“Qarabağı və
Cənubu
özümüz azad edəcəyik”
Abdulla
Əmir Haşimi Cavanşir: “Azərbaycan haqlarını
Avropa və ABŞ ictimaiyyətinə tanıtdırıb rəsmi
olaraq qəbul etdirməyimiz üçün səylərimiz
lazımdır”
Xaricdə yaşayan azərbaycanlıların
başqa ölkələrə üz tutmasının bir
neçə səbəbi olsa da, Azərbaycanın bir hissəsi
olan Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızı qürbətə üz
tutmasının adətən bir səbəbi var:
İrandakı hakim rejimin apardığı siyasət. Bu səbəbdən
xaricdə yaşayıb fəaliyyət göstərən cənublu
soydaşlarımızın əksəriyyəti siyasi
mühacirlərdir. Onlar mühacirətdə olsalar da,
mübarizəni yenə davam etdirir, artıq mütəşəkkil
diaspor təşkilatları da yaradıblar. Bu təşkilatlar
Cənub problemini qabartmaqla yanaşı Azərbaycanın
tanıdılmasında, Xocalı soyqırımının
dünyaya çatdırılmasında, Qarabağ
münaqişəsi barədə reallığın və bir
çox həqiqətlərin təbliğində fəal
iştirak edirlər. Belə təşkilatlardan biri də
Güney Azərbaycan Konqresidir. Konqresin fəaliyyəti və
gördüyü işlər barədə suallarımıza
qurumun sədri Abdulla Əmir Haşimi Cavanşir cavab verir.
-Rəhbərlik etdiyiniz
Konqres nə vaxtdan fəaliyyət göstərir, əsas məqsədləriniz
nədir?
-Güney Azərbaycan
Konqresi son yüz ildə Cənubi Azərbaycanda baş verən
milli və demokratik hərəkatda öncül bir təşkilatdır.
GAK uzun illər müxtəlif çətinliklərə
dözən və sədaqətlə çiyinlərinə
düşən vəzifəni yerinə yetirən üzvlərin
hesabına ərsəyə gəlib, son yüz ildə Cənubi
Azərbaycanda baş verən milli və demokratik hərəkatın
varisidir. GAK, cənubi azərbaycanlıların modernləşməsində,
millətləşməsində və dövlətləşməsində
yaxın və uzaq hədəfləri əldə etmək
üçün mübarizə aparır. Eyni zamanda, “İkiyə
parçalanmış xalq” statusunu almaq üzrə səylər
göstərir. Cənubi Azərbaycanda baş verən hadisələrə
də bu prizmadan baxır və hadisələri həmin istiqamətdə
yönəltməyə çalışır. Bu çətin
yolda itki versə də, öz yolundan çəkinmədən
cəmiyyətimizi irəliyə doğru aparan yolda qabaqcıl
olub mübarizə edir və tarixi vəzifəsini yerinə
yetirməyə çalışır. Hədəfimiz, Cənubi
Azərbaycanın 22 şəhəri və 10 mindən
artıq kəndində, xalqımızın öz müqəddəratını
təyinetmə hüququnu əldə etməsi, azad və
suveren bir xalq kimi beynəlxalq arenada öz yerini
almasıdır. GAK, Azərbaycan zəhmetkeşlərinin - istər
kəndçisi, istərsə də fəhləsinin, Azərbaycan
qadınının, ziyalısının, orta sinfinin maddi və
mənəvi mənfəətlərinə və ümumiyyətlə
milli maraqlara həssasdır. GAK Cənubi Azərbaycanın
böyük sərmayədarları -milli mənafeyini fars
şovinizminə, səltənətçilərə və
İslam rejiminə satan və dəllallıq rolunu
oynayan-qarşıdır. Azərbaycan xalqını kölə
və müstəmləkədə saxlamaqda böyük rolu
olan, fars dilini Azərbaycanda hakim edib müdafiə edən və
xalqın hesabına yığdığı sərvətlərini
qorumaq üçün Azərbaycan xalqına xəyanət edən
bu sinif və təbəqəyə qarşı, həmçinin
onu təmsil edən hakim fars şovinistinə qarşı
mübarizə aparırıq. Buna görə də, Cənubi Azərbaycanın İslam
rejiminə xidmət edən böyük sərmayədarlarını
satqın təbəqə kimi tanıyırıq. Son yüz
ildə, Cənubi Azərbaycanın milli qurtuluşu uğrunda
ən çox çalışan Azərbaycan zəhmətkeşləri
və ziyalıları olub. Biz hesab edirik ki, Cənubi Azərbaycan
bu zəhmətkeşə, milli sərmayədarların
köməyi ilə bərabər, öz suverenliyini əldə
edəcək.
GAK-ın nə vaxtdan fəaliyyət
göstərdiyinə gəldikdə, qeyd edim ki, bu gün təşkilatın
Mərkəzi Komitəsində olan üzvlər, uzun illərdir
ki Azərbaycan Milli Hərəkatının fəallarıdır.
2006-cı ilədək DAK-ın rəhbərliyində
çalışırdıq. Ancaq mən iyun 2006-cı ildə
DAK-ın birinci sədr müavini və təşkilat məsulu
vəzifəsindən istefamı verdim. Həmin tarixdəki
istefanamədə xalqımızın nəzərinə
çatdırdım ki, yaxın keçmişdə Cənubi
Azərbaycanda baş verən hadisələr,
xalqımızın bir yumruq olub öz kimliyini müdafiə məqsədli
qiyamı, eyni zamanda superdövlətlərin
torpaqlarımız üzərində çəkdiyi planlar bir
daha Azərbaycandan kənarda yaşayan
soydaşlarımızın arasında birliyin çox zəruri
olduğunu bizə xatırladır: “Belə bir həssas məqamda
Azərbaycan təşkilatlarının arasında da birliyi bərpa
etmək üçün, daha öncədən də nəzərinizə
çatdırıldığı kimi DAK-nin iki
qanadının birləşməsini təmin etmək məqsədi
ilə hər qanaddan 5 nəfər olmaqla komissiya yaratdıq.
Lakin təəssüf ki, verilən təkliflərə biganə
qalındı və iki iclasdan sonra komissiyanın işi
dayandırıldı.
Hazırkı vəziyyətdə isə iki tərəfin
arasındakı münasibətlər gərginləşdiyinə
görə və fəaliyyətlərdə inkişafı
mümkün görmədiyimə görə, DAK-ın
İdarə Heyəti üzvlüyündən, təşkilat
məsulu və sədrin birinci müavini vəzifəsindən,
DAK-ın 9-cu Qurultayına Hazırlıq Komitəsinin
üzvlüyündən istefamı nəzərinizə
çatdırıram”. Bu istefadan sonra, GAK təsis etdik. Eyni
zamanda, Azərbaycan üçün çalışan
bütün qrup, cəmiyyət və təşkilatlarla, o
cümlədən DAK-larla əməkdaşlığı
davam etdik. Biz başqa təşkilatların daxili işlərinə
qarışmırıq. Misal üçün xatırlatmaq
istərdim ki, keçən il DAK-ların
yığıncağı keçirildi - biz hər iki DAK-a dəvətlərinə
görə təşəkkür edib, təbrik mesajı
göndərdik. Birlik Komissiyası yaradıb həmsədrlik
formasında birləşməni də mən təklif etdim.
Ancaq o zaman buna razılıq verilmədi. Eyni zamanda
xatırlatdıq ki, hər hansı bir səbəbdən birləşə
bilmirlərsə, ad üzərində çəkiş-bərkiş
və dedi-qoduya enerjiləri sərf etmək məqsədə
uyğun olmadığı üçün biri adını dəyişib,
başqa adla düşmənə qarşı səmərəli
fəaliyyət apara bilərlər. İstefamdan sonra mənsub
olduğum qanad, adını dəyişib DDAK - Demokratik
Dünya Azərbaycanlıları Konqresi adı ilə fəaliyyətini
davam etdirdi. Ancaq göründüyü kimi onu da qoymadılar
- yenə ad davasına sürükləmək
üçün DDAK ləğv olundu və ya kənarda
qaldı. Yenidən DAK iki
qanada bölünüb və ad davası davam edir. Təbii ki, bu kimi davaların nə
xalqımıza, nə də Milli Hərəkatımıza dəxli
yoxdur. Biz hər zaman qətiyyətlə
Azərbaycan təşkilatlarında yaranan intriqaların bir tərəfdən
əxlaqi və siyasi səlahiyyətsiz adamların
yaratdığını xatırlatmışıq, digər tərəfdən
isə biri-birinə zidd olan siyasi xətlərin irəli
sürülməsinin təşkilati böhrana gətirib
çıxartmasından danışmışıq.
-Fikrinizcə, türk xalqlarının
bir-biri ilə əlaqələri necə qurulmalıdır?
-Biz əsasən öz dövlətimiz Azərbaycan
Respublikası, qardaş Türkiyə dövləti və təşkilatları,
Uyğurstanın (Sintszyan Uyğur Muxtar Rayonu) xaricdəki təşkilatları,
Kərkük türkmənlərinin xaricdəki təşkilatları,
Qazaxıstan və Türkmənistan diaspor qurumları ilə
sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq
müxtəlif formatlarda həyata keçir. Misal olaraq,
Türkiyədə cənubi azərbaycanlıların
qurultaylarını keçiririk, Türkiyə diaspor təşkilatları
ilə birlikdə Türkiyənin ərazi
bütövlüyünü dəstəkləyən, uydurma
“soyqırım” yalanını ifşa etmək və
PKK-terrorizminin əleyhinə müştərək tədbirlər,
Ermənistanla sərhədlərin açılmasına etiraz
kampaniyaları təşkil edirik, Türkiyə səfirliyinin
tədbirlərində azərbaycanlı olaraq fəal
iştirak edirik. Uyğur təşkilatları
ilə əməkdaşlığımız əsasən
qarşılıqlı milli hüquqlarımızın
qorunması və bərpası istiqamətində yerli
qurumlara çatdırmaqdan ibarətdir. Xatırladım
ki, əməkdaşlıqlarımız təkcə
türkdilli xalqların nümayəndələri ilə məhdudlaşmır.
Yaşadığımız ölkələrdə
digər dünya xalqlarının da diaspor qurumları ilə əməkdaşlıq
edərək, xüsusilə İrandan çıxmış ərəb,
bəluç, lor və gilək qurumları ilə birgə fəaliyyətimiz
var.
- Konqresin neçə ölkədə
daimi nümayəndəliyi fəaliyyət göstərir, bu fəaliyyət
nədən ibarətdir?
-GAK-ın təşkilati xəttini Mərkəzi
Komitə müəyyənləşdirir. Birbaşa Mərkəzi
Komitənin üzvlərinin yaşadıqları ölkələrdə
- İsveç, Fransa, Norveç, Almaniya, Britaniya, Kanada,
Avstraliya, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan
Respublikası və əsasən Cənubi Azərbaycanda fəaliyyət
aparılır. Fəaliyyətimiz mədəni,
sinfi, milli və siyasidir. Demokratik metodlara
üstünlük veririk. Beynəlxalq təşkilatlar
və türkdilli dövlətlərlə əməkdaşlığa
isə xüsusi yer ayırırıq və bu sahələrin
inkişafına çalışırıq. Azərbaycanın ən
fəal şəxslərindən Fransadan Mustafa Alınca Bəzirganlı
GAK-ın birinci müavinidir. Cənubi Azərbaycanda
şovinist siyasət yeridən qüvvələrə
qarşı isə ideoloji, siyasi və təşkilati fəaliyyət
aparırıq. Ümumiyyətlə, GAK, Cənubi Azərbaycan
xalqının təşkilatlanması, inkişafı və
qurtuluşu üçün əlindən gələni əsirgəmir.
Bunlardan əlavə, məlumatlandırıcı
nəşrlər hazırlayırıq. Hər
iki aydan bir xaricdə yayılan təşkilatımızın
rəsmi orqanı “Konqres” jurnalının yarısında
xarici dildə materiallara yer verilir, belə ki, oxucu
auditoriyamız ancaq azərbaycandillilər yox, həm də
beynəlxalq qurumların nümayəndələridir. Web-səhifələrimiz, e-qruplarımız fəaldır.
GAK MK-nin üzvü Cavidan Elbarsın baş
redaktorluğu ilə “Güney Azərbaycan” jurnalı maliyyə
çətinliyi və qeyri-müntəzəm olsa da,
buraxılır. Digər üzvlər İngiltərədən
Atasoy yerli təşkilatlarla birlikdə Cənubi Azərbaycan
insan haqları üzrə Amnesty İnternational ilə, mədəni
abidələrimizin dağıdılmasının
qarşısını almaq barədə isə YUNESKO ilə əməkdaşlıq
edir, Avstraliyadan Mikayıl Oyta isə Avstraliya azərbaycanlıları
təşkilatının rəhbərliyində fəaliyyət
göstərir. Norveçdən şair Hadı Qaraçay Cənubi
Azərbaycan ədəbiyyatının inkişafı yolunda ədəbi
yığıncaqları təşkil edir və “Sözün
sözü” elektron nəşrində gənc şair və
yazıçıların yetişdirilməsində xüsusi
fəaliyyət aparır, Norveçdən Müzəffər Əsgərzadə
təşkilat amallarını sosial-şəbəkələrdə
fəal əks etdirir, Kanadadan heykəltaraş Ruhi Tuna Azərbaycan
incəsənət insanları ilə birgə fəaliyyət
göstərir. Türkiyədən Seyfəddin
Altaylı yazıçı və araşdırma işləri
ilə bərabər geniş əməkdaşlıqlarla dəyərli
kitablar nəşr edir və TRT Radio bölməsinin məsullarındandır.
Rusiyadan Cəfər Təbrizi orada Cənubi Azərbaycanla
maraqlanan partiyalarla yaxın əməkdaşlıq edir və
s. Bu gün Cənubi Azərbaycan Milli Hərəkatını
GAK-sız təssəvvür etmək mümkün deyil. Eyni zamanda, GAK-ın diaspor fəaliyyətlərində
rolu danılmazdır. Bir sözlə desək, GAK-ın az xərclə böyük töhfələr
verən təşkilat olduğunu, kimsə dana bilməz. O ki
qaldı GAK-ın Cənubi Azərbaycanda gizli fəaliyyət
hissəsi barədə danışmağa, haqq verərsiniz
ki, təhlükəsizlik cəhətdən bu barədə
danışmaq lazım deyil.
- Azərbaycanın parçalanması, Cənubdakı
soydaşlarımızın problemlərini dünya ictimaiyyətinə
hansı vasitələrlə çatdırırsınız?
-”İkiyə
bölünmüş xalq” statusu almaq üçün, BMT,
AŞPA və Avropa İttifaqının müvafiq
strukturlarına dəfələrlə məktubla müraciətlər
etmişik. Problemləri müxtəlif
formalarda - seminar, mitinqlər, dəyirmi masalar, etiraz
aksiyaları, nəşrlər təşkil edirik, beynəlxalq
insan haqları təşkilatları ilə mütəmadi
ünsiyyət saxlayaraq çatdırırıq, yerli
KİV-lərə məlumatlar göndəririk, yerli
parlamentarilərlə görüşlər keçiririk,
özümüzdə və başqalarında olan imkanlardan
istifadə edərək, dünya ictimaiyyətinə
çatdırmağa çalışırıq.
-Bu gün dünya ictimaiyyəti bu problemlərdən
nə dərəcədə xəbərdardır?
-Qərb dövlətləri rəsmi səviyyədə
problemlərimizlə maraqlanmırlar. Bu da,
onların İranla iqtisadi və başqa siyasi maraqlarına
görədir. Ancaq bəzən
deputatları bizim istəklərimiz əsasında Cənubi Azərbaycan
məsələsini eşitməyə məcbur olurlar, hərçənd
ki, onlar da hansısa ciddi dəstək göstərmirlər. Avropadakı QHT və
insan haqları qurumlarına gəldikdə isə, onlarla əməkdaşlığımız
mövcuddur və həmin qurumlar bəyanatla
çıxış edə bilirlər və ya birgə tədbirlər
keçirə bilirik. Avropada fəaliyyətimizə
qanuni cəhətdən mane olmağa bəhanə tapa bilmirlər.
Rəsmilər bizimlə görüşüb
dinləsələr də, deyilənləri qulaqardına
vururlar. Terri Devis və Klaus Şumanla görüşlərimizi
misal olaraq xatırlada bilərəm ki, birinci mərhələlərdə
hətta bizi eşitmək də istəmirdilər və
söylədikləri dəlil bundan ibarət idi ki, İran
Avropa Şurasına daxil deyil. Nəhayət, görüşməyə məcbur
oldular və Cənubi Azərbaycanın nə olduğu və
gələcək hadisələr necə
formalaşacağı prosesi barədə bizi dinlədilər.
Danimarka , İsveç və digər
ölkələrin parlamentlərində də belə oldu.
Onlarla 3-4-cü görüşlərdə bunu deməklə
kifayətləndilər ki, “Gedin, hökümətinizi qurun,
biz sizi tanıdıq!”. Demək
istədiyim budur ki, Cənubu və Qarabağı
özümüz azad etməliyik və Avropanın ikili
standartlarına çox da ümid bağlamamalıyıq.
Qərblilər, İranda artıq imtiyaz almaq
üçün bizlərə daha da etinasız
olduqlarını nümayiş etdirirlər.
- Azərbaycanın tanıdılması
istiqamətində hansı işləri
görmüsünüz?
- Qərb ölkələri Azərbaycanı
400 il bundan əvvəl və daha qabaqdan
regiona ayaq açdıqları vaxt tanıyıblar, onun
yeraltı, yerüstü, maddi-mənəvi sərvətlərinə
necə sahib çıxmalarına müxtəlif planlar
cızdıqları da hamıya aydındır. Ancaq
bizim haqları Qərb ictimaiyyətinə tanıtdırıb
və rəsmiyyətə keçirməyə səylərimiz
lazımdır. Demək istərdim ki,
BMT-nin 4 qətnaməsinə əsasən işğal olunmuş
Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana
qaytarılması artıq hamıya tanışdır. Ancaq bu haqqın bizə qaytarılmasında Avropa bir
addım da atmır. Biz
var-gücümüzlə, məhdud imkanlarımızdan
istifadə edərək azərbaycanlılara aid olan
bütün haqları əldə etməyə
çalışırıq. Əsas
istiqamətlərimiz biz 50 milyondan artıq bir xalq olduğumuzu
qəbul etdirək. Cənubda tarixi
torpaqlarımız işğal altında olsa da, orada
yaşayırıq, mədəni soyqırıma məruz
qalmışıq, insani və milli haqq-hüquqlarımız
tapdalanır, Şimalda Ermənistanın hərbi təcavüzünə,
dəfələrlə soyqırıma məruz
qalmışıq. Həmçinin,
Qarabağda hərtərəfli soyqırıma məruz
qalmışıq və bu istiqamətdə əlimizdə
olan bütün vasitələrdən, şəhərlərdə
məlumatlandırıcı çadırlar qurmaqdan
tutmuş, sosial-şəbəkə və e-səhifələrdə
məlumatların yayılmasınadək, imza
kampaniyalarının keçirilməsindən tutmuş
yuxarıda saydığımız vasitələrlə məqsədlərimiz
üçün mübarizə aparırıq.
- Dağlıq
Qarabağ problemi, Xocalı soyqırımı və ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımlar haqqında əməkdaşlıq etdiyiniz və
fəaliyyətinizi qurduğunuz ölkələrdə məlumatları
hansı səviyyədədir?
-Dağlıq Qarabağın ermənilər
tərəfindən işğal olduğu, Xocalıda Ermənistan
tərəfindən törədilən soyqırım, şəhərlərimizin
və mədəniyyət abidələrimizin erməni vandalizmi
tərəfindən vəhşicəsinə
dağıdılması barədə bu ölkələrin
hamısında kifayət qədər məlumatlar var. Bizim fəaliyyətimizdən
başqa, Azərbaycan dövlətinin nəşr etdiyi ingilis,
rus, ərəb, ibrani, fransız, alman və ispan dillərində
çap edilmiş kitablar və audio-disklər Qərb rəsmilərinə və
KİV, kitabxanalarına bacardıqca çatdırıb yerləşdirmişik.
Bu səylərimizin məqsədi ondan ibarətdir
ki, onların ermənipərəst mövqelərini dəyişdirib
tərəfsiz olmalarına, tərəfsizləri isə
haqqımızdan tərəfdarlıq etmələrinə
sövq edək.
Bundan başqa xüsusilə Ağdam və
Şuşanın işğal günləri hər il Ermənistana qarşı mitinqlər təşkil
edir, Xocalı şəhidləri üçün anma mərasimləri
keçiririk. Gördüyümüz işlər
kifayət qədər deyil. Onun da obyektiv və
subyektiv səbəbləri var.
-Dünya azəbaycanlılarının
bir-biri ilə əlaqələri və inteqrasiyası nə dərəcədədir?
Soydaşlarımızın daha sıx birləşməsi
üçün hansı addımlar atılmalıdır?
-Azərbaycanlılar, müxtəlif səbəblərdən
xaricdə yaşamağa üz tutublar. Bir qismi
iqtisadi, digəri isə təhsil üçün və bəziləri
də siyasi səbəbdən xaricdə yaşayırlar.
İqtisadi çətinlik və təhsil
üçün xaricə gələn azərbaycanlılar
İran rejiminin dairələri ilə geniş əlaqədə
olduqları üçün, farsların anti-Azərbaycan təbliğatlarının
təsiri altındadırlar və yaxud uzaq durmağa məcburdurlar.
Siyasi mühacirlərin də heç də
hamısı milli mövqedə
deyillər. Aralarında şahçılar,
mücahidlər, bəhailər, solçular da var. Bir
sırası azərbaycançı və xüsusilə
Pişəvəri hərəkatının tərəfdarlarıdırlar
ki, bunlar da milli fəallardır. Sonuncu
qrupa daxil olanların çoxu GAK-la əlaqədədirlər.
Azərbaycan Respublikasından mühacir etmiş
soydaşlarımızın çoxu isə müxalifət
mövqeyindədirlər. Ən əsas məsələ
anti-türk və anti-Azərbaycan siyasətinin təkcə
daxildə yox, xaricdə yaşayan azərbaycanlıları
da təzyiq altına qoymasıdır. Siz,
İran rejiminin xaricdə zəncirvari qətllərini yəqin
ki, eşitmisiniz. Terror və hədə-qorxular,
təbii ki, insanlarımızı azərbaycançılıq
üzrə fəaliyyətdən çəkindirməkdə
təsirsiz deyil. Əlbəttə ki, ABŞ-da, Fransada və
ya İranın özündə manqurt, öz kimliyinə biganələşdirilmiş
azərbaycanlılar da az deyil. Biz ayıq olmalıyıq. Azərbaycanlılar
arasında xeyli dedi-qodu var. Əslində düzgün baxanda hər
bir söz-söhbətin, hər bir cümlənin arxasında
bu və ya digər şəxsi, sinfi mənfəətlər
yatır və ya xaricdən onları stimullaşdıranlar
var. Kiçik və sadə görünən bu
dava-dalaşların arxasında böyük maraqlar yatır.
İran bir
şovinist imperiya kimi
iqtisadi, siyasi, mədəni, hərbi və diplomatik
böhran keçirir. İranda yaşayan azərbaycanlılar,
ərəblər, türkmənlər, kürdlər, bəluçlar,
lorlar, öz müqəddəratını təyin etmək
hüququ uğrunda illərdir ki mübarizə aparırlar.
İranın bugünkü siyasi strukturu
dünya standartlarına uyğun olmadığından həm
insan hüquqları barədə, həm də xarici
münasibətlərdə tam çətinliklərlə
üzləşir. Bir sözlə desək İran məntəqədə
fəsad mərkəzinə çevrilib ki, onun nümunəsini
bir gün İran-İraq savaşında, digər gün Əfqanıstanın
daxili savaşlarında, başqa gün isə Tacikistan,
Qırğızıstan daxili islam fundamentalizm çəkişmələrində,
Çeçenistan, İnquşetiya və Abxaziyada
görmüşük. Fələstin, Livan, Küveyt, Suriya,
Misir, Əlcəzair və Tunisdə İranın
yaratdığı “Hizbullah” dəstələri, törədilən
cinayətlər, İranı və bir sözlə desək
müsəlmanları gündən-günə dünyada tədric
edir. Hər hansı bir təşkilat ki azərbaycanlıları
maarifləndirir, modernləşdirir, mədəni olaraq
dünyaya tanıtdırır, dünya standartları
yaşayışına uyğunlaşdırmağa sövq
edirsə, təbii ki, İranla qarşılaşır.
İran 35 milyon cənubi azərbaycanlını kölə,
maarifsiz, musiqisiz, dilsiz, partiyasız, qəzetsiz, kitabsız,
kitabxanasız və özünü idarəetmək
üçün struktursuz, və
bir sözlə, milli şüura malik olan insansız edibsə,
Şimali Azərbaycanı da həmin vəziyyətə
salmağa çalışır. Elə ona
görə də Azərbaycan təşkilatlarını
bölür, məhv edir və ya onların fəallarını
ələ almağa çalışır, bu işə
güclü maliyyə vəsaiti ayırır. İran mövhumata, xürafata lazımınca pul
ayırır ki, Azərbaycan insanını məhv etsin,
manqurtlaşdırsın, narkotikaya və depressiyaya salsın.
Odur ki, biz azərbaycanlılar əzmimizi cəm
etməliyik, qətiyyətlə belə qəddar bir
düşmənlə ürəklə mübarizə
aparıb, onun arxasını yerə vurmalıyıq. Özümüzü onun cəhalətindən uzaq
saxlamalıyıq, İslam dünyasını da dünyada
fanatik və cəhalət yönümlü yox, nurlu və tərəqqipərvər,
insansevər, qadın-uşaq hüquqlarına hörmət edən,
zorakılığa və patrialxal sistemə qarşı duran
bir din kimi tanıtdırmalıyıq.
-Azərbaycan diasporunun fəaliyyətini
necə qiymətləndirirsiniz?
-Bu gün azərbaycanlılara aid 250-dən
artıq cəmiyyət, yüzlərlə web-səhifə,
onlarca elektron qrup, bir neçə radio, televiziya və jurnal, həmçinin
müxtəlif sosial-şəbəkələr mövcuddur ki,
soydaşlarımızı biri-biri ilə əlaqələndirir.
Təbii ki, bu əlaqələr dilimizin, adət-ənənələrimizin
qorunub saxlanmasına kömək göstərir. Lakin hələ də çatışmazlıqlar
çoxdur. Bizcə, diasporun həlledici
rol oynamasına gəlib çatmasında maneə və
problemlər öz yerində qalır. Bu problemlər nədən
ibarətdir və həlli yolları nədir?” sualının
uzun söhbətə və dərin analizə ehtiyac var. Qısaca deyə
bilərik ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması
zəifdir, birliyini təmin etmək həddindən artıq
çətindir. Buna da
siyasi-ideoloji fikir ayrılıqları, fərdi-iqtisadi
maraqlar, ən başlıcası, xarici qüvvələrin,
xüsusilə İran və Ermənistan rejimlərinin təxribatları
və əlbəttə ki, bizim türk mənşəli və
İslam dinli olduğumuz üçün Avropa və ABŞ tərəfindən
dəstəklənməməyimiz səbəb olur. İran rejimi, təkcə azəri diasporuna aid təşkilat
və cəmiyyətləri yox, hətta Azərbaycan ailələrini
də dağıtmaq üçün əlindən gələni
əsirgəmir. Biz, informasiya
texnologiyaları, televiziya, maliyyə dəstəyimizin
olmamasından əziyyət çəkirik. Misal olaraq, Avropa, ABŞ və Kanadada, nə parlamentdə,
nə hökümətdə təmsil olunan nümayəndəmiz
var. Bələdiyyə səviyyələrində keçirilən
seçkilərdə də 1-2 nəfər tapmaq olar.
Diaspor fəalları ilə Azərbaycan Republikasının əlaqələri
zəifdir, digər xalqların diaspor təcrübələrindən
istifadə edilmir, türk dünyasında fövqəladə pərakəndəlik
və hətta bəzən qarşıdurmalar müşahidə
edilir, gənclərimizin bir çoxu vətənpərvərlik
ruhiyyəsində yox, fövqəladə eqoistlik,
qısqanclıq və vətənə biganəlik
duyğusundadırlar. Cənubi Azərbaycanda
milli mübarizəmizin zəfər çalması
üçün diasporun xüsusi və geniş dəstəyinə
ehtiyacımız var.
-Qarşıda hansı
işləri görməyi planlaşdırırsınız?
-Keçmişdə
gördüyümüz işlərin effektini izləyirik. Təbii
ki, yeni metodları arayıb, araşdırırıq ki, daha
güclü və daha səmərəli işlərimizi təşkil
edək. Bir neçə yeni layihələrimiz var. Bir
neçəsini Azərbaycan Respublikasında fəaliyyət
göstərən partiya və QHT-lər, idarə və
nazirliklərlə danışıq və əməkdaşlıq
razılığından sonra həyata keçirmək fikrindəyik.
Eyni zamanda keçmişdəki müsbət təcrübələrimizi
genişləndirib, davam etməyi palanlaşdırırıq.
Asif NƏRIMANLI
Paritet.- 2011.- 5-6 may.- S. 10-11.