Azərbaycan əlifbasına “Yalquzaq.com” hücumu və ya ortaq türk əlifbasının qəbahətli təqdimatı

 

İsmayıl Kazımov: “Əgər ortaq türk əlifbası düzəlirsə, Dilçilik İnstitutunda müzakirə olunmalı və alimlər bununla bağlı öz fikirlərini deməlidirlər

 

Özünü Yeddi Dövlət - Bir Millət Konseyiurası) adlı qurumun başqanı (sədri) adlandıran sabiq həmkarımız Azər Həsrət may ayının 11-dən bütün yazışma və xəbərləşmələri özünün düzüb qoşduğu ortaq türk əlifbası ilə həyata keçirməyə başlayıb. O, artıq ilk addım kimi başçılıq etdiyi qurumun və onun əsas xəbər kanalı olanYalquzaq.comun bu işə başlayacağını vurğulayıb.

Qeyd edək ki, Yeddi Dövlət - Bir Millət Şurasının hazırladığı ortaq türk əlifbası Azərbaycan, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Türkiyə və Türkmənistanda qüvvədə olan latın əsaslı əlifba şəkillərinin ortaq cəhətləri nəzərə alınaraq hazırlanıb. A.Həsrətə görə cəmi 34 hərfdən ibarət olan əlifba demək olar ki, bütün türk ləhcələrinin (dillərinin-red.) ifadəsi üçün yetərlidir. Misal üçün, Azərbaycan dilindəki 32 hərfdən yalnız biri (Ə ə - A a)) dəyişdirilir, N n (sağır nun) və W w (qoşa ve) hərfləri əlifbaya əlavə edilir. Yaxud da Türkiyə türkcəsindəki 29 hərf yerində qalmaqla daha beş hərf əlavə edilir və s.

Qəribədir ki, A.Həsrətin  yazışma və xəbərləşmələri ortaq türk əlifbası ilə həyata keçirməyə başlaması haqda açıqlaması daYalquzaq.comda sözügedən əlifba ilə verilib. A.Həsrətin bu əlifbanı öz saytında təbliğ etməyin heç bir qəbahəti yoxdur. Bu baxımdan istənilən qədər təbliğat apara bilər. Amma, deyəsən, A.Həsrət təbliğatla istifadəni səhv salıb. Belə ki, istənilən şəxs özündən yeni əlifba, dil (məsələn, qarğa dili) düzüb-qoşub onu təbliğ edə bilər. Amma bu təbliğatda Azərbaycan dilində, rəsmən parlament tərəfindən qəbul edilmiş əlifba, terminologiya və orfoqrafiyaya uyğun olmalıdır. Xatırladaq ki, 2000-ci illərin əvvəllərində inadla latın əlifbasından imtina edib kiril qrafikası ilə nəşrini davam etdirən qəzetlərə qarşı inzibati tədbirlər tətbiq edilmişdi. Və ya Azərbaycan ictimaiyyəti İranınSəhərtelekanalının rəsmi əlifbamızı təhrif etməsinə qarşı sərt reaksiya verir. Azər bəyin çox gəzməyi ilə öyündüyü ölkələrin çoxunda: Fransada, Türkiyədə, Hindistanda, Rusiyada, Ukraynada, hətta gəzə bilmədiyi İranda da dil və rəsmi orfoqrafiya ilə bağlı tələblər daha sərtdir.

Görün, “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununda nə yazılır: “Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, Qeyri-Hökumət Təşkilatlarında (İctimai Birlik Və Fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır”.

Bu qanuna görə,  dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Təbii ki, kiminsə öz yanından bu əlifbaya düzəlişlər “yapması” da yolverilən hal deyil. Qanunda bildirilir ki, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə (Bura Elektron Nəşrlər Də Daxildir) məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

 Digər baxımdan hələ heç bir türk dövlətində ortaq türk əlifbası ilə bağlı qanun qəbul edilməyib. Bu mənada ortaq türkcə təbir etsək, sayın başkan, deyəsən bir az tələsib. Ümumiyyətlə, A.Həsrət bu əlifbanın ictimaiyyətə təqdimatında tələsib.

  AMEA-nın Dilçilik İnstitutunun türk dilləri şöbəsinin aparıcı elmi işçisi İsmayıl Kazımov bizimlə söhbətində dedi ki, bununla bağlı onlara heç bir müraciət olunmayıb. Onun sözlərinə görə əgər belə əlifba düzəlirsə Dilçilik İnstitutunda müzakirə olunmalı və alimlər bununla bağlı öz fikirlərini deməlidirlər: “O cür əlifbalar düzəldənlər çoxdur. Amma  bu əlifbalar qəbul olunmur. Bu əlifbanın elmi əsası yoxdur. İndiyə kimi bununla bağlı bizə müraciət olunmayıb. Mərkəz Dilçilik İnstitutudur. Əlifba layihəsi burada mütləq müzakirə olunmalıdır. Keyfiyyətli əlifbadırsa qərar qəbul olunduqdan sonra Milli Məclisin müvafiq komitələrinə verilir. Orada müzakirə olunduqdan sonra parlamentə təsdiq üçün göndərilir”.

İ.Kazımovun fikrincə, ortaq türk əlifbasının yaradılmasında latın əlifbası əsas götürülməlidir: “Əslinə qalanda ortaq türk dili nə qədər müasir türk dilləri varsa onların bazası əsasında yazılmalıdır. Ortaq türk dilinin lüğət tərkibi hazırlanmalıdır”.

Dilçi alim ortaq türk əlifbasının yaradılması üçün Türkiyədə böyük iş  getdiyni də xatırlatdı: “Türkiyədə bu məsələ gerçəkləşmək üzrədir. Orta Asiya ölkələrində hər hansı konfrans olanda Türkiyə tükcəsi əsas götürülür. Bu yaxınlarda biz Aşqabadda bir konfransda idik. Ordakı məruzələrdə qırğız da, özbək də, qazax da Türkiyə türkcəsində danışdılar. Onlar Azərbaycan dilini başa düşmürlər. Maraqlıdır ki, mənim orada Azərbaycan dilindən danışığımı Türkiyə türkcəsinə tərcümə etdilər. Fikrimcə, Türkiyə türkcəsi ortaq türk dilini ifadə edə bilir”.

İ.Kazımovun Azərbaycan dilinin Türkiyə türkcəsindən daha zəngin olduğunu və Azərbaycanda dilçilik elminin yüksək inkişaf etdiyini də vurğuladı.

 

 

ƏKBƏR 

 

Paritet.- 2011.- 12-13 may.- S. 13.