“Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında diasporumuzun əvəzsiz rolu var”
“Diaspor quruculuğu sahəsində dövlət siyasətinin
məqsədi xaricdə yaşayan soydaşlarımızın
milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirməkdən,
Azərbaycanla əlaqələrini genişləndirməkdən
ibarətdir. Diasporla İş üzrə Dövlət Komitəsi
fəaliyyət göstərdiyi müddətdə bu məqsədə
nail olmaq üçün xeyli iş görüb. İndi
dünyanın əksər ölkələrində 370-dən
çox Azərbaycan icması fəaliyyət göstərir və
diasporumuzun təşkilatlanması prosesi bu gün də davam
edir. Azərbaycan icmalarının strukturunun təkmilləşdirilməsi,
işinin keyfiyyətcə yeni müstəviyə
qaldırılması, müxtəlif ölkələrdə
yeni Azərbaycan icmalarının təsis edilməsi, eyni
ölkədəki icmaların fəaliyyətlərinin əlaqələndirilməsi
məqsədilə onların vahid mərkəzdə birləşdirilməsi
zəruridir. Bu sahədə əhəmiyyətli irəliləyişlər
müşahidə olunmaqdadır”.
Bu barədə Diasporla
İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri
Nazim İbrahimov 2010-cu ilin dekabrında “Milli Məclis”
jurnalına verdiyi müsahibəsində bildirib. Komitənin
diaspor sahəsində gördüyü işlərdən
danışan N.İbrahimov qeyd edib ki, diaspor qurumlarının
təşkilatlanması, ayrı-ayrılıqda fəaliyyət
göstərən azərbaycanlı icmalarının bir
qurumda toplaşması, birlikdə və daha səmərəli
işləmələri üçün vahid mərkəzdən
koordinasiya edilməsi məqsədilə mühüm
addımlar atılıb. Onun sözlərinə görə,
diaspor və lobbi quruculuğunun genişlənməsi diaspor təşkilatlarımızın
fəaliyyət göstərdiyi ölkələrin siyasi və
dövlət xadimləri ilə əlaqələr
qurmasına, qeyri-hökumət təşkilatları və
dövlət orqanları ilə əməkdaşlıq
yaratmasına səbəb olub:
“Xarici dövlətlərdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız ölkəmizin mənafeyinə
zidd olan addımlara adekvat cavab verməklə mühüm
işlər görürlər. Azərbaycan diasporu ölkəmizin
milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə
daim ciddi, operativ reaksiya verir. Lobbi quruculuğunun uğurlu təşkilinin
ən vacib şərtlərindən biri isə müxtəlif
ölkələrin parlament və hökumət üzvlərinin,
eyni zamanda, dövlət orqanlarının nümayəndələri
ilə əməkdaşlıq əlaqələrinin
qurulmasına nail olmaqdır. Bu
günə qədər Azərbaycan lobbisinin təşkilində
yardım göstərə biləcək bir sıra ölkələrin
nümayəndələri ilə keçirilmiş
görüşlərdə soydaşlarımızın təşkilatlanması
və onların hüquqlarının daha etibarlı
qorunmasının təmin edilməsi məqsədilə
geniş müzakirələr aparılıb”.
Komitə sədri onu da
qeyd edib ki, lobbi quruculuğu işinin əsas istiqamətlərindən
biri də milliyyətcə azərbaycanlı olmasa da, Azərbaycanı
özünə yaxın sayan, ölkəmiz haqqında həqiqətlərin
dünyaya çatdırılmasında fəal iştirak edən
digər millətlərin nümayəndələriylə əlaqələrin
inkişaf etdirilməsidir ki, soydaşlarımız bu istiqamətdə
də yorulmadan fəaliyyət göstərirlər. DİDK
dünyanın müxtəlif ölkələrində
yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər,
ziyalılarla əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana
dost münasibət bəsləyən insanlarla əməkdaşlığın
genişləndirilməsi, güclü lobbinin
formalaşdırılması istiqamətində tədbirləri
davam etdirir. Komitə sədrinin sözlərinə görə,
hazırda diaspor təşkilatlarının əməkdaşlığı
yüksək səviyyədədir: “Həm Azərbaycan, həm
Türkiyə üçün taleyüklü məsələlərin
həllində diasporlarımız hər zaman bir-birinin
yanındadır. Diaspor siyasətindəki ən mühüm
nailiyyətlərdən biri də azərbaycanlı və
türk diasporları arasında əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində atılmış
addımlardır. Çünki Azərbaycan türk
dünyası arasında birliyin təmin olunmasına, əməkdaşlığın
inkişaf etdirilməsinə böyük önəm
verir”. Qeyd edək ki,
2007-ci ilin mart ayında Prezident İlham Əliyevin təşəbbüsü
ilə Bakıda təşkil edilmiş Azərbaycan və
Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunda
hər iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığının
konkret prinsip və istiqamətlərini müəyyənləşdirən
“Azərbaycan və türk diaspor təşkilatlarının
birgə fəaliyyət strategiyası” qəbul edilib. Azərbaycanlı və türk
diasporlarının bir çox məsələlərdə
ortaq mövqedən çıxış etdiklərini
vurğulayan N.İbrahimov deyib ki, diasporumuzun digər
xalqların diaspor təşkilatları ilə əməkdaşlığının
ən əsas hədəfi dünyadakı
şişirdilmiş erməni təbliğatının, erməni
yalanlarının qarşısını almaq, bu sahədə
konkret addımlar atmaqdır: “Xüsusilə vurğulamaq
lazımdır ki, türk dövlətlərinin,
xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər
uğrunda mübarizəsi, ideoloji məsələlərdə
eyni mövqedən çıxış etməsi, erməni təbliğatına
qarşı birgə mübarizəyə qoşulması
Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir.
Bu, bütövlükdə türkdilli xalqların dünya
siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu
təmin etməyə yönəlmiş tarixi missiyadır”.
O qeyd edib ki, dünyadakı Azərbaycan
diasporunu azərbaycançılıq məfkurəsi ətrafında
birləşdirən Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyev də
diaspor quruculuğuna ən mühüm məsələlərdən
biri kimi yanaşır. Bu yöndə ardıcıl və
sistemli tədbirlərin həyata keçirilməsini təmin
edən dövlət başçısı müxtəlif ölkələrə
səfərləri çərçivəsində
soydaşlarımızla keçirdiyi görüşlərdə
milli diaspor təşkilatlarının vahid, mütəşəkkil
qüvvə kimi təşkilatlanması zərurətini
önə çəkir, bunun ideoloji-siyasi konturlarını
müəyyənləşdirir: “Dövlət
başçısı müasir dövrdə bu sahəyə
xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi
uğur qazanmağın qeyri-mümkünlüyünü
çıxışlarında dəfələrlə
vurğulayıb. Azərbaycan diasporunun vəziyyəti,
inkişafı və dünyada real gücə, söz sahibinə
çevrilməsi dövlət başçısının
daim diqqətindədir. DİDK, Prezident İlham Əliyevin
tövsiyələri əsasında diaspor təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi,
ölkə həqiqətlərinin, xalqımıza
qarşı törədilmiş terror və
soyqırımı aktları ilə əlaqədar
çoxsaylı faktların dünya ictimaiyyətinə
çatdırılmasının daha müasir
metodlarının hazırlanması, digər xalqların
diaspor təşkilatları ilə əlaqələrinin
gücləndirilməsi sahəsində müntəzəm tədbirlər
həyata keçirir. Azərbaycan diasporu artıq daha geniş
və əhatəli fəaliyyət göstərir.
Formalaşmış və tam təşkilatlanmış
diasporumuz indi praktiki işlər görmək mərhələsindədir...
Azərbaycan diaspor təşkilatları artıq müasir
iş üsulları ilə çalışırlar,
inkişaf etmiş informasiya texnologiyalarını öz fəaliyyətlərinə
tətbiq edirlər. Bu da Azərbaycanın haqq səsinin daha
geniş və əhatəli duyulmasına şərait
yaradır. Artıq Azərbaycanın
qarşılaşdığı problemlər dünya ictimaiyyətinə
daha tez çatdırılır. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında diasporumuzun əvəzsiz
rolu var”. Diaspor quruculuğunun
konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət
tələb edən uzunmüddətli proses olduğunu deyən
komitə sədri bildirib ki,
diasporumuzun imkanlarından geniş istifadə olunması,
ölkə həyatının müxtəlif sahələrində
meydana çıxan problemlərin həllində onun fəal
iştirakının gerçəkləşdirilməsi
istiqamətində hələ çox işlər görməyə
ehtiyac var. O, Prezident İlham Əliyevin
bu sahədə ardıcıl, məqsədyönlü və
prinsipial siyasət aparması nəticəsində
qarşıdakı illərdə Azərbaycan diasporunun daha da
güclənəcəyi, ölkənin taleyüklü problemlərinin
həllində daha yaxından iştirak edəcəyini
vurğulayıb. N.İbrahimov
xaricdə yaşayan soydaşlarımızın müəyyən
dövrdən sonra tam assimilyasiya olmasının, öz milli
kimliyini və dilini unutmasının qarşısını
almaq məqsədilə Komitəsinin gördüyü işlərdən
də danışıb. Azyaşlı
soydaşlarımızın, yeniyetmələrin, gənclərin
milli-mənəvi ruhda tərbiyə olunması, ana dilinə
mükəmməl şəkildə yiyələnməsi məqsədilə
Komitə xarici ölkələrdə yeni “Həftə sonu” məktəblərinin
yaradılması istiqamətində işlər görür:
“2005-ci ildən etibarən Rusiyanın ayrı-ayrı
regionlarında, Qazaxıstanın Astana, Karaqanda, Almatı
şəhərlərində, Özbəkistanın Daşkənd,
Səmərqənd şəhərlərində və
Qırğızıstanın Kant və Bişkek şəhərlərində,
eləcə də Ukrayna, Latviya, Estoniya, Çexiya,
Böyük Britaniya, Niderland, İsveç, Finlandiya, Kanada və
ABŞ-da “Həftə sonu” məktəbləri
açılıb. Komitə onların hamısına ibtidai
sinif dərslikləri və tədris vəsaitləri
çatdırıb, digər zəruri əyani vasitələrlə
təmin edib və bu proses mütəmadi olaraq davam etdirilir. Sevindirici
haldır ki, bəzi şəhərlərdə “Həftə
sonu” məktəblərə azərbaycanlılarla
yanaşı digər xalqların nümayəndələri və
yerli sakinlərin övladları da maraq göstərirlər.
Bundan başqa, bir neçə ildir Moskvada 157 saylı etnoməktəb
fəaliyyət göstərir. Daha bir Azərbaycan dili təmayüllü
məktəbin açılması ideyası da var ki, onun
reallaşdırılması üzərində işlər
gedir. Bu məktəbdə Azərbaycan dili ilə
yanaşı digər mühüm dillər də tədris
olunacaq”. Onun sözlərinə görə, müxtəlif
ölkələrdə Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin
öyrədildiyi 200-dən çox müxtəlif tədris
müəssisəsi var. Ukrayna,
Fransa, Almaniya və Koreyanın bir neçə ali təhsil
müəssisəsində də Azərbaycan dili və
tarixinin tədrisi ilə bağlı bölmələr fəaliyyət
göstərir. Onun fikrincə, əsas məqsəd həmin
universitetlərin tələbələrinə dilimizi,
tariximizi və mədəniyyətimizi öyrətməkdir və
bu işlə məhz Azərbaycan diasporunun fəal
simaları, tanınmış ziyalılar məşğul
olurlar.
Xarici ölkələrdə
Azərbaycan dilində elektron medianın inkişafına gəlincə
son illərdə bu sahədə də irəliləyişlər
olduğunu deyən komitə sədri artıq Nyu-York, Srtasburq,
Tallin və digər bir neçə şəhərdə
müxtəlif radioların tərkibində Azərbaycan dilində
mütəmadi verilişlər yayımlandığını
deyib: “Təbii ki, bunun sayının artmasını və gələcəkdə
televiziyada efir vaxtının olmasını da arzu edirik və
bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan
dilinin, tarixinin, mədəniyyətinin dünyanın müxtəlif
ölkələrində yaşayan soydaşlarımız
arasında təbliğini gücləndirmək, onların
milli-mənəvi dəyərlərimizə
bağlılığını qorumaq və möhkəmləndirmək
məqsədilə yeni, mühüm bir layihə üzərində
işi başa çatdırmışıq.
Soydaşlarımız yaşadıqları cəmiyyətdə
nə qədər yüksələ bilsələr, nə qədər
ictimai-siyasi baxımdan fəal olsalar dövlətimizin səsi
bir o qədər lazımi dairələrə çatar, beynəlxalq
aləmdə xalqımızın problemlərinə, tarixi
gerçəkliklərimizə bir o qədər zəruri diqqət
yönəldə bilərik... İstərdik ki,
soydaşlarımız Qərb ölkələrinin parlamentlərində
və yerli seçkili orqanlarda təmsil olunsunlar və bunun
üçün Dövlət Komitəsi bundan sonra da səlahiyyətləri
çərçivəsində hər bir dəstəyi
göstərməyə hazırdır”.
Xatırladaq ki, dövlət
komitəsi “Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası”na uyğun olaraq Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu
ilə birlikdə “Virtual həftə sonu” məktəbi
yaradıb. 2010-cı ilin noyabr ayının 27-28-də
Almaniyanın Frankfurt şəhərində təqdimatı
keçirilən məktəbin məqsədi xarici ölkələrdə
yaşayan azərbaycanlı uşaqlara və gənclərə
müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan
dilini, tarixini, mədəniyyətini, coğrafiyasını tədris
etməkdən ibarətdir. Belə bir layihənin həyata
keçirilməsi isə 2007-ci ilin noyabrın 17-19-da
Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin
XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayında Prezident İlham Əliyev tərəfindən irəli
sürülüb. N.İbrahimovun sözlərinə görə,
ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın hüdudlarından kənarda
yaşayan soydaşlarımızın vahid ideologiya və
milli-mənəvi dəyərlər ətrafında birləşməsinə,
onların malik olduğu güclü potensialın milli problemlərin
həllinə yönəldilməsinə xidmət edən bir
sıra tədbirlər həyata keçirməyə
başladı. Ümummilli lider bütün dünyada
yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi
təlqin edir və bildirirdi ki, azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafını təmin etməkdən
ibarətdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün tarixi də Ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Bu tarix dünya azərbaycanlılarının
birlik, həmrəylik günü kimi tarixə həkk
olundu”. Komitənin fəaliyyətinin
prioritet istiqamətlərindən biri də Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyası sahəsində mövcud
problemlərin aradan qaldırılması olduğunu diqqətə
çatdıran N.İbrahimov bildirib ki, 2008-ci ildə
Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan
məktəbinin 50-də “Gürcü dili” kursları, 2009-cu
ildə isə bu iş davam etdirilərək əlavə 34 Azərbaycan
məktəbində də “Gürcü dili” kursu
açılıb: “Həmin kursları bitirən şagirdlər
ali məktəblərə qəbulda yüksək nəticələr
göstəriblər. Bundan
başqa, komitənin dəstəyi ilə gürcü dilinin tədrisi
üçün hər biri 2000 nüsxə olmaqla
“Gürcü dilini öyrənənlər üçün dərslik”,
“Gürcücə-azərbaycanca danışıq lüğəti”,
“Gürcü dilinin qrammatikası” kitabları, həmçinin
gürcü dilinin qrammatikasına dair hər birində 44 ədəd
olmaqla 300 dəst cədvəl hazırlanaraq azərbaycandilli məktəblərə
və gürcü dili kurslarına təqdim edilib. Eyni zamanda,
20 min sözdən ibarət iki cildlik “Azərbaycanca-Gürcücə
lüğət” nəşr edilib”. Onun sözlərinə
görə, DİDK-nin Şimali Kiprin Yaxın Şərq
Universitetinin rəhbərliyi ilə əldə etdiyi
anlaşmaya əsasən hər il 20 azərbaycanlı gəncin
həmin universitetdə ödənişsiz əsaslarla təhsil
almasına şərait yaradılır: “Yaxın Şərq
Universitetinə qəbul olunmuş tələbələrin əksəriyyətinin
aztəminatlı ailələrdən olduğunu nəzərə
alaraq, onların hər birinə 300 ABŞ dolları məbləğində
təqaüd verilməsini öhdəmizə
götürmüşük”.
N.İbrahimov qeyd edib ki,
komitə Prezidentin tapşırıq və tövsiyələrinə,
müvafiq qanunvericilik aktlarına uyğun olaraq, xaricdəki səfirlik və
konsulluqlarımızla sıx əməkdaşlıq şəraitində
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların problemlərini də daim
diqqət mərkəzində saxlayır, səlahiyyətləri
çərçivəsində onların həllinə
çalışır, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına,
xalqımızın zəngin mədəni irsinin və
tarixinin təbliğ edilməsinə səy göstərir. O
vurğulayıb ki, diplomatik korpuslarımız azərbaycanlıların
təşkilatlanması, onların hüquq və
azadlıqlarının müdafiəsi, diaspor təşkilatlarının
fəaliyyətinin koordinasiya olunması işində dövlət
komitəsinə yaxından dəstək verir, bu sahədəki
bütün tədbirlər birgə məsləhətləşmələr
əsasında həyata keçirilir.
Asif Nərimanlı
Paritet.- 2011.- 12-13 may.- S. 8-9.