Belə ki, İbrahim peyğəmbərin babilli atasının adı Azərdir.

Bu versiyaya hazırda ölü dil olan və yaşayan dillərin heç biri ilə əlaqəsi olmayan Elam dilinin də xüsusiyyətlərini əlavə edirlər. Belə ki, “be və bi” hissəciyi həmin dildə cəm şəkilçisidir.

Babil ərasində daha əvvəllər şumerlərin yaşadığını, şumerlərin isə türklərə yaxın olduğunu iddia edən türkçülər isə “be”-ni şumercə “cənab” , “bəy” demək olduğunu yazır və “Azərbaycan” sözünün də şumerləşdirirlər (bu iddianı nə tam təsdiq, nə də inkar etmək mümkündür, Azərbaycanda ölü dillər üzrə vur-tut iki mütəxəssis var idi-akademiklər İqrar Əliyev və Yusif Yusifov, hər ikisi dünyasını dəyişib)

4) Qafqaz versiyası. Avropalılar irqə “Qafqaz irqi” dediklərindən öz mənşələrini burda axtarırlar. Norveçli səyyah-etnoqraf Tur Heyerdal Norveç mifologiyasında Azer adına rast gəldiyini, skandinaviyalıların Odin adlı tanrıçası ilə Azərbaycandakı udin etnik qrupunun adı arasında oxşarlıqlardan yazıb. Ən az işlənmiş versiyasıdır. Çünki udinlər Şimali Azərbaycanda yaşayır, Azərbaycan toponimi isə ilk dəfə indiki Cənubi Azərbaycanla (Türkiyənin bir hissəsi və Naxçıvan da daxil olmaqla) bağlı çəkilib.

5) Türk versiyası. Bizə bəlli ilk tərəfdarı 13-cü əsr alimi  Fəzlullah Rəşiddədin olub. Onun fikrincə, “Azərbaycan” hündürlükdə yerləşən məkan deməkdir. Qazax şair Oljas Süleymenov, azərbaycanlı alimlər Qiyasəddin Qeybullayev, Firudin Cəlilov və b. bu versiyanı inkişaf etdiriblər. Belə ki, O.Süleymenov qazaxlarda “Azarbayjan” şəxs adı olduğunu yazır. Həqiqətən də Böyük Sovet Ensiklopediyasında Azarbayjan Muxammadov adlı Sosialist Əməyi Qəhrəmanı olan bir qazaxın adına rast gəlinir. Süleymenov qazaxlarda  alban” adlı tayfaların mövcud olduğunu iddia edir. Bu versiyanı dağıstanlı (kumık) Murad Aci də müdafiə edir. Amma bu müəlliflər hər ikisi qıpçaq qrupu xalqın nümayəndəsidir və ixtisasca tarixçi, dilçi və ya etnoqraf deyillər. Bütün Rusiya, Orta Asiya və Qafqazın qədim tarixində türk-qıpçaqların durduğunu iddia edərkən də tam obyektiv, elmi və tərəfsiz deyillər. Azərbaycanlı alimlərsə bu versiyaya əlavə olaraq qeyd edirlər ki, “Azər” sözü iki hissədən Az (As və ya Uz) qəbilə adı və insan mənası verən “ər” hissəciyindən ibarətdir. “Baycan (beyqan)” isə məkan deməkdir. Tatar alimi Miftəhəddinov da buna yaxın bir versiyadan yazıb. Belə ki, o yazır ki, türklərdə xalq adları “ar” və ər” hissəciyi düzəldilir (tatar,  padar, qacar, bulqar, meşşar, əfşar v s.). Amma bu mövqe də tam tərəfsiz deyil, həm də daha çox Azərbaycanda qəbul edilir, nəinki xaricdə.

6) Ortaq versiya. Həmişə olduğu kimi həqiqəti hardasa ortaq variant da axtarmaq olar. Buna yaxın bir cəhdi vaxtilə akademik İqrar Əliyev edib. Belə ki, o, Azərbaycan toponiminin pəhləvi versiyalarını qəbul edir, bununla yanaşı X-XI əsrlərdən sonra Azərbaycan adının indiki Azərbaycan dilində danışan xalq tərəfindən doğma olaraq qəbul olunduğunu yazırdı. Hərçənd ki, türkçülər onun mövqeyini tənqid edirlər, amma ciddi əks arqumentləri də yoxdur. Beynəlxalq elmi ictimaiyyət də bu versiyanı daha çox qəbul edir.

 

 Azərbaycan dili,  azərbaycanlı  azəri etnonimləri haqda

 

 Azərbaycan ərazisində eradan sonra II yüzillikdən sonra türkdilli xalqların (Xəzərlər, suvarlar, bulqarlar, hunlar, daha sonra qıpçaqlar və oğuzlar) yaşamasını istər Azərbaycan, istər rus, istər də xarici alimlər təsdiq edir. Mübahisə, onların dilinin bu ərazidə hakim mövqedə (əhalinin çoxu tərəfindən istifadə edilən) olub-olmamasındadır. Türkçülər daha qədim məskunlaşma haqda danışır, dilin də qədimliyindən yazırlar. İrançılar isə X-XI əsrdən sonra əhali çoxluğunun türkləşdiyin yazır, ifrat irançılar bunu daha sonraya XIV-XV əsrlərə aid edirlər. Azərbaycanlı alim Sumbatzadə bu versiyaya yaxın mövqedə idi. Amma həqiqət yenə də ortaq mövqedədir. Hətta irançılar da eradan əvvəl V-II əsrlərdə turanlıların türkləşdiyini yazır (Kamil Hüseynoğlu) və turanlıların (parfiyalıların) eradan əvvəl II əsrdən etibarən İranı və Qafqazı idarə etdiyini bildirirlər. Firdovsi  Şahnamə”sində İran-Turan müharibələrindən bəhs edib. Demək, türkləşmə, olubsa da, daha əvvəlki tarixlərdə olub. Tarix elmlər doktoru Fərda Əsədovun tərcümə  tərtib etdiyi kitabda (“Arabskiye istoçniki o tyurkax”) IX əsr ərəb alimi Cahizə istinadən peyğəmbərimizin dövrünə aid (VII əsr) belə bir mükalimə verilir ki, Azərbaycan haqda xəbər aldıqda “ora türklər ölkəsidir” deyə cavab verilib.

  Həm də assimilyasiya birtərəfli deyil. İranda paniranizmin (fars millətçiliyinin) banilərinin az qala hamısı: Axundzadə, İrəc Qacar, Kəsrəvi, M.Əfşar və s. türk idilər. XIX əsrin əvvəllərində Lənkəran-Astara  ərazisinə köçmüş şirvanlıların (türklərin) çoxu üçün ana dil artıq talışcadır. Şimali İraqda yaşayan  şahbeklər (türklər) indi kürd-gorani dilində danışırlar, Azərbaycan dilini ancaq yaşlı əhali istifadə edir. Əksinə Türkiyənin Bitlis vilayətində yaşayan kürdlər Azərbaycan dilinin Naxçıvan və İrəvan dialektinə yaxın dildə danışırlar. Şirvanda (Cənubi Dağ ıstan və Abşeron yarımadası daxil olmaqla) XIX əsrə qədər ərəbcə danışan 30-a yaxın yaşayış məntəqəsi olub, indi hamısı  Azərbaycan dilində danışırlar, əksinə Suriyanın 2 milyona yaxın oğuz (Azərbaycan) əhalisinin isə  300-400 mini ana dilini saxlayıb, o da məişət səviyyəsində.

 Bizə niyə türk deyilirdi? Əvvələn, etnonimlərin tarixin müəyyən mərhələlərində bir-birini əvəz etməsi olduqca təbii prosesdir və bu mərhələdən istisnasız olaraq az-çox qədim tarixə malik bütün xalqlar keçiblər. Rusların vened-sklav-skolot-slavyan-rusiç, nəhayət, rus kimi etninimlərinin hər biri konkret tarixi dövrlə, slavyan dillərinin ümumbaltoslavyan klastdan ayrılması, sonra şərqi slavyan dillərinin yaranması və nəhayət diferensiallaşmasına uyğun gəlir. Eyni sözü almanların german, qot, vandal, hətta dar lokal mənada bavar, şvab və s. etnonimlərinin bir-birini izləməsi ilə bağlı demək olar.

Nümunlərin sayını artırmadan qeyd edək ki, ərəblər bütün türkdilli xalqlara “türk” dediyindən bu ad ümumiləşib, necə ki, ruslar bütün türkdilli xalqlara “tatar” deyirdilər. Çingizilər dövləti isə vahid protokol dili kimi “türki” adlandırdıqları dildən istifadə edirdilər. Türkdili xalqların vahid dildən istifadə etməsinin yeganə faktı budur. O da yalnız protokol dili idi. Digər xalqlar həmin dilin yerli versiyaların yaradır və ya öz dillərindən istifadə edirdilər. Azərbaycanda həmin dildə yazan iki məşhur şairin adını çəkmək olar-Kişvəri(XVəsr) və Asi(XIX əsr). Onlardan daha əvvəl və sonra yazanlar Azərbaycan dilində yazıblar. Dilin adı müxtəlif cür adlanıb. Avropada yaşayan şərqşünas alim Turxan Gəncəyi indiki Azərbaycan dilinin digər oğuz dillərindən diferensiallaşma (fərqlənmə) tarixini XII-XIV əsrə aid edir. Yazır ki, dilimizin müxtəlif adları olub (Lisani-oğuzan-oğuzların dili, lisani-turkman, Luğati-elxaniyyə-Elxani dövlətinin dili, luğati-səfəviyyə-Səvəfi dövlətinin dili, zəbani-qızılbaş-Qızılbaş-Səvəvi-dili və s.) . Yerli xalq isə özünə yaşadığı tarixi dövrə və mühitə uyğun olaraq türkman (Qaraqoyunlu, Qaramanlı və Səfəvi dövlətinin ilk zamanlarında), qızılbaş (əfqan, gürcü və osmanlılara qonşuluqda), müsəlman (rus və ermənilərlə qonşuluqda), qacar və muğal (dağıstanlılarla qonşuluqda), əcəm (osmanlı və kürdlərlə qonşuluqda), türk (farsdilli xalqlarla qonşuluqda) adlandırıb. Daha populyar olan adlar qızılbaş, türk  müsəlman adları idi.  Məsələn, orta əsr dastanlarının türkmən (Orta Asiya) versiyalarında tez-tez Qızılbaşlar ölkəsindən (Azərbaycandan) bəhs edilir. Bəzi tarixi etnonimlər indi də diasporda və Azərbaycan dövlətindən kənarda qalmış tarixi torpaqlarımızda işlənir. Məsələn, qızılbaş etnonimi Əfqanıstan, Pakistan və Hindistanda yaşayan, ümumi sayları 3 milyona yaxın olan soydaşımız tərəfindən hələ də yaşadılır. Yeri gəlmişkən, onların sırasından Pakistanın sabiq prezidenti Qulam Yəhya xan kimi tanınmış simalar da çıxıb, bəzi mənbələrdə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnənin də azəri olduğu iddia edilir. Və ya İraq, Livan və Suriyada yaşayan soydaşlarımız hələ də özlərinə türkman deyir.

 XIX əsrin sonlarında Osmanlı-Rusiya savaşından sonra “türk” adı daha populyarlaşdı. Qaliyev   Nərimanovun “Qırmızı Turan” ideyası isə  1920-30-cu illərdə bu adı daha populyar etdi. O illərdə Azərbaycan dilinə xeyli osmanlı sözləri və qrammatik tərkiblər daxil oldu. Bəzi ziyalılar isə ümumən osmanlıcanı bütün türk xalqların vahid dili olmasını istəyirdi (Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Hüseyn Cavid və b.). Akademik Tofiq Hacıyev  Azərbaycan dilinin tarixinə həsr etdiyi əsərində göstərir ki, inqilabdan əvvəl ibtidai siniflər üçün nəzərdə tutulan “Birinci il” və “İkinci il” adlı dərs vəsaitləri belə “Birinci yıl”, “İkinci yıl “ adı ilə çap olunurmuş.

Amerika alimi Tadeuş Svitixovski “Rusiya Azərbaycanı” əsərində  qeyd edirdi ki, XX əsrin əvvəllərində Azərbaycan ziyalıları arasında üç aparıcı cərəyan var idi-”azəriçilər”, “osmançılar” və  “yeni lisançılar” . Sonuncular yeni və vahid ümumtürk linqvofrankosu yaratmağı təklif edirdilər. Əslində dildə aparılan purist (təmizləmə) hərəkatının bir hədəfi də məhz bu idi- ya Azərbaycan dilini osmanlı türkcəsinə yaxınlaşdırmaq, ya da yeni türk esperantosunun yaranmasına təkan vermək. 1930-cu illərdə dayanmış bu proses 1990-cı illərdən sonra yenidən vüsət alıb.

 Azəriçilər (Qənizadə. Haqverdiyev, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə və b.) Azərbaycan dilinin təmizliyinin qorunmasının vacib olduğunu bildirirdilər. Əslən axıskalı (keçmiş osmanlı təbəəsi) olan və İstanbulda təhsil almış Ömər bəy, Azərbaycan dilinin zorla türkləşdirilməsinə qarşı çıxaraq yazıçı və jurnalistləri “Qafqaz türkcəsinin” təmizliyini qorumağa çağırırdı. Tanınmış türkçülərdən İsmayıl Qaspıralı isə  bu mövqeni tənqid edərək onları  “Azərbaycan köylü şivəsi”ndə yazmaqdan çəkinməyə çağırırdı.

Şərqşünas alim Malik Mahmudovun yazdığına görə (“Təbrizdən Bağdadək” kitabı), dilimizin  Azərbaycan dili” adlanmasına ilk dəfə Xətib Təbrizi ilə bağlı qeydlərdə (XI əsr) təsadüf edilir. O öz ana dilini “luğat-ül-azərbiyyə” adlandırıb. Bu da ərəbcə “Azərbaycan dili” deməkdir. Hərçənd ki irançılar bunu azəri-tat dili kimi qəbul edir. Halbuki “azərbi” və ya “azəri” klassik ərəb dilində Azərbaycan sözünün nisbi sifətidir (azerbaydjanskiy). Klassik ərəb dilinin daha çox qorunduğu Səudiyyə Ərəbistanının müasir nəşrlərində də bu variant işlənir(cumhuriyyə-azəriyyə və ya azərbiyyə- azerbaydjanskaya respublika). Hinduşah Naxçıvani də (XIV sər) “zəbane-Azərbaycan” (Azərbaycan dili) ifadəsi işlədib. Mərhum farsşünas, Əlyazmalar İnstitutunun sabiq direktoru Cahangir Qəhrəmanov isə 1986-cı ildə “Bakı” qəzetində Mürsəl adlı XVII əsr şairinin “Azərbaycan dilimizdir, elimizdir” mətləli şeirini çap etdirmişdi.

XIX əsr müəlliflərində mübahisə xeyli azalır. Belə ki, türkoloqların az qala hamısı “Azerbaydjanskoye nareçiye”, “Azerbaydjansko-tatarskiy yazık”, “azerbaydjanskoye nareçiye turetskoqo yazıka” terminlərindən istifadə edir. Hətta Mirzə Cəlil bütün Azərbaycan etnosunun yayıldığı arealı necə adlandırmaq barədə yazanda (“Azərbaycan” məqaləsi) qeyd edir ki, ”madam ki, dilimizin adı Azərbaycan dilidir, gərəkdir ki, Vətənimizin adı da Azərbaycan olsun”. O bu əraziyə bütün Dağıstan , Cənubi Qafqaz , Şərqi Anadolu və Şimali və Qərbi İranı daxil edir. Mühacirətdə yaşayan cənubi azərbaycanlı diaspor fəalı, Azərbaycan dilinin dialekt xüsusiyyətləri, fel kökləri barədə dəyərli tədqiqatların müəllifi Böyük Rəsulvənd də həmin ərazinin orta əsrlərdə ümumi adla “Azərbaycan” deyə anıldığını iddia edir.

Məmməd Əmin Rəsulzadə   hələ 1920-ci illərdə yazırdı ki, o vaxtadək (yəni 1918-ci ilədək) sadəcə lisani (linqviyfik) və qövmi (etnik) anlayış olan Azərbaycan sözünə biz siyasi coğrafiya məzmunu verdik. Deməli, iddia olunduğu kimi, yerin adı millətə və dilə verilməyib. Əksinə millətin və dilin adı yerə verilib. Başqa məsələdir ki, bu xalq və dil adı həmin  xalqın və dilin adını göstərən digər terminlər qədər (qızılbaş, türk, müsəlman) populyar olmayıb.

 

Yer adı ilə xalq adlana bilərmi?

 

Buna da vaxtilə İqrar Əliyev cavab verib. Fransızlar özlərini “il de Frans” əyalətinin adıyla “fransız” adlandırırlar. Mənası “frans əyalətindən olan” deməkdir. Əyalətin adı isə alman (german) mənşəli frankların adından götürülüb. Halbuki özləri roman mənşəli xalqdır. Üstəlik, tarixlərini romalılara qarşı döyüşən qall xalqından başlayırlar.

Ruslar özlərinə “russkiy” deyirlər, vətənlərinə isə I Pyotra qədər Rus (myaqkiy znakla) deyirdilər. “Skiy” german və slavyan dillərində mənsubiyyət bildirən şəkilçidir. Demək, “russkiy” “Rus diyarından olan” deməkdir.

Norveçlilər öz vətənlərinə Norsk-şimal eli deyirlər, özlərinə norsker -şimal elindən olan. Litvalılar özlərinə “letuvyay” deyir, mənası “litvalı” deməkdir (yəni yerin adıyla) . “Litva” toponimindən başqa xalq da özünə ad düzəldib. Qərbi Ukrayna və Qərbi Belarusiyanın əhalisinin (tarixi Böyük Litva Knyazlığı) bir hissəsi özünə “litvin” (litvalı) deyir. Hətta bu, familiya kimi də onlarda çox məşhurdur. Ukrayna parlamentinin sədrinin familiyası da Litvinov idi. Ukraynalılar uzun müddət “malorus”, 2 çerkas”, “rusin”, “xoxol”, “qutsul”, “rusiç”, “litvin” və s. kimi müxtəlif etnonimlərlə adlandırılıb. Bu adların demək olar ki, əksəriyyəti  toponim mənşəlidir. İndi ümumi ad kimi qəbul edilmiş “ukrainets  etnonimi də toponimdən (Ukrayna) götürmədir. “Ukraynalı” digər etnonimlərlə (malorus, rusin) müqayisədə daha az populyar idi, 1920-ci ilə qədərki ensiklopediyalarda isə bu sözün mikroetnonim (xalqın kiçik bir etnoqrafik qrupunun adı) olduğu göstərilir. Ukraynalıların fəxri olan Qoqol isə “Dikanka yaxınlığındakı xutorda axşamlar” əsərində dillərini “bizim provaslav dili” adlandırır (bizdəki “müsəlman dili” ifadəsi ilə müqayisə et). Bununla yanaşı bir çox tanınmış ukraynalı “rus” etnoniminin onlara daha çox aid olduğunu yazırdılar (bizdə oxşar müzakirələrdə “türk” etnonimin bizə daha çox aid olduğu iddia edilir). Bu mübahisələrə son qoymaq məqsədilə Ukraynanın sabiq prezidenti Leonid Kuçma bizim üçün də maraqlı olacaq “Ukraina ne Rossiya” adlı əsər də qələmə almışdı. Onun “da mı russkiye v istoriçeskom plane, no ne rossiyane” (tarixə görə biz rusuq, amma rusiyalı deyilik”) fikri bir müddət Rusiya mətbuatının çox sevdiyi sitatlardan idi.

Qəribə deyil ki, dünyanın bir çox qədim etnonimləri də toponimlərdən düzəlmədir. “Arabi” (ərəb) çöllü və ya şərqli, “farsi”, “farsivan”(fars) Fars vilayətinin (İranın cənubunda tarixi vilayət) sakini deməkdir.

Bəzən dinin adı da xalq adına çevrilir. Məsələn, Murad Aci yazır ki, türk etnosun yox, siyasi və dini mənsubiyyətin göstərici imiş. Kim törəni (türk adət -ənənəsi) və tenqriçilyi (türklərin dini) qəbul edirmişsə, o, türk sayılırmış. Qədim türk mətnlərində yer alan “Eldən çıx, törədən çıxma” atalar sözünü bu mənada görünür, “vətəndaşlığını dəyişsən də, türk olaraq (törənin davamçısı olaraq) qal” kimi başa düşmək olar. Maraqlıdır ki, həmin atalar sözü indi də Azərbaycanda işlənir. Belə ki, Əbülqasim Hüseynzadənin tərtib etdiyi atalar sözləri toplusunda “Eldən çıx, dindən çıxma “ kimi verilir. Yəni hansı ölkədə olursan ol müsəlmanlıqdan imtina etmə. Atalar sözünün belə şəkildə dəyişməsi də türk sözünün etnik mənadan daha çox, dini -siyasi semantika daşıdığını göstərir.

 

Azərbaycanlı kimdir?

 

Belə geniş arealda və fərqli tarixi adlarla adlananları niyə bir xalq hesab edirik? Çünki bizi vahid folklor, vahid musiqi , geyim, mətbəx mədəniyyəti, ədəbi dil, dünya duyumu birləşdirir. Mübahisəli  görünsə də, antropoloji tədqiqatları da bura əlavə edə bilərik. Belə ki, Kaspi yarımirqi haqda tədqiqatlara görə, Xivədən Diyarbəkrə, Dərbənddən Kərkükə qədər əhalinin 80%-ə qədəri bu yarımirqin mənsublarıdır. Maraqlıdır ki, açıq virtual ensiklopediyalarda bu yarımirqin ən parlaq üz cizgilərini özündə əks etdirən qadın obrazı kimi sonuncu İran şahının xanımı Fərəh xanım Diba-Pəhləvinin (əslən naxçıvanlı və təbrizli kökləri olan ailədən çıxıb)  ya aktrisa Həmidə Ömərovanın (əslən qazaxlı və bakılı kökləri olan ailədən çıxıb) portretləri verilir. Sözügedən xanımların nəsil şəcərələrinin bağlı olduğu bölgələri göstərməkdə məqsədimiz Vətənimizin hər yerində vahid genotipin daşıyıcılarının olduğunu nəzərə çatdırmaqdır.

Bir məsələni də qeyd edək ki, bizə qonşu olan xalqların demək olar ki, heç birində belə genetik vahidlik yoxdur. Ermənilər Amenoid, Kaspi və Pont yarımirqlərinin, gürcülər Kavkasioni , Pont və Kaspi yarımirqlərinin daşıyıcılarıdır. Rus antropoloqları, “genetik rus xalqı”ndan bəhs etməyin mümkünsüz olduğunu özləri də etiraf edirlər. Anadoluda isə genetik turanlıların 30% civarında olduğu vurğulanır. Bu baxımdan azərbaycanlılar onlara ümumi tarix, ümumi coğrafiya və ümumi mədəni dəyərlərlə bağlı olan talış, ləzgi, ingiloylar və digərləri ilə birgə unikal mövqeyə malikdir.

 

 

Cəmaləddin HƏSƏNOĞLU

 

Paritet.- 2011.- 5-6 may.- S. 15.